3. Maliki məzhəbi
Maliki məzhəbinin imamı Malik ibn Ənəs (h. q. 93-179 – m. 712-795) Bəqi qəbiristanlığında dəfn olunmuşdur və İslam Peyğəmbərinin əshabəsi Əbuamirin nəslindəndir. Mədinə şəhəri onun elmi baxımdan inkişaf etməsinin mühiti və sonra isə onun tədris məkanı olmuşdur. Həcc ziyarətini yerinə yetirməkdən başqa heç bir iş üçün oradan çıxmamışdır. İmam Malikin fiqhdə ən mühüm ustadı Rəbiətür-rəy idi. İmam Malik elmini və fəzilətini öyməklə bitirə bilmədiyi Əhli-Beytdən Cəfər Sadiq həzrətlərindən də dərs almışdır. Malik deyirdi: “Yetmiş nəfər elm əhli mənim fitva verməyə əhliyyətim (ləyaqətim) olduğuna şahidlik etməmiş fitva vermədim”.
İmam Malik barəsində demişlər: “Malik Mədinədə olduğu bir halda fitva verilməz”. Harun ər-Rəşid ondan istədi ki, Darulxilafətə (xilafət mərkəzinə, paytaxta) gəlsin və Əmin və Məmuna hədis öyrətsin. Lakin o: “Elm heç kimin ayağına getməz, hamı elmə doğru qaçıb gələr”, – deyə cavab vermiş və getməkdən imtina etmişdir. Harun ər-Rəşid də oğulları Əminlə Məmunu hədis dinləmək üçün İmam Malikin məclisinə göndərəcəyini söyləmiş, İmam da bunu bu şərt ilə qəbul etmişdir: “Bəli, göndər gəlsinlər, lakin harada boş yer görsələr, orada otursunlar. Yoxsa, biz xəlifəzadəyik deyə xalqın boyunlarına basaraq məclisin başına keçməyə çalışmasınlar”. Əmin ilə Məmun bu şərt dairəsində hədisi-şərif məclisində iştirak etməyə başlamışlar.
İmam Şafii demişdir: “Alimlər yad edilincə İmam Malik bir ulduzdur. Əgər İmam Malik ilə İbn Üyeynə olmasaydı, Hicazın elmi sönüb gedərdi”. Yəhya ibn Səid Qəttan demişdir: “Malik hədisdə əmirülmöminindir”. Buxari demişdir: “Malikin Nafidən[1] və onun da Abdullah ibn Ömərdən nəql etməsi sənədlərin ən səhihidir”. Əhməd ibn Hənbəl demişdir: “Bir şəxsin Malikə nifrət etdiyini görsən, bil ki, o bid’ətkardır”.
Bir dəfə Mədinə valisi Cəfər ibn Süleyman İmam Malikin əllərinə və ya paltarını soyunduraraq bədəninə yetmiş şallaq vurdurmuş və sonra onu bir heyvana mindirərək təşhir etdirmişdi (xalq arasında biabır etmişdi).
Həzrət İmam şallaq vurulduqca “Allahım, onları bağışla, çünki onlar bilmirlər”, – deyirdi. Nəhayət, özündən gedib yıxılmış, ayıldıqda isə “Şahid olun, mən haqqımı məni döyən şəxsə halal etdim”, – demişdir.
Xəlifə Əbucəfər Mənsur hadisədən xəbərdar olduqda Əmir Cəfəri vəzifədən azad etmiş, palanlı bir dəvəyə minmiş halda Bağdada çağırmış və haqqında cəza verilməsi üçün İmam Malikdən icazə istəmişdi. Həzrət İmam isə belə cavab vermişdi: “Xeyr, mən onu əfv etdim. Mən Rəsulullaha yaxınlığı olan bir şəxsin qiyamət günündə düşməni olmaqdan həya edirəm”. Bu hadisədən sonra xalqın İmam Malikə hörmət və məhəbbəti daha da artmış və bütün İslam aləmi ona diqqət etmişdir. 85 yaşında Mədinədə vəfat etmişdir. Allah ondan razı olsun!
Onun ictihadi üsulu və metodu belə idi ki, Kitab və Sünnədən sonra icma və qiyasa müraciət edirdi. O, digər fəqihlərin əksinə olaraq Mədinə əhlinin əməlinə çox dəyər verir və onu şəriətdən əldə edilmiş bir şey hesab edib deyirdi: “Mədinə əhlinin əməli onlardan rəvayət edilmiş şeylər kimidir”.
Məsalihi-mürsələyə də əməl edirdi və bu baxımdan məşhurlaşmışdır. Sonra istihsana və əshabə sözlərinə müraciət edirdi. Onun məktəbi rəy əhli ilə hədis əhli arasında mötədil bir məktəb hesab olunurdu.
Maliki məzhəbi bir neçə cəhətdən hənəfi məzhəbindən fərqlənir:
- Əbuhənifə xəbərin əxz olunmasında rəvayət məşhurluğunu (şöhrəti-rivai) şərt bilirdi, lakin Malik şöhrəti (məşhurluğu) şərt hesab etmirdi; yalnız Mədinə əhlinin əməli ilə müxalifət etməməyi xəbərin qəbul edilməsinin şərti qərar verirdi.
- Əbuhənifənin əksinə olaraq Malik rəyin işlədilməsində müvazinətli bir vəziyyətə sahib idi;
- Maliki məzhəbi məsalihi-mürsələni müstəqil bir əsas hesab edir; lakin hənəfi məzhəbində məsalihi-mürsələyə istihsan başlığı altına daxil olan yerə qədər müraciət olunur.
- Maliki məzhəbi bir şəxsin ictihadi fəaliyyətinin nəticəsidir; çünki Malikin şagirdlərinin o qədər də parlaqlığı yox idi və İbn Qasımdan başqa heç biri mütləq ictihada çatmamışdı. Lakin hənəfi məzhəbi Əbuhənifə və şagirdlərinin kollektiv fəaliyyətinin nəticəsi idi. Bəlkə, Əbuhənifənin Əbuyusif və Mühəmməd ibn Həsən kimi şagirdləri o qədər məşhur idilər və Əbuhənifə ilə elə ixtilafları var idi ki, bəzilərinin sözü ilə desək, hənəfi məzhəbi bir imama mənsub olmuş bir neçə məzhəbin cəmindən ibarətdir.
- Hənəfi məzhəbi yalnız bir yolla – şagirdlər yolu ilə sistemləşdirildi və ötürüldü. Lakin maliki məzhəbi bir dəfə İmam yolu və “Müvəttə’” əsərinin yazılması ilə, bir dəfə də şagirdlər yolu ilə sistemləşdirildi və nəql olundu.
İmam Malikin ortaya qoyduğu yolun başqa bir xüsusiyyəti də ürfə çox əhəmiyyət vermiş olmasıdır.
İmam Malikin məzhəbini vasitəsiz və dolayı yolla yayan ən əhəmiyyətli şagirdləri aşağıdakılardır:
- Əbuəbdirrəhman ibn Qasım (v. h. q. 191 – v. m. 808); Misirdən Mədinəyə və Malikin hüzuruna gəlmiş, iyirmi il onunla həmsöhbət olmuş və mütləq ictihad dərəcəsinə nail olmuşdur. Buna baxmayaraq, özü üçün ustadının rəyindən müstəqil bir rəy əxz etməmişdir. Məzhəbin əsası olan “əl-Müdəvvənə” kitabını Malikdən nəql etmiş və Səhnun ondan əxz etmişdir.
- Abdullah ibn Vəhb (v. h. q. 197 – v. m. 814); İmam Malik bir məktubda onu rəsmən fəqih və müfti adlandırmışdır. İbn Vəhb abid və zahid bir şəxs idi. Otuz altı dəfə həcc ziyarətində olmuşdur. “Təfsirul-Müvəttə’”, “əl-Mənasik” və “əl-Məğazi” adlı əsərləri vardır.
- Əşhəb ibn Əbdiləziz Qeysi (v. h. q. 204 – v. m. 820); Misirdə İbn Qasımdan sonra maliki məzhəbinin rəhbərliyi onun ixtiyarına keçmişdir. İmam Şafii onu öz dövrünün ən fəqih insanı hesab edirdi.
- Abdullah ibn Əbdilhəkəm Misri (v. h. q. 214 – v. m. 830); Əşhəbdən sonra məzhəbin rəhbərliyinə keçmişdir. Malik olduğu məqam və sərvətə görə Şafii Misirə gəldikdə onun qonağı olmuşdur.
- Əsbəğ ibn Fərəc Əməvi (v. h. q 225 – v. m. 841); Mədinəyə çatdıqda artıq İmam Malik vəfat etmişdi. Sonra bir müddət İbn Qasım və Əşhəbin yanında şagirdlik etmişdir. Buna baxmayaraq, İmam Malikin rəy və sözlərinə ondan birbaşa dərs alan şagirdlərdən daha çox yiyələnmişdir. On hissəli “əl-Üsul” və “Təfsiru ğəribil-Müvəttə’” adlı əsərlərin müəllifidir.
- Mühəmməd ibn İbrahim İskəndəri (v. h. q. 269 – v. m. 883). İbn Məvvaz adı ilə tanınır. “əl-Məvvaziyyə” kitabının müəllifidir. Maliki məzhəbində sistemləşdirilmiş ən böyük, dolğun və etimadlı əsərdir.
Bu misirli şagirdlərdən başqa digər üç şəxsin adını da çəkmək lazımdır:
- Əsəd ibn Furat Tunisi (v. h. q. 213 – v. m. 829); bir müddət İmam Malikin şagirdi olmuş, sonra İraka köçüb Əbuhənifənin şagirdlərini görmüşdür. Sonra Misirə getmiş və hənəfi məzhəbində öyrəndiklərini İbn Qasıma ötürmüşdür. Həmin məsələlərdə maliki məzhəbinə uyğun fitva vermişdir ki, “əl-Əsədiyyə” məcmuəsi ortaya çıxmışdır.
- Əbdüssəlam ibn Səid Tənuxi Şami (v. h. q. 240 – v. m. 855); Səhnun adı ilə məşhurdur. Bir müddət Tunisin Qəyrəvan şəhərində oxumuş və sonra Misirə köçmüşdür. Maliki fiqhini İbn Qasım, Əşhəb və İbn Vəhbdən öyrənmiş və sonra Qəyrəvana qayıtmışdır. “əl-Müdəvvənə” kitabını İbn Qasımdan nəql edərək yaymışdır.
- İsa ibn Dinar Əndəlisi (v. h. q. 212 – v. m. 828); İbn Qasımın şagirdi olmuş, sonra Kordovaya gedib oranın müftisi olmuşdur.
- Mühəmməd ibn Səhnun (v. h. q. 256 – v. m. 871); o, bir əsrdə Afrikada maliki məzhəbinin yayılmasında əsas rol ifa etmiş dörd Mühəmməddən biridir. İki afrikalı Mühəmməd, iki misirli Mühəmməd. Afrikadan o və Mühəmməd ibn Əbdus, Misirdən isə Mühəmməd ibn Həkəm və Mühəmməd ibn Məvvaz.
- Mühəmməd ibn Əhməd ibn Əbdiləziz Ütbə (v. h. q. 254 – v. m. 869); Səhnunun şagirdlərindəndir və əhəmiyyətli “əl-Müstəxricə” kitabının müəllifidir.
- Mühəmməd ibn İbrahim ibn Əbdus (v. h. q. 260 – v. m. 875). “əl-Məcmuə” kitabının müəllifidir.
Maliki məzhəbi İmam Malikin doğulduğu yer olan Hicaz bölgəsində çox təsirli ola bilmədi. Miladi təqvimi ilə 9-cu yüzilliyin ortalarından etibarən Mədinədə əhəmiyyətini itirməyə başladı. Fatimilərin Hicaz bölgəsini ələ keçirdiyi 10-cu yüzilliyin ortalarından sonra isə bu bölgədə varlığı tamamilə aradan getdi. Əsrlər sonra Bürhanəddin, İbrahim ibn Əli ibn Fərxunun (v. h. q. 799 – v. m. 1397) yeddi illik Mədinə qazılığı və dini fəaliyyətləri sayəsində bu məzhəb Hicaz bölgəsində yenidən canlandı.
Misirdə də yox olmaqda ikən Qazı Əbdülvəhhabın (v. h. q. 422 – v. m. 1032) Misirdə məskunlaşması ilə burada da yenidən canlanmışdır.
Bəzi yerlərdə şafii, bəzi yerlərdə də hənəfi məzhəbi maliki məzhəbinin yerini tutdu.
Dövrümüzdə Tripoli, Liviya, Tunis, Fas Krallığı, Əlcəzair, Sudan və Afrika sahilləri əksəriyyət etibarilə malikidir. İrakda, Suriyada, Hicazda, Yuxarı Misirdə, Bəhreyndə və Küveytdə maliki məzhəbinə mənsub müsəlmanlar mövcuddur. Tunis və Fas Krallığının rəsmi məzhəbi maliki məzhəbidir. Azərbaycanda maliki məzhəbinə mənsub sünnilər yoxdur.
(ardı var)
Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə
Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
[1] Həzrət Abdullah ibn Ömərin xidmətçisi olmuşdur.