RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
DÖRDÜNCÜ DƏRS
Fitrə zəkatının çıxarılma/verilmə vaxtı
Sual: Fitrə zəkatının çıxarılması nə vaxt vacib olur?
Cavab: Fitrə zəkatının vaxtı bayram gününün sübhü ilə zəvalı arasındadır (yəni onun çıxarılma vaxtı bayram günü fəcr tülu edəndən (sübh azanından) başlayıb zöhr azanından əvvələ qədər davam edir). Bayram namazını qılmaq istəyən şəxs vacib ehtiyata əsasən onu bayram namazından əvvəl verməlidir. Fitrə zəkatının qabaqcadan mübarək Ramazan ayının günlərində verilməsi də icazəlidir. Lakin belə olduqda müstəhəb ehtiyata əsasən zəkat fəqirə borc kimi verilməli, sonra o fəqir üçün bayram gününün səhərinin zəkatı hesab olunmalıdır.
Sual: Sonra vermək üçün fitrənin pulunu ayırmağım icazəlidirmi?
Cavab: Kasıb (fəqir) şəxsi tapmaq və buna oxşar tutarlı bir səbəb olduğu halda fitrəni ayırıb verilməsini təxirə salmaq icazəlidir.
Sual: Bayram günü fitrə çıxarmağı unudan şəxsin hökmü nədir?
Cavab: Xatırlayanda fitrəni çıxarması vacibdir.
Sual: Uzun illər fitrə zəkatını çıxarmayan şəxsin hökmü nədir?
Cavab: Vacib ehtiyata əsasən öz üzərinə vacib olması niyyəti ilə yox, mütləq qürbət (Allaha yaxınlaşmaq) niyyətilə keçmiş illərin zəkatını çıxarmalıdır.
Sual: Mən Küveytdə yaşayıram. Fitr bayramından əvvəl Livana gəlmək niyyətim var. Fitrə zəkatını Küveytdə verməyim vacibdir, yoxsa bayram daxil olduqda onu Livanda çıxarmalıyam?
Cavab: Bayram günündən əvvəl fitrə zəkatı çıxarmağın vacib deyil, istəyərsənsə, fitrə zəkatının çıxarılmasını bayram günündən əvvələ sala bilərsən. Ramazan ayının hər hansı bir günündə onu çıxarmağın səhihdir. Lakin bayram gününün səhər vaxtı olduğun yerdə fitrə zəkatını çıxarmağın müstəhəb ehtiyatdır.
Sual: Fitrəni ayırdıqdan sonra onu dəyişdirmək olarmı?
Cavab: Əgər onu ayırsan, müəyyənləşər. Çıxarılan (verilən) vaxta qədər qorunub saxlanması lazımdır. Pul da olsa, onu dəyişdirmək caiz deyil. Belə fərz edək ki, o xərcləndi, belə olduqda əvəzi ödənməlidir.
Sual: Fitrə zəkatı necə ayrılmalıdır? Bunun üçün niyyət kifayət edir, yoxsa malı xüsusi bir məkana qoymalısan?
Cavab: Bunun üçün niyyət kifayət etməz, əksinə onu müstəhəqqə (möhtac şəxsə) vermə imkanı yaranan vaxta qədər onu həqiqətdə ayırıb bir tərəfə qoymalıdır.
Tərtibatçı: Xəyyam Qurbanzadə