1. Üzrün aradan qalxması

Əgər orucun yeyilməsinin mübah olmasına səbəb olan üzr aradan qalxarsa, belə ki, xəstə yaxşılaşarsa, yaxud uşaq həddi-büluğa çatarsa, yaxud müsafir öz vətəninə çatarsa, yaxud heyz görən qadın heyz qanından təmizlənərsə, on iki imamçı şiə və şafii məzhəbi demişdir ki, ədəbli olmaq xatirinə (təəddübən) orucu batil edən işlərdən çəkinmək müstəhəbdir. Hənəfilərə və hənbəlilərə görə isə vacibdir. Malikilərə görə isə nə vacib, nə də müstəhəbdir.

2. Orucun şərtləri

Qeyd etdik ki, ramazan orucu hər bir mükəlləfə vacibi-eynidir. Mükəlləf də o şəxsdir ki, həddi-büluğa çatmış[1] və ağıllı olmuş olsun. Deməli, dəli olduğu vəziyyətdə dəliyə oruc tutmaq vacib deyildir. Əgər oruc tutarsa, orucu səhih olmaz. Uşağın da oruc tutması vacib deyildir. Əgər müməyyiz[2] olarsa, tutduğu oruc düzdür[3]. Orucun düz olması üçün müsəlman olmaq da şərtdir. Bütün ibadətlərdə olduğu kimi orucun düz olmasında niyyət də şərtdir. Bütün məzhəblərin ittifaqı ilə müsəlman olmayanın orucu qəbul olunmur və niyyətsiz orucu batil edən işlərdən çəkinmək oruc hesab olunmur. Bunlar əvvəldə təfsilatı ilə qeyd olunan heyz və nifas qanından pak olmaq, xəstə olmamaq, səfərdə olmamaq kimi şərtlərə əlavə olunan şərtlərdir.

Sərxoş və huşsuz şəxsə gəlincə şafiilər demişdir: bütün vaxt ərzində şüurları yerində olmasa, onların orucu səhih deyildir. Lakin bə’zi vaxtlarda olarsa, onların orucu səhihdir. Lakin huşsuz şəxsə mütləq olaraq – istər huşsuzluğa özü səbəb olsun, istərsə də huşsuzluq ondan asılı olmayaraq yaransın – qəza vacibdir. Lakin sərxoşa qəza vacib deyildir. Lakin burada da ələlxüsus özünün sərxoşluğa səbəb olması istisnadır.

Malikilər demişdir: əgər sərxoşluq və huşsuzluq fəcrin tülu’ etməsindən (sübh azanından) Günəşin qürub etməsinə qədər, yaxud vaxtın daha çox hissəsində davam etsə, onların orucu səhih deyildir. Əgər bu hallar günün yarısı ölçüsündə, yaxud ondan daha az ölçüdə davam etsə və onlar niyyət vaxtında oyaq olub niyyət etsələr, sonra huşsuzluq, yaxud sərxoşluq baş versə, qəza vacib deyil. Malikilərə görə orucun niyyətinin vaxtı məğribdən fəcrə (sübh azanına) qədərdir.

Hənəfilər demişdir: huşsuz şəxs tamamilə dəli şəxs kimidir. Onlara görə, dəlinin hökmü budur ki, əgər dəlilik bütün ramazan ayı boyunca davam etsə, ona qəza vacib olmaz. Əgər ayın yarısını dəli olsa və digər yarısında ağlı üstünə gəlsə, yerdə qalanını oruc tutar və dəli olduğu günlərdə fövtə getmiş orucları qəza edər.

Hənbəlilər demişdir: sərxoş və huşsuz şəxsə qəza vacibdir. İstər bu halların yaranmasına onlar özləri səbəb olsunlar, istərsə də, bu hallar onlardan asılı olmayaraq yaranmış olsun.

On iki imamçı şiə demişdir: qəza yalnız sərxoşa vacibdir. İstər sərxoşluğun yaranmasına o özü səbəb olsun, istərsə də bu hal ondan asılı olmayaraq yaranmış olsun. Huşsuz şəxsə qəza vacib deyildir, hətta huşsuzluq az olsa da.

(ardı var) 

Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə

Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə 

 

[1] On iki imamçı şiə məzhəbinə görə kişi üçün yetkinlik yaşına çatmağın əlamətləri bu üç şeydən biridir:

– hicri-qəməri təqvimi ilə on beş yaşına çatmaq (miladi təqvimi ilə 14 il 7 ay);

– yaxud övrətin yuxarısı qarnın aşağısında qasıq üzərində qalın tüklərin bitməsi;

– yaxud ondan şeytanı olmaq (pollyusiya, yuxuda insandan sperma xaric olması) və ondan qeyrisi ilə məninin xaric olması.

Qadına gəlincə onun yetkinlik yaşına çatması hicri-qəməri təqvimi ilə doqquz yaşının tamam olması ilə həqiqət tapır (miladi təqvimi ilə 8 il 9 ay).

Seyid Fəzlullaha görə isə qız uşaqları hicri-qəməri təqvimi ilə 13 yaşında (miladi təqvimilə 12 yaş 7 ay 20 günlüyündə) yetkinlik yaşına çatırlar. Lakin aybaşı görmələri istisnadır. Yə’ni qız uşaqları hicri-qəməri təqvimilə 13 yaşına çatmamış aybaşı olsalar, həddi-büluğa çatırlar.

Ayətullah Sadiqi Tehraninin fikrinə görə bütün mərhələlərində həddi-büluğa çatmağın eniş-yoxuşunun me’yarı əqli, yaxud fiziki (bədənlə əlaqədar), yaxud cinsi, yaxud mali (malla əlaqədar), yaxud da ictimai bacarıqdır. O, həddi-büluğa çatmağı altı hissəyə bölmüşdür ki, onlardan biri namaz üçün, digəri isə oruc tutmaq üçün həddi-büluğa çatmaqdır.

  1. Namaz üçün həddi-büluğa çatmaq (büluği-namaz); oğlan və qızda namaz üçün həddi-büluğa çatmağın yaşının orta hesabı on yaşın olmasıdır. Bu həddi-büluğa çatma bə’zi hallarda on yaşından əvvəl, yaxud on yaşdan sonra baş verir. Allah-Taalanın və dinin tanınmasının həmin əqli inkişafı İslam hökmlərinin ilk nöqtəsinin yerinə yetirilməsi üçün kifayət edir.
  2. Oruc tutmaq üçün həddi-büluğa çatmaq; oruc tutmaqda həddi-büluğa çatma yaşının me’yarı fiziki/cismani bacarıqdır. Qız və oğlan üçün onun orta həddi on üç yaşdır. Qızın fiziki bacarığı oğlandan az olmasa da, çox da deyildir, maksimum bərabərdirlər. Bə’zi rəvayətlərdə də orucda hər ikisinin həddi-büluğa çatmasının adi yaşının 13 olduğu qeyd olunmuşdur. Buna görə də (ən’ənəvi fiqhə əsasən – X.Q.) qızların oğlanlardan altı il əvvəl oruc tutmasının özü də (!) qızlar üçün yolverilməz bir məcburiyyətdir. Buna əsasən qızlar üçün doqquz, oğlanlar üçün 15 yaş fikirlərinin və fitvalarının heç bir əsası yoxdur.

Əhli-sünnə məzhəblərində həddi-büluğa çatmağın təbii əlamətləri mövzusunda ixtilaflar vardır və məşhur fikir budur ki, kişi üçün ehtilam (yuxuda məninin xaric olması), yaxud övrətin yuxarısı qarnın aşağısında qasıq üzərində qalın tüklərin bitməsi, qadın üçün isə aybaşı görməyə başlaması həddi-büluğa çatmağın əlamətlərindən hesab olunur. Qasıq üzərində cod tüklərin bitməsinin həddi-büluğa çatmağın əlamətlərindən olması hənəfi məzhəbində qəbul edilmir. Onlara görə həddi-büluğa çatmağın fiziki əlamətləri ikidir: oğlanların ehtilam olması, qızların isə aybaşı görməyə başlaması. Əgər qeyd olunan fiziki əlamətlər görünmürsə, onda yetkinlik yaşına çatmağı yaş ilə hesablayırlar. Əhli-sünnə məzhəblərinin həddi-büluğa çatma yaşı barəsindəki fikirləri aşağıdakılardan ibarətdir:

  1. Hənəfilər; oğlan və qız uşaqlarının həddi-büluğa çatma yaşı hicri-qəməri təqvimilə 15 yaşdır (miladi təqvimilə 14 il 7 ay). Baxmayaraq, İmam Əbuhənifəyə görə oğlanlar 18, qızlar isə 17 yaşında həddi-büluğa çatırlar.
  2. Malikilər; oğlan və qız uşaqlarının həddi-büluğa çatma yaşı hicri-qəməri təqvimilə 17, yaxud 18-dir (miladi təqvimilə 16 il 6 ay 5 gün, yaxud 17 il 6 ay 16 gün). Baxmayaraq, İmam Malikdən və digər fəqihlərdən nəql olunmuşdur ki, ümumiyyətlə, onlar yaşı həddi-büluğun əlaməti hesab etmirdilər.
  3. Şafiilər; oğlan və qız uşaqlarının həddi-büluğa çatma yaşı hicri-qəməri təqvimilə 15 yaşın tamam olmasıdır.
  4. Hənbəlilər; oğlan və qız uşaqlarının həddi-büluğa çatma yaşı hicri-qəməri təqvimilə 15 yaşın tamam olmasıdır.

[2] On iki imamçı şiə məzhəbinə görə müməyyiz uşaq o kəsdir ki, zehni agahlıq və bədəni iste’dadın elə bir dərəcəsinə çatmışdır ki, insan şəxsiyyətinin cinsi yönünü dərk edir, əks cinsə aid səhnələrin, yaxud halların tə’siri altına düşür və onda instinktiv (təbii və cinsi) hazırlıq əlamətləri görünür (yə’ni cinsi münasibətin və övrətin mə’nasını və onun cinsi funksiya daşıdığını başa düşür). Şayəd müməyyiz uşağın ən yaxın tə’rifi budur. Müməyyiz uşaq barəsində müsbət yönə malik olan bə’zi hökmlər vardır, məsələn onun ibadətləri şər’i bir məqama sahibdir. Necə ki üləma deyir ki, onun namaz, oruc və həcc kimi ibadətləri səhihdir. Əgər onun bə’zi müamələləri müstəqil surətdə ən’ənəvi şəkildə hayata keçərsə, mö’təbərdir və s. …

Bə’zi hökmlər də mənfi formadadır, məsələn baxmaq və toxunmaq. Çünki bunlar yetkinlik yaşına çatmağa aid olan qanunlardır. Dəlillərə əsasən möhtəlim olana qədər uşağın mükəlləfiyyəti yoxdur, müməyyiz uşağın hicabsız naməhrəm qadına baxması və ona əl verməsi icazəlidir. Bu, həmin mövzuda mövcud olan ümumi dəlillər cəhətindəndir.

Lakin bə’zi fəqihlər belə e’tiqad edirlər ki, şər’i zövq insanın, bütün sapqınlıq hallarından və şəhvətin təhrikedici tə’siri altına düşməkdən uzaqlaşdırılmasını tələb edir. Hətta bu insan uşaq belə olsa. Hətta bə’zi fəqihlər belə düşünürlər ki, bu məsələnin uşağa nisbətdəki həssasiyyəti böyük insanınkından çoxdur, çünki hicabsız bir qadına baxmaq, yaxud ona toxunmaq (məsələn, əl vermək – X.Q.) bə’zən onun cinsi hisslərini dolaşıq şəkildə təhrik edir və onun həyatında özünün pis tə’sirlərini qoyur. Bu fəqihlər həmin məsələdə bu ayədən ilham alırlar: “… Zinətlərini … hələ qadınların gizli qadınlıq xüsusiyyətlərini (yə’ni övrətlərini) anlamayan uşaqlardan başqasına göstərməsinlər. …” (“Nur”, 31)

Bu ayənin tə’siri altında qaldıqlarına görədir ki, fəqihlər bu məsələdə qadınların gizli qadınlıq xüsusiyyətlərini (yə’ni övrətlərini) anlayan – bu özü də qadın cinsinin tanınmasının kinayəli ifadəsidir – uşaqlara nisbətdə ehtiyat edirlər.

Əhli-sünnə məzhəbinə görə müməyyiz uşaq yaxşı ilə pisi, faydalı ilə zərərli olanı ayırd edə bilən uşaqdır. Təmyiz (müməyyizlik) çağı yeddi yaşından həddi-büluğa çatana qədər davam edən mərhələdir. Müməyyiz uşaqlar iman, namaz, oruc, həcc, kəffarə, cihad, əmrun bil-mə’ruf və nəhyun ənil-münkər kimi dini vəzifələri və bədənlə əlaqədar ibadətləri yerinə yetirməklə mükəlləf deyildirlər. Lakin İslam alimlərinin görüşü budur ki, müməyyiz uşaq mükəlləf olsun-olmasın onun imanı və yerinə yetirdiyi ibadətləri səhihdir (doğrudur).

[3] Yə’ni digər ibadətlər kimi savabı yazılar (“Fiqhuş-şəriə”, c. 1, s. 465, S. M. Fəzlullah).