2. Hənəfi məzhəbi
Bu məzhəbin imamı İmami-Ə’zəm Əbuhənifə Nu’man ibn Sabit (h. q. 80-150 – m. 699-768) Kufədə doğulmuş iranlı bir şəxsdir. Sonra Abbasi xəlifəsi Mənsurun özü üçün paytaxt seçdiyi Bağdad şəhərinə köçmüşdür.
O, on iki il ustadı Həmmad ibn Əbisüleymanla birlikdə olmuş, hökumətin Bəni-Üməyyədən Bəni-Abbasa keçməsi mərhələsini görmüşdür. Onun əsrində Kufənin böyük fəqihlərindən olan üç şəxsin adını çəkmək lazımdır:
- Hədis əhlindən Süfyan ibn Səid Souri (v. h. q. 161 – v. m. 779)
- Qəzavət (qazılıq) məqamında olan və bir müddətdən sonra o vəzifədən kənarlaşan Şüreyk ibn Abdullah Nəxəi (v. h. q. 177 – v. m. 794)
- Rəy əhlindən olan Mühəmməd ibn Əbdirrəhman ibn Əbileyla (v. h. q. 148 – v. m. 766)
Bu üç şəxs İmam Əbuhənifə ilə elmi rəqabət və toqquşmada olmuşdur.
Hökmlərin istinbat olunmasında İmam Əbuhənifənin yolu bu idi ki, öz əshabəsilə məşvərət edir və məsələnin müxtəlif tərəflərini araşdırırdı. Müəyyən bir rəyə gəldikdə onun yazılmasına göstəriş verirdi. İctihadda ehtimal edilən məsələlərlə (məsaili-fərzi) də məşğul olurdu. Ona etiraz edildikdə deyirdi: “Həqiqətən, alimlər bəlaya daxil olmaq və ondan çıxmağın yollarını bilmək üçün bəlaya hazır olar və özlərini ondan qoruyarlar”. Onun bu metodu fiqhin genişlənməsinə və təkamülünə səbəb olmuşdur.
Mənbələrdə əvvəl Qurana, sonra səhih Sünnəyə, daha sonra isə əshabənin sözlərinə müraciət edirdi. İbrahim, Şə’bi, İbn Sirin və Səid ibn Müsəyyəb kimi böyük şəxsiyyətlərin sözlərinə çatdıqda deyirdi: “Onlar insandırlar, biz də insanıq!” Daha sonra isə qiyasa, istihsana, icmaya və ürfə müraciət edirdi.
Onun müasiri olan Süfyan Souri və İbn Mübarək onun haqqında demişlər: “İnsanlar arasında ən çox dərin düşüncəli insan Əbuhənifədir!” İmam Malik demişdir: “Həqiqətən, o fəqihdir!” Mühəmməd ibn İdris Şafii demişdir: “Fiqh elmində insanlar Əbuhənifənin uşaqlarıdır!” Bir dəfə Əməvilərin əsrində onu qəzavət işinə dəvət etdilər və o, boyun qaçırtdı. Bir dəfə də Abbasi xəlifəsi Mənsurun əsrində qazılıq məqamına çağırıldı və yenə də imtina etdi. Ondan sonra onu həbs etdilər.
İmami-Ə’zəm Əbuhənifə digər məzhəblərin imamlarının əksinə olaraq fiqh elmində özü bir kitab sistemləşdirmədi. Lakin onun tələbələri onun rəvayət etdiyi hədisləri və onun qəbul etdiyi fikirləri bir yerə toplayıb sistemləşdirdilər. O fikirlərə əsaslanaraq yeni əsərlər yazdılar. Sonralar bu əsərlərə şərhlər yazıldı. İmamlarının fikirlərinə uyğun olaraq yeni hökmlər ortaya çıxardılar. Bunlar da müxtəlif bölgələrə paylandı. Beləcə, İmami-Ə’zəm Əbuhənifənin fikirləri bir məzhəb halını aldı.
İmami-Ə’zəm Əbuhənifə Quran və Sünnənin başa düşülməsində əqli və əqlə dayanan metodlardan istifadə etməklə fitvalarında insan haqq və hürriyyətini izləməklə ön plana çıxmışdır. Əbuhənifə Hz. Ömər və Hz. Abdullah ibn Məs’udla başlayan, İbrahim ən-Nəxəi və Həmmadla inkişaf edən və özü vasitəsilə zirvəyə çatan rəy məktəbini (ekolunu) təmsil edirdi. Hicrətin 150-ci ilində (m. 768) vəfat etmişdir. Türbəsi İrakın Bağdad şəhərindədir. Allah ondan razı olsun!
Hənəfi məzhəbi şəhərli bir xarakter meydana gətirir. Belə olduğuna görə də köklü mədəniyyətlərin yarandığı mədəniyyət çevrələrində yayılmışdır.
Tələbələrilə mübahisə edərək nəticəyə vardığı üçün ortaya qoyduğu yol (ekol) fərdin qurduğu bir məzhəb deyil, camaat tərəfindən meydana çıxarılmış bir məktəbdir.
Əbuhənifənin ortaya qoyduğu yol (metod), İmam Şafii və Əhməd ibn Hənbəl kimi hədis əhlinin formalaşdırdığı metodla müqayisə edilsə, görünər ki, sərt prinsipial deyil, daha elastik və həyatın içində yaranmış bir yoldur.
Əbuyusif (h. q. 113-182 – m. 731-798), Mühəmməd ibn Həsən Şeybani (h. q. 132-189 – m. 749-804), Züfər ibn Hüzeyl (v. h. q. 158 – v. m. 776) və Həsən ibn Ziyad Lu’lui (v. h. q. 204 – v. m. 820) İmam Əbuhənifənin ən məşhur tələbələridir ki, hənəfi məzhəbində dörd imam hesab olunurlar. İndi isə onlar haqqında qısa məlumat verək:
- Əbuyusif Yə’qub ibn İbrahim Ənsari; mühəddislərdən olmuşdur. Doqquz il İbn Əbileylanın yanında şagirdlik etmiş və sonra Əbuhənifəyə qoşulmuşdur. İmamı və müqtədası Əbuhənifənin əksinə olaraq Abbasi xəlifələri Mehdi, Hadi və Harunur-Rəşidin xilafəti zamanında qəzavət məqamını qəbul etmişdir. Şayəd ehtiyac onu bu işə məcbur etmişdi, şayəd Abbasi xəlifələrinin siyasi yolunu qəbul edirdi, şayəd də bu yolla ədaləti tətbiq və bərqərar etmək və vacibi əda etmək istəyirdi.
O, öz imamının yoluna uyğun olaraq kitab tərtibatı işilə məşğul olmuş ilk şəxsdir. O, Harun ər-Rəşidin istəyinə əsasən dövlət maliyyəsinin əsaslarını, dövlətin mədaxil və xərclərini açıqlayan “Kitabul-xərac” adlı məşhur əsərini yazmışdır. İmam Əbuyusifin bundan başqa yazdığı əsərlərdən bəziləri bunlardır:
- “İxtilafu Əbihənifə və İbn Əbileyla”;
- “Kitabul-asar”;
- “əl-Əmali”;
- “ər-Rədd əla siyəril-Əvzai”.
Əbuyusif Mədinəyə də səfər etmiş, bir müddət İmam Malikin hüzurunda əyləşmiş və onunla elmi mübahisələr etmişdir. İraka qayıtdıqda Hicaz və İrak əhlinin məzhəbləri arasında yaxınlaşdırma yolunda mühüm addımlar atmışdır. O, elm əhli üçün camaatın paltarından fərqlənən xüsusi paltar düzəltmiş ilk şəxs olmuşdur. Miladi təqvimilə 798-ci ildə Bağdadda vəfat etmişdir. Allah ondan razı olsun!
- Mühəmməd ibn Həsən Şeybani; cavanlığında bir müddət İmam Əbuhənifənin yanında şagirdlik etmiş, onun vəfatından sonra Əbuyusifin şagirdlərinin dərs məclisinə qoşulmuş və zirvəyə çatmışdır. Bir müddətdən sonra Mədinəyə köçmüş və üç il İmam Malikin hüzurunda elm öyrənmişdir. O, “Müvəttə’” kitabını Malikdən rəvayət etmiş və Şafii də ondan götürmüşdür. Bə’ziləri onun minə qədər əsəri olduğunu demişdir.
Ən mühüm əsərləri aşağıdakılardır:
- “əl-Məbsut”;
- “əl-Camius-səğir”;
- “əl-Camiul-kəbir”;
- “əz-Ziyadat”; “əl-Camiul-kəbir”in istidrakatıdır (əlavələridir).
- “əs-Siyərus-səğir”;
- “əs-Siyərul-kəbir”.
Bu altı kitabı Hakim Şəhid Mühəmməd ibn Mühəmməd (v. h. q. 334 – v. m. 946) “əl-Kafi” kitabında toplamış və sonra Əbusəhl Sərəxsi (v. h. q. 490 – v. m. 1098) onun şərhi olaraq təxminən 30 cildlik “əl-Məbsut” kitabını yazmışdır.
- Züfər ibn Hüzeyl; qiyasa əsaslanmaqda Əbuhənifənin ən məharətli şagirdlərindən olmuşdur. Buna baxmayaraq demişdir: “Nə qədər hədis var rəy əxz etmirik”. O, mübahisə əhli idi və Əbuyusifə qələbə çalırdı. Hökumət tərəfindən iki dəfə qəzavət məqamını qəbul etməyə məcbur edilmiş və o da imtina etmişdir. Hər iki dəfə onun evini viran etmişlər. “əl-Mücərrəd fil-füru’” onun əsərlərindəndir.
İmam Əbuhənifənin bu görkəmli üç şagirdinin müqayisəsində deyirlər: “Əbuyusif onların hədisə ən çox tabe olanıdır. Mühəmməd onlar arasında təməl prinsiplərə ən çox söykənərək fər’i (ikinci dərəcəli) məsələləri açıqlayan şəxsdir. Züfər isə onlar arasında qiyasa ən çox əsaslanan şəxsdir”.
- Həsən ibn Ziyad. Əbuyusif və Züfərlə elmi əlaqələri var idi. Lakin onun məşhur bir əsəri yoxdur.
İmam Əbuhənifənin dörd şagirdindən sonra hənəfi məzhəbinin digər alimləri aşağıdakılardır:
- Əbucəfər Əhməd ibn Mühəmməd Təhavi (v. h. q. 321 – v. m. 934); əvvəl şafii olmuş və sonra hənəfi məzhəbini qəbul etmişdir. “İxtilaful-üləma”, “əş-Şürut”, “Məanil-asar” və “Şərhu məanil-asar” adlı əsərləri vardır.
- Əhməd ibn Xəssaf; “əl-Hiyəl” və “əl-Ouqaf” əsərlərinin müəllifidir.
- Əbumənsur Mühəmməd ibn Mühəmməd Maturidi. Məşhur mütəkəllim olmuşdur. Fiqhdə “Məaxizuş-şərayi’” adlı kitabın müəllifidir.
Dövrümüzdə müsəlmanların təxminən üçdə ikisi hənəfi məzhəbinə mənsubdur. Qaraxanilər, Səlcuqilər və Osmanlı kimi türk dövlətləri hənəfi məzhəbini rəsmi məzhəb olaraq qəbul etmişdir.
Samani xanədanlığı hənəfiliyə sahib çıxaraq bu məzhəbin Mavəraənnəhrdə yayılmasında böyük təsirə malik olmuşdur. Bu xanədanlığın dövlət adamları hənəfi alimlərini dəstəkləmiş və rəsmi vəzifələrə onları təyin etmişlər.
Səlcuqlu sultanlarının hamısı hənəfi məzhəbinə mənsub olmuş və bu məzhəbin yayılması üçün cəhd göstərmişlər. Məsələn, qazılar əksəriyyət etibarilə hənəfi məzhəbinə mənsub olan alimlərdən tə’yin olunmuş, böyük camelərdə pişnamazlıq vəzifəsi hənəfilərə verilmişdir. Həm bu vəziyyət, həm də Səlcuqlu sultanlarının hənəfilərin əqəliyyətdə olduğu İsfahan və Həmədan kimi şəhərləri məskunlaşma mərkəzi olaraq seçmələri nəticəsində hənəfi məzhəbi daha geniş bir miqyasda yayılma imkanı əldə etmişdir. Səlcuqlu sultanı Alparslan Bağdada heç getmədiyi halda orada Əbuhənifənin qəbri üstündə bir türbə tikdirmişdir.
Hənəfi məzhəbi 14-cü yüzillikdən sonra Anadoluda, 16-cı yüzillikdən sonra isə bütün mərkəzi İslam torpaqlarında və Hindistanda böyük bir inkişaf göstərmişdir.
Hənəfi məzhəbinə görə əməl edən ölkələrdən bəziləri bunlardır: Türkiyə, Balkan yarımadası, Polşa, Əfqanıstan, Xorasan, Pakistan, Kazan, Sibir, Çin, Mancuriya, Türküstan[1], Bosniya və Herseqovina, Ukrayna, Krım, Azərbaycan sünniləri, Ufa, Ural, Yaponiya müsəlmanları, Bəlucistan, Tailand (Siyam), Kəşmir, Qafqaz, Dağıstan, Albaniya, Yunanıstan, Bolqarıstan və Rumıniya müsəlmanları əksəriyyət etibarilə hənəfidirlər. Yəmən, Hicaz, Misir, Fələstin, Əlcəzair və Tunisdə hənəfilərin sayı olduqca az, Efiopiya, Suriya və İrakda isə nisbətən çoxdur.
(ardı var)
Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə
Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
[1] Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sinteyan-Uyğur milli regionu, Sibirin cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aid edilir.