1. ORUC

Ramazan ayında oruc tutmaq dinin rüknlərindən bir rükndür. Onu inkar edənin dindən xaric olmasından sonra onun vacib olmasının bir dəlilə ehtiyacı yoxdur. Çünki oruc namaz kimi zərurətlə sübuta yetmişdir. Zərurətlə sübuta yetmiş bir şeyin tanınmasında cahil və alim, böyük və kiçik bərabərdir[1].

Oruc hicrətin ikinci ili şəban ayında[2] vacib olmuşdur. O hər bir mükəlləfə vacibi-eynidir. Aşağıdakı səbəblərdən biri həqiqət tapmadıqca orucu yemək caiz deyildir:

  1. Heyz və nifas; əgər qadın aybaşı, yaxud nifas olarsa, bütün məzhəblərin ittifaqı ilə onun tutduğu oruc səhih deyildir[3].
  2. Xəstəlik; onun barəsində məzhəblər arasında təfsilatlı şərh vardır:

On iki imamçı şiə deyir: oruc xəstəlik yaratdıqda, yaxud onun şiddətlənməsinə, yaxud onun ağrısının artmasına, yaxud onun sağalmasının gecikməsinə səbəb olduğu vaxt tutulması caiz deyildir. Çünki xəstəlik zərərdir və zərər də haramdır. İbadətin nəhy edilməsi[4] fəsada[5] səbəbdir. Deməli, bu halda oruc tutsa, onun orucu səhih deyildir[6]. Xəstəliyin yaranması, yaxud onun ağrısının artması barəsində zənnin (qüvvətli gümanın) olması kifayət edir. Həddən artıq zəifliyə gəlincə adətən ona dözmək mümkündürsə, bu, orucun yeyilməsinə səbəb ola bilməz. Deməli, orucun yeyilməsinin səbəbi zəiflik, arıqlıq və çətinlik (məşəqqət) yox, xəstəlikdir. Bu necə ola bilər axı?! Hər bir şər’i vəzifənin yerinə yetirilməsində çətinlik və zəhmət vardır.

Dörd məzhəb isə demişdir: əgər oruclu şəxs xəstələnsə və oruc tutmaqla xəstəliyinin artacağından, yaxud gec sağalacağından qorxarsa, istəsə, oruc tutar, istəsə də, orucunu yeyər. Orucunu yeməsi vacib deyildir. Belə bir vəziyyətdə orucu yemək rüxsətdir, əzimət deyildir[7]. Lakin həlak olacağını, yaxud hisslərindən bir hissin[8] qüvvədən düşəcəyini zənn etsə, orucunu yeməsi vacibdir və tutduğu oruc səhih deyildir.

  1. Doğması yaxın olan hamilə qadın və uşaq əmizdirən qadın; dörd məzhəb demişdir: əgər süd əmizdirən, yaxud hamilə qadın özünə, yaxud övladına görə qorxsa, onun tutduğu oruc səhihdir. Orucunu yeməsi də icazəlidir. Əgər orucunu yeyərsə, ittifaq ilə o orucun qəzasını tutması vacibdir. Lakin fidyə, yə’ni kəffarə barəsində ixtilaf etmişlər. Hənəfilər demişdir: “Mütləq şəkildə vacib deyildir”. Malikilər demişdir: “Hamilə qadına yox, uşaq əmizdirən qadına vacibdir”. Hənbəlilər və şafiilər demişlər: “Əgər yalnız övladına görə qorxarsa, hamilə və uşaq əmizdirən qadının hər birinin fidyə verməsi vacibdir. Lakin həm özünə görə, həm də uşağına görə qorxarsa, orucun qəzasını tutar və fidyə verməz. Hər gün üçün veriləcək fidyənin miqdarı bir müddür[9] və müdd miskin[10] bir şəxsi yedirməkdir[11].

On iki imamçı şiə demişdir: doğması yaxın olan hamilə qadın oruc tutmaqla zərər görərsə, yaxud döş əmən uşaq qadının oruc tutması ilə zərər görərsə, belə bir qadının orucunu yeməsi vacibdir və oruc tutması caiz deyildir. Çünki zərər haramdır. Əgər oruc tutmaq uşağı üçün zərərli olarsa, qadının orucun qəzasını tutması və bir müdd fidyə verməsi barəsində ittifaq etmişlər. Əgər oruc tutmaq onun özü üçün zərərli olarsa, bə’ziləri: “Orucun qəzasını tutmalı və fidyə verməməlidir”, – demişdir. Digərləri isə: “Orucun qəzasını tutmalı, fidyə də verməlidir”, – demişlər.

  1. Hər bir məzhəbə görə dediklərimizə uyğun olaraq qəsr namazında mö’təbər olan şərtlərlə həqiqət tapan səfər; dörd məzhəb buna başqa bir şərt də əlavə etmişdir. O da səfərə fəcr tülu’ etməmişdən əvvəl (yə’ni sübh namazından əvvəl) başlamaqdır. Yə’ni mükəlləfin namazın qəsr qılındığı tərəxxüs həddinə fəcr tülu’ etməmişdən əvvəl çatmasıdır.

Əgər səfərə fəcr tülu’ etdikdən (sübh azanından) sonra başlayarsa, orucunu yeməsi haramdır. Əgər orucunu yeyərsə, kəffarə vermədən qəza etməsi vacibdir[12]. Şafiilər başqa bir şərt də əlavə etmişlər: müsafir yük daşıyan şəxs kimi daimus-səfər[13] olmamalıdır. Əgər səfərə çıxmaq onun adəti olarsa, orucunu yeməyə haqqı yoxdur. Onlara görə səfərdə orucu yemək rüxsətdir, əzimət deyildir. Müsafir şəxs istəsə, oruc tutar, istəsə də orucunu yeyər. Bunu da bilirik ki, ələlxüsus hənəfilər demişdir: “Səfərdə namazı qəsr qılmaq rüxsət yox, əzimətdir!”

On iki imamçı şiə məzhəbi demişdir: “Əgər müsafir üçün qəsr namazının şərtləri tamam olarsa, oruc ondan qəbul olunmaz. Əgər oruc tutarsa, kəffarə vermədən onun qəzasını tutmalıdır. Bu, səfərə zöhr azanından (zəvaldan) əvvəl başladığı vəziyyətə aid bir hökmdür. Əgər zəval vaxtı (yə’ni zöhr azanı vaxtı), yaxud ondan sonra səfərə çıxarsa, öz orucunu davam etdirməlidir. Əgər orucunu yeyərsə, qəsdən orucunu yeyən şəxs kimi kəffarə verməlidir. Əgər müsafir zəvaldan (zöhr azanından) əvvəl vətəninə, yaxud on gün qalmaq istədiyi yerə çatsa, orucu batil edən işlərdən birini yerinə yetirməmişdirsə, həmin günü oruc tutması vacibdir. Əgər orucunu yeyərsə, qəsdən orucunu yeyən şəxs kimi olar[14].

  1. Hamısı bu fikir üzərində ittifaq etmişdir ki, əgər şiddətli susuzluq xəstəliyi vardırsa, mükəlləfin orucunu yeməsi icazəlidir; dörd məzhəbə görə sonra qəza edə bilərsə, kəffarə (fidyə) vermədən qəza tutması vacibdir. On iki imamçı şiə məzhəbinə görə bir müdd fidyə verməsi vacibdir. “Susuzluq kimi şiddətli aclıq da orucun yeyilməsinə icazə verən işlərdəndir?” – deyə onun barəsində ixtilaf etmişlər. Dörd məzhəb demişdir ki, aclıq da susuzluq kimidir. Onların (yə’ni şiddətli susuzluq və şiddətli aclığın) hər biri orucun yeyilməsini mübah edir. On iki imamçı şiə məzhəbi deyir ki, bu halda orucun yeyilməsi mübah deyildir. Lakin orucun xəstəliyə səbəb olması halı istisnadır.
  2. Xeyli qocaldıqları və çox yaşlı olduqlarına görə çətinlik və məşəqqət yarandığı üçün oruc tuta bilməyən kişi və qadın; onların oruclarını yeməsi icazəlidir. Hər bir gün üçün miskin (biçarə yoxsul) bir şəxsi yedirməklə fidyə verilməlidir. Bütün il boyu sağalması ümid edilməyən xəstənin də hökmü belədir. Bu hökmdə məzhəblər arasında ittifaq edilmişdir. Bircə hənbəlilər istisnadır. Onlar demişlər ki, fidyə müstəhəbdir, vacib deyildir.
  3. On iki imamçı şiə məzhəbi demişdir: günün bir hissəsində hasil olsa da, huşsuzluqla oruc vacib olmur. Lakin huşsuzluq yaranmamışdan əvvəl orucu niyyət etməsi istisnadır. Sonra ayılsa, orucunu davam etdirməlidir.

(ardı var)

Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə
Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə 

[1] Ramazan orucu Kitab, Sünnə və İcma ilə vacib edilmişdir. Kitabdan dəlili bu kəramətli ayədir: “Ey iman gətirənlər! Təqva sahibi olasınız (yasaq olunmuş işlərdən qorunasınız) deyə oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edildi!” (“Bəqərə”, 183) Başqa bir ayədə buyurulur: “(O sayı müəyyən olan günlər) ramazan ayıdır. Ramazan ayı elə bir aydır ki, insanları hidayət edən və hidayətin və haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olan Quran o ayda nazil olmuşdur. Elə isə sizdən kim ramazan ayında vətənində olarsa (yə’ni müsafirətdə olmazsa), o ayı oruc tutsun. …” (“Bəqərə”, 185)

Orucun Sünnədən olan dəlilinə gəlincə bu barədə Rəsulullah belə buyurmuşdur: “İslam beş əsas üzərində qurulmuşdur: Allahın birliyini qəbul etmək, namaz qılmaq, zəkat vermək, ramazan ayında oruc tutmaq, həcc ziyarətinə getmək!” (Buxari, “Kitabul-iman”, 34, 40, “Kitabul-elm”, 25, Müslim, “Kitabul-iman”, 19-22, Tirmizi, “İman”, 3)

Təlhə ibn Übeydullahın (r.ə.) rəvayət etdiyi hədisə görə bir şəxs Rəsulullahdan İslam haqqında soruşdu. Allah Rəsulu (s) buyurdu: “… Ramazan ayında oruc tutmaq”. Soruşdu: “Mənim üzərimdə bundan başqa bir borc varmı?” Rəsulullah (s) belə cavab verdi: “Xeyr, ancaq öz istəyinlə nafilə oruc tutarsansa, bu istisnadır. …” (Buxari, “Kitabul-iman”, 34)

İcmaya gəlincə imamlardan (əhli-sünnə imamları nəzərdə tutulur) heç birinin ramazan orucunun vacib olmadığını dediyi nəql olunmamışdır. Ümməti-Mühəmməd ramazan orucunun fərz (vacib) olması üzərində icma etmişdir. (“Fiqhus-Sünnə”, c. 1, s. 441, Türkcə tərcüməsindən, müəllif: Seyid Sabiq, “Bidayətul-müctəhid və nəhayətul-müqtəsid”, “Oruc kitabı”, “Ramazan orucunun vacib olmasının dəlilləri” bölməsi, müəllif: İbn Rüşd). Ramazan ayının orucu İslamın rüknlərindən və dinin zəruri fərzlərindən biri olduğu üçün onun vacibliyini inkar edən kafir olar. Mürtəd bir şəxs olaraq tövbəyə də’vət edilər. Əgər tövbə edərsə, tövbəsi qəbul edilər. Tövbə etməzsə, öldürülər. Əgər şəxs İslama yeni daxil olmuşdursa və ya alimlərdən uzaq bir məmləkətdə doğulub böyümüşdürsə, öldürülməz. Lakin orucu üzrsüz olaraq tərk edən şəxs, orucun vacibliyini inkar etmirsə və “Mən orucun fərz/vacib olduğuna inanıram, lakin oruc tutmuram”, – deyərsə, o şəxs fasiqdir, kafir deyildir. Belə bir şəxsin həbs edilib yeməkdən və içməkdən məhrum edilməsi vacibdir. Beləcə, zahirən də olsa, oruc tutmuş sayılar (“Böyük şafii fiqhi”, c. 1, s. 330).

[2] Şəban ayının qalan son ikinci gecəsi olan bazar ertəsi gecəsində

[3] Müazə demişdir: “Mən Aişədən: “Nə üçün heyzli qadın orucun qəzasını tutur, lakin namazın qəzasını qılmır?” – deyə soruşdum. Aişə soruşdu: “Sən Hərurəlisən?” (Hərurə Kufə şəhərinin yaxınlığında yerləşən bir kənddir. Əli ibn Əbitalibdən üz döndərib camaatdan ayrılmış on iki min xəvaric də məhz bu kənddə toplaşmış və camaata qarşı çıxmışlar. Onlar belə hesab edirdilər ki, heyzdən təmizlənmiş qadın heyz əsnasında qılmadığı namazlarını yenidən qılmalıdır). Mən: “Hərurəli deyiləm, lakin soruşuram”, – deyə cavab verdim. Aişə dedi: “Başımıza bu iş gəldikdə bizə orucun qəzasını tutmaq əmr olunar, namazın qəzasını qılmaq isə əmr olunmazdı”. (“Müslim”, “Heyz kitabı”, 15-ci fəsil, 69-cu hədis)

Bu hədisin dəlaləti budur ki, heyz və nifas halında olan qadın qan kəsilənədək namazlarını və oruclarını buraxmalı, qan kəsildikdən və qüsl etdikdən sonra isə yalnız oruclarının qəzasını tutmalıdır.

Adətli qadının orucun qəzasını tutması, lakin namazın qəzasını qılmaması barəsində müsəlmanlar icma etmiş (yə’ni yekdil fikrə gəlmiş) və bu icmada Müazə hədisinə istinad edilmişdir. Nəvəvi deyir ki, Aişənin “Bizə orucun qəzasını tutmaq əmr olunar, namazın qəzasını qılmaq isə əmr olunmazdı” – sözü üzərində ittifaq edilmiş bir hökmdür. Adətli və ya zahı olan qadının namazın qəzasını qılmasının fərz (vacib) olmadığı, lakin orucu qəza etməsinin vacib olması barəsində icma vardır”. (“Nəvəvi”, “Səhihu Müslim bişərhin-Nəvəvi”, c. 4, s. 26) Şövkaniyə görə İbn Münzir və digərləri də bu fikirdədir.

Hidayət imamlarından nəql olunan hədisi-şəriflərdə də bildirilir ki, tutulan orucun düz (səhih) olmasının şərtlərindən biri qadının heyz və nifasdan pak olmasıdır. Yə’ni qadının heyz və nifas halında (heyz və nifas qanı gəldikdə) tutduğu oruc səhih deyildir və belə bir qadının orucu yeməsi caizdir. Səhih bir rəvayətdə ramazan ayında Günəş batmamışdan əvvəl aybaşı görməyə başlayan qadın haqqında soruşulduqda İmam Cəfər əs-Sadiq belə cavab verdi: “Aybaşı görməyə başladıqda orucunu yeyər!” (“Vəsailuş-şiə”, “Kitabus-soum”, “Orucu səhih olan şəxslər” babı, 25-ci fəsil, 2-ci hədis). Əbdürrəhman ibn Həccac deyir: “Əbülhəsəndən (İmam Musa əl-Kazimdən) “O bu günü sona çatdırmalıdır, yoxsa orucunu yeməlidir?” – deyə əsrdən sonra doğan qadın haqqında soruşdum”. Belə cavab verdi: “Orucunu yeyər və bu günün qəzasını tutar!” (“Vəsailuş-şiə”, “Kitabus-soum”, “Orucu səhih olan şəxslər” babı, 26-cı fəsil, 1-ci hədis)

[4] Yə’ni bu halda oruc ibadətinin yasaq edilməsi – X.Q.

[5] Yə’ni ibadətin batil olmasına – X.Q.

[6] Orucun zərərin dərhal üzə çıxmasına səbəb olması ilə gələcəkdə mə’də və bağırsaq yarası, böyrək ağrısı və qan azlığı kimi xəstəliklər yaratması arasında heç bir fərq yoxdur. (“Fiqhuş-şəriə”, c.1, s. 468, S. M. Fəzlullah)

[7] Lüğətdə əzimət “bir şeyə qəti olaraq yönəlmək, niyyətlənmək” mə’nasını verir. Fiqh elmində isə “məşəqqət, zərurət və ehtiyac kimi sonradan əmələ gəlmiş bir səbəbə bağlı olmadan əvvəldən qoyulmuş olan və normal vəziyyətlərdə hər bir mükəlləfə ayrı-ayrı xitab edən əsli (əsas) hökm” deməkdir. Əzimət fərz, vacib, sünnə, müstəhəb olan bir davranışın yerinə yetirilməsini, haram və məkruh davranışların da tərk edilməsini ifadə edən təklifi hökmləri (mükəlləfiyyətlə əlaqədar hökmləri) əhatə edir. Məsələn, namaz, oruc, həcc başda olmaqla Allahın Öz qullarını vəzifələndirdiyi bütün dini vacibatlar ümumi şəkildə hər mükəlləf üçün qoyulmuş bir əzimət hökmüdür. Eyni şəkildə şərab içmək, donuz əti yemək və zina etmək kimi haram olan işlər də hər bir mükəlləf üçün məcburi olan ümumi hökmlərdir.

Əzimətin ziddi rüxsətdir. Lüğətdə “asanlıq, davamlı olan” mə’nasını verən rüxsət sözü fiqh elmində “məşəqqət, zərurət, ehtiyac kimi sonradan əmələ gəlmiş bir səbəbə bağlı olaraq əzimət hökmünü tərk etmə imkanı verən və yalnız həmin ariz olan halla məhdud olan yüngülləşdirilmiş və müvəqqəti hökm”ü ifadə edən termindir. Məsələn, mükəlləflərin oruc tutması bir əzimət hökmüdür. Lakin xəstə və müsafirə qarşılaşdıqları çətinliyə görə orucu yemə asanlığı tanınmış və normal hala qayıtdıqda tutmadıqları oruclarını qəza etmələri istənilmişdir. Donuz ətinin yeyilməsi, şərabın içilməsi haram olduğu halda susuzluqdan və ya aclıqdan ölmə təhlükəsi ilə qarşılaşan şəxsə bu əzimət hökmünü tərk edib donuz ətindən, yaxud şərabdan həyati təhlükəni aradan qaldıracaq miqdarda yeməsi və içməsi mübah edilmişdir. (Elmihal, c. 1, “İman və İbadətlər”, s. 178, 179, Türkiyə Din Vəqfi nəşriyyatı)

[8] Görmə, eşitmə, iybilmə, dadbilmə və hiss etmə kimi hisslərdən birinin – X. Q.

[9] Bir müdd 800 qram buğda, yaxud onun kimi bir şeyə bərabərdir.

[10] Biçarə yoxsul

[11] Yedirmək, yə’ni bir öynə adi yemək vermək

[12] Çünki orucu səfərə görə pozmuşdur.

[13] Daimus-səfər deyildikdə çox səfər edən şəxs nəzərdə tutulur. Belə ki, səfərə çıxmaq onun adəti və həmişəlik işidir.

[14] Yə’ni qəza tutub kəffarə verməlidir.