RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
İKİNCİ DƏRS
Fitrə zəkatı kimin yerinə verilir?
Sual: Ailəsinə baxan (onların ehtiyaclarını təmin edən) tənha qıza öz ailəsi üçün onların yerinə fitrə zəkatı çıxarması vacibdirmi?
Cavab: Əgər ailəni o dolandırırsa, ailə üzvlərinin yerinə fitrə çıxarması vacibdir.
Sual: Bayram gecəsi (bayramdan əvvəlki günün axşamı) bəzi qonaqlara iftar qonaqlığı verən şəxs onların yerinə fitrə zəkatı verməlidirmi?
Cavab: Qonaqlar həmin şəxsin yanında gecələmədikdə, belə ki, onlar həmin şəxsin yanında qonaq olduqları bir halda sübh açılmadıqca onların yerinə fitrə zəkatı vermək həmin şəxsə vacib olmaz[1].
Sual: Cəninin (ana bətnindəki uşağın) yerinə zəkat çıxarmaq vacibdirmi?
Cavab: Cəninin yerinə fitrə zəkatı çıxarmaq vacib deyil. Bu, müstəhəbdir.
Sual: Həddi-büluğa çatmayan övladlar fitrə zəkatı çıxarmalıdırlarmı?
Cavab: Onların vəlisinin (hamisinin) onların yerinə fitrə zəkatı çıxarması vacibdir.
Sual: Evdə bizim yanımızda qalan (yaşayan) qeyri-müsəlman qulluqçunun yerinə fitrə zəkatı çıxarmaq vacibdirmi?
Cavab: Bu, vacibdir!
Sual: Hələ atasının evində yaşayan nişanlımın yerinə fitrə zəkatı çıxarmağım vacibdirmi?
Cavab: Onu dolanışıqla təmin edən atası onun yerinə fitrə zəkatı çıxarmalıdır.
Sual: Mən işləyirəm və özümü dolanışıqla təmin edirəm, lakin evli deyiləm və atamın evində qalıram. Öz xüsusi maaşımdan fitrə zəkatı çxarmağım vacibdir, yoxsa atamın mənim yerimə fitrə zəkatını çıxarması caizdir?
Cavab: Mənzil (məskən) istisna olmaqla müxtəlif işlərində öz xərcini ödəyirsənsə, atanın sənin yerinə fitrə zəkatı çıxarması vacib deyil.
Sual: Xeyriyyə cəmiyyətləri xətti ilə bir yetimə himayəçilik edirəm. Onun özünün, anasının, yaxud qardaşlarının yerinə fitrə zəkatı çıxarmağım vacibdirmi?
Cavab: Onun dolanışığını sən təmin etməyirsənsə, onun yerinə fitrə zəkatı çıxarmağın vacib deyil.
Tərtibatçı: Xəyyam Qurbanzadə
[1] Başqa bir ifadə ilə desək, bayram gecəsi iftar qonaqlığına dəvət olunan şəxslər ürfən onun qonağı hesab olunmalıdırlar. Qonaq hesab olunmaqda mühüm olan ev sahibinin yanında gecələməsidir (yəni gecə yatmasıdır). Əgər gecələməzsə, ev sahibinin yanında gecəni oyaq qalan, yaxud yemək yeyən şəxs qonaq hesab olunmur.
Əllamə Sadiqi Tehraninin fitvasına görə başqalarının fitrə zəkatının çıxarılmasına səbəb olan əsas əlamət budur ki, onlar adətən, xərcləri nöqteyi-nəzərindən sizin himayənizdə olsunlar və “dolanışığını təmin etdiyin şəxs” (“mən təulu”) rəvayətinə əsasən sizin ailəniz hesab olunsun ki, bu, heç vaxt ehtiyacı olmayan qonaqlara şamil edilmir. Bu məqamda sizin özünüzün və sizin ailə fərdlərinizin və himayənizdə olan şəxslərin fitrə zəkatının əsli sizə vacib olur, başqa heç nə dəyişmir. Əgər ehtiyacı olmayan bir şəxs bir müddət də sizin qonağınız olsa, onun fitrə zəkatını vermək sizə vacib deyildir. Əgər ehtiyacı olan bir şəxs Fitr bayramı gecəsi sizin yanınızda qonaq olsa, onun fitrə zəkatını çıxarmaq sizə vacibdir. İstər həmişəlik dolanışığını təmin etdiyiniz şəxs olsun, istərsə də olmasın. Lakin bir şərtlə ki, siz onun fitrə zəkatını çıxarma gücünə sahib olasınız. Əgər nə sizin, nə qonağınızın, yəni heç birinizin maddi gücü yoxdursa, fitrə zəkatı vermək heç birinizə vacib deyildir. Əgər dolanışığını təmin etdiyiniz şəxs Fitr bayramı gecəsi sizin qonağınız olmasa da, harada olsa, onun fitrə zəkatı yenə də sizə vacib hesab olunur. (“Yeni tovzihul-məsail” risaləsi, m. 486, s. 218)
Əllamə Qərəvinin fitvasına görə ailə üzvü hesab olunmayan şəxsin yerinə fitrə zəkatı çıxarmaq vacib deyildir və bir gecə qonaq qalan şəxs də ailə üzvü hesab olunmur. Ayətullah Seyid Bürucərdinin “Tovzihul-məsail” risaləsinin 2001-ci məsələsinin haşiyəsində belə yazır: “Bir gecə qonaq qalan şəxs ailə üzvü hesab olunmur. Ürfən onun (ev sahibinin) tərəfindən dolanışığı təmin olunan şəxs hesab olunmalıdır. Kişi və qadın qulluqçunu, xalq nəzdində (yəni ürfən) dolanışığı ev sahibi tərəfindən təmin olunan şəxslərdən hesab olunacaq qədər qalan qonağı buna misal göstərmək olar”. (“Şərhi-risalə”, s. 450)
2003-cü məsələnin haşiyəsində isə belə yazır: “Fitrə zəkatı qonağın özünə vacibdir. Çünki o, bayram gecəsi bir şəxsin qonağı olmaqla ürfən onun ailə üzvü hesab olunmur”. (“Şərhi-risalə”, s. 451)
2004-cü məsələnin haşiyəsində də belə yazır: “Vacibdir ki, qonaq özü öz fitrə zəkatını versin. Əgər qonaq onu qəbul edən ev sahibinin yanında bir müddət qalmaq istəsə, belə ki, ürfən dolanışığı ev sahibi tərəfindən təmin olunan şəxs hesab olunsa, onun fitrə zəkatını ev sahibi çıxarmalıdır. Əks təqdirdə qonağın özünün öz fitrəsini əda etməsi vacibdir”. (“Şərhi-risalə”, s. 451)