2. 9. O, mənəvi cihad yolu ilə ictimai asayişin və təhlükəsizliyin
qorunmasını təmin edən hərəkat qurmuşdur;
Bədiüzzaman bu əsrin cihad metodunun (üsulunun) elmə və qənaətləndirməyə (inandırmağa) əsaslanan mənəvi cihad olduğunu, ələlxüsus möminlərin öz aralarındakı mübarizənin maddi yox, mənəvi olaraq aparılmasının lazım olduğunu vurğulayır[1].
“Xətti-hərəkətimiz (yolumuz) təcavüz etmək deyil, müdafiədir. Həmçinin dağıtmaq deyil, təmir etməkdir”[2].
“Xətti-hərəkətimiz müsbətdir; Quran bizi mənfi hərəkətlərdən çəkindirir”[3].
Ölümündən əvvəl tələbələrinə verdiyi son mühazirədə də yenə ictimai asayişin qorunmasına kömək etməyi, neqativ, yəni ziddiyyətli münasibətlərdən uzaq durmağı tövsiyə etmişdi: “Bizim vəzifəmiz müsbət hərəkət etməkdir, mənfi hərəkət etmək deyildir. Allah rizası üçün yalnız imana xidmət etməkdir, ilahi vəzifəyə qarışmaq deyildir. Biz ictimai asayişin qorunması ilə nəticələnən müsbət iman xidməti içində hər bir sıxıntıya qarşı səbir və şükr etməklə mükəlləfik”[4].
Bədiüzzamanın niyə maddi güclə cihad etmədiyini soruşanlara verdiyi cavab olduqca mənalıdır: “İslam əhlinin (yəni müsəlmanların) bu dövrdə ən mühüm təhlükəsi elm və fəlsəfədən qaynaqlanan bir zəlalətlə qəlblərin korlanması və imanın zədələnməsidir. Bunun yeganə çarəsi nurdur; nur göstərməkdir ki, qəlblər islah olunsun və imanları xilas olsun. Əgər siyasət dəyənəyi ilə hərəkət edilsə və qələbə çalınsa, həmin kafirlər münafiq səviyyəsinə enərlər. Münafiq kafirdən də pisdir. Deməli, gürz (toppuz) belə bir zamanda qəlbi islah etməz. Sonra küfr qəlbə girər, gizlənər və riyaya çevrilər. Həm nur, həm də gürz – ikisini bu zamanda mənim kimi aciz bir insan həyata keçirə bilməz. Ona görə də bütün gücümlə nuru qucaqlamağa məcbur olduğum üçün nə şəkildə olursa-olsun siyasət gürzünə əsla baxılmamalıdır”[5].
Uzun sözün qısası, bu əsrin ən mühüm problemi elm və fəlsəfədən qaynaqlanan inkar cərəyanının iman əsaslarına hücumudur. O, bunun həllinin sadəcə olaraq iman və Quran həqiqətlərini göstərməkdən ibarət olduğunu bildirir. Əgər həqiqətləri göstərmək əvəzinə onları məcbur etməklə və maddi cihadla onlara qalib gəlməyə çalışılarsa, bunu qəbul etməyənlər gizlənərək pərdə altında inkarlarını davam etdirəcəklər. Bu da bir növ münafiqliklə nəticələnəcək. Buna görə də maddi cihad yerinə mənəvi cihadla həm kafirləri susdurmaq, həm də imanı sarsılmış möminləri iman və Quran həqiqətləri ilə inandırma (qənaətləndirmə) metodunu tətbiq etmişdir.
2. 10. Onun əsərləri oxucularında müqəddəs mübarizəyə xidmət etmə hissini hərəkətə gətirən bir coşğunluq və həyəcan yaradır, mənəvi şəxsiyyəti (camaatı) bərqərar edir;
Bədiüzzaman əsərlərini yazarkən “bu əsərlərlə dini icma qurmaq” məqsədi ilə hərəkət etməmişdir. O, bir məktubunda bunu belə ifadə edir: “Yazılı əsərlər, risalələr, mütləq əksəriyyəti heç bir xarici səbəb olmadan ruhumdan doğan bir ehtiyaca əsasən qəfil və ani olaraq ehsan (bəxşiş) edilmişdir. Sonra onları bəzi dostlarıma göstərdiyim zaman dedilər: “Bu zamanın yaralarına dərmandır”. Əsərlər yayılandan sonra əksər qardaşlarımın dediyindən belə başa düşdüm ki, tam bu dövrün ehtiyacına uyğundur və dərdə layiq bir dərman hökmündədir”[6].
Bu şəkildə yazılan və paylanmağa başlanan əsərlər ətrafında mənəvi şəxsiyyət formalaşmışdır[7].
Oxuyanlar başqalarının da oxumasına vəsilə olmuşlar. O dövrdə dini əsərlərin çapı qadağan olunduğu üçün onları əl yazısı ilə çoxaldırdılar. Beləliklə, altı yüz min nüsxə əlyazma kitab yazılaraq bütün ölkəyə yayılmışdır[8].
Bir çox İslam alimlərinin əsərlərinin kitabxanaları doldurduğunu müşahidə edərkən onların çox az bir hissəsinin ətrafında bir mənəvi şəxsiyyətin təcəssüm etdiyini görürük. Təcəssüm edən həmin mənəvi şəxsiyyətlər isə müəlliflər vəfat etdikləri üçün çox vaxt dağılmışlar. Bədiüzzamanın əsərləri ətrafında bir camaat meydana gəlməsini o dövrün repressiv rejiminə bağlamaq qənaətbəxş bir cavab ola bilməz. Çünki Bədiüzzamanla eyni çətin dövrlərdə yaşayan böyük İslam alimləri də əsərlər yazmışlar. Lakin onların heç birinin ətrafında mənəvi şəxsiyyət formalaşmamışdır.
Lakin Bədiüzzaman Səid Nursinin əsərləri yalnız öz əsərləri olmaq çərçivəsindən çıxmış və sayı milyonları aşan bir cəmiyyətin malına çevrilmişdir. Hətta Səid Nursi tələbəsi olmağın ən mühüm şərtini belə ifadə edir: “Risalələri öz malı və əsəri olduğunu hiss edib onlara sahib çıxmaq və bu əsərləri həyatının ən mühüm vəzifəsi olaraq nəşr edib onlara xidmət etməyə çalışmaq …”[9] Bu məqsədə çatmağa çalışan hər bir tələbə də Səid olub Bədiüzzamanın mübarizəsini vəfatından sonra da davam etdirməyə səy göstərmişdir.
2. 11. Siyasətdən uzaq qalmışdır;
Bədiüzzaman həyatını iki əsas dövrə ayırır. Bu iki dövr arasındakı ən böyük fərq odur ki, o, Köhnə Səid adlandırdığı dövrdə siyasət yolu ilə İslama xidmət etməyi planlaşdırmış və bu məqsəd uğrunda çalışmışdır. Lakin həyatının Yeni Səid adlandırdığı ikinci dövründə siyasətdən tamamilə uzaq olmuş, bütünlüklə iman və Quran həqiqətlərinə yönəlmiş bir xidmət üsuluna riayət etmişdir[10].
Bir sözlə, onun siyasətə qarışmamasının səbəbi: siyasi dairələrdə, istər onun tərəfində olsun, istərsə də müxalif tərəfdə iman həqiqətlərinə ehtiyacı olan insanlar olduğundan siyasi partiyaya tərəfdar olarsa, bu dəfə müxaliflər iman həqiqətlərindən uzaq qalacaqları üçün siyasətə qarışmamışdır.
Digər tərəfdən siyasi mübarizələrdə bəzən haqsızlarla yanaşı günahsız insanların da zülmə məruz qaldıqlarını ifadə edən Bədiüzzaman Quranın onu belə davranışdan çəkindirdiyini bildirmişdir[11].
(ardı var)
Mənbə: sorularlarisale.com
Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
Redaktor: Əfruzə Həsənova
Operator və korrektor: Məhbubə Kərimzadə
[1] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-2, (151)
[2] “Risaleyi-Nur” külliyyatı, “Qastamonu lahiqəsi”, (48)
[3] “Risaleyi-Nur” külliyyatı, “Həyat tarixçəsi”, İsparta həyatı, “Danışan yalnız həqiqətdir!”
[4] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-2, (151)
[5] “Risaleyi-Nur” külliyyatı, “Ləm’ələr”, On altıncı Ləm’ə
[6] “Risaleyi-Nur” külliyyatı, “Barla lahiqəsi” (İyirmi səkkizinci Məktubdan) Yeddinci risalə olan Yeddinci məsələ
[7] “Risaleyi-Nur” külliyyatı, “Qastamonu lahiqəsi”, (5)
[8] “Risaleyi-Nur” külliyyatı, “Şüalar”, On beşinci Şüa və əl-Hüccətüz-zəhra, Qüdrətə dair ərəbcə lətifə
[9] “Risaleyi-Nur” külliyyatı, “Məktubat”, İyirmi altıncı Məktub, Dördüncü məbhəs
[10] “Risaleyi-Nur” külliyyatı, “Məktubat”, On altıncı Məktub
[11] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-1, (18)