12. Hilalın təsbit edilməsi
Bütün müsəlmanlar icma etmişdir ki, kim yalnız özü hilalı görərsə, öz elminə (bilgisinə) əməl etməlidir. Burada ramazan hilalı ilə şəvval hilalı arasında heç bir fərq yoxdur. Kim ramazan ayının ilk gecəsi hilalı görərsə, bütün insanlar oruc tutmasa da, onun oruc tutması vacibdir[1].
Kim şəvval ayının ilk gecəsi hilalı görərsə, yer üzünün bütün insanları oruc tutsa da, onun orucunu yeməsi vacibdir. Görən şəxsin adil, yaxud qeyri-adil olması, kişi, yaxud qadın olması arasında heç bir fərq yoxdur. Aşağıdakı məsələlərdə məzhəblər ixtilaf etmişdir:
- Hənəfi, maliki və hənbəli məzhəbləri deyirlər ki, hilalın görünməsi Yerin bir bölgəsində sübuta yetərsə, yaxın və uzaq olması arasında heç bir fərq olmadan digər bölgələrin sakinlərinə də vacibdir; hilalın doğduğu üfüq (mətlə’) baxımından fərqin olmasına diqqət etmək lazım deyildir.
On iki imamçı şiə və şafii məzhəbləri deyirlər ki, əgər bir şəhərin əhalisi hilalı görsə, lakin başqa şəhərin əhalisi onu görməsə, əgər o şəhərlər Ayın doğduğu yer baxımından yaxın olsalar (yə’ni yaxın üfüqlü şəhərlər olsalar), onların hökmü birdir, lakin mətlə’ (yə’ni hilalın doğduğu üfüq) baxımından fərqli olarsa, hər bir şəhərin özünə məxsus hökmü vardır[2].
- Əgər hilal şəban ayının otuzuncu günündə gündüz zəvaldan (zöhr azanından) əvvəl, yaxud sonra görünərsə, bu gün şəban ayının oruc tutulması vacib olmayan son günü hesab olunur, yoxsa ramazan ayının oruc tutulması vacib olan ilk günü? Həmçinin hilal ramazan ayının otuzuncu günündə gündüz görünərsə, bu gün ramazandan hesab olunur, yoxsa şəvvaldan? Bir sözlə, hilalın göründüyü gün əvvəlki aydan hesab olunur, yoxsa sonrakı aydan?
On iki imamçı şiə, şafii, maliki və hənəfi məzhəbləri demişdir ki, o, sonrakı aydan yox, əvvəlki aydan hesab olunur[3]. Görünmə şəban ayının son günündə olduqda görünmədən sonrakı günü oruc tutmaq vacibdir. Həmçinin görünmə ramazan ayının son günündə olarsa, sonrakı günü orucu yemək vacibdir.
- Bütün məzhəblər ittifaq etmişdir ki, hilal Peyğəmbər əleyhissəlamın: “Ayı gördüyünüz zaman oruc tutun, Ayı gördüyünüz zaman orucunuzu yeyin!” sözünə əsasən görməklə (rö’yətlə) təsbit edilir[4]. Lakin hilalın görünmədiyi vəziyyətlərdə ixtilaf etmişlər.
On iki imamçı şiə məzhəbi demişdir: ramazan və şəvval aylarının hər biri təvatürlə[5] və iki ədalətli kişinin şəhadət verməsilə təsbit edilir. Burada havanın buludsuz və buludlu (dumanlı) olması, iki şahidin bir şəhərdən, yaxud bir-birinə yaxın iki şəhərdən olması arasında heç bir fərq yoxdur. Bir şərtlə ki, hilalın təsvir olunmasında onların şahidliyi bir-birinə zidd olmasın. Qadınların, uşaqların, fasiqin və vəziyyəti bilinməyən şəxsin şahidliyi qəbul olunmur[6].
Hənəfi məzhəbi ramazan ayı hilalı ilə şəvval ayı hilalını bir-birindən ayırmışdır. Onlar demişlər: ramazan ayının hilalı bir kişi və bir qadının şahidliyi ilə təsbit edilir. Bir şərtlə ki, müsəlman, ağıllı və ədalətli olsunlar. Lakin şəvval ayının hilalı yalnız iki kişinin, yaxud bir kişi və iki qadının şahidliyi ilə təsbit edilir. Bu, səmada görmənin qarşısını alan maneə olduqda belədir. Lakin səma buludsuz olarsa, hilal yalnız verdikləri xəbərdən elm (bilgi) hasil olan çoxlu sayda insanların şahidliyi ilə təsbit edilir. Burada (yə’ni bu vəziyyətdə) ramazan ayının hilalı ilə şəvval ayının hilalı arasında heç bir fərq yoxdur.
Şafiilər demişdir: ramazan və şəvval aylarının hər birinin hilalı bir ədalətli şəxsin şahidliyilə təsbit edilir. Bir şərtlə ki, müsəlman və ağıllı olsun. Burada səmanın buludlu (dumanlı), yaxud buludsuz olması arasında heç bir fərq yoxdur.
Malikilər demişdir: ramazan və şəvval aylarının hilalı arasında, həmçinin havanın buludsuz və buludlu olması arasında heç bir fərq olmadan hilal yalnız iki ədalətli kişinin şahidliyi ilə təsbit edilir.
Hənbəlilər demişdir: ramazan ayının hilalı bir nəfər ədalətli şəxsin – istər kişi olsun, istərsə də qadın – şahidliyilə təsbit edilir. Şəvval ayının hilalına gəlincə yalnız iki ədalətli şəxsin şahidliyilə təsbit edilir.
- Ramazan ayı hilalını gördüyünü heç kim iddia etməsə, bütün məzhəblərin ittifaqı ilə şəban ayı otuz gün hesablanmalıdır və otuzuncu gündən sonrakı gün oruc tutmaq vacibdir. Lakin hənəfilər istisnadır. Onlar demişlər ki, şəban ayının otuzuncu günündən sonra yox, 29-cu günündən sonra oruc tutmaq vacib olur.
Bu, ramazan ayının hilalına aid hökm idi. Şəvval ayının hilalına gəldikdə hənəfilər və malikilər demişlər ki, əgər səma buludlu olarsa, ramazan ayı otuz gün hesablanmalıdır və ondan sonra orucu yemək vacibdir. Əgər səma buludsuz olarsa, otuzuncu gündən sonrakı gün oruc tutmaq vacibdir. Sayları hər nə qədər olursa-olsun ramazan ayının əvvəlinin təsbit edilməsinə şahidlik edən şəxslərin şahidliyi təkzib olunur.
Şafiilər demişlər: otuzuncu gündən sonra orucu yemək vacibdir, hətta havanın buludsuz və buludlu (dumanlı) olması arasında heç bir fərq olmadan ramazan ayı bir şahidlə təsbit edilsə belə.
Hənbəlilər demişlər: ramazan ayı iki ədalətli şəxsin şahidliyi ilə təsbit edilmişdirsə, otuzuncu gündən sonra orucu yemək vacibdir. Əgər bir ədalətli şəxsin şahidliyilə təsbit edilmişdirsə, 31-ci gün oruc tutmaq vacib olur.
On iki imamçı şiə məzhəbi demişdir: əvvəli səhih şər’i bir yolla təsbit edildiyi müddətdə havanın buludsuz və buludlu olması arasında heç bir fərq olmadan ramazan və şəvval aylarından hər biri otuz günün tamamlanması ilə təsbit edilir.
13. Hilal və astronomlar
Bu ildə (m. 1960-cı ildə) Pakistan və Tunis hökumətləri qərar qəbul etdilər ki, xaosun[7] və öncədən bayram gününün vaxtını bilmədiklərinə görə insanların qarşılaşdığı çətinlik və məşəqqətin qarşısını almaq üçün hilalın təsbit edilməsində astronomların sözlərinə e’timad edilməlidir. Çünki bə’zən bayram qəfil və heç bir hazırlıq olmadan gəlir, bə’zən isə bayram üçün hazırlıq görülür, lakin yenidən onu tə’xirə salırlar. Məhfil və məclislərdə müxaliflər öz səslərini yuxarı qaldırdılar və iki hökumətin qəbul etdiyi qərarlar ətrafında bir-birinin canına düşdülər.
Qərarın tərəfdarı olanlar deyirdilər: dində astronomların sözünə e’timad etməklə ziddiyyət təşkil edən bir fikir yoxdur. Əksinə, “Nəhl” surəsinin 16-cı ayəsi bu fikri təsdiq edir və astronomların sözünə e’timad etməyin əsasını təşkil edir. Ayədə buyurulur: “Əlamətlər də müəyyən etdi. İnsanlar yollarını ulduzlar vasitəsilə taparlar”.
Müxaliflər isə deyirlər: bu qərar “Ayı gördüyünüz zaman oruc tutun, Ayı gördüyünüz zaman orucunuzu yeyin”, – hədisilə ziddiyyət təşkil edir. Belə ki, rö’yət (görmək) deyildikdə insanların Peyğəmbərin yaşadığı dövrdə alışdıqları gözlə görmək nəzərdə tutulur. Böyüdücü (yaxınlaşdırıcı) cihazla (yə’ni teleskopla) görməyə, astronomik hesablamalara və Ayın hərəkət mənzillərinə (orbitinə) gəlincə bunlar hədisin ləfzindən uzaqdır.
Həqiqət budur ki, hər iki tərəf dəlil gətirməmişdir. İnsanların yollarını ulduzlar vasitəsilə tapmalarına gəlincə onunla günlərin və ayların tanınması yox, şəhər və dəniz yollarının tanınması nəzərdə tutulur. Rö’yət (görmək) hədisinə gəlincə onun sağlam elmlə heç bir ziddiyyəti yoxdur, çünki görmək öz-özlüyündə bir məqsəd deyildir. Elm (daha doğrusu, Ayın muhaqdan çıxdığına dair elm) əldə etmək üçün bir vəsilədir. Necə ki bu gün gerçəkliyə çatdıran bütün yollarda elm (bilgi) əldə etmə vəsiləsi keçərlidir. Lakin biz deyirik: astronomların sözləri hər bir şübhə üçün gözlə görməyin ifadə etdiyi qəti bilgi ifadə etmir, çünki onların sözü hilalın doğduğu gecə, onun doğduğu saat və üfüqün üzərində qalma müddəti barəsində fikirlərinin ziddiyyətli və ixtilaflı olması səbəbilə təhqiqə (həqiqəti üzə çıxarmağa) yox, təxminə əsaslanır.
Əgər astronomlar üçün dəlil, kafi və tam mə’rifətin (tanışlığın) hasil olduğu bir zaman gələrsə, belə ki, onlar arasında yekdillik yaranarsa və onların doğru danışdığı dəfələrlə təkrar olunarsa, belə ki, onların sözü tamamən həftənin günləri və sabahısı günün şənbə, yaxud bazar ertəsi olması kimi qəti (şübhəsiz) olarsa, bu vəziyyətdə onlara e’timad etmək mümkündür. Bəlkə, astronomların sözü ilə kimin üçün elm hasil olarsa, onların sözünə e’timad etmək həmin şəxs üçün məcburi olar və onların sözünə müxalif olan hər bir şeyi rədd etmək vacib olar. Bu mövzu haqqında əlavə mə’lumat almaq istəyənlər bizim “İmam Cəfər Sadiqin fiqhi” adlı kitabımızın 1-ci cildinə, “Oruc” babının sonundakı “Hilalın təsbit edilməsi” fəslinə müraciət etsinlər[8].
(ardı var)
Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə
Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
[1] Lakin hənəfi məzhəbi demişdir: hilalı görən şəxsin şahidliyi qazı tərəfindən rədd edilsə də, həm onun, həm də onu təsdiq edənlərin oruc tutması vacib olar. Lakin bunlar şahidliyin rədd edilməsi halında oruclarını yeyərlərsə, kəffarəsiz olaraq yalnız qəza tutmaları vacib olar (“əl-Fiqh ələl-məzahibil-ərbəə” (“Dörd məzhəbə əsasən fiqh”).
[2] Lakin bilmək lazımdır ki, üfüq fərqi olduqda on iki imamçı şiə alimlərinin fikri müxtəlifdir. Müəllifin (M. Muğniyənin) dediyi on iki imamçı şiə alimləri arasındakı məşhur fikirdir (yə’ni bu fikir ətrafında birləşmiş əksər fəqihlərin fikridir) və müasir dövrdə alimlərin məşhur rə’yi (yə’ni əksər fəqihlərin rə’yi) budur ki, hilalın bir şəhərdə görünməsi o şəhərlə üfüq fərqi olan digər şəhərlər üçün kifayət etmir və onu digər şəhərlər üçün şər’i ayın başlanğıcı hesab edə bilmərik. Lakin on iki imamçı şiə məzhəbinin bir çox alimləri belə inanırlar ki, bir şəhərdə Ayın görünməsi digər şəhərlər üçün də kifayət edir. Bu fikri mərhum Əllamə Helli “Təzkirə” adlı kitabda bə’zi alimlərdən nəql etmiş və özü də “Müntəha” kitabında tam və açıq şəkildə bu fikri əxz etmişdir. Şəhid Əvvəl də “əd-Dürus” kitabında bu fikri ağlabatan hesab etmiş, həmçinin mərhum mühəddis Kaşani də “Vafi” kitabında bu fikri açıq şəkildə əxz etmiş və bu barədə aşağıdakı rəvayəti qeyd etmişdir: “Bəsri deyir: “Şəban ayının 29-u hava bizim üçün buludlu olduğu vaxt ramazan ayının hilalı barəsində İmam Sadiqdən soruşdum. İmam cavab verdi: “Hilalı görməmiş oruc tutma. Əgər digər bir şəhərin sakinləri o gündə Ayın göründüyünə dair şahidlik etsələr, o günün orucunu qəza et!” (“İstibsar”, c. 2, s. 64, 206-cı hədis). Mərhum Feyz Kaşani bu rəvayətin haşiyəsində deyir: “İmamın “Əgər digər bir şəhərin sakinləri o gündə Ayın göründüyünə dair şahidlik etsələr, o günün orucunu qəza et!” – deməsinin səbəbi budur ki, əgər bir şəhərdə bir fərd ayı görərsə, bu o deməkdir ki, həqiqətdə min nəfər insan Ayı görmüşdür. Deyildiyi kimi, zahirən Ayın göründüyü şəhərin görünməyən şəhərə nisbətən yaxın, yaxud uzaq olması arasında heç bir fərq yoxdur, çünki əvvəla təklif görünmənin mümkünlüyü üzərində yox, görünmənin özü üzərində bina olunmuşdur. İkincisi, (şəhərin) yaxın və uzaq olması ümumi camaat üçün mə’lum deyil. Üçüncüsü, ləfz (“digər bir şəhər” ifadəsi) mütləq olaraq gətirilmiş və “digər şəhər” ifadəsi qeydsiz zikr olunmuşdur. Bizim müasir fəqihlərimiz arasında məşhur olmuşdur ki, yaxın üfüqlü, yaxud uzaq üfüqlü şəhər bir-birindən fərqlənir və bunun ardınca ictihad vasitəsilə uzaq və yaxın olmağın təfsirində də fəqihlərin kəlamının bir-birindən fərqlənməsi əsassızdır” (s. 20).
Həmin fikri Şeyx Yusif Bəhrani (h. q. 1107–1186, m. 1696–1773) “Hədaiq” kitabında təsdiq etmiş, “Cəvahir” kitabının müəllifi (Şeyx Mühəmmədhəsən) də bu fikrə meyil etmişdir. Baxmayaraq ki, bu fikri qəbul etdiyini açıq şəkildə bildirməmişdir. Həmçinin Nəraqi “Müstənəd” kitabında, Seyid Əbuturab Xansari “Nicatul-ibad” kitabının şərhində, Seyid Həkim “Müstəmsik” kitabında bu fikrə meyil etmişlər. Əbülqasım Xoyi “Minhacus-salehin” kitabında həmin fikri irəli sürmüş və təsdiq etmişdir: “Bu fikir (yə’ni bir şəhərdəki görünmənin üfüq fərqi olmasına baxmayaraq, digər bir şəhərdə hilalın sübuta yetməsi üçün kifayət etməsi fikri) daha qüvvətli və daha aydın bir fikirdir”[2] (“Minhacus-salehin”, c. 1, c. 274).
Mərhum Seyid Mühəmmədbaqir Sədr “əl-Fətavəl-vadihə” kitabında bu fikri bəyənmişdir (“əl-Fətavəl-vadihə”, s. 519).
Seyid Mühəmmədhüseyn Fəzlullah “Fiqhuş-şəriə” kitabında belə yazır: “… Bununla mə’lum olur ki, qəməri ay Ayın muhaqdan xaric olmasından əlavə onun görünməsinin mümkünlüyünə bağlı olduğu üçün, görmək isə bə’zi vəziyyətlərdə mümkün, bə’zi vəziyyətlərdə isə qeyri-mümkün olduğu üçün şər’i-qəməri ayın başlanmasının nisbi olması əqli bir şeydir. Bu vaxt öz şər’i-qəməri ayını görünmənin mümkünlüyünə bağlayan şəriətə müraciət etməliyik ki, görək şəriət hər bir nöqtədə Ayı bu məntəqədə görünmənin mümkünlüyünə bağlı bilir, yoxsa harada olursa-olsun bütün məntəqələrdə Ayı görünmənin mümkünlüyünə bağlı bilir?
Şər’i dəlillərdən başa düşdüyümüzün əsasına ikinci fikir daha yaxındır. Buna görə də hilal bir ölkədə görünərsə, ay başqa ölkələrdə də təsbit olunur”.
Seyid Fəzlullah bu məsələ ilə əlaqədar belə fitva verir: “Hilalın bir ölkədə təsbit edilməsində onun həmin ölkə ilə gecənin bir hissəsində olsa da, müştərək olan hər hansı başqa bir ölkədə təsbit edilməsi kifayət edir. Belə ki, Ay görünən ölkədə Günəş, mükəlləfin yaşadığı ölkədə fəcr tülu’ etməmişdən qabaq (yə’ni sübh namazından əvvəl) batır” (“Əhkamuş-şəriə”, 582-ci məsələ, s. 190, “Əhli-Beyt məzhəbində namaz və oruc”, s. 236, 237).
Dövrün böyük fəqihi Ayətullah Əllamə Musəvi Qərəvi də qəməri il ayının birinci gününün Ayın Yer kürəsi üçün doğmasından e’tibarən başladığını hesab edib üfüq və ölkələrin coğrafi sərhədlər e’tibarilə bir-birindən ayrılmasını inkar edir. Onun fikrinə görə İslam ölkələri arasındakı mövcud ixtilaf şər’i bir məsələ yox, zərərli siyasi bir məsələdir, çünki şər’i hökmlərin böyük bir hissəsi və onların əməli cəhəti ümmət arasında təfriqə yaymaqdan yox, vəhdət yaratmaqdan ibarətdir (“Məğrib və hilal” kitabı).
On iki imamçı şiə məzhəbinin böyük fəqihlərindən olan Ayətullah Seyid Mühəmməd Hüseyni Ruhani “Minhacus-salehin” adlı fiqhi əsərində bu barədə belə fitva verir: “Əgər hilal bir şəhərdə görünərsə, üfüq müştərəkliyinin olması ilə başqa bir şəhərdə hilalın sübut olunmasında bu kifayət edir. Bəlkə, zahir odur ki, hər hansı bir ölkədə hilalın görünməsi, gecədə onunla müştərək olan başqa ölkələrdə də hilalın sübut olunmasında kifayət edir. Baxmayaraq, onların birində gecənin əvvəli, digərində isə gecənin sonu olur” (c. 1, 1015-ci məsələ).
İndi isə bir şəhərdə hilalın görünməsinin digər şəhərlər üçün kifayət etməsinə tərəfdar olanların dəlilləri ilə tanış olaq:
Hər şeydən əvvəl “Qədr” surəsini xatırladırlar ki, bu, Yer sakinlərinin şəhərlərinin üfüqlərində fərqlilik olmasına baxmayaraq, Qədr gecəsinin onlar üçün yalnız bir gecə olduğuna dəlalət edir, çünki Quran bir gecədə nazil olmuşdur. Və bu gecə min aydan daha xeyirli olan və işlərin ilahi hikmətə əsasən ayırd olunduğu Qədr gecəsidir və o gecə Yer kürəsinin bütün məntəqələrini əhatə edir.
Qeyd olunan əvvəlki qurani dəlildən sonra bə’zi rəvayətlər zikr olunur. Onların bə’zilərini sizin nəzərinizə çatdırırıq:
- Peyğəmbər (s) buyurmuşdur: “Ayı görməklə oruc tutun və (yeni) Ayı görməklə də iftar edin (orucu yeyin)!” (“Biharul-ənvar”, c. 55, s. 356) Bu hədisi-şərif bütün ümmətə ümumi bir müraciətdir. Deməli, hər bir kəs hər bir məkanda Ayı görərsə, onun bu görməsi hamı üçün görmə hesab olunur.
- Hişam ibn Həkəmin səhihəsində (səhih rəvayətində) İmam Sadiqdən nəql olunur ki, Həzrət 29 gün oruc tutan şəxs haqqında buyurdu: “Bu şəxsin hilalın görünməsinə əsasən oruc tutan şəhər əhlindən ədalətli bəyyinəsi (bərabərdir iki ədalətli şəxsin şəhadətinə) olarsa, bir günü qəza etməlidir!” (“Vəsailuş-şiə”, c. 4, “Əbvabu əhkami şəhri rəməzan”, f. 5, h. 13)
İmam hökmü bəyan etmə məqamında olmasına baxmayaraq, şəhərlər arasında fərq qoymadan, orucun qəzasını şəhər əhlinin ədalətli şəhadətinə bağlı bilmişdir. Halbuki şəhərlər arasında fərq olsaydı, bildirilməsi vacib olardı.
- Əbubəsirin səhihəsində (bir fikrə əsasən həsənəsində) qəzası tutulan ramazan ayının bir günü haqqında İmam Sadiqdən soruşulduqda belə cavab verdi: “O günü qəza etmə! Namaz qılanlardan iki ədalətli şahidin ayın nə vaxt başlaması barəsində şəhadət verməsi istisnadır”. İmam buyurdu: “Qəzası tutulan o günü oruc tutma! Lakin şəhər əhlinin qəza etməsi istisnadır. Əgər onlar belə etsələr, sən də o günün orucunu tut!” (“Vəsailuş-şiə”, f. 12, h. 1)
- İshaq ibn Əmmarın səhihəsində deyilir: “29 şəbanda hava buludlu olduğu halda ramazan ayının hilalı haqqında İmam Sadiqdən soruşduqda belə cavab verdi: “Ayı görməmiş oruc tutma! Lakin digər bir şəhərin əhalisi Ayı gördüklərinə dair şahidlik etsələr, sən o günün orucunu qəza et!” (“Təhzibul-əhkam”, c. 4, s. 178, h. 493)
- Əbdürrəhman ibn Əbiəbdillahın səhihəsində deyilir: “Şəbanın 29-u hava bizim üçün buludlu olduqda ramazan ayının hilalı barəsində İmam Sadiqdən soruşdum. İmam belə cavab verdi: “Ayı görməmiş oruc tutma! Lakin digər şəhərin əhalisi ona şahidlik etsələr, o günün orucunu qəza et!” (“İstlbsar”, c. 2, s. 64, h. 206)
- Bu qrup digər bir rəvayətə də əsaslanmışdır. “Təhzib” kitabında İmam Baqirdən nəql olunan rəvayət buna misal ola bilər. İmam buyurur: “Fitr bayramı camaatın iftar etdiyi bir gündür. Qurban bayramı da camaatın qurban kəsdiyi gündür. Oruc da camaat oruc tutduqda tutulmalıdır” (“Təhzibul-əhkam”, c. 4, s. 317, h. 966).
Əbülcarud yolu ilə nəql olunan rəvayətdə də deyilir: “İmam Baqirin belə dediyini eşitdim: “Camaat oruc tutduqda oruc tut, camaat orucunu yedikdə orucunu ye, çünki Allah hilalları camaat üçün vaxtların tə’yin olunması zamanı qərarlaşdırmışdır” (“Təhzibul-əhkam”, c. 4, s. 164, h. 462).
- Bayram namazının qılınma qaydası haqqında nəql olunan rəvayətlərin çoxunda qunutda oxunması lazım olan duada bu hissə gözə çarpır. “… Müsəlmanlar üçün bayram olaraq qərarlaşdırdığın bu gündə səndən istəyirəm…” Duadakı “Bu gün” (ərəbcədə “Hazəlyaum”) kəlməsi üfüqlər arasında ixtilaf olmasına baxmayaraq, bütün Yer əhli üçün müəyyən bir günə işarə edir (“Minhacus-salehin”, c. 1, s. 283).
Bu qrup mə’sum İmamdan rəvayət olunmuş duaya da əsaslanmışdır. Duada deyilir: “Və onun görünməsini bütün camaat üçün bərabər görünmə qərar vermisən”.
Bütün bunlara əlavə olaraq deyilməlidir ki, hətta bir zəif rəvayətdə belə işarə olunmamışdır ki, əgər şəhərlər bir-birinə yaxın olsalar, bir üfüq hesab olunurlar. Buna əsasən bir-birinə yaxın olan bir çox şəhərləri bir üfüqdə qərarlaşdırmaq və o qədər də uzaq görünməyən uzaq şəhərləri digər üfüqdə göstərmək əsassızdır.
Əvvəldə də bildirdiyimiz kimi, digər bir rə’y isə bir şəhərdə hilalın görünməsinin digər şəhərlər üçün kifayət etməməsi rə’yidir. Bu fikrin də tərəfdarları vardır. İmam Xomeyni bu fikri izah etmişdir. Belə deyir: “Əgər bir şəhərdə hilal sübuta yetərsə, lakin başqa bir şəhərdə sübuta yetməzsə, əgər hər iki şəhər də üfüq baxımından bir-birinə yaxın olsa, yaxud həmüfüq şəhərlər olsalar, kifayət edir, əks halda kifayət etmir” (“Təhrirul-vəsilə”, c. 1, s. 297).
İndi isə rə’yə tərəfdar olanların dəlillərilə tanış olaq:
Bu müxaliflərin sözlərindən görünür ki, başlanğıcdan qətiyyətlə “ürfi insiraf” (“insirafi-ürfi”) məsələsi üzərində dayanırlar. “Digər şəhərdə görünmə” ifadəsindən istifadə etmiş və bildirmişlər ki, “digər şəhər” ifadəsi doğru və mütləqdir və bütün digər şəhərlərə şamil edilir. Lakin bu ifadədə Ayın göründüyü şəhərlə uzunluq və en baxımından yaxın üfüqlü hesab olunan şəhərə insiraf və təmayül vardır. Bu vəziyyətdə qayda yalnız bir-birinə yaxın şəhərlər barəsində eyni rə’y hökmünü verir. Diqqət etdikdə görürük ki, bu ürfi insiraf aşağıdakı məsələlərə diqqət etməklə təsdiq olunur:
a) “Digər şəhər” ifadəsinin işləndiyi rəvayətdə Yerin ən uzaq nöqtəsində yerləşən şəhərlərin də nəzərdə tutulması məsələsinin uzaq görüş təsəvvür edilməsi.
b) Ürfün Ayın doğuş vaxtlarının fərqlənməsinin Günəşin müxtəlif vaxtlarda çıxması ilə müqayisə və təşbih edilməsinə israr və tə’kid etməsi; baxmayaraq ki, bu müqayisə batildir. Lakin hər halda bu ürfi inam kəlamın zahirinin bütün şəhərləri əhatə etməsi anlayışından insiraf etməsinə səbəb olur. Və bu məsələ səbəb olur ki, əgər həqiqətdə “digər şəhər” deyildikdə istər yaxın, istərsə də uzaq şəhər nəzərdə tutulsaydı, o halda rəvayətlərdə yaxın, yaxud uzaq şəhər arasında heç bir fərqin olmadığının aydınlaşdırılması lazım gələrdi. Rəvayətlərdə belə bir izah və aydınlaşdırma olmadığı üçün “digər şəhər” ifadəsindən yalnız yaxın şəhərin başa düşülməsindən ibarət olan ürfi inam və anlayış qəbul edilmişdir.
Görünmənin kifayət etməsinə tərəfdar olanların “Qədr” surəsindən dəlil gətirmələrinə cavab olaraq deyilmişdir ki, ola bilsin ki, o gecə Allahın elmində yalnız bir gecədən ibarətdir və bu məsələ hökmi-zahiri ilə bu şəhərlə digəri arasında fərqlənir. Onların Peyğəmbərin sözünə əsaslanmalarına ola bilsin belə cavab verilə bilər ki, hökm külli və ümumi olmasına baxmayaraq, çoxlu fərdlərin və şəhərlərin ölçüsü ilə bu hökm də ləğv olunur və çoxalır, ələlxüsus qeyd olunan “insiraf qaydası”nı nəzərə almağımız lazımdır.
Bu yolla da zikr etdikləri digər dəlillərdən cavab verilmiş olur. Bunlardan əlavə rəvayətlərin sənədində də zəiflik vardır. Həmçinin deyirlər ki, rəvayətlər üfüq birliyi haqqında danışmamış və sükut etmişdir. Bu sükut görünmənin kifayət etməsinə tərəfdar olanların əleyhinə bir dəlil ola bilər, çünki bu rəvayətlər uzaq və yaxın şəhərlər arasında fərqin olmadığını bəyan etməmişdir, halbuki camaat arasında bu fərqin varlığı ən’ənəvidir (adidir). Deməli, rəvayətlər yaxın şəhəri uzaq şəhərdən fərqləndirməmək istəsəydi, bu fərqin olmadığını bəyan etməsi lazım gələrdi.
[3] On iki imamçı şiə məzhəbinin böyük fəqihi Ayətullah Xoyiyə görə zəvaldan əvvəl hilalın görünməsilə onun təsbit edilməsi uzaq görüş deyildir. Beləcə, hilalın göründüyü gün sonrakı aydan hesab olunur (“Minhacus-salehin”, c. 1, s. 278).
Seyid Fəzlullaha görə zöhrdən əvvəl hilalın görünməsilə hilal təsbit edilir və hilalın göründüyü gün ayın ilk günü hesab olunur (“Kitabus-soum”, s. 12, 2-ci məsələ).
[4] Seyid Fəzlullaha görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mö’təbərdir.
[5] Ağızdan-ağıza keçərək yayılmaqla, çoxlu sayda və müxtəlif insanların şahidliyi ilə; belə ki, bu, insanı hilalın varlığı haqqında bilgiyə və arxayınçılığa çatdırmalıdır. Buna şiya’ da deyilir. Əgər bilgi, yaxud arxayınçılıq hasil olmasa, say olduqda buna e’timad etmək icazəli deyildir (“Əhkamuş-şəriə”, s. 189, 581-ci məsələ, S. M. Fəzlullah).
[6] Lakin qadınların sözlərindən arxayınçılığın əldə olunması istisnadır, çünki arxayınçılıq ağıllı insanların əsaslandığı mö’təbər dəlildir (“Kitabus-soum”, s. 11, S. M. Fəzlullah).
[7] 1939-cu ildə Qurban bayramı Misirdə bazar ertəsi günündə, Səudiyyə Ərəbistanında çərşənbə axşamı günündə, Mumbayda (Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir) çərşənbə günündə oldu.
[8] On iki imamçı şiə məzhəbinin böyük islahatçı fəqihi S. M. Fəzlullah bu barədə deyir: “… Artıq biz dəqiq astronomik hesablamaların aparıldığı və mütəxəssislərin gözlə görməkdən daha aydın və daha dəqiq mə’lumatlar verdiyi bir zamanda yaşayırıq. Artıq atmosfer çirklənmişdir. İnsanın fəzada 20 hilal görməsi mümkündür, çünki insan fəzadakı bu ünsürlər vasitəsilə yaranan parıltını hilal zənn edə bilər. Lakin gördüyü hilal olmaya bilər. …”
O bu məsələdə böyük fəqih Seyid Xoyi ilə həmfikir olduğunu qeyd edərək deyir: “… Ustadımız Seyid Əbülqasım Xoyi ilə – Allah ona rəhmət eləsin! – eyni fikirdə olduğumuz yeganə həll odur ki, hilal məsələsinin gözlə heç bir əlaqəsi yoxdur, əksinə zamanla bağlı olaraq kosmik nizamla əlaqədar bir məsələdir, çünki Allah-Taala ayları yaratdıqda nə göz vardı, nə də insan. Quranda bu barədə buyurulur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. …” (“Tövbə”, 36) Allah insanı yaratmamışdan əvvəl aylar var idi. … Elə isə bu və ya digər ay arasında hansı fərq ola bilər? Aylar arasında hədd və maneə var? Zaman uzanıb gedir. Ayları bir-birindən fərqləndirən amil Ayın muhaqa daxil olmasıdır. Bu o deməkdir ki, ay sona çatmışdır. Ayın muhaq çərçivəsindən xaric olması ilə – bunu viladət (Ayın doğuşu) adlandırırlar – yeni ay başlamış hesab olunur.
Buna görə də biz deyirik ki, ayın əvvəli və sonu məsələsinin alimlərlə (yə’ni din alimləri ilə) heç bir əlaqəsi yoxdur, çünki onlar bu işin mütəxəssisi deyillər. Əksinə, bu məsələ astronomların işidir, çünki hilalın nə vaxt doğduğunu bizim üçün onlar müəyyənləşdirirlər, onu görmək mümkün olub-olmadığını bildirirlər. Dediyimiz kimi, Seyid Xoyinin elmi görüşü də məhz bu nöqtədə mərkəzləşir. Buna görə də biz hər il, istər ayın əvvəlində olsun, istərsə də axırında bütün dünya mütəxəssislərinə müraciət etdikdən sonra hilalı e’lan edirik. Lakin bir çox sünni və şiə alimləri hələ də gözlə görmə məsələsinə e’timad edirlər, çünki Peyğəmbər (ə) buyurmuşdur: “Ayı gördükdə oruc tutun, ayı gördükdə iftar edin!” Seyid Xoyi dediyi kimi biz də bildiririk ki, görmək mə’rifət (bilgi) və yəqinlik əldə etmək üçün bir vasitədir. … ”
O, bu barədə belə fitva verir: “Müsəlman olmasalar da, mütəxəssis astronomların ayın doğmasına və onun muhaqdan fe’lən gözlə görünməsə də, gözlə görünməsinin mümkün olacağı miqdarda (ölçüdə) xaric olduğuna şəhadət vermələrinə e’timad etmək mümkündür. Bu (yə’ni e’timad), onların sözündən qətilik və arxayınlıq hasil olduqda olur” (“Kitabus-soum”, s. 11).