4. Orucun növləri
Məzhəblərin fəqihləri orucu dörd hissəyə bölmüşlər: vacib, müstəhəb, haram və məkruh.
5. Vacib oruc
Məzhəblərin ittifaqına əsasən vacib oruclar aşağıdakılardan ibarətdir:
- Ramazan orucu; 2. Ramazan ayı orucunun qəzası; 3. Kəffarə orucu; 4. Nəzir orucu.
On iki imamçı şiə məzhəbi onlara digər iki növ oruc da əlavə etmişdir ki, onlardan biri həcc babına[1], digəri isə e’tikaf babına daxildir. Əvvəlki fəsildə ramazan ayının orucu, onun şərtləri və onu pozan (batil edən) işlər barəsində lazımi mətləbləri bəyan etdik. Bu fəsildə isə ramazan ayı orucunun qəzası və onu yeyən (batil edən) şəxsə vacib olan kəffarə haqqında danışacağıq. Lakin orucun digər növləri haqqında onlara məxsus olan fəsildə söhbət açılacaq.
6. Ramazan ayı orucunun qəzası
Bu barədə bir neçə məsələ vardır:
- Bütün məzhəblər ittifaq etmişdir ki, ramazan günlərindən fövtə getmiş günlərin qəzasını tutmaqla mükəlləf olan şəxslər o günlərin qəzasını orucun fövtə getdiyi həmin ildə, yə’ni fövtə getmiş ramazanla gələcək ramazan arasında qalan günlərdə tutmalıdırlar; mükəlləf oruc tutmaq haram olan günlər – o günlər haqqında sonra danışılacaq – istisna olmaqla qəza üçün istədiyi günləri seçə bilər. Əvvəlki ramazandan fövtə getmiş günlərin sayı qədər növbəti ramazana qalarsa, qəzanı tutmağa tələsmək vacibdir.
- Məzhəblərin ittifaqına əsasən il ərzində qəzanı tutma imkanına sahib olduğu bir halda ikinci ramazan ayı daxil olanadək səhlənkar yanaşaraq qəzanı tərk edən şəxs hal-hazırkı ramazan ayını oruc tutmalı, sonra fövtə getmiş günlərin qəzasını tutub hər bir gün üçün bir müdd miqdarında kəffarə (fidyə) verməlidir; lakin hənəfilər istisnadır. Onlar deyirlər ki, yalnız qəzanı tutmalıdır, kəffarəyə (fidyəyə) ehtiyac yoxdur. Lakin xəstəliyin birinci ramazandan ikinci ramazana qədər davam etməsilə qəzanı tutmağa gücü çatmasa, dörd məzhəbə əsasən nə qəza tutması vacibdir, nə də kəffarə verməsi. Lakin on iki imamçı şiə məzhəbinə görə yalnız qəza onun boynundan düşür, hər bir gün üçün bir müdd miqdarında kəffarə verməlidir, yə’ni miskin bir şəxsi yedirməlidir.
- Əgər il ərzində orucun qəzasını tutmağa qadir olsa, lakin ikinci ramazandan bir neçə gün əvvəl qəzanı tutub fövtə getmiş günlərin qəzasını sonrakı ramazana birləşdirmək niyyətilə qəzanı tərk etsə, sonra ramazan ayı daxil olana qədər onun qarşısına orucun qəzasının tutulmasına mane olacaq şər’i bir üzr[2] çıxsa, yalnız qəza tutması lazımdır, kəffarəyə ehtiyac yoxdur[3];
- Əgər bir şəxs ramazan ayının orucunu şər’i bir üzrə görə yeyərsə və onun qəzasını tutma imkanına sahib olduğu bir halda ölənə qədər qəzanı tutmazsa, on iki imamçı şiə məzhəbinə görə onun daha böyük oğlunun onun əvəzinə həmin orucun qəzasını tutması vacibdir;
Hənəfi, şafii və hənbəli məzhəbləri demişdir ki, hər gün üçün onun yerinə bir müdd miqdarında sədəqə verilməlidir.
Maliki məzhəbinə görə öz tərəfindən sədəqə verilməsini vəsiyyət etdiyi təqdirdə vəli onun yerinə sədəqə verməlidir. Əgər vəsiyyət olunmamışdırsa, vacib deyildir.
- Əgər bir şəxs ramazan ayının qəza orucunu tutarsa və vaxt da geniş olarsa, dörd məzhəbə əsasən orucunu tərk etməsi və zəvaldan (zöhr azanından) əvvəl və sonra orucunu yeməsi icazəlidir və onun üzərində heç bir şey yoxdur.
On iki imamçı şiə məzhəbi deyir: həmin şəxsin zəvaldan əvvəl orucunu yeməsi icazəlidir, zəvaldan sonra isə icazəli deyildir. Belə ki, zamanın daha çox hissəsinin keçməsilə vaciblik onun üçün qərarlaşmış və niyyətin yenilənməsi məhəli fövtə getmişdir. Əgər hökmə müxalifət etsə və zəvaldan sonra orucunu yesə, on miskini yedirməklə kəffarə verməsi vacibdir. Əgər bunu edə bilməsə, üç gün oruc tutmalıdır[4].
7. Kəffarə olaraq tutulan oruclar
Kəffarə olaraq tutulan orucların növləri çoxdur. Xəta üzündən (ehtiyatsızlıq ucbatından, dalaşarkən, təcrübəsizlikdən, qərəzli olmayan) adam öldürməyin kəffarəsi olaraq tutulan oruc, and və nəzirin pozulmasının kəffarəsi olaraq tutulan oruc, ziharın kəffarəsi olaraq tutulan oruc buna bir misal ola bilər. Orucun bu növlərinin hökmləri vardır ki, öz bablarında onlar haqqında danışılır. Biz burada ramazan ayında orucu yediyinə görə kəffarə orucu tutan şəxsin hökmü haqqında danışacağıq. Şafii, maliki və hənəfi məzhəbləri demişdir: ramazan ayında orucu pozduğuna görə kəffarə olaraq iki ay ardıcıl oruc tutması lazım olan şəxsin iki ay ərzində bir gün belə orucu yeməsi icazəli deyildir, çünki bununla ardıcıllıq pozulur. Əgər bir üzrə görə[5], yaxud heç bir üzr olmadan orucu yeyərsə, iki ayın orucunu yenidən başlaması vacibdir.
Hənbəlilər demişdir: şər’i bir üzrə görə orucu yemək ardıcıllığı pozmur.
On iki imamçı şiə məzhəbi demişdir: ardıcıllığın həqiqət tapmasında birinci ayı kamil şəkildə və ikinci aydan bir günü oruc tutmaq kifayət edir. Əgər bunu edərsə, orucunu yeməsi, sonra keçən şeyə əsaslanmaqla oruc tutması icazəlidir[6]. Əgər birinci ayda heç bir üzr olmadan orucu yeyərsə, yenidən başlaması vacibdir. Əgər xəstəlik, yaxud heyz kimi şər’i bir üzrə görə orucu yeyərsə, onun ardıcıllığı pozulmur. Bəlkə, üzrün aradan qalxmasını gözləməli, sonra orucu sona çatdırmalıdır.
On iki imamçı şiə məzhəbi həmçinin demişdir: əgər ramazan ayının orucunu batil etmənin kəffarəsini verə bilməsə, yə’ni iki ay oruc tuta, bir qul azad edə və altmış miskini yedirə bilməsə, ya 18 gün oruc tutmalı, ya da bacardığı qədər sədəqə verməlidir. Əgər bunların heç birini yerinə yetirə bilməsə, bacardığı qədər sədəqə verməli, yaxud oruc tutmalıdır. Əgər bunları da edə bilməsə, Allahdan bağışlanma istəməlidir[7].
Şafii, maliki və hənəfi məzhəbləri demişdir: əgər bütün növ kəffarələri yerinə yetirməyə gücü çatmasa, varlanana qədər onun boynunda qərar tutar və beləcə, onları yerinə yetirər. Bu, şər’i qaydaların tələb etdiyi bir şeydir.
Hənbəlilər demişlər: əgər gücü çatmasa, kəffarə onun boynundan düşər. Əgər bundan sonra varlanarsa, ona heç bir şey vacib deyildir.
Bütün məzhəblər ittifaq etmişdir ki, iki, yaxud daha çox gündə kəffarənin səbəbinin təkrar olunması ilə kəffarə də təkrarlanır. Deməli, kim iki gün yeyərsə, yaxud içərsə, onun iki kəffarə verməsi vacibdir. Lakin bir gündə dəfələrlə yeyərsə, yaxud içərsə, yaxud cinsi münasibətə girərsə, hənəfi, maliki və şafii məzhəblərinə görə orucu batil edən iş nə qədər təkrarlansa və növü hər nə olursa-olsun kəffarə təkrarlanmır.
Hənbəlilər demişdir: əgər kəffarəyə səbəb olan iş bir gündə bir neçə dəfə yerinə yetirilərsə, əgər birincidə kəffarə vermişdirsə, yə’ni kəffarəyə səbəb olan iki iş arasında kəffarə vermişdirsə, ikinci kəffarəni də verməsi lazımdır. Əgər əvvəlkinə görə kəffarə verməmişdirsə, hamısı üçün bir kəffarə vermək ona kifayət edir.
On iki imamçı şiə məzhəbi demişdir: əgər bir gündə cinsi münasibəti bir neçə dəfə təkrar edərsə, bu, kəffarənin təkrar olunmasına səbəb olur. Lakin yeməyin və içməyin təkrar olunmasına gəlincə ona görə bir kəffarə verilməlidir[8].
8. Haram oruc
Bütün məzhəblər ittifaq etmişdir ki, Fitr və Qurban bayramları günü oruc tutmaq haramdır. Lakin hənəfi məzhəbi istisnadır. Onlar demişlər ki, bu iki bayram günündə oruc tutmaq təhrimən məkruhdur. Onlara görə təhrimən məkruh harama daha yaxın olan məkruh əməldir[9].
On iki imamçı şiə məzhəbi demişdir: ələlxüsus, Minada olan şəxsin Təşriq günlərində oruc tutması caiz deyildir. Təşriq günləri zilhiccə ayının 11-ci, 12-ci və 13-cü günləridir.
Şafii məzhəbi deyir: həcdə və qeyri-həcdə Təşriq günlərində oruc tutmaq halal deyildir.
Hənbəlilər deyir: həcc ziyarətində olmayan şəxsin Təşriq günlərində oruc tutması haramdır. Həcc ziyarətində isə haram deyildir.
Hənəfilər deyir: Təşriq günlərində oruc tutmaq təhrimən məkruhdur.
Malikilər deyir: həcc ziyarətində olmayan şəxsin zilhiccə ayının 11-ci və 12-ci günlərində oruc tutması haramdır. Həcc ziyarətində olan şəxsin oruc tutması isə haram deyildir.
Bütün məzhəblər ittifaq etmişdir ki, qadının tutduğu oruc ərin haqlarından bir haqqa çətinlik yaradarsa, həmin qadının ərin icazəsi olmadan müstəhəb oruc tutması icazəli deyildir. Bircə hənəfilər istisnadır. Onlar deyirlər ki, qadının ərinin icazəsi olmadan oruc tutması məkruhdur, haram deyildir.
9. Şəkk günü
Bütün məzhəblər ittifaq etmişdir ki, kim şəkk günündə[10] oruc tutmazsa, sonra ramazan ayının əvvəli olduğu mə’lum olarsa, orucu batil edən işlərdən əl götürüb (çəkinib) sonra qəza etməsi vacib olar. Lakin “mükəlləf şəkk günü oruc tutsa, sonra həmin günün ramazan ayının əvvəli olduğu mə’lum olsa, bu oruc onun üçün kifayət edir və qəza tutmaq da vacib deyildir, ya yox?” məsələsi barəsində ixtilaf etmişlər.
Şafii, maliki və hənbəli məzhəbləri demişdir: tutduğu oruc onun üçün kifayət etmir, qəza tutmalıdır.
Hənəfilər demişdir: tutduğu oruc onun üçün kifayət edir, qəza tutmasına ehtiyac yoxdur.
On iki imamçı şiə məzhəbinin əksər alimləri demişdir: onun qəza tutması vacib deyildir. Lakin həmin günü ramazan niyyətilə oruc tutması istisnadır. Bu vaxt qəza tutması vacibdir.
10. Müstəhəb oruc
Oruc tutmaq yasaq edilən günlər istisna olmaqla ilin bütün günlərində oruc tutmaq müstəhəbdir. Lakin xüsusi günlərdə tə’kid olunur. Məsələn, hər ay üç gün oruc tutmaq. Əyyami-bizdə olması daha fəzilətlidir[11]. O günlər ərəb ayının 13-cü, 14-cü və 15-ci günləridir. O xüsusi günlərdən biri də zilhiccə ayının 9-cu günü olan Ərəfə günüdür. Rəcəb və şəban aylarının orucu da xüsusi günlərdə tutulması tə’kid olunan müstəhəb oruclardan hesab olunur. Hər bazar ertəsi və hər cümə axşamı günlərində tutulan oruc da xüsusi günlərdə tutulması tə’kid olunan müstəhəb oruclardandır. Müfəssəl kitablarda qeyd olunan bunlardan başqa oruclar da vardır. Bu günlərdə oruc tutmağın müstəhəb olması barəsində bütün məzhəblər ittifaq etmişdir.
11. Məkruh oruc
“Dörd məzhəbə əsasən fiqh” kitabında yazılır ki, aşağıdakı günlərdə oruc tutmaq məkruhdur:
– yalnız cümə günündə;
– yalnız şənbə günündə;
– şafiilərdən qeyrilərinə görə Novruz günündə;
– ramazan ayından əvvəl daha çox yox, bir gün, yaxud iki gün oruc tutmaq.
On iki imamçı şiə məzhəbinin fiqh kitabında məkruh orucların aşağıdakılardan ibarət olduğu yazılır:
– qonağın ev yiyəsinin icazəsi olmadan tutduğu oruc;
– uşağın atasının izni olmadan tutduğu (nafilə – X. Q.) oruc;
– zilhiccə ayının hilalında şübhə (şəkk) edildiyi vaxt Qurban bayramı olması qorxusu ilə tutulan oruc[12].
(ardı var)
Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə
Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
[1] Həcc ziyarətində qurban əvəzinə tutulan oruc nəzərdə tutulur.
[2] Qəflətən xəstəlik, yaxud səfər kimi işlər
[3] Seyid Fəzlullaha görə bu halda qəzadan əlavə olaraq vacib ehtiyata əsasən fidyə vermək də vacibdir.
[4] Vacib ehtiyata əsasən oruclar ardıcıl tutulmalıdır.
[5] Hətta müsafirət kimi, şər’i bir üzrə görə də olsa, oruc pozulduğu təqdirdə o günə qədər tutulmuş oruclar nafilə oruc yerinə keçər. Davamlılıq şərtinin pozulmuş olması səbəbilə yenidən iki aylıq oruca başlamaq lazımdır. Lakin araya heyz və nifas kimi təbii üzrlərin girməsi vəziyyəti kəffarə orucunun ardıcıllığına zərər verməz. Bu hallar keçdikdən sonra yenidən niyyətlənməli və orucu qaldığı yerdən davam etdirməlidir.
[6] Yə’ni iki ay (60 gün) tutulması lazım olan kəffarə orucunun 31 günü arası kəsilmədən ardıcıl olmalıdır.
[7] Bundan sonra imkanı olsa da, kəffarəni verməsi vacib deyildir. Ehtiyatən verilməsinin isə heç bir qorxusu yoxdur (“Fiqhuş-şəriə”, c. 1, s. 492, m. 1010, S. M. Fəzlullah).
[8] Seyid Fəzlullaha görə əgər mükəlləf bir gündə cinsi yaxınlığı bir neçə dəfə təkrar edərsə, etdiyi cinsi yaxınlıqların sayı qədər kəffarə verməsi müstəhəb ehtiyatdır. Əgər yeyib, sonra cima, yaxud istimna edərsə, müstəhəb ehtiyata əsasən kəffarə təkrar olunmalıdır (“Kitabus-soum”, 55-ci məsələ, s. 44).
[9] Vacib olan bir əmri tərk etmək, balıqdan başqa dəniz heyvanlarını yemək, namazda tə’dili-ərkanı tərk etmək kimi.
[10] Ayın hilalının görünməsi mübhəm (qeyri-müəyyən) və məşkuk (şübhəli) olduqda, yə’ni şəbanın son günü, yaxud mübarək ramazan ayının ilk günü olduğu mə’lum olmadıqda şəban ayının 29-cu günündən sonrakı gün şəkk günü adlanır.
[11] Əyyami-biz ağ gecələrin günləri, yə’ni qəməri ayın 13-cü, 14-cü və 15-ci gecələridir. Bütün gecə bədrlənmiş Ayın nuru ilə işıqlandığına görə bu cür adlanmışlar.
[12] Zəifliyindən duanı oxuya bilməyəcəyindən qorxan şəxsin Ərəfə günü oruc tutması da məkruhdur.