RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

KİTAB HAQQINDA QISA MƏLUMAT 

“Beş məzhəbə əsasən oruc” kitabı Şeyx Mühəmmədcavad Muğniyənin “Beş məzhəbə əsasən fiqh” kitabının “Oruc” fəslinin tərcüməsidir. “Beş məzhəbə əsasən fiqh” kitabı iki hissədən ibarətdir. Birinci hissəyə təharət, namaz, oruc, zəkat, xüms və həcc kimi ibadətlər, ikinci hissəyə isə izdivac (evlənmə), talaq (boşanma), irs, vəqf və həcr kimi şəxsi vəziyyətlər daxildir. Müəllif kitabda dörd əhli-sünnə və on iki imamçı şiə məzhəblərinin fiqhi rəyləri arasında müqayisə aparmış, on iki imamçı şiə məzhəbinin rəylərinin nəql olunmasında icmanı, ixtilaflı mövzularda isə məşhuru meyar olaraq götürmüşdür. Digər məzhəblərin rəy ixtilafında isə daha əvvəlki rəyə (rəyi-əsbəq) üstünlük vermiş və onu nəql etmişdir. Bu kitabda dəlillər qeyd olunmadan yalnız rəylər verilmişdir. Məxəz və mənbələrə nadir hallarda işarə olunmuşdur. Kitabın yazılmasının səbəbi müsəlmanlar arasında təfriqə və ayrılıq yaratmaq və bu vəsilə ilə onlara hakim olmaq istəyən müstəmləkəçilərin və İslam düşmənlərinin məqsədləri ilə müxalifət etməkdir. Müəllif əsərdə məzhəblərin rəylərini bir yerə yığmaqla onların müştərək cəhətlərini göstərməyi hədəf olaraq seçmişdir.

Mütərcim tərəfindən kitaba tə’liqat yazılmış və kitabın haşiyəsində on iki imamçı şiə məzhəbinin rəylərinə olunan əlavələrdə ənənəvi fiqhin təfəkkür nümayəndəsi hesab olunan S. M. Fəzlullahın fiqhi rəyləri qeyd olunmuş və mövzu ilə əlaqədar oxucunun on iki imamçı şiə fiqhi ilə daha ətraflı şəkildə tanış olması təmin edilmişdir. Oxucu kitabda bəzi məsələlərlə əlaqədar Quran fiqhi ilə tanış olma imkanını da əldə edir. Quran fəqihi adı ilə məruf olan Şeyx Mühəmməd Sadiqi Tehraninin haşiyədə verilən fikirləri kitaba xüsusi gözəllik bəxş edir və fiqh aşiqlərinin üzünə yeni üfüqlər açır. Mütərcim kitabın haşiyəsində bəzi mübahisəli məsələlərin dəlillərini vermiş və kitabda getmiş bəzi çətin söz və istilahları izah etmişdir. Əhli-sünnənin məsələ ilə əlaqədar bəzi qısa rəylərinə məzhəbin fiqh kitablarına və elmihallara əsaslanmaqla mütərcim tərəfindən haşiyədə əlavələr olunmuşdur.

Kitab ali təhsil ocaqlarının müəllimləri, mühazirəçilər, axundlar, əfəndilər, mollalar, ali dini təhsil alan tələbələr və fiqhi məsələlər ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

I. BEŞ MƏZHƏB HAQQINDA QISA MƏLUMAT 

1. On iki imamçı şiə məzhəbi

On iki imamçı şiə on iki imamın tərəfdarı mənasını verir və Hz. Əlinin tərəfdarlığını edən (yəni onun həyat yoluna tabe olan), Hz. Əlinin Allah tərəfindən peyğəmbərimiz (s) vasitəsilə xəlifəliyə, yəni siyasi və elmi rəhbərliyə təyin olunduğunu, onun vəfatından sonra da xəlifəliyin onun nəslinin haqqı olduğunu müdafiə edənlərin, on iki imam etiqadını mənimsəyənlərin və imamların kiçik və böyük günahlardan qorunmuş, yəni məsum olduğuna inananların təşkil etdiyi cəmiyyətə verilən addır. On iki imamçı şiələr günümüzdəki müsəlmanların böyük bir bölümünü meydana gətirir. Sayları təxminən müsəlmanların dörddə birinə bərabərdir.

On iki imamçı şiə fiqhinə görə dini, yaxud şər’i hökmlər vücub (vaciblik), nədb (istihbab, müstəhəblik), ibahə (mübahlıq), kərahət (məkruhluq) və hurmət (haramlıq) olaraq beş əsasa görə (bunlara xəmseyi-təklifiyyə deyilir) yerinə yetirilir. Vücub içində fərz və vacib, nədb içində sünnə və müstəhəb, ibahədə mübahlıq (icazəli olma), kərahətdə tənzihən və təhrimən məkruh, hurmətdə isə haram ələ alınır. Mükəlləflərin işlərinin nəticəsini müəyyənləşdirən bu hökmlər bütün İslam məzhəblərində olduğu kimi bəzi dəlillərə istinad etməlidir. Buna görə on iki imamçı şiə məzhəbinin istinad etdiyi şər’i dəlillər (ədilleyi-şər’iyyə) dörd əsas qaynaqdan ibarətdir:

  1. Kitab (yəni Quran-kərim);
  2. Sünnə; sünnə anlayışı on iki imamçı şiədən başqa digər məzhəblərdə yalnız Hz. Peyğəmbərin söz, fel (iş) və təqriri olaraq dəyərləndirildiyi bir halda on iki imamçı şiə məzhəbi Sünnəni olduqca geniş bir şəkildə başa düşmüş, on dörd məsumun, yəni Hz. Peyğəmbər, Hz. Fatimə və on iki məsum imamın söz, iş və təqriri olaraq müəyyənləşdirmişdir. On iki imamçı şiə məzhəbinə görə Hz. Peyğəmbərdən nəql edilən bir mövzu ilə imamların hər hansı birindən nəql edilən bir xəbər arasında sünnə olmaq baxımından heç bir fərq yoxdur. Hər ikisi məsumlardan nəql edildiyi üçün eyni dərəcədədir, çünki imamın bilgisinin və ifadəsinin qaynağı da Hz. Peyğəmbərdir.
  3. İcma; icma, yəni bir məsələ haqqında müsəlman alimlərinin fikir birliyi. On iki imamçı şiə alimlərinə görə icma o baxımdan höccət və dəlildir ki, əgər bütün müsəlmanlar bir məsələ barəsində fikir birliyinə sahib olsalar, bu onların bu fikri İslam şəriətindən (yəni Məsumdan) mənimsədiklərinə dəlildir. Müsəlmanların bir məsələ barəsində fikir birliyinə gəlmələri qeyri-mümkündür. Buna görə də Peyğəmbərin, yaxud İmamın qövlünü (sözünü) kəşf etməyə vasitə olan icma dəlil və höccətdir.

Məsələn, bir məsələ barəsində Peyğəmbərin əsrində yaşayan bütün müsəlmanların istisnasız olaraq bir növ fikrə sahib olmaları və bir növ əməl etmələri məlum olsa, bu onların həmin fikri Peyğəmbərdən mənimsədiklərinin dəlilidir. Yaxud məsum imamlardan birinin onlardan başqa heç kimdən tə’limat almayan bütün əshabələri bir məsələ haqqında fikir birliyində olsalar, bu onu İmamın məktəbindən mənimsədiklərinin dəlilidir. Buna əsasən də on iki imamçı şiə məzhəbinə görə Peyğəmbərin, yaxud da İmamın sözünə istinad edən icma höccətdir. Buradan iki nəticə almış oluruq:

a) On iki imamçı şiə məzhəbinə görə yalnız Peyğəmbər, yaxud İmamın müasiri olan alimlərin icması höccətdir; deməli, bizim zamanımızda bütün İslam alimləri istisnasız olaraq bir məsələ barəsində icma etsələr, bu heç bir vəchlə sonrakı dövrün alimləri üçün höccət deyil.

b) On iki imamçı şiə məzhəbinə görə icmanın mahiyyəti və kökü yoxdur. Yəni icma fikirlərin ittifaqından və birləşməsindən ibarət olduğu üçün yox, Peyğəmbərin, yaxud İmamın qövlünü kəşf edən bir vasitə olduğu üçün dəlildir.

Lakin əhli-sünnə alimlərinə görə icma mahiyyəti və kökü olan bir şeydir. Yəni İslam alimləri bir zamanda – hər bir zamanda, hətta bizim zamanda – bir məsələ haqqında fikir birliyinə gəlsələr, onların fikirləri mütləq doğruya varmışdır. Onlar belə iddia edirlər ki, ümmətin bəzi fərdlərinin səhv etməsi, bəzilərinin isə səhv etməməsi mümkündür, lakin hamının kollektiv halda səhv etməsi mümkün deyil.

Əhli-sünnə məzhəbinə görə bir zamanda bütün ümmətin fikirlərinin təvafüq etməsi, yəni üst-üstə düşməsi ilahi vəhy hökmündədir. Təvafüq zamanı bütün ümmət Peyğəmbər hökmündədir ki, onlara təlqin olunan şey də ilahi hökmdür və xəta deyil.

  1. Əql. On iki imamçı şiə məzhəbinə görə əqlin dəlil olması (höcciyyəti) bu mənada başa düşülür ki, əgər bir mövzuda əql qəti bir hökmə sahib olarsa, o hökm qəti və yəqini olduğuna görə dəlil və höccətdir.

Əhli-sünnənin fiqhi qolları, yəni hənəfi, şafii, maliki və hənbəli məzhəbləri arasında İmam Əbuhənifə qiyası dördüncü dəlil hesab edir. Hənəfilərə görə fiqhin mənbələrinin sayı dörddür: Kitab, Sünnə, İcma və Qiyas.

Malikilər və hənbəlilər, ələlxüsus hənbəlilər qiyasa çox diqqət etmirlər. Lakin şafiilər imamları Mühəmməd ibn İdris Şafiiyə tabe olaraq orta bir yolla gedirlər. Yəni hənəfilərdən çox hədisə, malikilər və hənbəlilərdən də çox qiyasa diqqət edirlər.

On iki imamçı şiə alimlərinə görə qiyasi-müstənbətil-illə açıq-açığına zənn, güman və xəyala tabe olmaqdan ibarət olduğuna və müqəddəs İslam şəriəti və onun canişinləri tərəfindən gəlib-çatmış külliyyat ehtiyaclara cavab verdiyinə görə ona müraciət etmək heç bir vəchlə icazəli deyil.

Yuxarıda da qeyd etdiyimiz kimi on iki imamçı şiə məzhəbinin əqidəsi budur ki, hidayət imamları imamlıq məqamına Allah tərəfindən təyin ediliblər və buna görə də hər şeyi onlardan öyrənmək lazımdır. Fiqhi də onlardan öyrənmək lazımdır. Buna görə də on iki imamçı şiə fiqhi İmam Əli, İmam Mühəmmədbaqir və İmam Cəfər Sadiq kimi imamların fikirlərindən qaynaqlanmış və inkişaf etmişdir. Bu adı çəkilən şəxslər sünni və şiələrin etirafına görə Peyğəmbərdən sonra insanlar arasında ən təqvalı və elmli şəxslər olmuşlar. Bir çox məzhəb imamları və böyük fəqihlər Əhli-Beyt imamlarının, ələlxüsus İmam Mühəmmədbaqir və İmam Cəfər Sadiqin yanında dərs oxuyub şagirdlik etmişlər. İmam Baqir əleyhissəlamın əsrinin böyük alimlərindən olan Abdullah ibn Əta deyir: “Mən heç vaxt İslam alimlərinin heç bir məhfil və məclisdə Əbucəfərin (İmam Baqirin) məhfilində olduğu kimi elmi baxımdan həqirləşdiyi (alçaldığı) və kiçildiyini görmədim. Mən Həkəm ibn Üteybənin[1] o Həzrətin yanında şagird kimi oturduğunu gördüm”[2].

Hafiz ibn Uqdə İmam Cəfər Sadiqdən rəvayət edən, yaxud onun yanında dərs oxumuş dörd min fəqih və mühəddisin adını çəkmişdir. Onlardan bəziləri bunlardır; Malik ibn Ənəs Əsbəhi, Əbuhənifə Nu’man ibn Sabit, Yəhya ibn Səid, İbn Cureyc, Süfyani-Sovri, Şö’bə ibn əl-Həccac, Abdullah ibn Əmr, Ruh ibn Qasim, Süfyan ibn Uyeynə, İsmayıl ibn Cəfər, İbrahim ibn Təhhan və digərləri… İmam Əbuhənifənin Əgər o iki il olmasaydı, Nu’man həlak olardı! – sözü onun iki il İmam Sadiqin yanında şagirdlik etdiyinə bir işarədir.

Maliki məzhəbinin imamı Malik ibn Ənəsin sözü də bu mövzunun digər bir dəlilidir: Elm, ibadət və təqva baxımından Cəfər ibn Mühəmməd Sadiqdən daha fəzilətli bir adamı nə göz görmüş, nə qulaq eşitmiş, nə də belə bir adamı bir qəlb xatırlaya bilmişdir[3].

Əl-Əzhər Universitetinin ustadlarından olan Şeyx Mühəmməd Əbuzöhrə İmam Cəfər Sadiq adlı kitabında bu həqiqəti belə izah edir: Əbuhənifə İmam Sadiqdən rəvayət edər və onu insanlar arasındakı ixtilaflı fikirləri ən yaxşı bilən bir insan və ən savadlı fəqih kimi tanıyardı. Malik rəvayət etmək və dərs oxumaq üçün onun yanına get-gəl edərdi. Bir şəxsin ustadlıq baxımından Əbuhənifə və Malikdən fəzilətli olması, fəzilət olaraq ona kifayət edər. Belə bir şəxsin digərlərindən geridə olması və başqasının fəzilətdə onun önünə keçməsi mümkün deyil. Hamısından üstünü də odur ki, o, öz dövründə fəzilət, şərəf, din və elm baxımından Mədinə əhalisinin seyidi (ağası) olan və İbn Şihab Zühri və bir çox tabeinin dərs aldığı Əli ibn Hüseyn Zeynəlabidinin nəvəsidir. O, elmi yarıb açan və onun mahiyyətinə varan Mühəmmədbaqirin oğludur. O elə bir şəxsdir ki, Allah şəxsi şərəfi və soy şərəfini onda birləşdirmişdir. O, həm Bəni-Haşimdən, həm də Peyğəmbər Əhli-Beytindəndir.

Əhli-sünnənin böyük alimlərindən olan Ustad Əbdülfəttah Əbdülməqsud belə yazır: “İslam dininin tanınmış məzhəb və məktəblərinin çox olması mübhəm (anlaşılmayan, qapalı) hökmlərin müsəlmanlar tərəfindən dərk olunması üçün əsas vasitədir. Buna görə də on iki imamçı şiə məzhəbinin əhli-sünnə məzhəblərinin başında qərar tutması və müsəlmanların ondan xəbərdar olması daha yaxşıdır. Çünki şiə məzhəbinin əsas mənbəsi Əli ibn Əbitalibdir ki, o da islami biliklərdə Peyğəmbərdən sonra insanlar arasında ən savadlı şəxs idi”[4].

On iki imamçı şiə ictihadı şiə alimlərinin nəzəriyyələrinin araşdırılması ilə məhdudlaşmır. On iki imamçı şiə ictihadının şərtlərindən biri də əhli-sünnənin fitva və hədislərinin araşdırılmasıdır. Bu metod böyük fəqih Şeyx Tusinin vaxtından günümüzə qədər diqqət mərkəzində olmuşdur. Əhli-sünnənin böyük alimlərindən olan Şeyx Mahmud Şəltut tərəfindən Misirin əl-Əzhər Universitetində bu metodun qoyulması nəticəsində universitet öz tərəqqi dövrünü başlamış və şagirdlərin üzünə yeni üfüqlər açılmışdır. Şeyx Mahmud Şəltut[5] demişdir: “Mən və bir çox həmkar qardaşlarım Darut-təqribdə, əl-Əzhər Universitetinin toplantılarında və ailə qanunları üçün təşkil olunan komitələrdə on iki imamçı şiə məzhəbinin fikirlərinə əhli-sünnə məzhəbinin fikirlərindən daha çox üstünlük verdik. Heç yadımdan çıxartmıram ki, İslam məzhəblərinin fiqhinin tədrisi ilə məşğul olduğum vaxt bütün fikirləri nəzərdən keçirirdim. Onların arasında yalnız on iki imamçı şiə məzhəbi diqqətimi cəlb etdi. Güclü dəlillərinə görə çox vaxt on iki imamçı şiənin fikrinə üstünlük verirdim. Çünki güclü dəlil və möhkəm məntiq müqabilində susmaq lazımdır. Mən çox qanunlarda, məxsusən ailəyə aid olan qanunlarda on iki imamçı şiə məzhəbinə uyğun fitva vermişəm. İndi isə vəzifəm əl-Əzhər Universitetinin şəriət fakültəsində illərlə arzusunda olduğumuz şeyi yaratmaqdır. O arzu hər cür təəssübdən uzaq olaraq ümumi şəkildə İslam fiqhindən bəhs etməkdən ibarətdir. Bizim İslam məzhəblərinin hər birinin fiqhindən düzgün islami hökmləri əldə etməkdən başqa heç bir hədəfimiz yoxdur. On iki imamçı şiə fiqhi bu mövzuda birinci sırada qərar tutmuşdur”[6].

Şeyx Mahmud Şəltutun həyatı boyunca atdığı ən mühüm addımlarından biri də ibadətlərin və müamələlərin[7] İslamın mötəbər məzhəblərindən biri olan on iki imamçı şiə məzhəbinin fiqhinə uyğun olaraq yerinə yetirilməsinin icazəli olmasına dair fitva verməsi olmuşdur. O, bu fitvanı h. q. təqvimi ilə 1378-ci ildə rəbiüləvvəl ayının 17-də (m. 1958, 1 oktyabr) – Peyğəmbərin və İmam Sadiqin mövlud günündə şiə, zeydi, maliki, hənəfi, şafii və hənbəli məzhəblərinin nümayəndələri qarşısında açıqlamışdır. Fitvanın mətni belədir: “Ondan soruşuldu: “Bəzi şəxslər müsəlmanın ibadətlərinin və müamilələrinin düz olması üçün onun tanınmış dörd (sünni) məzhəbindən birinə təqlid etməsinin vacib olmasına etiqad edirlər. Hansı ki o məzhəblərin arasında on iki imamçı şiə və zeydi şiəliyi məzhəbləri yoxdur. Bu barədə sizin rəyiniz nədir? Məsələn, on iki imamçı şiə məzhəbinə təqlid etməyi yasaq buyurursunuzmu?”

O, belə cavab verdi: “1. İslam dini öz ardıcıllarından heç birinə müəyyən bir məzhəbə tabe olmağı vacib etməmişdir. Biz deyirik ki, hər bir müsəlmanın səhih bir yolla nəql olunmuş və hökmləri xüsusi kitablarında yazılmış hər hansı bir məzhəbə təqlid etməyə haqqı vardır. Bu məzhəblərdən birinə təqlid edən şəxs öz məzhəbindən başqa bir məzhəbə keçə bilər. Bu barədə onun üzərində heç bir çətinlik yoxdur.

  1. On iki imamçı şiə məzhəbi kimi tanınan cəfəri məzhəbinə əsasən ibadət etmək digər əhli-sünnə məzhəbləri kimi icazəlidir. Müsəlmanlar bunu bilməli və haqsız olaraq müəyyən məzhəblərə kor-koranə bağlılıqdan xilas olmalıdırlar. Allahın dini və şəriəti bir məzhəbə bağlı deyildir, yaxud bir məzhəbə məhdudlaşdırılmamışdır. Bütün müctəhidlər Allah yanında məqbuldurlar. Fikir və ictihad əhli olmayan şəxsin onlara təqlid etməsi və fiqhlərində müəyyənləşdirdikləri fikrə əməl etməsi icazəlidir. Bu mövzuda ibadətlərlə müamələlər arasında heç bir fərq yoxdur”.

On iki imamçı şiə məzhəbinin sünni məzhəblərdən fiqhi baxımdan ayrıldıqları mövzulardan əhəmiyyətli olanları aşağıdakılardır:

  1. Müt’ə nikahını, yəni müvəqqəti evliliyi icazəli bilirlər;
  2. Talaqda (boşanmada) iki ədalətli kişinin iştirak etməsini şərt bilirlər; bu mövzuda “Talaq” surəsinin 2-ci ayəsini əmr olaraq götürürlər. Ayə belədir: “… İçərinizdən iki ədalətli şəxsi şahid tutun. …”
  3. Bir anda (bir məclisdə) verilən üç talağı bir talaq hesab edirlər; əhli-sünnə alimlərindən İbn Teymiyyə və tələbəsi İbn Qəyyim əl-Cövzi də bu fikirdədirlər.
  4. Xristian və yəhudi kimi əhli-kitab qadınlarla daimi nikahla evlənməyi icazəli bilmirlər;
  5. Dəstəmaz alarkən ayaqlarını yumur və çılpaq ayağın üzərinə məsh çəkirlər;
  6. Zöhrlə əsr, məğriblə işa namazlarını müştərək vaxt daxilində birləşdirərək qılmağı icazəli hesab edirlər; yəni beş vaxt namazı üç vaxtda qılmağı caiz görürlər.
  7. Azan və iqamədə “Əşhədu ənnə Əliyyən Vəliyyullah!” (“Şahidlik edirəm ki, Əli Allahın vəlisidir!”) əlavəsi vardır; lakin qədim alimlərdən Şeyx Səduq və son dövr alimlərindən Seyid Möhsün Əmin Amili azan və iqamədəki bu əlavənin deyilməsinin haram olmasına fitva vermişlər. Seyid Möhsün Amiliyə görə on iki imamçı şiələr arasında azan və iqamədə bu əlavənin deyilməsi Səfəvi dövləti vaxtından rəvac tapmağa başlamışdır. Həmçinin Əllamə Şuştəri “Nuc’ə” kitabında qeyd etmişdir ki, Şeyx Səduqun zamanında müfəvvizə tərəfindən bu əlavə azana daxil edilmiş, iqaməyə isə əlavə olunması sonrakı vaxtlarda həyata keçirilmişdir. Ayətullah Şeyx Sadiqi Tehrani bu əlavənin deyilməsini bid’ət hesab etmişdir. Bu əlavənin deyilməsinə müxalif olan on iki imamçı şiə müctəhidlərindən biri də Seyid Mühəmmədhüseyn Fəzlullahdır.
  8. Türbət daşı (Kərbəla torpağından düzəldilmiş kibrit qutusu böyüklüyündə daş) üzərinə səcdə edirlər;
  9. On iki imamçı şiə məzhəbində həcc ibadətlərilə əlaqədar nisa təvafı adlı bir təvaf vardır. Bunu yerinə yetirməyən şəxsə kişidirsə, arvadı, qadındırsa, əri əbədi olaraq haram olur.

On iki imamçı şiə məzhəbi İran İslam Respublikasının rəsmi məzhəbidir. Pakistan, Əfqanıstan, Azərbaycan, İrak, Suriya, Livan, Misir, Şimali Afrika və Türkiyədə çox yayılmışdır. Türkiyənin İğdır vilayətində çox sayda on iki imamçı şiə məzhəbinə mənsub müsəlman vardır. Qars və Hatay vilayətlərində də on iki imamçı şiə mənsubları vardır. İstanbul, Bursa və Çorum kimi böyük şəhərlərdə də on iki imamçı şiələr vardır. Həmin şəhərlərdə bu məzhəb mənsublarının tikdirdiyi camelər vardır. İstanbulda on iki imamçı şiələrin namaz qıldığı iyirmidən çox came vardır.

(ardı var)

Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə

Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

 

 

 

[1] Həkəm ibn Üteybə Kindi (v. h. q. 113 – v. m. 732) elə bir şəxsdir ki, əhli-sünnə onun elmi və fiqhi məqamını çox şişirdir.

[2] “Kəşfül-ğummə”, “İmam Baqirin əhvalatı”, Əli ibn İsa İrbili

[3] “Təhzibut-təhzib”, c. 2, s. 104

[4] “Fi səbilil-vəhdətil-islamiyyə” kitabından nəql olunmuşdur. Müəllif: Seyid Mürtəza Rəzəvi. s. 54, 55

[5] d. 1893, ö. 1963. 1958-ci ildən ömrünün sonuna qədər əl-Əzhər Universitetinin Şeyxi olmuşdur.

[6] “Risalətul-İslam” jurnalından nəql olunmuşdur.

[7] Alış-veriş, icarə, şirkət, girov, sülh, zəmanət, lüqətə (itirilmiş mal), birovuz vermək, qəsb (oğurluq), hibə (bağışlamaq), vəsiyyət, fəraiz (dinə görə mirasçıların hər birinə düşən paylar), itq (kölə və ya cariyə azad etmək), əmanət, iqrar (başqasının öz üzərindəki olan haqqını bildirmək və xəbər vermək), dava (şəxsin başqası üzərində olan haqqını isbat etmək üçün istədiyi şey) və qəza (hökm vermək) kimi mövzular