4. Şafii məzhəbi

Bu məzhəbin imamı Mühəmməd ibn İdris Şafii (h. q. 150-204 – m. 768-820) Əbdümənaf nəslindəndir. O, uşaqlıqda Məkkəyə gəlmiş və bir az sonra Məkkənin müftisi Müslim ibn Xalidin yanında dərs oxumuşdur. On beş yaşına çatdıqda ustadı tərəfindən fitva vermə icazəsi almışdır. Təxminən həmin illərdə İmam Malikə doğru hərəkət etmiş və onun yanında “Müvəttə’” kitabını doqquz gecə ərzində oxumuş və əzbərləmişdir. Bu, İmam Malikin ona heyrətlənməsinə səbəb olmuşdur. Şafii hədis elmini İmam Malik və Süfyan ibn Üyəynədən öyrənmişdir.

Cavanlığın son illərində Yəmənə səfər etmiş və orada şiəlikdə (rafizilikdə) ittiham olunmuşdur. İmam Şafii bu hadisəni bir şeirində belə ifadə edir:

Əgər Peyğəmbər ailəsini sevmək rafizilikdirsə,

Bütün insanlar və cinlər şahid olsun ki, mən rafiziyəm[1].

Ondan sonra İrak və Məkkəyə çoxlu səfərlər etmişdir.

Şagirdləri və ardıcılları arasında onun barəsində üç şey zərbül-məsəl olmuşdur. Biri hafizəsi, ikincisi əqli və dirayəti, üçüncüsü isə Sünnəyə bağlılığı. Əgər onun müxtəlif səfərlərini, müxtəlif şəxsiyyətlər və mədəniyyətlərlə tanışlığını da mülahizə etsək, Məmuni-Abbasinin nə üçün “Onu hər bir mövzuda imtahan etdim və kamil bir şəxs olduğunu gördüm”, – dediyini başa düşərik.

İmam Əhməd onun haqqında demişdir: “Şafii dünya əhli üçün günəş kimidir, xalq üçün afiyət (salamatlıq) kimidir. Bu ikisinin əvəzi yoxdur”. Onun barəsində həmçinin demişdir: “Əgər Şafii olmasaydı, fiqhul-hədisin (hədisin dərindən düşünülməsinin) nə olduğunu bilməzdim”.

Şafii Quran hafizi idi. Deyirlər ki, bəzən onun Quran qiraəti xalqı heyrətləndirirdi. Rəbi’ Muradi demişdir: “Şafii bir ramazanda Quranı altmış dəfə xətm edirdi”.

Şafii İraka gedib Şeybani ilə tanış olduqda yeni bir fiqhlə qarşılaşdı və bu, hədis əhlinin və rəy əhlinin fiqhini birləşdirməklə onun mötədil bir fiqh yaratmasına səbəb oldu. Ömrünün son illərində Misirə getdi və oranın alimləri və böyük şəxsiyyətləri, o cümlədən, Leys ibn Sə’d ilə tanış oldu. Hicaz və İrak xalqının adət və ənənələrindən fərqli adət və ənənələr gördü. Buna görə də öz fiqhinə yenidən baxış keçirdi və bəzi hökmlərdən üdul etdi (vaz keçdi). Buna əsasən, Şafii iki fiqhi məzhəbə sahib olan şəxs hesab olunur; qədim məzhəb. Bu məzhəb onun Əhməd ibn Hənbəl, Əbusour İbrahim ibn Xalid, Həsən ibn Mühəmməd Zə’fərani Bağdadi və Hüseyn ibn Əli Kərabisi kimi iraklı şagirdlərindən nəql olunmuşdur. Digəri isə yeni məzhəbdir. Yeni məzhəb Misirdə ömrünün son beş ilində Büveyti, Müzəni və Rəbi’ kimi tələbələri tərəfindən nəql olunmuşdur.

Onun ictihadi metodu aydındır, İmam Malik və İmam Əbuhənifənin metodunun əksinə olaraq fitvaların dərinliyindən istixrac və istinbata ehtiyac yoxdur.

Onun məzhəbi ilə iki əvvəlki məzhəbi müqayisə etdikdə demək lazımdır ki, İmam Şafii Kitabın və Sünnənin zahirlərini höccət (dəlil) hesab edirdi. Lakin istihsanı, məsalihi-mürsələni və Mədinə əhlinin əməlini qəbul etmirdi. Əlbəttə, onun inkar etdiyi istihsan həvavü-həvəsə uyğun olaraq hökm etmək mənasında idi və məsalihi-mürsələnin yerinə də münasibət adlı bir şey qoymuşdu. Lakin Mədinə əhlinin əməlini heç bir vəchlə qəbul etmirdi. Sünnəyə əməl etməkdə şöhrəti (məşhurluğu) və Mədinə əhlinin əməli ilə müxalifət etməməyi şərt hesab etmirdi. Buna görə də siqənin (etimadlı şəxsin) xəbəri-vahidinə əməl edirdi.

İcmada da Əbuhənifə kimi ümumi icmanı höccət bilirdi və buna görə də onun istədiyi icma yalnız dinin zərurətlərində formalaşırdı. Lakin xüsusi bir qrupun, yaxud xüsusi bir məntəqənin icmasını mötəbər hesab etmirdi. Onun əksinə olaraq Malik Mədinə əhlinin icmasını da dəlil bilirdi və İmam Şafii ona görə İmam Maliki qınayırdı. İmam Şafii öz yolunun üsul və fürusunu öz əlilə sistemləşdirmişdi. Qədim məzhəbdə “əl-Höccə” kitabını yazmışdır. Kitab bizə gəlib-çatmamışdır. Yeni məzhəbdəki kitabı isə “əl-Umm”dur. “Əl-Umm” İmam Şafiinin qələmindən çıxmamışdır. Kitabda İmam Şafiinin fikirləri və ictihadları toplanmışdır. Yeddi cild olaraq nəşr edilmişdir. Bunu şafiilərin böyüklərindən Əbuyə’qub Büveyti toplamış və tərtib etmiş, lakin öz adını qeyd etməmişdir. Üsuli-fiqhdə isə “ər-Risalə” əsərini yazmışdır. Şafii məzhəbi iki yolla bizə gəlib-çatmışdır. Bir dəfə məzhəbin imamının sistemləşdirməsi və onun imlası (diktə edib yazdırması) yolu ilə, bir dəfə də onun şagirdləri və onlar tərəfindən sistemləşdirilmiş kitablar yolu ilə. İmam Şafii həzrətləri miladi təqvimilə 820-ci ildə Misirdə vəfat etmişdir. Qəbri bu gün də ziyarətgahdır. Allah ondan razı olsun!

İmam Şafiinin ən məşhur tələbələri misirli tələbələri olmuşdur və onlar aşağıdakılardır:

  1. İsmail ibn Yəhya Müzəni (v. h. q. 264 – v. m. 878); Misirdə İmam Şafiinin ömrünün axırına qədər onunla olmuşdur. Şafii məzhəbində mütləq müctəhid hesab olunurdu. Şafii məzhəbinin yayılmasında ən əhəmiyyətli kitabı “əl-Müxtəsərus-səğir”dir. “Əl-Camius-səğir” və “əl-Camiul-kəbir” kitabları da onun əsərlərindəndir.
  2. Rəbi’ ibn Süleyman Muradi (v. h. q. 270 – v. m. 884); həm İmam Şafiidən elmi baxımdan bəhrələnir, həm də ona xidmət edirdi. İmam Şafiinin kitablarının ən sağlam ravisi sayılmışdır. “əl-Umm” kitabının ravisidir və ona əlavələr yazmışdır. Hər üçü “Sünən” kitablarının müəllifləri olan Əbudavud Sicistani, Əhməd ibn Şüeyb Nəsai və Mühəmməd ibn Macə Qəzvini Rəbi’nin şagirdləri olmuşlar.
  3. Əbuyə’qub Yusif ibn Yəhya Büveyti (v. h. q. 231 – v. m. 846). İmam Şafiidən sonra onun dərs kürsüsünə oturmuşdur. İmam Şafii ölüm vaxtında deyirdi: “Mənim oturduğum yerə oturmağa Əbuyə’qubdan daha layiqli bir şəxs yoxdur. Mənim əshabəm arasında ondan elmli bir şəxs yoxdur”. Büveyti Quranın məxluq olması (xəlqi-Quran) fitnəsində həbs olunmuş və həbsdə vəfat etmişdir. Onunla Müzəni arasında bir küdurət var idi və ondan nəql olunmuşdur ki, Müzənini öz qanında şərik bilirdi. Bunlardan sonra bu mərhələnin (əhli-sünnə fiqhinin dördüncü mərhələsinin – fiqhin kamilləşməsi əsrinin) bir neçə şafii fəqihinin də adını çəkmək lazımdır:
  4. Əbusəbah Zə’fərani (v. h. q. 260 – v. m. 875); İmam Şafiinin qədim məzhəbinin şagirdləri arasında hamıdan çox etimadlı idi və Buxari öz “Səhih”ində və “Sünən” kitablarının müəllifləri ondan rəvayətlər nəql etmişlər.
  5. Əhməd ibn Ömər ibn Süreyc (v. h. q. 306 – v. m. 919); Zə’fəraninin şagirdi olmuşdur. Kitablarının sayının 400-ə çatdığı deyilmişdir.
  6. Əbusəid İstəxri (v. h. q. 328 – v. m. 941); İbn Süreyclə eyni səfdə yer tutur. Fiqhdə bir neçə kitabın, o cümlədən “əl-Uqdiyyə” kitabının müəllifidir.

Hənəfiliyin əksinə daha çox kənd əhalisi arasında tərəfdar tapan şafii məzhəbi əvvəl İrak, İran, Xorasan, Sicistan və Mavəraənnəhrdə yayıldı. Sonralar isə Misirdə özünə yer tapdı. IX-X əsrlərdə Məkkə və Mədinədə şafiilik mərkəzləri yarandı. Şafii məzhəbi tədricən Suriyada, Yəməndə, Kirmanda, Xorasanın əksər hissəsində, Orta Asiyada (Buxara və Səmərqənd şəhərlərində), Şimali Mesopotamiyada və Deyləmdə yayılmışdı. Bu yerlərdə qazı vəzifəsini ancaq şafiilər tuturdular. Abbasilərin hənəfi məzhəbinə bağlı olması digər məzhəblərin yayılmasına mane olurdu. Nizamülmülkün (v. h. q. 485 – v. m. 1093) əş’əri və şafii məzhəbinə mənsub olan alimləri dəstəkləməsi, ayrıca Nizamiyyə mədrəsələrinin bütün məzhəblərə açıq olması şafii məzhəbinin yayılmasına zəmin hazırladı. XI-XII əsrlərdə şafiilər Bağdadda hənbəlilərə və İsfahanda hənəfilərə qarşı şiddətlə mübarizə aparmışlar. Eyni zamanda şafiilər Reydə hakimiyyəti ələ keçirmiş və Misirdə hökmran məzhəb olmuşdular. Şafii məzhəbinin yayılmasında Nizamülmülklə yanaşı Mahmud ibn Səbuk Təkin Qəznəvi (m. 971-1030) və Səlahəddin Əyyubi (h. q. 532-589 – m. 1138-1194) kimi dövlət adamlarının böyük rolu olmuşdur. Osmanlı hökmranlığının yaranması ərəfəsində şafiilər müsəlman dünyasında hakim mövqe tuturdular. Məkkədə namaza şafii imamı rəhbərlik edirdi. Osmanlıların Misiri ələ keçirməsi ilə burada dövlətin rəsmi məzhəbi olan hənəfilik ön plana keçməyə başlamışdır. Lakin buna baxmayaraq, yenə də Misirin, Suriyanın və Hicazın əhalisi şafii məzhəbinə riayət edirdi. Əl-Əzhər Universitetinin rəhbərləri 1724-cü ildən 1870-ci ilədək şafiilər olmuşlar. Orada şafii fiqhi indi də səylə öyrənilir.

Şafii məzhəbi dövrümüzdə bu ölkələrdə yayılmışdır: Misir, Suriya, Fələstin və Hicazda şafiilər çoxdur. İndoneziya (Yava, Sumatra və Kalimantan adaları), Siyam (Tailand) və Filippin müsəlmanlarının əksəriyyəti şafiidir. Yəmən (əsasən Ədən şəhəri), Hindistan, Şərqi Anadolu başda olmaqla Türkiyənin müxtəlif şəhərlərində şafiilər vardır. Şafiilik İrakda, Pakistanda və Səudiyyədə o qədər də yayılmamışdır. Kürdlər arasında da şafiilər vardır. İran Kürdüstanında da əhli-sünnə camaatının çoxu şafii məzhəbinə mənsubdur. Azərbaycan sünnilərinin də böyük bir hissəsi şafii məzhəbinə mənsubdur.

(ardı var)

Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə
Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə 

 

[1] “Mənaqibuş-Şafii”, 2:71, Beyhəqi