RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!   

Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələri əhya gecələridir, yəni gecə sübhə kimi ibadət edilən gecələrdir. Əhya gecələrinin əməlləri iki hissədən ibarətdir. Birinci hissəyə hər üç gecədə yerinə yetirilməsi lazım olan əməllər, ikinci hissəyə isə hər bir gecəyə məxsus olan, yəni o gecədə yerinə yetirilməsi lazım olan əməllər daxildir. Biz əvvəlcə sizin nəzərinizə hər üç gecədə yerinə yetirilməsi lazım olan əməlləri çatdıracağıq:

  1. Qüsl etmək; bu gecələrdə yerinə yetirilməsi müstəhəb olan qüsllərin digər qüsllərlə heç bir fərqi yoxdur. “Allah rizası üçün qüsl edirəm” şəklində niyyət edilir və sonra bütün bədən yuyulur. Əllamə Məclisi buyurmuşdur: “Məğrib (şam) namazı qüsllə qılınsın deyə bu qüslü Günəşin batdığı vaxt (Günəş batdıqdan dərhal sonra) vermək daha fəzilətlidir”.
  2. Bu üç gecəni əhya etmək, yəni oyaq qalıb sübhə kimi ibadət etmək;
  3. Aşağıdakı duanı oxumaq;

أَللّهُمَّ إِنِّى أَمْسَيْتُ لَكَ عَبْداً دَاخِراً لاَ أَمْلِكُ لِنَفْسِى نَفْعاً وَ لاَ ضَرّاً وَ لاَ أَصْرِفُ عَنْهَا سُوءً أَشْهَدُ بِذٰلِكَ عَلىٰ نَفْسِى وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِى وَ قِلَّةِ حِيلَتِى فَصَلِّ عَلىٰ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِى مَا وَعَدْتَنِى وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِى هٰذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَىَّ مَا آتَيْتَنِى فَإِنِّى عَبْدُكَ الْمِسكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ . أَللّهُمَّ لاَ تَجْعَلْنِى نَاسِياً لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِى وَ لاَ غافِلاً لِإِحْسانِكَ فِيمَا أَعْطَيْتَنِى وَ لاَ آيِساً مِنْ إِجابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّى فِى سَرَّاءَ كُنْتُ أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاَءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ إِنَّكَ سَمِيعُ الدُّعَاء

Tərcümə: “Ey Allahım, özü üçün nə bir xeyir, nə bir zərər sahibi ola bilməyən və özündən heç bir pisliyi uzaqlaşdırma bacarığına sahib olmayan zəlil bir bəndə olaraq Sənin rizan üçün axşama çıxdım. Mən nəfsimdə bunun olduğuna şəhadət verir və Sənin qarşında gücümün zəifliyini və bacarığımın azlığını etiraf edirəm. Elə isə Allahım, Həzrət Mühəmməd və onun Alinə salam və salavat göndər, mənə və bütün mömin kişilərə və qadınlara vəd verdiyin məğfirəti (yəni bağışlanmanı) bu gecədə həyata keçir və mənə verdiyin nemətlərini tamamla! Həqiqətən, mən Sənin miskin, zəlil, zəif, fəqir və xar olmuş bir bəndənəm. Ey Allahım, istər geciksin, istər gecikməsin, istər naz-nemət içində olum, istər pis gündə, istər çətinlikdə olum, istər bolluq içində, istər sağlam olum, istərsə də bəla içində olum, mənə yaxşılıq etdiyin şeylərdə Səni yada salmaqda məni yaddaşsızlardan və əta etdiyin şeylərdə Sənin yaxşılığını unudanlardan etmə! Və duanı qəbul edəcəyindən məni naümid etmə! Həqiqətən, Sən duanı eşidirsən!”

Bu duanı Kəf’əmi İmam Zeynəlabidindən rəvayət etmişdir. İmam bu duanı ayaqüstə olduqda, oturduqda, rükuda və səcdədə oxuyardı. Mərhum Əllamə Məclisi buyurmuşdur: “Bu üç gecədə istiğfar etmək, yəni Allahdan bağışlanmaq istəmək, özün və həyatda olan və vəfat etmiş valideynlər, qohum-əqrəbalar və mömin qardaşlar üçün dünya və axirət istəklərinin həyata keçməsi üçün dua etmək, zikr demək və gücün çatdığın qədər Mühəmməd və onun Alinə salavat göndərmək ən fəzilətli əməllərdən hesab olunur. Bəzi hədislərdə bu üç gecədə “Couşəni-kəbir” duasının oxunmasının müstəhəb olduğu qeyd olunmuşdur”.

İndi isə hər bir gecəyə məxsus olan əməlləri sizin nəzərinizə çatdırırıq:

19-CU GECƏNİN ƏMƏLLƏRİ 

(1-ci Əhya gecəsinin əməlləri) 

  1. Yüz dəfə “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” (“Rəbbim olan Allahdan bağışlanmağımı istəyirəm və Ona doğru qayıdıram!”), – demək.
  2. Aşağıdakı duanı oxumaq:

يَا ذَا الَّذِى كَانَ قَبْلَ كُلِّ شَىْءٍ ثُمَّ خَلَقَ كُلَّ شَىْءٍ ثُمَّ يَبْقىٰ وَ يَفْنىٰ كُلُّ شَىْءٍ يَا ذَا الَّذِى لَيْسَ كَمِثْلِهِ شَىْءٌ وَ يَا ذَا الَّذِى لَيْسَ فِى السَّمَاوَاتِ الْعُلىٰ وَ لاَ فِى الأَرَضِينَ السُّفْلىٰ وَ لاَ فَوْقَهُنَّ وَ لاَ تَحْتَهُنَّ وَ لاَ بَيْنَهُنَّ إِلٰهٌ يُعْبَدُ غَيْرُهُ. لَكَ الْحَمْدُ حَمْداً لاَ يَقْوىٰ عَلىٰ إِحْصَائِهِ إِلاَّ أَنْتَ فَصَلِّ عَلىٰ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلاةً لاَ يَقْوىٰ عَلىٰ إِحْصَائِها إِلاَّ أَنْتَ

Tərcümə: “Ey hər bir şeydən əvvəl var olub, sonra hər bir şeyi yaradan və sonra hər bir şey məhv olduqdan sonra baqi qalan Allah! Ey heç bir bənzəri olmayan! Ey uca göylər və alçaq yerlərdə və onların üstündə, altında və arasında Ondan başqa ibadət olunmayan İlah! Sənin Özündən başqa heç kimin saya bilmədiyi həmdlərin hamısı yalnız Sənə məxsusdur! Elə isə Mühəmməd və onun Əhli-Beytinə Səndən başqa heç kimin saya bilmədiyi salavat və rəhmət göndər!”

  1. Aşağıdakı duanı oxumaq:

أَللّـهُمَّ اْجْعَلْ فِيـمَا تَقْضِى وَ تُقَدِّرُ مِنَ الاَمْرِ الْمَحْتُومِ وَ فِيـمَا تَفْرُقُ مِنَ الاَمْرِ الْحَكيمِ فِى لَيْلَةِ الْقَدْرِ وَ فِى الْقَضَاءِ الَّذِى لاَ يُرَدُّ وَ لاَ يُبَدَّلْ أَنْ تَكْتُبَنِى مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمُ الْمَشْكُورِ سَعْيُهُمُ الْمَغْفُورِ ذُنُوبُهُمُ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيـمَا تَقْضِى وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِى وَ تُوَسِّعَ عَلَيَّ فِى رِزْقِى وَ تَفْعَلَ بِى كَذَا وَ كَذَا

Tərcümə: “Allahım, hökm və təqdir etdiyin mütləqləşmiş və qəti işdə, Qədr gecəsində hökm etdiyin hər bir hikmətli işdə və rədd edilməsi və dəyişdirilməsi mümkün olmayan hökmdə məni Sənin möhtərəm evini ziyarət edən və ziyarətləri riya və göstərişdən uzaq olan, səy və cəhdləri qədir-qiymətli olan, günahları bağışlanan və pisliklərinin üzəri örtülən hacılardan yaz! Və hökm və təqdir etdiyin şeydə mənim ömrümü uzadıb ruzimi bol et və mənim bu, bu …. (burada istəklər və hacətlər deyilir) istəklərimi və hacətlərimi qəbul et!”