2. 5. İctimai həyatın bütün təbəqələrini

əhatə edən xidmət metodu təklif edir;  

Bədiüzzaman həzrətlərinin yazdığı əsərlər hər təbəqədən və zümrədən olan insanlara müraciət edərək yazılmışdır. Bədiüzzamanın tələbələri ilə yazışmalarından ibarət olan Lahiqə məktublarında kişidən qadına, gəncdən, qocadan, uşaqdan tutmuş fəhlə, məmur, əsgər, həkim, tələbə və parlament üzvlərinə qədər ictimai həyatın hər təbəqəsinə məxsus insana rast gəlmək mümkündür.

Bunun səbəblərini araşdırdıqda aşağıdakı nəticələrə gəlirik:

  1. O, özünə bir qütb (ən böyük vəli) və bir mürşid statusu vermədiyi üçün cəmiyyətin bütün təbəqələrindən olan insanlar onun özünə və yazdığı əsərlərinə rahatlıqla müraciət edə bilirdilər; özünü tələbələri ilə sinif yoldaşı kimi gördüyündən və onlara övladlarım, qardaşlarım və bacılarım kimi səmimiyyət ifadə edən sözlərlə müraciət etdiyindən qəlblər ona isinmişdir.
  2. Digər tərəfdən o, cəmiyyətin müxtəlif təbəqələrinin maddi və mənəvi xəstəliklərini sağaldacaq ictimai və iqtisadi reseptlər təklif etdiyi üçün onun əsərləri cəmiyyətin bütün təbəqələrindən oxucular qazanmışdır. Məsələn, xəstələr və müsibətlərə məruz qalanlar üçün “Xəstələr risaləsi”, xanımlar üçün “Xanımlar rəhbəri” (“Xanımlar kataloqu”), gənclər üçün “Gənclik rəhbəri” “Əsayi-Musa” (“Musanın əsası”), qocalar üçün “İxtiyarlar risaləsi”, qənaət üçün “İqtisad risaləsi” kimi, cəmiyyətin demək olar ki, hər bir təbəqəsinə xitab edən və onların ehtiyacına cavab verən əsərlər yazmışdır.

2. 6. Möminlər üçün dünya və axirət tarazlığını

təmin edəcək bir həyat modeli təqdim edir;

Dünyəviləşmənin ən yüksək həddə çatdığı bu əsrdə insanları bütünlüklə dünyadan uzaqlaşdıracaq bir atmosferə salmaq xalqa müraciət etməyən bir xidmət metodu (üsulu) olardı. Bunun fərqində olan Bədiüzzaman dünyaya aludə olan bu əsrin insanlarına ən asan bir xidmət metodu (üsulu) təqdim etmişdir.

Məsələn, ibadət tempinin gərgin olduğu təriqət məsləkləri yerinə Quran və Sünnədən istifadə edərək bu əsrin insanlarının daha rahat tətbiq edə biləcəyi bir ibadət proqramı yaratmaq üçün bunları deyir: “Risaleyi-Nur ibadət yerinə elm içində həqiqətə, süluk (riyazətlə məşğul olmaq) və əvrad (virdlər, gündəlik zikrlər) yerinə məntiqi bürhanlarla elmi dəlillər içində həqiqətlərin həqiqətinə (həqiqətul-həqaiq) doğru bir yol açmış, təsəvvüf və təriqət elmi yerinə bilavasitə kəlam elmi, əqidə elmi və üsuli-din içində bir vəlayəti-kübra (böyük vəlayət) yolunu açmışdır ki, bu əsrin həqiqət və təriqət cərəyanlarına qalib gələn fəlsəfi zəlalətlərə qələbə çalması göz qabağındadır”[1].

O ibadət haqqında fikrini belə ifadə edir: “… Sünnəyə tabe olmaq; vacibləri (fərzləri) həyata keçirmək, böyük günahları tərk etməkdir. Xüsusilə, namazı tədili-ərkanla[2] qılmaq namazdan sonrakı təsbihləri deməkdir (yəni təqiblə məşğul olmaqdır)”[3].

Başqa bir yerdə isə belə buyurur: “Bu zamanda təxribat və mənfi cərəyan qorxulu bir hal aldığı üçün təqva bu təxribata qarşı ən böyük bir əsasdır (prinsipdir). Vacib ibadətlərini yerinə yetirən, böyük günahlara mürtəkib olmayan şəxs xilas olar”. Yəni çox nafilə ibadət etmək əvəzinə təqvanı əsas götürməyi, haram işlərdən uzaq durmağı və vacibləri (fərzləri) yerinə yetirməklə ibadətin mahiyyətinə diqqət etməyi tövsiyə edir.

Bədiüzzamanın bu tövsiyəsi Peyğəmbərimizin (s) bir hədisinin bir növ təfsiridir. Peyğəmbər (s) səadət əsrində yaşayanlara belə demişdir: “Siz elə bir dövrdə yaşayırsınız ki, sizdən biri əmr edilənin onda birini belə tərk etsə, həlak olar. Sonra elə bir zaman gələcək ki, əmr edilənin onda birini yerinə yetirən nicat tapacaqdır!”[4] Bu hədislə bağlı bir hədis aliminin şərhi də Bədiüzzamanın sözünü təsdiq edir: “Axırzamanda yaşayacaq insanlar:

a) İmanın zəiflədiyi;

b) İslamiyyətin çox az tətbiq olunduğu;

c) Zülmün ayaq tutub yeridiyi;

ç) Fisqü-fücurun hər yerə yayıldığı;

d) İslama xidmət edənlərin azaldığı bir dövrdə yaşayacaqlar.

Bu səbəbdən belə təhlükəli və qorxunc bir əsrdə İslam dininin vacib buyurduğu əməllərini yerinə yetirən və böyük günahlardan çəkinənlər inşallah nicat tapacaqlar”[5]

2. 7. Həqiqətləri təmsillərlə izah edir;

Bədiüzzamanın əsərləri Quranın bu əsrin anlayışına uyğun təfsiridir. Əsərlərində ümumi təfsir üsulundan fərqli olaraq hər bir ayə üçün edilən təfsir yerinə əsrin tələbatına uyğun seçdiyi bəzi ayələrdəki həqiqətləri təmsil üsulu ilə izah etməyə üstünlük vermişdir.

Beləliklə, məntiq və mülahizələrin birgə işləməsi təmin edilmiş, təmsillərin durbinləri ilə ən uzaq həqiqətlər yaxınlaşdırılmış, ən dağınıq məsələlər təmsillərin toplayıcı üslubu ilə toplanmış, təmsillər isə ən yüksək məsələlərə çatmaq üçün pilləkən rolunu oynamışdır. Beləcə, ən qeybi məsələləri belə başa düşmək çox asanlaşmış, əql, vəhm (əsassız və batil fikirlər), xəyal, nəfs, arzu və hətta Şeytan belə təslim olmağa məcbur olmuşdur.

 2. 8. Əsərlərində əqli və qəlbi birlikdə qane edən

inandırma (iqna) üsulundan istifadə edir;

Bədiüzzaman əsərlərində yalnız qəlbi qane edən sufilərin və ya ancaq əqli razı salan filosofların yanaşmaları yerinə həm əqli, həm də qəlbi birlikdə qane edəcək bir inandırma üsulundan istifadə etmişdir: “Bundan əlavə, Risaleyi-Nur digər alimlərin əsərləri kimi yalnız əqlin ayağı və gözü ilə dərs keçmir, bir övliya kimi yalnız qəlbin kəşfi və zövqü ilə hərəkət etmir. Bəlkə, əql və qəlbin vəhdəti və imtizacı (harmoniyası), ruh və digər incəliklərin əməkdaşlığı ayağı ilə hərəkət edərək yüksək səmalara uçur. Hücum edən fəlsəfənin nəinki ayaqlarının gedə bilmədyi, gözlərin belə görə bilmədiyi yerlərə gedir və onları görərək onun kor gözünə iman həqiqətlərini göstərir”[6].

(ardı var) 

Mənbə: sorularlarisale.com

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə 

 

 

[1] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-1, (53)

[2] Tədili-ərkan namazın qiyam, rüku və səcdələr kimi rüknlərinin tam bir təmkinlilik və sükunət içində yerinə yetirilməsidir. Tələsmədən bədən üzvlərinin rahatca və ən gözəl şəkildə vəzifəsini yerinə yetirə bilməsidir.

[3] “Risaleyi-Nur” külliyyatı, “Məktubat”, İyirmi doqquzuncu Məktub, Zeyl

[4] Tirmizi, Fitən, 79

[5] “Tuhfətul-əhvazi”, 6/546, Mübarəkfuri

[6] “Risaleyi-Nur” külliyyatı, “Qastamonu lahiqəsi”, (5)