RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
BEŞİNCİ DƏRS
Fitrə zəkatının xərclənməsi
Sual: Fitrə zəkatını övlada vermək icazəlidirmi?
Cavab: Mükəlləfin öz fitrəsini valideyn və övlad kimi nəfəqələrini verməsi vacib olan şəxsə verməsi icazəli deyil (yəni mükəlləf öz fitrəsini valideynlərinə və övladlarına verə bilməz. Çünki onların nəfəqələrinin verilməsi mükəlləfə vacibdir). Bəli, əgər vəziyyət belə olsa ki, fitrə zəkatı verən şəxs ailənin başçısı (himayədarı) olsa və yalnız öz fitrəsinə sahib olsa (yəni əlində yalnız öz tərəfindən zəkat çıxaracaq miqdardan artıq pul olmasa), fitrə zəkatını ailə üzvləri arasında fırlatması icazəlidir. Vacib ehtiyata əsasən sonuncu ailə üzvü onu (yəni fitrə zəkatını) ailədən kənar bir fəqirə sədəqə olaraq verməlidir.
Sual: Biz qürbətdə yaşayırıq. Fitrə zəkatını yığıb Livanın fəqirlərinə verilsin deyə oraya göndərməyimiz caizdirmi?
Cavab: Yaşadığınız şəhərdə, yaxud qəsəbədə zəkata möhtac şəxslər vardırsa, zəkatı orada vermək vacibdir. Fitrə zəkatını yaşadığın dövlətin özündə başqa bir şəhərə, yaxud, ümumiyyətlə, başqa bir dövlətə göndərmək vacib ehtiyata əsasən caiz deyil. Lakin mükəlləfin yaşadığı ölkədə zəkatın sərf edilməsi üçün möhtac bir şəxsin olmaması istisnadır. Bu vəziyyətdə fitrə zəkatını Livana, yaxud başqa bir yerə göndərmək səhihdir (doğrudur).
Sual: Möminlərin verdiyi fitrə zəkatını müəyyən bir qutunun içinə yığıb, yəni bir yerə toplayıb sonra fəqirlər arasında paylamaq olarmı?
Cavab: Zəkata möhtac olan şəxslər barəsindəki mötəbər olan şərtlərə riayət etməklə bu icazəlidir.
Sual: Fitrə zəkatını bir neçə xeyriyyə təşkilatından yardım alan və yalnız tibb bacısı işləyən qızının hesabına yaşayan dul qadına vermək olarmı?
Cavab: Fitrə zəkatı yalnız onun müstəhəqqinə (yəni ona möhtac olan şəxsə) verilməlidir. İllik qüvvəyə (azuqəyə) sahib olmayan fəqir də zəkatın müstəhəqqi, yəni ona möhtac olan şəxs hesab olunur. Əgər dul qadın və qoca bu hesabla fəqir hesab olunarlarsa, fitrə zəkatından onlara vermək icazəlidir. Əks halda yox!
Sual: Fəqirə çatdırmaq üçün məntəqəmizdə mövcud olan xeyriyyə fonduna fitrə zəkatını təslim etmək olarmı?
Cavab: Əgər fonda cavabdeh şəxs siqə (etimadlı və etibarlı) biridirsə, bu icazəlidir. Bununla yanaşı verilən pulun fitrə zəkatı olduğu da müəyyənləşdirilməlidir ki, o, öz yerində xərclənsin.
Sual: Fitrə necə paylaşdırılmalıdır? Məsələn, bir şəxsin fitrə zəkatının bir neçə fəqirə verilməsi icazəlidirmi?
Cavab: Fitrə zəkatı fəqirlər və digər ehtiyacı olan şəxslər arasında paylaşdırılmalıdır. Bir neçə şəxsin fitrə zəkatının bir fəqirə, yaxud bir şəxsin fitrə zəkatının da bir neçə fəqirə verilməsi icazəlidir.
Sual: Fitrə zəkatından 200 avro (€) toplamışıq. Bizdə Hollandiyada fitrə zəkatına möhtac fəqirlər yoxdur. Bu məbləği maliyyə sıxıntısı çəkən İslam mərkəzinin xərclərini ödəmək üçün sərf etməyimiz icazəlidirmi?
Cavab: Bu icazəlidir, çünki fitrə zəkatının xərclənməsi fəqirlərlə məhdudlaşmır. Onu müxtəlif xeyriyyə istiqamətlərində xərcləmək olar. Məsələn, təbliğat və dəvət mərkəzlərinə vermək, təbliğatçıları maliyyələşdirmək, islami kitabların çapına, xəstəxanaların və körpülərin tikilməsinə, yolların çəkilməsinə və s. xərcləmək olar.
Sual: Fitrə zəkatını Avropa valyutası ilə yığmışıq. Onu həmin valyuta ilə vermək vacibdir, yoxsa eyni dəyərdə istənilən valyuta ilə ödəyə bilərik?
Cavab: Fitrənin fəqirə çatdırılması zamanı fəqirin dəyərdəki məsləhətinə riayət etməklə istənilən valyuta ilə ödəmək olar.
Sual: İrakda ailəmizin yanında əmanət olaraq İrak dinarları vardır. Fitrə zəkatımızı o dinarlardan çıxarmağımız səhihdirmi? Zəkatın dəyəri İrakdakı valyutanın dəyərilə hesablanır, yoxsa Avropada yaşadığımız yerin dəyəri ilə?
Cavab: Bayram günü olduğunuz ölkənin dəyərini hesablamaqla öz ölkənizdəki valyuta ilə ödəyə bilərsiniz.
Sual: Atanın fitrə zəkatını gəlininə (oğlunun zövcəsinə) və nəvəsinə verməsi caizdirmi?
Cavab: Atanın oğlunun dul arvadına fitrə zəkatı verməsi icazəlidir. Oğlunun oğluna (nəvəsinə) isə fitrə zəkatı verməsi icazəli deyil, çünki nəvəsinin nəfəqəsini verməsi vacibdir.
Sual: Mən qeyri-islami bir ölkədə yaşadığım üçün atamın mənim yerimə fitrə zəkatı verməsi icazəlidirmi? Çünki burada fitrə zəkatını yığmaq üçün bir mərkəz yoxdur. Mən də burada zəkata möhtac olan şəxsin olub-olmaması haqqında heç bir məlumata malik deyiləm.
Cavab: Əgər orada (yəni atanın yaşadığı ölkədə) sənin malın vardırsa, atanı öz şəhərində sənin yerinə zəkat çıxarmaq üçün vəkil təyin etməyin, yaxud da sonra borcu ödəməyin şərti ilə atanın sənin üçün borca girməyə zamin olması və onu sənin əvəzinə verməsi icazəlidir. Hər bir halda atan bunu etmək istəyərsə, özünün xüsusi malından sənin yerinə fitrə zəkatı çıxarması icazəlidir[1].
Tərtibatçı: Xəyyam Qurbanzadə
[1] Fitrə zəkatı ilə bağlı fiqhi suallar və onların cavabları Seyid Mühəmmədhüseyn Fəzlullahın “əl-Məsailül-fiqhiyyə” (“Fiqhi məsələlər”) kitabından götürülmüşdür.