RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
FİTRƏ ZƏKATI
Fitrə zəkatı müəyyən vaxtda – Fitr bayramının vaqe olduğu şəvval ayının birinci günündə hər kəs tərəfindən verilməsi vacib olan bir miqdar maldır. Bəzən ona zəkatul-əbdan (bədənin zəkatı) da deyilir. Fitrə zəkatı haqqında hədisdə deyilir: “Ailə üzvlərindən kimin yerinə fitrə zəkatı çıxarılmazsa, onun ölmək qorxusu vardır”[1]. Başqa bir hədisdə buyurulur: “Namazın tamam və kamil olması Peyğəmbərə salavat göndərməyə bağlı olduğu kimi, orucun tamam və kamil olması da fitrə zəkatının verilməsinə bağlıdır. Çünki kim oruc tutsa və fitrə zəkatını verməsə, yəni onu qəsdən tərk etsə, orucu qəbul deyildir. …”[2]
Onun barəsində çoxlu hökmlər vardır. Bu hökmlər aşağıdakılardır:
BİRİNCİ DƏRS
Fitrə zəkatı kimə vacibdir?
Sual: Fitrə zəkatının hökmləri nədir? Onun dəyəri nə qədərdir? Nə vaxt və hansı şəkildə verilir?
Cavab: Fitrə zəkatının miqdarı hər şəxsin yerinə 3 kq. təamdır (ərzaqdır). Ehtiyacı olan kasıba (fəqirə) verilir və ondan başqa bir çox xeyir işlərə xərclənir. Mükəlləf onu öz tərəfindən və ailə üzvlərinin yerinə çıxarmalıdır. Onun çıxarılma vaxtı bayram günü fəcr tülu edəndən (sübh azanından) başlayıb bayram namazı qılan şəxs üçün vacib ehtiyata əsasən bayram namazından əvvələ qədər davam edir. Əgər bayram namazı qılmayacaqsa, onun çıxarılma vaxtı zöhrdən əvvələ qədər davam edir.
Sual: Ailə başçısının vəfatından sonra ailəyə bir neçə qardaş baxırsa, fitrə zəkatını vermək kimə vacibdir?
Cavab: Ailəni himayə edənlər (yəni ailəyə baxanlar) fitrənin çıxarılmasının məsuliyyətinin daşınmasında müştərəkdirlər (yəni ailənin fitrəsini öz aralarında bölüb çıxarmalıdırlar).
Sual: Fitrə zəkatını çıxarma gücüm olduğu halda onu mənim yerimə başqa bir şəxs, məsələn atam çıxararsa, fitrə zəkatını çıxarma vəzifəsi mənim boynumdan düşür?
Cavab: Əgər sən hələ də atanın himayəsindəsənsə, bu kifayət edir və zəkatı çıxarma vəzifəsi sənin boynundan düşür.
Sual: Ataya, evdə onunla birlikdə yaşayarlarsa, onların işlədiklərini və özlərini dolandırdıqlarını bildiyi bir halda özünün evli övladlarının yerinə fitrə zəkatı çıxarması vacibdirmi?
Cavab: Onların fitrə zəkatı ataya vacib deyil, çünki onlar həqiqətdə onun ailəsi hesab olunmurlar. Onlar öz tərəflərindən və ailə üzvlərinin yerinə fitrə zəkatı çıxarmalıdırlar.
Sual: Kasıb (fəqir) şəxsin öz tərəfindən və ailəsinin yerinə Ramazan ayının fitrəsini çıxarması vacibdirmi?
Cavab: Fitrə zəkatı yalnız illik qüvvəyə (azuqəyə) sahib olan şəxsə vacibdir. Lakin fəqirin zəkat verəcək qədər yetərli pulu olarsa, öz tərəfindən və ailəsinin yerinə fitrə zəkatı çıxarması müstəhəbdir. Hətta bir şəxsin fitrə zəkatının miqdarından artıq bir mala və ya pula sahib olmayan şəxsin fitrə zəkatını ailə üzvləri arasında fırlatması müstəhəbdir. Belə ki, ata öz zəkatını öz ailə üzvlərindən birinə verir, sonra o da onu digər bir ailə üzvünə verir. Zəkat axırıncı ailə fərdinin əlinə yetişənə qədər belə davam edir. Sonuncu ailə üzvü də onu ailədən kənar müstəhəqlərdən (möhtaclardan) birinə verir.
Sual: Mən tələbəyəm, atamla yaşayıram. Atam fitrə zəkatı çıxarmır. Onu çıxarmaq mənə vacibdirmi?
Cavab: Fitrə zəkatını çıxarmağa gücün vardırsa, çıxarmağın vacibdir.
Tərtibatçı: Xəyyam Qurbanzadə
[1] “Mən la yəhzuruhul-fəqih”, “Babul-fitrə”, h. 18
[2] “Mən la yəhzuruhul-fəqih”, “Babul-fitrə”, h. 25