RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

“BÖYÜK QEYBƏT DÖVRÜNDƏ BİZİM MƏSULİYYƏTİMİZ” XÜTBƏSİNDƏN  

(m. 05.12.1998)  

Həqiqətə yaxınlaşmaq üçün bu zamanda özümüzü Əhli-Beytin metoduna uyğun olan İslama tabe etməliyik. Əhli-Beytin yolu və metodu Allahın Kitabı və Peyğəmbərin Sünnəsindədir. Buna görə də, Əhli-Beytin İslamdan savayı, başqa bir artıq xüsusiyyəti yoxdur. Çünki onlar bütünlükdə İslama qucaq açmış, nə ona bir şey artırmış, nə də ondan bir şey azaltmışlar. Ona görə ki, Allahın Kitabı və Peyğəmbərin Sünnəsində mövcud olan İslam həmin ilahi kəlamdır. Biz də yaxşı bilirik ki, Peyğəmbər (s) ona nə bir hərf əlavə etmiş, nə də ondan bir hərf belə azaltmışdır.

* * *

Gərək hamımız Quranla yaşayaq, onu oxuyaq, onun üzərində dərindən düşünək və ona əməl edək. Gərək Quranı mədəni, siyasi, iqtisadi, ictimai və hərbi həyatımızın yolgöstəricisi qərar verək. Çünki bütün əsas və mühüm yolgöstəricilər Qurandadır. İtrətə (Əhli-Beyt imamlarına) tabe olaq. Ona görə ki, onlar Allahın Kitabına və Peyğəmbərə (s) tamamilə tabe olmuşlar. Onların yanında olan hər bir şey Peyğəmbərin (s) yanında olanlardan ibarətdir. Onların sözləri Peyğəmbərin sözləridir. Onların sirəsi, yəni həyat tərzi Peyğəmbərin (s) sirəsidir. Buna görə də itrəti və onların bizim üçün qoyduqları elmi və əməli irsi araşdırmalı və diqqətlə mütaliə etməliyik.

* * *

Əzizlərim, mən belə güman edirəm ki, hidayət imamlarının müsibətlərində ağlamağımıza və şad günlərində şadlanmağımıza baxmayaraq, hələ də indiyə qədər Əhli-Beytin sirrini başa düşə bilməmişik. Hətta onların tərbiyə metodlarını, siyasi-əxlaqi xətlərini və təkidlə tövsiyə etdikləri dəyərləri tam şəkildə dərk edə bilməmişik. Biz məsuliyyətlə Əhli-Beyt yolunda addımlamaq əvəzinə yalnız onlar üçün göz yaşı tökmüş, bayramlarda onlar üçün şadlanmış və onları ancaq öz düçüncə və fikirlərimizdə yad etməklə məhdudlaşdırmışıq.

* * *

Hal-hazırda bizim məqsəd və fəaliyyətimizi əks etdirən bir proqramımız vardır. Biz ilk növbədə öz üzərimizdə çalışmalıyıq. Yəni nəfsimizi islah etməklə məşğul olmalıyıq ki, öz qəlbimiz, idrakımız, varlığımız və hərəkətlərimizi əməl və vərə’ (şübhəli işlərdən çəkinmək) üzərində bina edək. Ondan sonra Allaha doğru dəvət edən dəvətçilər olmaq üçün bu istiqamətdə lazımi işlər görməliyik. İslam dinini başa düşməli və islami cəmiyyəti kafirlərin sapdırmasından və hərəkətlərindən qorumaq üçün həmin cəmiyyətin daxilində xalqı İslam dininə dəvət etməliyik. Hətta islami cəmiyyətdən xaricdə də xalqı İslama dəvət etməliyik. Çünki hal-hazırda əgər İslam dini düzgün çatdırılsa, onun məfhumları və İslamın güclü cəhətləri bəyan olunsa və biz özümüz də yaxşı bir nümunə olsaq, çox adamın İslam dininə yönəlməsi və onu qəbul etməsi mümkün olar.

* * *

İslami cəmiyyətin içində əmrun bil-məruf və nəhyun ənil-münkər vəzifəsini icra etməklə İslam dininə doğru dəvət etmək və islami cəmiyyətin xaricində xalqı İslam dininə dəvət etməklə İslamı yaymaq hər bir müsəlman üçün həyati bir məsələdir. Çünki ilahi iradəyə uyğun olaraq İslam həyat dinidir və dünya bu dinlə sona çatacaqdır. … Buna görə də, yaxşı İslam təbliğçiləri ola bilmək üçün elmi bacarığımızı artırmalı, bilik və savadımızı daim inkişaf etdirməliyik. İslam yolunda hərəkət etmək budur. Çünki bu fərdə doğru hərəkət deyildir. Əksinə, missiya yolunda addımlamaqdır.

* * *

Allah bizdən istəyir ki, biz ədalət əsgərləri olaq və binəsiblərin xeyrinə istismarçıları rədd edək. Allah istəmir ki, binəsibləri istismarçıların istismarı altında tək buraxaq. Allah buyurur: “Sizə nə olub ki, Allah yolunda və binəsiblər uğrunda vuruşmursunuz?”[1] Binəsiblərə nicat vermək uğrunda vuruşmaq İslam dininin hədəflərindən hesab olunur. Allah bizdən istəyir ki, binəsiblərə, hətta bəzi mövzularda müsəlman olmayan binəsiblərə belə nicat vermək üçün çalışaq.

* * *

Həmçinin Allah binəsiblərdən özlərini rəzil və zəlil hesab etmələrini istəmir. Allah bu barədə buyurur: “Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: “Siz nə vəziyyətdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif kəslər idik! (Mələklər də): “Məgər Allahın torpağı geniş deyildi ki, siz də hicrət edəydiniz?” deyə soruşacaqlar. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir! Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan binəsib kişi, qadın və uşaqlar müstəsnadır. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edən və bağışlayandır!”[2]

Buna əsasən istiz’af (zəiflik və binəsiblik) halından çıxmağı və öz zəifliyini güc-qüdrət ilə əvəz edib yeni bir güclə istismarçılara qarşılıq verməyi bacaran binəsib, əgər istismarçıların hakimiyyətinin təsiri altında inhiraf (zəlalət) yoluna sürüklənərsə, onun üzrü Allahın yanında qəbul olunmayacaqdır.

* * *

Əslində həmişə qüdrətli və ya həmişə zəif olan bir insan yoxdur. Çünki zəif olan şəxs güc vasitələrini əldə edə bilərsə, sabah onun qüdrətli olması mümkündür. Əgər güclü olmağın şərtləri dəyişilsə, qüvvətli bir şəxsin zəifləməsi mümkündür. Biz əvvəldə zəif olub sonradan böyük bir qüdrət əldə etmiş bir çox millətlər tanıyırıq. Buna nümunə olaraq yəhudiləri göstərmək olar. Onlar dünyanın hər yerində pərakəndə şəkildə yaşayırdılar. Amerika və Avropa ölkələrində restoran və müəssisələrin giriş qapıları üzərində belə yazılırdı: “İtin və yəhudinin daxil olması qadağandır!”

Lakin yəhudilərin vəziyyətinə indi baxın. Artıq onlar bütün dünyada siyasi, iqtisadi, təbliğati və əmniyyəti gücü öz əllərinə almışlar. İngiltərəyə nəzər yetirin. Otuz və qırxıncı onilliklərdə İngiltərə bütün dənizlərin hakimi idi. Bəs bu gün İngiltərənin qüdrəti və gücü haradadır? Tamamilə məhv olmasa da, dördüncü dərəcəli bir gücə çevrilmişdir.

Müəllif: Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə

[1] “Nisa”, 75

[2] “Nisa”, 97, 99