3. Orucu batil edən işlər
Orucu batil edən işlər deyildikdə fəcrin tülu’ etməsindən (yə’ni sübh azanından) məğribə (Günəşin batmasına) qədər çəkinilməsi vacib olan işlər nəzərdə tutulur. Onlar aşağıdakılardan ibarətdir:
- Qəsdən yemək və içmək; bütün məzhəblərə görə yemək və içmək orucu batil edir və qəzaya səbəb olur. Lakin kəffarənin vacib olması məsələsində ixtilaf etmişlər. On iki imamçı şiə və hənəfi məzhəbləri demişlər ki, kəffarə vermək vacibdir. Şafii və hənbəli məzhəbləri demişlər ki, kəffarə vacib deyildir[1].
Əgər bir şəxs oruclu olduğunu yadından çıxararaq yesə və içsə, həmin şəxs qəza tutmaq və kəffarə verməklə mükəlləf deyildir. Lakin malikilərə görə hökm fərqlidir. Onlara görə həmin şəxsin yalnız qəza tutması vacibdir. İnsanların çəkməyə adət etdikləri tütün də içmək mə’nasında başa düşülür[2].
- Qəsdən cinsi münasibətə girmək; bütün məzhəblərə görə qəsdən cinsi münasibətə girmək orucu batil edir, qəzaya və kəffarəyə səbəb olur.
Kəffarə bir qul azad etməkdir. Əgər qul tapmasa, iki ay ardıcıl oruc tutmalıdır. Əgər bacarmasa, altmış miskini (biçarə yoxsulu) yedirməlidir. Kəffarə on iki imamçı şiə və maliki məzhəblərinə görə ixtiyaridir. Yə’ni mükəlləf qul azad etmək, yaxud oruc tutmaq, yaxud miskini yedirmək işlərindən birini yerinə yetirməkdə ixtiyar sahibidir. Lakin şafii, hənbəli və hənəfi məzhəbləri demişlər ki, tərtibə uyğun verilməlidir. Yə’ni kəffarə olaraq qul azad etmək vacibdir. Əgər bunu bacarmasa, oruc tutmalıdır. Əgər onu da bacarmasa, miskini yedirməlidir.
On iki imamçı şiə məzhəbi demişdir: əgər haram bir işlə orucunu pozsa, məsələn qəsbi bir şey (oğurluq bir şey) yesə, yaxud şərab içsə, yaxud zina etsə, cəm kəffarə (kəffarətul-cəm) verməsi vacibdir. O budur ki, həm qul azad etməli, həm iki ay ardıcıl oruc tutmalı, həm də altmış miskinə yemək verməlidir[3].
Oruclu olduğunu unudaraq cinsi münasibətə girməyə gəlincə hənəfi, şafii və on iki imamçı şiə məzhəblərinə görə bu iş orucu batil etmir. Hənbəlilərə və malikilərə görə isə orucu batil edir.
- İstimna; o, sperma (məni) xaric etməkdən ibarət olan bir işdir. Əgər ixtiyari olaraq yerinə yetirilərsə, bütün məzhəblərin ittifaqı ilə orucu pozur. Hətta hənbəlilər demişlər ki, təkrar baxış və onun kimi işlər səbəbilə məziyy[4] xaric olarsa, onun orucu batildir.
Dörd məzhəb demişdir ki, məninin çıxarılması qəzaya səbəb olur, kəffarə verməyə ehtiyac yoxdur.
On iki imamçı şiə məzhəbi isə demişdir ki, qəza və kəffarənin hər ikisinə səbəb olur.
- Qəsdən qusmaq orucu batil edir və on iki imamçı şiə, şafii və maliki məzhəblərinə görə qəzaya səbəb olur; hənəfilər demişlər ki, kim qəsdən qusarsa, yalnız ağız dolusu qusduqda orucu batil olar. İmam Əhməddən iki rəvayət nəql olunmuşdur.
İttifaq etmişlər ki, əgər oruclu şəxs özündən asılı olmayaraq qusarsa, oruc pozulmur.
- Ələlxüsus hənbəlilərə görə həcəmət qoymaq; onunla qan alanın və qan aldıranın hər ikisinin orucu batildir.
- Maye ilə imalə etmək; bütün məzhəblərin ittifaqı ilə maye ilə imalə etmək orucu pozur və qəzaya səbəbiyyət verir. On iki imamçı şiə məzhəbinin bir qrup alimi demişdir ki, əgər zərurət olmadan imalə edilmişdirsə, buna görə kəffarə də verilməlidir.
- Ələlxüsus on iki imamçı şiə məzhəbinə görə qatı tozu udmaq; onlar deyirlər ki, əgər qatı toz, un və ona oxşar bir şey boğaza yetişsə, oruc pozulur. Çünki o, imalədən və insanların adət etdiyi siqaretdən daha pisdir[5].
- Gözə sürmə çəkmək yalnız malikilərə görə orucu pozur, bir şərtlə ki, gündüz sürmə çəksin və sürmənin dadını boğazında hiss etsin;
- Orucun niyyətini kəsmək (yə’ni oruc tutmaq niyyətindən dönmək); əgər orucu yeməyi niyyət etsə, sonra orucu batil edən işləri yerinə yetirməsə də, on iki imamçı şiə və hənbəli məzhəblərinə görə oruc batildir. Digər məzhəblərə görə oruc batil olmaz.
- On iki imamçı şiə məzhəbinin əksər alimləri demişdir ki, bütün başı bədənlə birlikdə, yaxud bədənsiz suyun altına salmaq orucu batil edir, qəza və kəffarəyə səbəb olur[6]; digər məzhəblər isə demişdir ki, bu işin orucun pozulmasına heç bir tə’siri yoxdur.
- On iki imamçı şiə məzhəbi demişdir ki, kim ramazan ayında fəcr tülu’ edənə (sübh azanına) qədər qəsdən cənabətli qalsa, onun orucu pozular, həmin günün qəzasını tutmalı və kəffarə də verməlidir; digər məzhəblər isə demişdir ki, oruc səhihdir (düzdür) və mükəlləfin üzərində heç bir şey yoxdur[7].
- On iki imamçı şiə məzhəbi demişdir: kim Allah və Onun Rəsulu adından yalan danışarsa, belə ki, sözündə yalançı olduğunu bildiyi halda “Həqiqətən, Allah, yaxud Rəsul (s) belə demiş, yaxud belə əmr etmişdir”, – deyə hədis rəvayət edərsə, yaxud hədis yazarsa, artıq onun orucu pozular. Həmin günün qəzasını tutmalı və kəffarə də verməlidir. Bir qrup on iki imamçı şiə fəqihləri mübaliğə edib demişlər ki, bu yalançı şəxsin cəm kəffarə verməsi, yə’ni həm bir qul azad etməsi, həm iki ay ardıcıl oruc tutması, həm də altmış miskini yedirməsi vacibdir[8]. Buradan bizə mə’lum olur ki, “On iki imamçı şiə məzhəbi Allah və Onun Rəsulu adından yalan danışmağa icazə verir”, – deyən şəxs ya cahildir, yaxud özünü cahilliyə vurur.
(ardı var)
Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə
Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
[1] Əbuhənifə və əshabəsi kimi Malik və onun əshabəsi də demişdir ki, kim yemək və içməklə qəsdən orucunu pozarsa, onun həm qəza tutması, həm də kəffarə verməsi vacibdir. Şafii və hənbəli məzhəblərilə hənəfi və maliki məzhəbləri arasındakı bu ixtilafın səbəbi orucunu yemək və içməklə pozan şəxsi cinsi münasibətlə orucu pozan şəxsə qiyas etməkdir (“Bidayətül-müctəhid və nəhayətül-müqtəsid”, “Kitabus-soum”, İbn Rüşd”).
[2] Hansı vasitə ilə olursa-olsun tütünün çəkilməsi haramdır, lakin o orucu batil etmir (“Kitabus-soum”, 47-ci məsələ, s. 36, S. M. Fəzlullah).
[3] Böyük şiə fəqihi S. M. Fəzlullaha görə kim ramazan ayında gündüz zina etmək və şərab içmək kimi haram bir işlə orucunu pozarsa, haram olmayan bir işlə orucunu pozan şəxs kimi altmış miskinə yemək vermək, yaxud iki ay ardıcıl oruc tutmaqla kəffarə vermək o şəxsə kifayət edər. Baxmayaraq ki, cəm kəffarə verməsi müstəhəb ehtiyatdır.
[4] Məziyy (məzy və məzin şəklində də oxunur) təmas, fikirləşmə və ya baxma kimi səbəblərlə kişilərin tənasül orqanlarından gələn incə və ağ rəngli mayeyə deyilir. Bu mayenin çölə çıxmasında təzyiq olmamaqla yanaşı, çıxdıqdan sonra təskinedici mahiyyəti də yoxdur. Məziynin çıxması insanı cünub etmir və yalnız dəstəmazı pozur. Namaz qılmaq istəyənin qüsl almasına ehtiyac yoxdur, yalnız dəstəmaz alması kifayətdir (“Dini terminlər lüğəti”, Bakı İslam Universiteti, s. 258, 259). On iki imamçı şiə məzhəbinə görə məziyy pakdır, dəstəmazı pozmur və qüslə səbəb olmur.
[5] Böyük şiə fəqihi S. M. Fəzlullaha görə qəsdən qatı və qeyri-qatı tozu udmaqla oruc batil olmaz, lakin tozun qatısından çəkinmək müstəhəb ehtiyatdır. Ramazan ayında siqaret çəkməyin halal olub-olmaması barəsində ona verilən suala cavab verərkən bu məsələyə də toxunmuş və belə demişdir: “… Bəli, manqal, yaxud avtomobildən çıxan tüstünün ağıza daxil olması halında, mənim fikrimə əsasən oruc batil olmur, çünki bunun dəlili yoxdur. Əksinə, bizim əlimizdə bunun əksinə dəlil vardır. Əhli-Beyt imamlarından nəql olunan bir hədisdə deyilir ki, bir nəfər şəxs öd ağacının tüstüsü (Hindistanda bitən və yandırıldıqda xoş iy verən ağac) onu əhatə edən və tüstü boğazına daxil olan oruclu şəxs haqqında İmam Sadiqdən soruşduqda İmam belə cavab verdi: “Heç bir maneəsi yoxdur!””
[6] Şiənin böyük fəqihi S. M. Fəzlullaha görə başı bədənlə, yaxud bədənsiz suyun altına salmaqla oruc batil olmaz, lakin oruclu şəxs vacib ehtiyata əsasən bu işi tərk etməlidir (“Kitabus-soum”, 46-cı məsələ, s. 36).
[7] Ən’ənəvi şiə fiqhində Qurana və qəti Sünnəyə müxalif olan bə’zi hədislərə əsaslanmaqla bir çox müctəhidlər, ələlxüsus hal-hazırda təqlid olunan dini rəhbərlər sübh azanına qədər qəsdən cənabətli qalmağın orucu pozan işlərdən olduğuna fitva vermişlər. O hədislərdən birini sizin nəzərinizə çatdırırq: “Bir kişi ramazan ayının gecəsində cünub oldu, sonra sübh azanına qədər qəsdən qüslü tərk etdi. İmam Sadiq dedi: bir qul azad etməli, yaxud iki ay ardıcıl olaraq oruc tutmalı, yaxud da altmış miskinə təam verməlidir!” (“Vəsailuş-şiə”, “Oruc tutan şəxsin çəkindiyi işlər” adlı 16-cı bab, 3-cü hədis) Bu hədisdə kəffarənin verilməsinin vacib olması onu göstərir ki, bu iş orucu pozan işlərdən hesab olunur və o günün qəzası da tutulmalıdır. Lakin Quran fiqhinə əsasən bu məsələni araşdırdıqda görürük ki, bu iş əsla orucu batil edən işlərdən hesab olunmur. Yuxarıda qeyd etdiyimiz kimi, sünni məzhəblərində də sübh azanına qədər qəsdən cənabətli qalmağın orucu batil edən işlərdən olmadığına hökm edilmişdir. Mövzu ilə bağlı Quran fəqihi ləqəbilə tanınan Ayətullah Mühəmməd Sadiqi Tehraninin fikirlərinə müraciət etdik. O, bu barədə yazır: “Quran-kərim yemək və içmək kimi, cənabəti və cinsi münasibəti də sübh azanına çox az bir zaman (bir neçə an) qalmış vaxta qədər halal bilmişdir. (“Bəqərə”, 187) Bu mövzuda Peyğəmbərdən (s) və hidayət imamlarından (ə) nəql olunmuş və ayəyə uyğun gələn rəvayətlər də bu hökmü təsdiq edir. Bu hökmə zidd olan rəvayətlər də ayəyə və birinci qrup rəvayətlərə zidd olduğuna görə qəbuledilməzdir. Buna görə də sübh azanına yaxın cünub olmaq (yə’ni cinsi münasibətə girmək – X. Q.), yaxud sübh azanına qədər qəsdən cənabət halında qalmaq heç vaxt orucu batil etmir və bu iş haram da deyildir. …” (“Yeni tovzihul-məsail” risaləsi, səh. 179, 180)
İmam Rza (ə)-dan “Ramazan ayında boynuna cənabət halı gələn və sübhə qədər (sübh azanına qədər) qəsdən yatan şəxsin üzərində nə vardır?” – deyə soruşulduqda İmam buyurdu: “Bunun ona heç bir zərəri yoxdur və bu, atam Musa əl-Kazimin dediyi məsələdir. O demişdir: “Aişə dedi ki, həqiqətən, Peyğəmbər – Allahın salamı ona və ailəsinə olsun! – möhtəlim olmadan (yuxuda cünub olmadan) sırf cinsi yaxınlıqla cünub olduğu bir halda sübhə çıxdı” (“Camiu əhadisiş-şiə”; c. 9, s. 208).
İmam Sadiq buyurmuşdur: “Peyğəmbər ramazan ayında gecə namazını qılır, sonra cünub olurdu (yə’ni cinsi münasibətə girirdi). Sonra sübh namazına qədər qəsdən qüslü tə’xirə salırdı” (“Təhzib”, c. 1, s. 412, “İstibsar”, c. 3, s. 88).
“İmam Sadiqdən ramazan ayında gecənin əvvəlində cünub olub sübh azanına qədər qüslü tə’xirə salan şəxs haqqında soruşulduqda belə cavab verdi: “Orucunu sona çatdırsın və qəza etməsi lazım deyildir!”” (“Təhzib”, c. 1, s. 411, “İstibsar”, c. 3, s. 85)
Şeyx Sadiqi Tehrani davam edərək yazır: “Yuxarıda da qeyd etdiyimiz kimi zahir budur ki, heyz, nifas və ələlxüsus istihazə qüslünün də hökmü belədir.
Orucu batil edən işlərin yalnız cinsi münasibətdə olmaq, yemək və içməkdən ibarət olduğunun dəlili bu şərafətli ayədir: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq (yə’ni onlarla cinsi əlaqəyə girmək) sizə halal edildi. … İndi onlarla yaxınlıq edə və Allahın sizin üçün yazdığını istəyə bilərsiniz. Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər yeyə və içə bilərsiniz; sonra gecəyə qədər orucu tamamlayın. …” (“Bəqərə”, 187) Görürük ki, bütün gecə boyu yeməyin və içməyin vaxtı sübh azanından çox az bir zaman əvvələ qədər olduğu kimi, cinsi münasibət də belədir. Bəlkə, bu əməl iki dəfə təkrar olunmuşdur. Birinci “oruc gecəsi” ifadəsilə, sonra isə “onlarla yaxınlıq edə bilərsiniz” cümləsilə. Əgər cənabət qüslü vaxta daxil olmaq üçün (yə’ni oruc tutmaq üçün – X. Q.) vacibdirsə, bu surətdə nə üçün sübh azanına qədər cinsi münasibətə yemək və içməklə bir sırada və bir-birini tarazlaşdıraraq fürsət verilmişdir?
““Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər” yalnız yeməyə və içməyə aiddir” fikri yersiz bir fikirdir, çünki orucu batil edən ən mühüm işlərdən olan cinsi münasibətin başlamasının və yerinə yetirilməsinin bəyan olunması daha münasibdir, çünki yeməkdən və içməkdən daha münasibdir. Əgər cinsi münasibət bu ikisilə bir sırada sübh azanına qədər məhdud olmasa (məhdudlaşmasa), onun mə’nası budur ki, yalnız yemək və içmək bu vaxta qədər məhdudlaşdırılmalıdır və cinsi münasibətin vaxtı qeyri-məhdud olur. Bununla bir neçə şeydən (yə’ni cinsi münasibət, yemək və içməkdən) sonra gələn istisna, yaxud hər bir başqa qeyd (“Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər” istisnası, yaxud qeydi) adi fəsahət və bəlağət qaydasına əsasən – qalmışdı hələ qurani fəsahət və bəlağət olsun – bütün keçənlərə (yə’ni cinsi münasibətə, yeməyə və içməyə) rəng və qeyd verir. Əgər keçmişlərdən bir, yaxud bir neçə şey istisna ilə bu qeyddən xaric olsa (istisnadan istisna olsa – X. Q.), bəyanın tələbinə əsasən doğru və yetərli olan odur ki, onun xüsusi vəziyyətini açıq-aydın şəkildə təyin etməlidir. Buna əsasən “İndi onlarla yaxınlıq edə bilərsiniz” cümləsi “Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər”lə müqəyyəd olmasa, “qədər yeyə və içə bilərsiniz”dən sonra gəlməsi lazım olardı. Əgər ondan əvvəldirsə, gərək elə bəyan oluna ki, yemək və içməkdən ayrı hesaba alındığı mə’lum ola. Beləcə, qeyd son mövzuya (yə’ni “için”ə) aiddirsə, buna əsasən ayədəki “qədər” (ərəbcə “hətta”) yalnız içməyə aiddir və ona münhəsirdir (yə’ni belə çıxır ki, içmək sübh azanına qədər məhdudlaşır, yaxınlığın və yeməyin vaxtı qeyri-məhdud qalır – X. Q.), vəssəlam. Bu fikrin də batil olduğu aydındır” (“Yeni tovzihul-məsail” risaləsi, səh. 180, 181).
Bu mövzunun haşiyəsində belə qeyd edir: “Deməli, görürük ki, orucu batil edən bu üç iş (cinsi münasibət, yemək, içmək) sübh azanına qədər caizdir və sübh azanından əvvəl baş vermiş cənabət halı heç vaxt orucun düz olmasının maneəsi deyildir. Şiə və sünni rəvayətləri də ayəyə uyğundur. Kitaba və Sünnəyə zidd olan bə’zi şiə rəvayətləri isə qəbuledilməzdir, çünki bir-birinə nisbətdə daxili, Quran və Sünnəyə nisbətdə isə xarici ziddiyyətdən ibarət olan üçbucaqlı çətinlik içindədirlər. Şeyx Səduq “Fəqih” kitabında və Feyz Kaşani bu hökmü fitva vermişlər. Nəraqi “Müstənəd” kitabında bu fikri qeyri-məşhur fikir adlandırmış və Nu’manidən, Seyid Mürtəzadan, bə’zi mütəəxxirlərdən, Əllamənin “Təhrir” əsərindən, Mühəqqiq Ərdəbilidən və Seyid Damaddan nəql etmişdir ki, ramazan ayında sübh azanına qədər qəsdən cənabətli qalmaq icazəlidir. Sünni fəqihləri və onların rəvayətləri də bu fikirlə müvafiqdir. Bir çox şiə fəqihləri kimi onların da bə’ziləri, məsələn Əbuhüreyrə, Salim ibn Abdullah, Həsən Bəsri, Tavus, Ürvə, Həsən ibn Saleh və Nəxəi onu (sübh azanına qədər qəsdən cənabətli qalmağı) orucu batil edən işlərdən hesab etmişlər. Bu ağalar bu məsələdə də digər məsələlərdə olduğu kimi xətaya yol vermişlər. Əgər şərafətli ayənin zahirinə və nəssinə diqqət etsəydilər, İslam fiqhində yəqin ki, belə bir səhvə mübtəla olmazdılar” (“Yeni tovzihul-məsail” risaləsi, səh. 180, 181).
Nəticə: Quran fiqhinə əsasən sübh azanına qədər qəsdən cənabət, heyz, nifas və ələlxüsus, istihazə halında qalmaq orucu batil edən işlərdən deyildir. Sübh azanına çox az bir zaman qalan vaxta qədər yemək və içmək icazəli olduğu kimi, cinsi əlaqə də icazəlidir. Sonra oruc tutmaq üçün qüsl verməyə ehtiyac yoxdur. Niyyət edib oruca başlamaq lazımdır. Yalnız qılınacaq sübh namazı üçün qüsl vermək vacibdir, vəssəlam!
[8] Böyük şiə fəqihi Seyid Fəzlullaha görə Allah-Taala, Onun Rəsulu və imamların – Allahın rəhməti və salamı onun və onların üzərinə olsun! – adından yalan danışmaq, yə’ni yalandan bir hökmü, yaxud sözü onlara nisbət vermək böyük günahlardan olmasına baxmayaraq, orucu batil etmir. Baxmayaraq ki, sonra orucun qəzasını etmək müstəhəb ehtiyatdır (“Kitabus-soum”, 46-cı məsələ, s. 36).