2. 15. O, aktual elmlər barəsində müsbət fikirdə olmuş və

əsərlərində pozitiv elm sahələrinə rəğbət göstərilməsinə təşviq etmişdir;

Bədiüzzaman əsərlərinin müxtəlif yerlərində Quranın elm və texnologiyada irəliləyişə təşviq etdiyini vurğulayır. Məsələn, Quranda peyğəmbər hekayələrinin elmi kəşflər üçün ən qabaqcıl hədləri təyin etdiyini söyləyir[1]. Digər tərəfdən Quranın “Düşünməyəcəksinizmi?”, “Əqlinizi işlətməyəcəksinizmi?” kimi ayələri dəlil gətirərək Quranın insanlığı düşünməyə və araşdırmağa təşviq etdiyini vurğulamışdır[2].

O, radio və televiziya kimi ixtiraları böyük bir nemət hesab etmiş və bu böyük nemətə görə həqiqi şükrün radio və televiziya vasitəsilə iman və Quran həqiqətlərini dünyaya təbliğ etməklə əldə edilə biləcəyini bildirmişdir[3].

Xüsusilə Osmanlı İmperatorluğunun dağıldığı və dünyəvi Türkiyə Respublikasının qurulduğu dövrdə məktəblərdə təhsilin materialist prizmadan verildiyindən şikayətlənən lisey şagirdlərinə “Öyrəndiyiniz elmlərin hər biri öz dili ilə Allah haqqında danışır. Müəllimlərinizə yox, onlara qulaq asın!” – deməklə sistemdən inciyib dünyadan qopmaq əvəzinə sistem daxilində İslamı yaşamaq üfüqünü açmışdır[4]. Beləliklə, bəlkə də, məktəblərdən çıxarılması planlaşdırılan imanlı nəsil təhsil sistemində materialist düşüncələrlə elmi mübarizə aparmış və özlərinin Ustadı kimi aktual elmin məlumatları ilə Allahı sübut etmişlər.

 2. 16. Sünnəyə uyğun bir xidmət metodunu (üsulunu) izləmişdir;

Bədiüzzaman dini mübarizəsində, Qurana xidmətində və bəndəçiliyində Hz. Peyğəmbərin (s) Sünnəsinə tam şəkildə tabe olmuşdur. Hətta həyati olaraq ən kritik sayıla biləcək məqamlarda Sünnəyə əməl etməkdən əl çəkməmişdir. Məsələn, döyüş cəbhəsində düşmənlə vuruşarkən “İşaratul-e’caz” adlı Quran təfsirini yazmasını Peyğəmbərin (s) Bədr döyüşündə camaatla namaz qılmasından öyrəndiyini ifadə etmişdir[5].

Başqa bir misal olaraq islami şüarların qadağan edildiyi dövrlərdə türkcə azan və papaq kimi məsələlərdə müqavimət göstərib Sünnədə güzəştə getməmiş, azanı Rəsulullahın (s) oxutduğu kimi oxutdurmuş və sarığını başından çıxarmamışdır.

Onun saqqal saxlamaması və evlənməməsinin insanlarda Sünnəyə zidd olduğu gümanı yarada bilər. Lakin rahatlıqla deyə bilərik ki, onun bu sünnələri tərk etməsi Sünnəyə hörmətindən qaynaqlanır. Yəni şiddətli zülm dövründə, hər cür işgəncənin rəva görüldüyü vaxtlarda saqqalını qırxmaq məcburiyyətində qalıb – saqqalı uzatdıqdan sonra qırxmağın haram olduğunu deyən alimlərə görə – bir günaha mürtəkib ola bilərdi. Onun fikrincə, əgər saqqalı kəsilsəydi, dözə bilməyəcək və öləcəkdi[6].

Digər tərəfdən ailə sahibi olub bütün bu bəlaların içində ailəsinə qarşı səhlənkar davranaraq və ya onlara zərər verərək, onların da bir növ əziyyət çəkməsinə səbəb olaraq yenə də Sünnəyə zidd hərəkət edə bilərdi. Bəlkə də, vacib vəzifəsi olan təbliğ vəzifəsini layiqincə yerinə yetirməzdi. Bu nöqteyi-nəzərdən yanaşdıqda bu iki sünnəni tərk etməkdə böyük hikmətlər olduğunu görmək mümkündür.

 2. 17. O, İslamda birliyi hədəfləmiş, məzhəbləri və

məşrəbləri əhatə edən və birləşdirən prinsiplər yaratmışdır;

Bu mövzunu möminlər arasında birlik, məzhəblərarası vəhdət (təqrib) və müxtəlif islami camaatlar və təriqətlərarası birlik kimi bir neçə bölmədə tədqiq etmək mümkündür.

Əsrlər boyu möminlər arasında olan ixtilafların İslama nə qədər zərər verdiyini təsbit edən Bədiüzzaman əvvəlcə İslam birliyinin bu dövrdə ən böyük vacib vəzifə olduğunu qeyd etmişdir. Həqiqət tərəfdarları arasında olan ixtilafların səbəblərinə diqqət yetirdiyi və həll yollarını təqdim etdiyi İyirminci Ləm’ə adlı əsərində doqquz maddədə bu münaqişələrin həlli üçün təkliflər vermişdir. Eləcə də möminlər arasında qardaşlıq yaratmaq üçün “Üxüvvət risaləsi” (“Qardaşlıq risaləsi”) adlı müstəqil bir əsər nəşr etdirmişdir[7].

Digər tərəfdən, İslamda əməli və etiqadi məzhəblərlə əlaqədar fikirlərində təfərrüatların əhəmiyyətsiz olduğunu və haqq məzhəblərdən hər hansı birinə uyğun əməl etməyin yetərli olduğunu vurğulamışdır.

Görürük ki, onun əsərləri ətrafında toplaşan camaat arasına hər məşrəbdən olan tələbələri də daxildir. O, həmin tələbələrinin öz məşrəblərini tərk etmədən Risaleyi-Nurdan faydalana biləcəklərini tövsiyə etmişdir. Ustad deyirdi ki, onlar Nur dairəsi içində şeyxini və ya mürşidini qoruyub saxlamaqla bərabər, bir şeyxə və ya bir ustada əlavə olaraq çoxlu böyük qardaşlar (ağabəylər) tapa bilərlər[8].

2. 18. Kainat kitabını oxumağı öyrətmişdir;

“Kainat kitabı” ifadəsi Bədiüzzamana xas orijinal ifadələrdən biridir.

Bədiüzzamana görə Quran Allahın kəlam sifətinin əksi (əks olunması) olduğu kimi, kainat kitabı da onun qüdrət sifətinin bir əksidir (əks olunmasıdır)[9].

Bu kainat kitabının hər səhifəsində yüzlərlə kitab yazılmış, hər sətrində yüzlərlə səhifə dərc edilmiş və hər kəlməsində yüzlərlə sətir mövcuddur. Hər hərfində yüzlərlə kəlmə var. Sanki hər nöqtəsində kitabın müxtəsər bir fehristi vardır. Həmin kitabın səhifələri və sətirləri, hətta nöqtəsinə qədər onun Nəqqaşını və Katibini o qədər aydın göstərir ki, onun müşahidəsi öz varlığından yüz dəfə artıq Katibinin varlığını və birliyini sübut edir[10].

Bu geniş kitabın ayələri Allahın kainatda yaratdığı varlıqlardır. Bədiüzzaman əsərlərində tez-tez kainatdakı varlıqlardan (yəni kainat kitabındakı ayələrdən, təkvini ayələrdən) Allahın ad və sifətlərinin təcəllasını oxumağı öyrədir. Bu mövzunu təfərrüatı ilə araşdırmaq bu məqalənin hüdudlarından kənara çıxacağı üçün biz onun yalnız bir əsərindəki təfəkkürü haqqında danışacağıq. Məsələn, “Kainatdan Yaradanı (Xaliqi) haqqında soruşan bir səyyahın müşahidələri” kimi tövsif etdiyi “Ayətül-kübra”[11] adlı əsərində otuz üç müxtəlif səviyyələrdə kainatda səyahət edərək Allahın varlığının və birliyinin dəlillərini göstərmişdir. Bu səyahət kosmosda ulduzlardan və planetlərdən başlayaraq ikinci mərtəbədə atmosferə qədər gəlir. Atmosferdə buludlara, qara, yağışa, küləyə, ildırıma və göy gurultusuna baxıb Allahın varlığını və birliyini onların dili ilə sübut edir. Bu səyahətin üçüncü pilləsində o, yer üzünə enir, oradakı bitkilərin, heyvanların və insanların kiçik toxumlardan və ya su damcılarından yaradılmasını diqqətə çatdırır. Bu səyahətin dördüncü mərhələsində öz səyahətini çaylarda, dənizlərdə və okeanlarda davam etdirir. Dənizlərdəki varlıqlardan Allahın varlığına dair dəlillər gətirir. Beşinci mərhələdə isə təkrarən yerə qayıdır, dağlara və səhralara baş çəkir. Altıncı mərhələdə ağaclar və bitkilər aləminin qonağı olur, onların üzərində düşünür və başqalarını da bunu şüurlu şəkildə dərk etməyə sövq edir. Sözün qısası, səyahətinin hər pilləsində Allahın varlığına və birliyinə dəlillər göstərir, onları kainat kitabında Allahın ayələri olaraq oxuyur və oxutdurur.

 2. 19. Yaralara səbəb olmadan müalicə etməyə əsaslanır.

Bəzən məsələnin izahı məqsədi ilə verilən suala qənaətbəxş cavab verilməzsə, o sual həmsöhbətin beynində cavabsız “problem” kimi qalır. Bu sual həyati bir məsələ ilə bağlıdırsa, xeyirdən çox zərər verə bilər. Xüsusilə, insanın əbədi həyatına təsir edəcək bir iman məsələsidirsə, sualı cavabsız qoymaq insanı uçuruma sürükləyən bir səhv olar. Belə desək, fərqinə varmadan qaş qayırarkən göz çıxarılacaq.

“Digər mütəkəllimlərdən fərqli olaraq zəlalət əhli ilə mənfi cəhətlərini qeyd etmədən yalnız müsbəti öyrətməklə, heç bir yara vurmadan onlarla rəftar edir. Bu baxımdan, bu zamanda Risaleyi-Nur şübhə və vəsvəsələri məhv edir. Ağıla gələn sualları nəfsi susdurmaq və qəlbi iqna etməklə (qənaətləndirmək, razı salmaq) cavablandırır”[12].

“Risaleyi-Nurun məslək və əqidəsi odur ki, zehinlərdə bir iz buraxmamaq üçün digər alimlərin əksinə olaraq müxaliflərin şübhələrini qeyd etmədən elə bir şəkildə cavab verir ki, artıq şübhə və vəsvəsəyə yer qalmır”[13].

Bədiüzzaman əsərlərində tez-tez bir suala cavab verir. Lakin ortada sual deyilən bir şey yoxdur. Yalnız cavab var. Həmsöhbət fərqinə varmadan gələcəkdə qarşılaşa biləcəyi sualın cavabı ilə təchiz edilmişdir. Bu nöqteyi-nəzərdən baxıldıqda Risaleyi-Nur əsərlərində minlərlə sualın cavabını “sualsız” və ya “problemsiz” olaraq tapmaq mümkündür.

 NƏTİCƏ

  • Bədiüzzaman Səid Nursi ən böyük İslam alimlərindən biridir. Ümumi məqsədi iman əsaslarını ağıl və qəlbin birlikdə qəbul edə biləcəyi məntiqi dəlil və misallarla izah etmək, ateizmin bütün cərəyanlarına qarşı mübarizə aparmaq, İslama qarşı min ildən bəri yığılmış bütün iddialara əsaslı (məqul) şəkildə cavab vermək və Quranı müdafiə etməkdir.
  • O, bu məsələlərlə bağlı məqsədini həyata keçirərkən birbaşa Quran-kərimdən mənbə kimi istifadə etmişdir. Sünnəni müdafiə etmiş, Sünnəyə olan bağlılığını öz həyatı ilə sübut etmişdir. Şəxsi həyatını tamamilə arxa plana çəkərək maddi və mənəvi mükafatlardan imtina edərək əsər mərkəzli bir sistem yaratmışdır.
  • O, təriqətlərdəki sistemlər yerinə əcz, fəqr (ehtiyac), şəfqət və təfəkkürə yönəlmiş Quran yolu açdığını ifadə etmişdir. Yalnız ağılı və ya yalnız qəlbi qane edən (xatircəm edən) məsləklər yerinə hər ikisini xatircəm edəcək bir metod (üsul) tətbiq etmişdir. Xidmətini ixlas və qardaşlıq (üxüvvət) üzərində qurmuş, ictimai həyatın bütün təbəqələrini əhatə edən əsərlər yazmışdır.
  • Ona edilən bütün təzyiqlərə baxmayaraq, ictimai asayişi qorumuş, silahlı mübarizə əvəzinə ölkə daxilində elmlə mübarizə aparmağı öyrətmişdir. Bütün bunları edərkən siyasətdən uzaq duraraq bilavasitə iman dərslərinə doğru yönəlmişdir.
  • Bədiüzzaman ümumbəşəri çağırışı ilə dinindən və düşüncəsindən asılı olmayaraq bütün bəşəriyyəti qucaqlamış, bütün dinlərin birlikdə hərəkət edərək ateizmlə (dinsizliklə) mübarizə aparmaları lazım olduğunu vurğulamışdır. Eləcə də o, İslam dünyasında bütün məzhəb və cərəyanları əhatə edən və birləşdirici bir rol oynamış və İslam birliyinin əhəmiyyəti üzərində israrla dayanmışdır.
  • O, dünyəviləşən insanlığa dünya və axirət tarazlığını saxlamaqda çətinlik çəkməyəcək metodlar (üsullar) tövsiyə edərək, elm sahələri ilə barışmış və hətta cari elmlərin məlumatlarından istifadə edərək əsərlər yazmışdır. Elmləri kainat kitabını təfsir edən bir müfəssir hesab etmiş və kainatdakı hər bir varlığın Allahın qüdrətinin möcüzəsi olduğunu diqqətə çatdırmışdır.

 Mənbə: sorularlarisale.com

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə 

 

[1] “Risaleyi-Nur” külliyyatı, “Sözlər”, İyirminci Söz, İkinci Məqam

[2] “Risaleyi-Nur” külliyyatı, Xütbeyi-Şamiyyə

[3] “Risaleyi-Nur” külliyyatı, “Həyat tarixçəsi”, Dənizli Həyatı, Dənizli Məhkəmə müdafiəsi

[4] “Risaleyi-Nur” külliyyatı, “Əsayi-Musa”, “Əsayi-Musa”dan Birinci hissə (On birinci Şüa – “Meyvə risaləsi”), Altıncı məsələ

[5] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-2, (151)

[6] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-1, (24)

[7] “Risaleyi-Nur” külliyyatı, “Məktubat”, İyirmi ikinci Məktub

[8] “Risaleyi-Nur” külliyyatı, “Ləm’ələr”, İyirmi səkkizinci Ləm’ə

[9] “Risaleyi-Nur” külliyyatı, “Əsayi-Musa”, “Əsayi-Musa”nın İkinci hissəsi, “Hüccətüllahil-baliğə” risaləsi, Birinci Hüccəti-imaniyyə (“Ayətul-kübra”dan)

[10] “Risaleyi-Nur” külliyyatı, “Ləm’ələr”, Otuzuncu Ləm’ə, Üçüncü incəlik

[11] “Ən böyük əlamət/nişanə”, “Risaleyi-Nur” külliyyatı, “Şüalar”, Yeddinci Şüa, “Ayətül-kübra”

[12] “Risaleyi-Nur” külliyyatı, “Həyat tarixçəsi”, İsparta həyatı, “Danışan yalnız həqiqətdir!”

[13] “Risaleyi-Nur” külliyyatı, “İşaratul-e’caz”, Tənbih