2.3. Əcz (acizlik), fəqr (ehtiyac), şəfqət və təfəkkürə yönəlmiş bir yolu izləyir;

Bədiüzzaman qul ilə Allah arasındakı əlaqəni gücləndirmək üçün təriqətlərin təklif etdiyi yollardan başqa Qurandan dərs alaraq fərqli bir yol açdığını bildirir. Onun açdığı bu yeni yol əcz (acizlik), fəqr (ehtiyac), şəfqət və təfəkkür prinsipləri üzərində qurulub.

Təriqətlərlə bağlı “Təlvihati-tis’ə” (“Doqquz işarə/eyham[1]”) adlandırdığı əsərinin sonundakı “Zeyl” bölməsində Qurandan istifadə edərək qurduğu həqiqət yolunun yuxarıda qeyd etdiyimiz əsaslarını izah edərkən onları aşağıdakı şəkildə ümumiləşdirmişdir: “… Əcz (acizlik) belə eşq kimi, bəlkə, daha sağlam və faydalı bir yoldur ki, übudiyyət (bəndəçilik) yolu ilə məhbubiyyətə (Allah tərəfindən sevilmiş bir şəxs olmağa) qədər gedib çıxar. Fəqr (ehtiyac) belə insanı Rəhman adına qovuşdurar. Həmçinin şəfqət də eşq kimi, bəlkə də, daha kəskin və daha geniş bir yoldur ki, Rəhim adına qovuşdurar. Həmçinin təfəkkür də eşq kimi, bəlkə də, daha zəngin, daha parlaq və daha geniş bir yoldur ki, Həkim adına qovuşdurar”[2].

Onun əsərlərinin müxtəlif hissələrinə əsaslanaraq bu dörd prinsipi belə izah edə bilərik:

  1. Təsəvvüfi mənada Allah və Peyğəmbər eşqi başda olmaq üzrə mürşidini və təriqət böyüklərini də əhatə edən bir eşq əvəzinə qulun Allaha nisbətdə nə qədər aciz olduğunu başa düşərək qürur və təkəbbürdən uzaq durmasını təmin edir. Çünki təsəvvüflə bağlı məqamlarda seyrü-süluk (mənəvi və ruhani yolçuluq) əsnasında mənlik (nəfs) və qürur işin içinə daxil ola bilər. Belə olduqda şan-şöhrət və məqam arzusu və həvəsi təhlükəli nəticələrə gətirib çıxara bilər[3]. Lakin qul aciz və günahkar olduğunu bilməklə şöhrət yerinə qulluq (bəndəlik) dairəsində qalmağa üstünlük verəcək, dünyəvi və üxrəvi məqamlar yerinə Allah tərəfindən sevilən bir qul olma məqamını arzulayacaqdır. Bəndə öz həyatını Sünnə ilə dəstəklədikdə isə

  إِنْ كُنْتُمْ تُحِبُّونَ اللهَ فَاتَّبِعُونِى يُحْبِبْكُمُ اللهُ وَ يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ

(“Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. …”[4]) ayəsinə məzhər olub, Allahın sevdiyi bir qul olma məqamına çatacaqdır. Yəni Allahın sevdiyi bir qul olmaq şərəfinə nail olacaqdır.

  1. Bədiüzzaman fəqrə (ehtiyaca) belə tərif verir: “Qul fəqri ilə (ehtiyacı ilə) Allahın maddi və mənəvi nemətlərinə və ehsanlarına baxıb Onun zənginliyini və ehtiyacsızlığını və ehtiyaclarının sonsuzluğunu dərk edər”[5]. Bu ehtiyaclar üçün Rəhmana dua edər və heçliyini ifadə edər.
  2. Xidmətinin mərkəzinə Rəhim adının məzhəri olan şəfqəti qoyaraq imana ehtiyacı olan qəlblərə şəfqətlə yanaşmağı, kin və nifrət əvəzinə sevgi və mərhəmətlə davranmağı öyrədir. Öz həmsöhbətinə Qurandan aldığı dərmanlarla möminlərin yaralarını müalicə etməyə çalışan həkim şəfqəti ilə yanaşır[6].
  3. Həkim adına məzhər olmanın bəhrəsi olan təfəkkür ilə də hüzur məqamına çatmağı öyrədir. Yəni kainatda yaradılmış sənət əsərlərinin üzərində təfəkkür etməyi əsas götürməklə, bu yaradılmış varlıqlarda Allahın təcəlla edən ad və sifətlərini oxumaqla, Allahın hər an və hər yerdə iş görməkdə olduğunu başa düşməklə Allahın hüzurunda olma vəziyyətini yaratmanın mümkünlüyünü ifadə edir[7].

 2. 4. Xidmətini ixlas və qardaşlıq sütunları üzərində qurur;

Bədiüzzaman əsərlərində ixlas və qardaşlıq mövzularına xüsusi bir yer ayırmış, digər əsərlərindən daha çox İyirmi birinci Ləm’ə olan İxlas risaləsinə daha çox əhəmiyyət vermiş və ən azı on beş gündən bir onun oxunmasını tövsiyə etmişdir. Bu risalənin əsas mövzusu tələbələri arasında səmimi əlaqə yaratmaq və əməlin ruhu hökmündə olan niyyətlərdə Allah rizasını əsas məqsəd kimi yerləşdirməkdir.

“İxlas risaləsi”nin verdiyi dərsləri aşağıdakı başlıqlar altında ümumiləşdirmək mümkündür:

  1. İslama və imana qarşı bu qədər laqeydlik və hücumların olduğu bir dövrdə imanı xilas etməyi məqsəd olaraq qarşılarına qoyan tələbələrinin birlik və bərabərlik içində xidmət etməyə məcbur və mükəlləf olduqlarını vurğulayır;
  2. Əməlin əsasında Allahın rizasının dayanmasının zəruri olduğuna, əgər Allahı razı salacaq işlər görülərsə, insanların razı olub-olmamasının heç bir əhəmiyyəti olmadığına işarə edir;
  3. İman və Qurana xidmət edənlərə deyir ki, bir-birlərində eyib və nöqsan axtarmasınlar, bir-birindən üstün olmaq iddiasında olmasınlar;
  4. Göstərilən xidmətdə vasitələrin gücündən çox, ixlasın gücünün daha təsirli olduğunu deyir; hətta haqsız olanların belə işlərindəki səmimiyyətlərinin onların uğur qazanmasına səbəb olduğunu bildirir.
  5. İman və Qurana xidmət etmək üçün bir araya gələnlərə bir-birinin gözəl xüsusiyyətləri ilə fəxr etmələrini, xidmətdə olan qardaşın yaxşı bir xüsusiyyətindən sanki özününkü kimi sevinmələrini tövsiyə edir;
  6. İxlası qazanma səbəblərindən biri olan ölümü düşünmək və şüurlu şəkildə dərk etmək mövzuları üzərində həssaslıqla dayanır; ölüm həqiqətini daxili aləmində yaşadan bir insanın dünyaya çox meyilli olmayacağını və Allahın bəyənmədiyi əməllərdən uzaq duracağını xatırladır. Təfəkkürlə insanın hər an Allahın hüzurunda olma hissini qazanacağını vurğulayır.

(ardı var) 

Mənbə: sorularlarisale.com

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə 

[1] Üstüörtülü ifadə

[2] “Risaleyi-Nur” külliyyatı, “Məktubat”, İyirmi doqquzuncu Məktub, Zeyl

[3] “Risaleyi-Nur” külliyyatı, “Məktubat”, İyirmi doqquzuncu Məktub, Doqquzuncu hissə

[4] “Ali-İmran”, 31

[5] “Risaleyi-Nur” külliyyatı, “Sözlər”, İyirmi üçüncü Söz, İkinci məbhəs (mövzu)

[6]  “Risaleyi-Nur” külliyyatı, “Qastamonu lahiqəsi”, (23)

[7] “Risaleyi-Nur” külliyyatı, “Ləm’ələr”, İyirmi birinci Ləm’ə