RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
ALTINCI DƏRS
Fitrə zəkatına möhtac şəxslərin xüsusiyyətləri və şərtləri
Fitrə zəkatına möhtac olan şəxsdə (yəni fəqir və miskində) aşağıda deyilən xüsusiyyətlərin və şərtlərin olması lazımdır:
- Müsəlman olmalıdır; buna görə də kafir fəqirə və miskinə fitrə zəkatı verilməməlidir.
- Günah əhli olmamalıdır; bununla bütün günahları tərk edən şəxs (adil şəxs) nəzərdə tutulmur. Mühüm olan budur ki, fitrə zəkatını qumar oynamağa, şərab içməyə və digər bu kimi günahlara xərcləyəcəyi bilinməməlidir. Yəni malın günaha xərclənməsi barəsində yəqinlik olmasa, kifayətdir. Çünki belə olduqda fitrə zəkatının ona verilməsi günah etməkdə ona yardım etmək hesab olunur. Vacib ehtiyata əsasən zəkata möhtac olan şəxs (yəni zəkatı alan şəxs) şərab içən, günahı açıq şəkildə yerinə yetirən və binamaz şəxs olmamalıdır.
- Xərci (nəfəqəsi) fitrə zəkatı verən şəxsə vacib olan şəxs olmamalıdır; buna görə də mükəlləf öz fitrəsini valideynlərinə, nə qədər yuxarı qalxarsa, babalarına və nənələrinə – istər ata tərəfdən olsun, istərsə də ana tərəfdən –, oğul və qız övladlarına, oğlan və qız nəvələrinə, daimi həyat yoldaşına verə bilməz.
Sual: Fitrə zəkatının qardaşa, bacıya, əmiyə, bibiyə, dayıya, xalaya və onların övladlarına verilməsi icazəlidirmi?
Cavab: Qardaş, bacı, əmi, bibi, dayı, xala və onların övladları kimi qohumların xərclərinin (nəfəqələrinin) verilməsi haqqı sübuta yetmədiyinə görə həmin şəxslərə fitrə zəkatı vermək icazəlidir. Hər bir halda nəfəqəsi (dolanacaq xərci) zəkat verən şəxsə vacib olmayan ehtiyac sahibi qohum və yaxın adam övladır (daha üstündür) və fitrə zəkatının ona verilməsi müstəhəbdir.
Sonra qonşu gəlir. Hədisdə buyurulur: “Fitrə zəkatını qonşunun almağa daha çox haqqı vardır! …”[1]
Sual: Mükəlləf müvəqqəti həyat yoldaşına (siğəsinə) fitrə zəkatı verə bilər?
Cavab: Müvəqqəti həyat yoldaşının gündəlik xərcini (nəfəqəsini) vermək ərə vacib olmadığına görə ərin ona fitrə zəkatı verməsi caizdir (icazəlidir).
Sual: Əgər ər fəqir və daimi, yaxud müvəqqəti zövcə (arvad) zəngin olsa, öz fitrəsini ərinə verməsi icazəlidirmi?
Cavab: Həmin maldan onun özünə (yəni arvada) xərcləmək məqsədi ilə olsa da, zəngin arvadın – istər daimi arvad olsun, istərsə də müvəqqəti arvad – öz fitrə zakatını fəqir ərinə verməsi icazəlidir.
- Ənənəvi fiqhə görə zəkatı verən qeyri-seyiddirsə, zəkatı alan şəxs seyid olmamalıdır. Seyid (Haşimi) o şəxsdir ki, Peyğəmbərin babalarından olan Haşimə mənsubdur. Lakin Quran fəqihi Əllamə Mühəmməd Sadiqi Tehraniyə görə qeyri-seyidin (yəni seyid olmayan şəxsin) fitrə zəkatı seyidə halaldır. Yəni fəqir, yaxud miskin seyid qeyri-seyiddən fitrə zəkatı ala bilər.
Əllamə Tehrani “Yeni tovzihul-məsail” adlı risaləsində bu barədə belə yazır: “… Zəkat payı (həmçinin fitrə zəkatı – X. Q.) qeyri-seyidlərin inhisarında deyildir. Zəkat almaq yalnız Peyğəmbərə (s) və məsum imamlara (ə) haramdır. Xümsün ikinci üç hissəsinin[2] qeyri-seyidə verilməsi icazəli olduğu kimi, zəkatı da seyidlərə verə bilərik. “Zəkat insanların əlində olan malın çirklərindəndir” rəvayətinin özü insanların əlində olan qondarılmış çirklərdən hesab olunur. Çünki zəkat da xümsün verildiyi həmin mallardan verilir. Bəlkə, doqquz xəyali mövzular nöqteyi-nəzərindən zəkat xümsdən də daha pakizədir. Görəsən, nə baş vermişdir ki, xüms bütünlüklə pak və pakizə, zəkat isə napak və çirkindir?!
Beləcə, bu nə kələkötür və zalımanə bir bölgüdür ki, çirkin, kəsif və az mallar qeyri-seyidlərə, pak, pakizə və çox mallar isə seyidlərə ayrılmış olur?! Halbuki bir çox seyid olmayan şəxslər bir çox seyidlərdən daha çox pak və təmizdirlər. …
Bu prinsipə əsasən nə xümsün ikinci yarısı seyidlərə, nə də zəkat qeyri-seyidlərə məxsusdur. Əksinə, xüms və zəkatın mövzusu xüms və zəkat ayəsində qeyd olunmuş bütün şəxslərdən ibarətdir. Böyük Peyğəmbər (s) yer üzünün bütün mallarının xümsünün yarısını övladlarına, özü də atalarına mənsub olan övladlarına[3] ayırmaqdan və zəkatı da bu keyfiyyətlə bütün qeyri-seyidlərin inhisarına salmaqdan çox uca və çox mehribandır. …”[4]
Bu fikirlərə əsasən qeyri-seyidin fitrə zəkatı seyidə halaldır və seyid olan şəxsin qeyri-seyiddən fitrə zəkatı alması icazəlidir. Bu rəy ən gözəl və dəlili ən qüvvətli bir rəy olduğuna görə “… (“Ya Peyğəmbər!”) Bəndələrimə müjdə ver! O kəslərə ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. …”[5] ayəsinə əsasən təqlid etdiyi müctəhidin kimliyindən asılı olmayaraq hər bir şəxsin ənənəvi fiqhdə olan yuxarıda qeyd etdiyimiz fitvanı tərk edib bu fitvaya əməl etməsi vacibdir, vəssalam!
Sual: Fitrə zəkatı verərkən başqa hansı şəxslərə üstünlük vermək və onları önə çəkmək müstəhəbdir?
Cavab: Yuxarıda qeyd olunan şəxslərlə (yəni qohumlar və qonşularla) yanaşı din uğrunda hicrət etmiş (vətəni tərk etmiş) şəxsləri, dərin düşüncə və ağıl sahiblərini və dilənçilik etməyən şəxsi dilənçilik edən şəxsdən önə çəkmək müstəhəbdir.
Diqqət: Fitrə zəkatı vermək ibadət olduğu üçün onu Allah rizası üçün vermək lazımdır. Niyyətin forması belədir: “Bu malı Allah rizası üçün fitrə zəkatı olaraq verirəm”.
Tərtibatçı: Xəyyam Qurbanzadə
[1] “Mən la yəhzuruhul-fəqih”, “Babul-fitrə”, h. 16
[2] Buna ənənəvi fiqhdə seyidmalı deyilir.
[3] Yəni ata vasitəsilə Peyğəmbərə (s) gedib çatan övladlarına
[4] 379-cu məsələ, s. 214, 215
[5] “Zümər”, 17,18