ƏLLAMƏ BURQUİNİN 

“VƏLAYƏTİ-FƏQİH” (“FƏQİHİN HAKİMİYYƏTİ”) 

HAQQINDA RƏYİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! 

Mənim digər elanlarımdan biri bu barədə idi ki, onlar İslam Respublikasının Konstitusiyasında “fəqihin bütün mükəlləflər üzərində hakimiyyəti” başlığı altında fəqih üçün özlərindən bir vəlayət (hakimiyyət) təsdiq etmək istəyirdilər. Bu məsələ Allahın Kitabı və Rəsulun Sünnəsinə müxalifdir, əks mövqe tutmaqdır, bütün mükəlləfləri hüquqlarından məhrum etməkdir. Bu, eyni zamanda dini-mübini-İslama qarşı nifrətin yaranmasına səbəb olan bir növ diktatorluqdur. Çünki “Nisa” surəsinin 59-cu ayəsində ülül-əmrlə (müsəlman icmasının rəhbəri ilə) çəkişməyi icazəli hesab edən İslam dininin hüquqlarından məhrum edilmiş şəxslər kimi xalq üzərində vəlayət (hakimiyyət) yaratması necə mümkün ola bilər? Din tərəfindən yaradılmış və vəz edilmiş hakimiyyətlə çəkişmək mümkün deyildir. Əksinə, hökumət və vəlayət vali və möminlər arasında beyət və qarşılıqlı məsuliyyət yolu ilə bağlanan ikitərəfli bir müqavilədir. Buna görə də bid’ətlə mübarizə aparmaq üçün bu mövzu ilə bağlı bir çox məqalələr yazmağa başladım. Onlardan biri aşağıdakı məqalə idi ki, bəzi qəzetlərdə, o cümlədən “Azadlıq Cəbhəsi” qəzetinin 1358-ci il 12 mehr tarixli (1979-cu il 4 oktyabr, cümə axşamı günü) 278-ci sayında aşağıdakı şəkildə, əlbəttə, “Əli sevgisinə görə yox, Müaviyəyə düşmən olduqları üçün” dərc olundu. Çox təəssüflər olsun ki, mənim də məqsəd və mətləblərimi xalqa çatdırmaq üçün başqa çıxış yolum yox idi. Mən də bu bid’ətlə müxalifətin bir yerdə qeyd olunmasını və gələcək nəsillərin bu səhv nəzəriyyəni əziz İslam dini ilə əlaqələndirməmələrini istəyirdim:

ALLAHIN ADI İLƏ!

Allah-Taala Quranda buyurur:

 مَا لَكُمْ مِنْ دُونِ اللهِ مِنْ وَلِيٍّ وَ لاَ نَصِيرٍ 

Tərcümə: “Məgər sən bilmirsən ki, … sizin Allahdan başqa vəliniz (hakiminiz) və yardımçınız yoxdur?!”[1] Allahdan başqasına vəlayət (hakimiyyət) vermək küfrün və şirkin dəlilidir.

Bunlar isə iddia edirlər ki, bütün millət səğir (kiçik uşaq) və məcnundur! Quranın, bəlkə də, yüz ayəsində deyilir ki, Allahdan başqa heç kimin insan üzərində vəlayəti (hakimiyyəti) və başçılığı yoxdur. “Kəhf” surəsinin 26-cı ayəsində buyurulur:

 مَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَ لاَ يُشْرِكُ فِى حُكْمِهِ أَحَدًا

Tərcümə: “… Onların Allahdan başqa heç bir vəlisi (hakimi) yoxdur. … O, heç kəsi öz hökmünə şərik etməz!”

Həmin surənin 102-ci ayəsində buyurulur:

أَفَحَسِبَ الَّذِينَ كَفَرُوا أَنْ يَتَّخِذُوا عِبَادِى مِنْ دُونِى أَوْلِيَاءَ إِنَّا أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ نُزُلاً 

Tərcümə: “Kafirlər belə güman edirlər ki, Məni qoyub qullarımı özlərinə vəlilər edəcəklər (yəni onlara vəlayət verəcəklər)? Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq!”

“Ənam” surəsinin 14-cü ayəsində buyurulur:

قُلْ أَغَيْرَ اللهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالأَرْضِ وَ هُوَ يُطْعِمُ وَ لاَ يُطْعَمُ قُلْ إِنِّى أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ وَ لاَ تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ

Tərcümə: “De: “Mən göyləri və yeri Yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə vəlimi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və əsla müşriklərdən olma!”

Belə ayələrin olması ilə İslam Respublikasında Allahdan başqasına – istər fəqihlər olsun, istərsə də başqa şəxslər – necə vəlayət (hakimiyyət) vermək olar? Sanki bizim millətimiz bütünlüklə Qurandan və İslamdan xəbərsizdir. Əvvəli belə İslam hökumətinin sonuna vay olsun! Şirk qanunlarını İslam adı altında rəsmiləşdirmək olmaz. Bir şəxsin: “Fəqihlərin vəlayətinin (hakimiyyətinin) dəlili xəbərlər və hədislərdir?” – deməsi mümkündür. Cavab budur ki, əvvəla, açıq şəkildə “fəqihlərin vəlayəti vardır”, – deyən belə bir hədis yoxdur. Heç bir hədis kitabında da bu cür fikir qeyd olunmamışdır. “Alimlər peyğəmbərlərin varisləridirlər” kimi hədislərə söykənib zorla vəlayətlə əlaqələndirmələri mümkündür. “Bizim hədislərimizi rəvayət edənlərə müraciət edin!” kimi hədislərə də əsaslanırlar, o hədislərin belə bir dəlaləti yoxdur.

İkincisi, Qurana zidd olan heç bir xəbəri qəbul etmək olmaz. Onlar bu cür xəbərlərlə millət üçün yüzlərlə vəli və başçı qondarmaq istəyirlər. Keçmiş fəqihlərin kitablarında yazılmışdır ki, camiuş-şərait fəqihin (bütün şərtləri özündə cəmləşdirən müctəhidin) və şər’i hakimin yetim, səğir (kiçik) və dəli üzərində hamiləri olmadığı vaxt vəlayəti (hakimiyyəti) vardır. Hal-hazırda sanki bunlar iddia edirlər ki, bütün millət səğir və dəlidir, ona görə də bizim vəlayətimz və rəhbərliyimiz altında olmalıdırlar. Sabah başında əmmamə olan hər bir şəxs fəqih adı ilə millət üzərində vəlayət və rəhbərlik iddiası edəcək. Elə olduqda bir müsəlman yüz nəfər hakimə və rəhbərə itaət etməlidir. Səbəblərin vahid bir nəticə ilə uyğunlaşması və vahid məhkum üzərində hakimin çoxluğu hadisəsi baş verəcəkdir! Gizli deyildir ki, İslam dinində millətin bir nəfər saleh rəhbərə itaət etməsi vacibdir. Bir şərtlə ki, Allahın hökmünü desin. Yəni onun hökmünə yox, Allahın hökmünə itaət etmək vacibdir. İstər o rəhbər müctəhid olsun, istərsə də qeyri-müctəhid. Bu iş müctəhidə məxsus deyil, çünki sədri-İslamda (İslamın əvvəllərində) dörd əsrə qədər istilahi (fiqhi-terminoloji) mənada müctəhid mövcud olmamışdır. Biz heç ehtimal da etmirdik, yuxu və xəyallarımızda da təsəvvür yaranmazdı ki, İslam Respublikasında şirk qanunları rəsmiləşmiş olsun. Bəli, kim Allahın müqabilində Allahdan başqasını məbud, yaxud mütləq itaət olunan varlıq hesab edərsə, özü üçün bir tağutun, yaxud tağutların olduğuna qail olmuşdur. Allah:

 وَ أَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ 

(“… Onların əksəriyyəti haqqı xoşlamır”[2].) – deməsinə baxmayaraq, haqqı demək lazımdır. Musanın qövmü Firon kimi bir tağutun şərindən xilas olduqdan sonra Samiri gəlib onları buzovpərəstliyə vadar etdi. Hətta Musanın qövmü ona dedi:

 اجْعَلْ لَنَا إِلَٰهًا كَمَا لَهُمْ آلِهَةٌ

Tərcümə: “… “Bizə onların sitayiş etdikləri ilahlar kimi bir ilah düzəlt!” …”[3]

Allah Rəsulu buyurmuşdur: “Keçmiş qövmlərdə baş vermiş hadisələr mənim ümmətim arasında da baş verəcəkdir!”

Ey İran və İslam milləti! Mən özüm fəqih olmağıma baxmayaraq, İslamı qorumaqdan ötrü və sizin vəziyyətinizi başa düşdüyümdən halınıza ürəyim yandığı üçün bu yığcam, qısa məqaləni gizli şəkildə yazmışam. Çünki bizim zamanımızda şiddətli bir boğucu mühit vardır və haqqı bəyan etmək olmur. Ya İslamın adını çəkməyin, ya da İslamı bədnam etməyin. Ey İslam milləti! Allahın “Tövbə” surəsinin 31-ci ayəsində haqlarında

 اتَّخَذُوا أَحْبَارَهُمْ وَ رُهْبَانَهُمْ أَرْبَابًا مِنْ دُونِ اللهِ  سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ

(“ Onlar Allahı qoyub əhbarlarını (yəhudi din alimləri) və rahiblərini … özlərinə rəblər etdilər. … Allah hər cür eyib və naqislikdən uzaqdır! Ona şərik qoşulanlarla heç bir əlaqəsi yoxdur!”) buyurduğu şəxslərdən olmayın!

 إِنْ أُرِيدُ إِلاَّ الإِصْلاَحَ مَا اسْتَطَعْتُ وَ مَا تَوْفِيقِى إِلاَّ بِاللهِ عَلَيْهِ تَوَكَّلْتُ

Tərcümə: “… Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyi sayəsindədir. Mən yalnız Ona təvəkkül etdim. …”[4]

Hidayətə tabe olana salam olsun! 

“Faciəli günlər” kitabından, s. 153-155

Mütərcim: Xəyyam Qurbanzadə Hacıqabuli

[1]  “Bəqərə”, 107

[2] “Muminun”, 70

[3] “Ə’raf”, 138

[4] “Hud”, 88