5. Hənbəli məzhəbi

Bu məzhəbin imamı Əhməd ibn Hənbəl (h. q. 164-241 – m. 782-856) İmam Şafiinin ən əhəmiyyətli Bağdad şagirdlərindəndir. İmam Əhməd Bağdad mərhələsindən əvvəl hədis öyrənmək üçün Kufəyə, Bəsrəyə, Məkkəyə, Mədinəyə, Şama, Yəmənə getmiş, Həşim ibn Bişr, İbrahim ibn Sə’d və Süfyan ibn Üyəynə kimi şəxslərdən hədis əxz etmişdir. Onun ən mühüm kitabı “əl-Müsnəd”dir ki, o kitabda təxminən 27.000 rəvayət vardır. İstər Peyğəmbərin sözləri olsun, istərsə də Peyğəmbərin həyat tərzinin və Sünnəsinin nəql olunmasında ravilərin və əshabənin sözləri olsun. İmam Şafii onun haqqında demişdir: “Bağdaddan çıxdıqda orada özümdən sonra Əhməd ibn Hənbəldən daha fəzilətli, daha elmli və daha fəqih bir şəxs qoymadım”.

İbn Qüteybə “əl-Məarif” kitabında, Məqdisi “Əhsənut-təqasim”də və İbn Cərir Təbəri onu fəqih yox, mühəddis hesab etmişlər. Şayəd buna görədir ki, o, özündən sonra yalnız hədis kitabı qoymuş və bir fiqh sistemləşdirməmişdir. Lakin “İ’lamul-müvəqqiin” kitabında İbn Qəyyimin qeyd etdiyinə görə onun səbəbi bu olmuşdur ki, İmam Əhməd xalqın fiqhə müraciət etməsindən və hədisdən üz çevirməsindən qorxurdu. Ələlxüsus, onun zamanında fiqh sistemləşdirilmişdi və İmam Əhməd fiqhin əsas mənbəsi olaraq hədisə olan ehtiyacı daha əhəmiyyətli hesab edirdi.

Hicri-qəməri tarixilə 212-ci ildə (m. 828) Məmun Quranın məxluq olması barəsində mötəzilənin rəyini bəyəndi və xalqı bu əqidəni qəbul etməyə məcbur etdi. Lakin İmam Əhməd belə bir əqidəni izhar etməkdən çəkindi. Buna görə də h. q. tarixilə 218-ci ildə (m. 834) Abbasi xəlifəsi Mötəsimin əli ilə həbs olundu və ona dəfələrlə şallaq vuruldu. İyirmi səkkiz aydan sonra azad oldu. Lakin Abbasi xəlifəsi Mütəvəkkilin Quranın məxluq olması barəsindəki əqidənin azad olmasını elan etdiyi h. q. 233-cü ilə (m. 848) qədər xalqın gözündən gizləndi. Bişr Hafidən nəql olunmuşdur ki, Əhmədin bu müsibəti və onun Quranın məxluq olması əqidəsi qarşısındakı müqaviməti barəsində deyirdi: “Həqiqətən, Əhməd peyğəmbərlərin məqamında dayandı”.

Onun ictihadi metodu belə idi ki, Kitabdan sonra Sünnəyə müraciət edirdi və heç bir şeyi nəssdən önə atmırdı, hətta icma da olsa belə. Əgər nəss tapmasaydı, əshabənin fitvalarına müraciət edirdi. Əgər onlar arasında ixtilaf olduğunu görsəydi, Quran və Sünnəyə ən yaxın olan fikri götürürdü. Əgər heç biri olmasaydı, ravisi yalançı və fasiq olaraq tanınmayan mürsəl, yaxud zəif hədisi əxz edirdi. Son mərhələdə zərurət məqamında qiyasa müraciət edir və deyirdi: “Zəif hədis mənim üçün şəxslərin rəyindən daha sevimlidir!”

Baxmayaraq, icmanın höcciyyətini qəbul edirdi, lakin həmişə icmanın hasil olmasına tərəddüdlə yanaşır və deyirdi: “Kim icma iddiası edərsə, o yalançıdır!” Sonralar hənbəli məzhəbində hökm verərkən istihsan, qiyas mümkün olmadığı məqamlarda məsalihi-mürsələ, səddi-zərayi, yəni “halala aparan yol halal, harama aparan yol haramdır” – prinsipi, istishab, yəni “bir şeyin dəyişdiyini göstərən bir dəlil olmadığı müddətcə onun olduğu hal üzərində qalması” – prinsipi də istifadə olunmuşdur.

Əhməd ibn Hənbəl hənəfilərin əksinə ehtimali məsələlərlə əlaqədar fitva verməkdən çəkinmişdir.

İmam Əhməd ibn Hənbəl m. 856-cı ildə Bağdadda vəfat etmişdir. Əhməd ibn Hənbəl Abbasi xəlifələrinin zülmünə boyun əymədiyi üçün xalqın gözündə qəhrəman idi. Buna görədir ki, dəfnində on minlərlə şəxs iştirak etmişdi. Hökumət bir qarışıqlıq olmaması üçün tədbir almaq məcburiyyətində qalmışdı. Bağdadın Hərbiyyə məhəlləsinin “Şəhidlik” qəbiristanlığında olan qəbri hicrətin 7-ci yüzilliyində Dəclə çayı daşdığına görə sular altında qalıb itmişdir. Allah ondan razı olsun!

İmam Əhməd ibn Hənbəlin fiqhi daha çox “əl-Cəvami’” kitabının müəllifi Əbubəkr Əhməd ibn Xəllal (v. h. q. 311 – v. m. 924) və ondan sonra isə Əbülqasım ibn Əbiəli Xirəqi Bağdadi (v. h. q. 334 – v. m. 946) tərəfindən sistemləşdirilmişdir. Hər ikisi İmam Əhmədin şagirdlərinin ikinci təbəqəsində yer tuturlar.

Bir neçə əsrdən sonra İbn Teymiyyə (v. h. q. 728 – v. m. 1328) və onun tələbəsi İbn Qəyyim əl-Cövzi (v. h. q. 751 – v. m. 1351) ortaya çıxıb hənbəli məzhəbinə yeni bir ruh üfürdülər və başqalarının diqqətini bu məzhəbə doğru çəkdilər. Sonra hicrətin XII əsrinin sonlarında Şeyx Mühəmməd ibn Əbdilvəhhab hənbəli fiqhi əsasında və İbn Teymiyyənin baxış tərzinə istinad etməklə yeni bir hərəkat başladı. Bu hərəkat Səudiyyə Ərəbistanında hənbəli məzhəbinin hakim mövqeyə gəlməsilə nəticələndi.

İmam Əhmədin birinci təbəqəyə daxil olan şagirdləri aşağıdakılardır:

1. 2. Saleh (v. h. q. 266 – v. m. 880) və Abdullah (v. h. q. 290 – v. m. 904) adlı iki oğlu;

3. Əbubəkr Əhməd ibn Mühəmməd ibn Hani Bağdadi (v. h. q. 273 – v. m. 887); Əsrəm adı ilə mərufdur.

4. Əhməd ibn Mühəmməd ibn Həccac Mərvəzi (v. h. q. 275 – v. m. 889);

5. İshaq ibn İbrahim Mərvəzi (v. h. q. 237 – v. m. 852); Pahvəyh adı ilə mərufdur.

Son üç alimin hər biri “Sünən” kitabına sahibdir.

6. Əbdülməlik ibn Əbdülhəmid Məymuni (v. h. q. 274 – v. m. 888).

Lakin bu adı çəkilən tələbələrdən heç biri hənbəli fiqhinin sistemləşdirilməsi yolunda əsas bir addım atmamışdır.

Hənbəli məzhəbi əvvəl Bağdada, hicrətin V əsrində Suriya və Fələstinə daxil olmuşdur. Hicrətin VI əsrinə doğru Misirdə yayılmağa başlamışdır. İmam Əhməd ibn Hənbəlin çox güclü tələbələri olduğu halda hənbəli məzhəbinin çox mənsubu olmamışdır. İstər tarix boyunca, istərsə dövrümüzdə əhli-sünnənin digər üç fiqhi məzhəbinə nisbətdə ən az üzvü olan bir məzhəbdir. Dövrümüzdə yalnız Səudiyyə Ərəbistanında güclü bir vəziyyətdədir. Azərbaycandakı sələfilər hənbəli fiqhinə əsasən əməl edirlər. Bu məzhəbin çox yayılmamasının səbəblərindən biri formalaşdığı vaxtda hənəfi, şafii və maliki məzhəblərinin İslam ölkələrində möhkəmlənmiş olmasıdır.

(ardı var)

Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə
Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə