2. 12. O etdiyi xidməti müqabilində heç bir dünyəvi
və ya üxrəvi mükafat istəməmişdir;
Bədiüzzaman dinə xidmət etmək yolunda maddi və mənəvi mükafatlardan imtina etməklə fədakarlıq göstərmişdir. Mədrəsədə oxuduğu dövr də daxil olmaqla ömrü boyu zəkat qəbul etməmiş, ona verilən hədiyyələr də daxil olmaqla pulsuz heç nə almamağa diqqət yetirmişdir.
Ona hədiyyə göndərən polkovnik Xülusi Yəhyagil adlı tələbəsinə ünvanladığı məktubda[1] maddi hədiyyələri qəbul etməməsinin səbəblərini bildirmişdir. Bu səbəbləri aşağıdakı kimi ümumiləşdirmək olar:
- Bəzi insanların din alimlərini dini və elmi gəlir mənbəyi kimi gördükləri iddialarına qarşı əməli bir davranış göstərib onları inkar etmişdir;
- Quranda tez-tez vurğulanan və Peyğəmbərlərin təbliğ vəzifəsinə görə maddi və mənəvi mükafat (ücrət) istəmədiklərinə işarə edən
إِنْ أَجْرِيَ إِلاَّ عَلَى اللهِ
(Tərcümə: “… Məni mükafatlandırmaq yalnız Allaha aiddir. …”[2])
اتَّبِعُوا مَنْ لاَ يَسْأَلُكُمْ أَجْرًا وَ هُمْ مُهْتَدُونَ
(Tərcümə: “Sizdən heç bir muzd istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!”[3]) ayələrini özünə rəhbər qəbul etmişdir;
- Verənin Allahın adı ilə verməsinin, alanın da Allahın adı ilə almasının lazım olduğunu, lakin bəzən verənin və ya alanın qafil olaraq Allahın adı ilə yox, nəfs adına hərəkət etdiyini, bunun da zəkatı və ya sədəqəni pozacağını ifadə etmişdir;
- Təvəkkül və qənaət ilə ən böyük zənginliyə nail olduğu üçün insanlar tərəfindən verilən hədiyyəyə ehtiyacı olmadığını vurğulamışdır;
- Hədiyyə almasına mənəvi yasaq qoyulduğunu ifadə edir; sübut kimi kənardan başqası ona yemək gətirdikdə, yemək yedikdən dərhal sonra xəstələndiyini deyir.
- İbn Həcərin “Səlahat (günahsızlıq və təmizlik) niyyəti ilə sənə verilən bir şeyi saleh insan deyilsənsə, qəbul etməyin haramdır!”[4] sözünü deyib özünü saleh bir insan hesab etmədiyi üçün bu hədiyyələri qəbul etməsinin uyğun olmadığını ifadə edir.
Yuxarıda göstərilən səbəblərə əsasən o, özünü maddi mükafatlardan və hədiyyələrdən məhrum etmişdir. Eləcə də mənəvi mükafatlardan da imtina etməklə fədakarlıq edərək nadir bir fədakarlıq nümunəsi göstərmişdir: “Uca Allaha hədsiz şükr edirəm ki, məni özümə bəyəndirmədiyinə görə gözümü belə şəxsi və həddindən artıq yüksək məqamlara dikmirəm. Nurdakı ixlası pozmamaq üçün mənə axirət məqamları verilsə belə, onlardan əl çəkməyi özümə borc bilirəm”[5].
Beləliklə, o, maddi və mənəvi heç bir şeyə alət və pilləkən olmayan bir iman xidmətini qurmuş və bu işdə müvəffəq olmuşdur. Bu başlığı aşağıdakı ifadələrlə tamamlamaq məqsədəuyğun olardı: “Bu zamanda möminlər elə bir həqiqətə ehtiyac duyurlar ki, o, kainatda heç bir şeyə alət, tabe və pilləkən ola bilməyəcək, heç bir kin və çirkin məqsəd onu çirkləndirə bilməyəcək və heç bir şübhə və fəlsəfə onu məğlub edə bilməyəcək bir tərzdə iman həqiqətlərini öyrədə bilsin. Bütün möminlərin imanları min illərdir yığılmış zəlalətlərin hücumuna qarşı mühafizə edilə bilsin”.
“Məhz bunun üçündür ki, Risaleyi-Nur daxili və xarici yardımçılara və onların mühüm qüvvələrinə əhəmiyyət vermir, onları axtarıb tapıb onlara tabe olmur ki, mömin xalq kütləsinin nəzərində dünya həyatının bəzi məqsədləri üçün bir pilləkən olmasın və birbaşa baqi həyatdan başqa heç bir şeyə alət olmadığı üçün fövqəladə gücü və həqiqəti ilə hücum edən şübhələri və tərəddüdləri aradan qaldırsın”[6].
2. 13. Onun çağırışı ümumbəşəridir;
Bədiüzzamanın ümumbəşəri dəvətini xüsusilə İslam dünyasına və ümumilikdə bütün bəşəriyyətə baxaraq iki formada ayrı-ayrı qrupda qiymətləndirmək mümkündür. İslam dünyasına etdiyi çağırışa nümunə olaraq Şamda (Dəməşqdə) söylədiyi xütbədə səsləndirdiyi mövzuları misal göstərmək olar. O həm də İslam dünyasının geridə qalmasının səbəblərini müəyyənləşdirərək həll yollarını təklif edir[7].
Ümumi olaraq bütün bəşəriyyətə xitab edən ifadələrində bu səbəbləri göstərir:
- Ümumi müharibələr nəticəsində bəşəriyyətin öz gücünü əldən verməsi və dünyaya qarşı bir növ kinin yaranması ilə,
- Dünyanın faniliyinin və mədəniyyətin təklif etdiyi təsəlliverici hiylələrin puçluğunun dərk edilməsi ilə,
- İnsanın ali mahiyyətinin pozulmasının başlaması ilə,
- İnsandakı əbədiyyətə olan arzuların dünyəvi ləzzətlərlə təmin edilə bilməməsi ilə,
- Digər dinlərin məğlubiyyətindən fərqli olaraq İslam dininin bütün dünyada ateizm üzərində ümumi qələbəsi nəticəsində belə bir nəticəyə gəlir: “… Əlbəttə, heç bir şübhə yoxdur ki, onun əlamətləri şimalda, qərbdə və Amerikada göründüyü üçün bəşəriyyətin məcazi məşuqəsi olan dünya həyatı bu qədər çirkin və müvəqqəti olduğundan insanların fitri olaraq, həqiqətən, sevdiyi və axtardığı əbədi həyatı bütün gücü ilə axtaracaq”.
Bu axtarışın nəticəsində isə bütün bəşəriyyətin dünya və axirətini, hüzur və xoşbəxtliyini təmin edən Qurana tabe olmağın vacibliyini vurğulayır[8].
Bədiüzzaman bütün bəşəriyyətlə maraqlanır. O, dünyada baş verən heç bir hadisəyə biganə qalmamış, dünya müharibəsinə[9] və müxtəlif bəlalara məruz qalmış günahsız insanlara təsəlli verəcək açıqlamalar vermişdir. Əsərlərini hələ sağlığında Fransa, Amerika, Almaniya, Suriya, Məkkə və Misir kimi xarici ölkələrə göndərməsi onların ümumbəşəri mesaj daşıdığına bir dəlil sayıla bilər[10].
2. 14. O, dinlər arasında qarşıdurmalardan uzaq durmuş və bütün dinlərin ateizmə qarşı birgə hərəkət etməsini müdafiə etmişdir;
Bədiüzzaman dinə qarşı hücumun mənəvi şəxsiyyət ilə camaat halında həyata keçirildiyi bir dövrdə dinindən asılı olmayaraq iman gətirmiş insanların ateizmlə mübarizədə birlikdə hərəkət etmələrinin lazım olduğunu vurğulamışdır: “… İman düşmənlərinə qarşı mübarizə aparan dindar qüvvələrlə əl-ələ vermək mənim üçün müqəddəs məqsəddir”[11].
“… Hətta bu zamanda din əhli və haqq əhlinin nəinki öz dindaşları, məsləkdaşları və qardaşları ilə səmimi ittifaq etməyə, bəlkə, xristianların həqiqi dindar ruhaniləri ilə belə ixtilaflı nöqtələrdə müvəqqəti olaraq mübahisə və çəkişməni dayandıraraq müştərək düşmənləri olan təcavüzkar ateistlərə qarşı ittifaq etməyə ehtiyacları vardır”[12].
Digər tərəfdən, onun yazılarında xüsusilə iman həqiqətlərinə diqqətlə yanaşması digər dinlərin ardıcılları tərəfindən asanlıqla qəbul edilir. Bu nöqtədə ətraflı izahatı Prof. d-r Tomas Mişelin “Bədiüzzaman Səid Nursinin düşüncəsində müsəlman-xristian dialoqu və əməkdaşlığı” başlıqlı məqaləsinə həvalə edib burada mənalı bir ifadəni qeyd etmək istərdik: “… Bir xristian mömin kimi Səid Nursinin bir çox əsərlərini oxuyarkən onlarda dərhal mənim daxili dünyamla səsləşən çoxlu baxış bucağı və münasibət görürəm. Özünü Allaha həsr etmiş bu müsəlman mütəfəkkirin yazılarında özümün bir və tək Allah etiqadımla üst-üstə düşən o qədər çox məqamlar kəşf etdim ki, kaş onu şəxsən tanıyaydım ki, bir çox mövzularda birbaşa ona sual verib verdiyi cavablardan faydalana biləydim”.
(ardı var)
Mənbə: sorularlarisale.com
Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
Redaktor: Əfruzə Həsənova
Operator və korrektor: Məhbubə Kərimzadə
[1] “Risaleyi-Nur” külliyyatı, “Məktubat”, İkinci Məktub
[2] “Yunus”, 72, “Hud” 29
[3] “Yasin”, 21
[4] “Tuhfətul-muhtac lişərhil-minhac”, 1, 178
[5] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-1, (41)
[6] “Risaleyi-Nur” Külliyyatı, “Əmirdağ lahiqəsi”-1, (41)
[7] “Risaleyi-Nur” külliyyatı, Xütbeyi-şamiyyə
[8] “Risaleyi-Nur” küliyyatı, “Əmirdağ lahiqəsi”-1, (191)
[9] Nümunə olaraq “Qastamonu lahiqəsi”ndə Rusiyada müharibədə həlak olan uşaqları, günahsızları nəzərə alaraq yazdığı 76-cı məktubu göstərmək olar.
[10] Onun bu mövzuda müxtəlif yazışmalarını “Həyat tarixçəsi” adlı əsərin Xarici Ölkələr bölməsində tapa bilərsiniz.
[11] “Risaleyi-Nur” külliyyatı, “Şüalar”, On dördüncü Şüa, Baş Nazirliyə, Ədliyyə Nazirliyinə və Daxili İşlər Nazirliyinə verilən geniş bir ərizə
[12] “Risaleyi-Nur” külliyyatı, “Ləm’ələr”, İyirminci Ləm’ə