RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

ÜÇÜNCÜ DƏRS 

Fitrə zəkatının miqdarı

Sual: Fitrə zəkatının miqdarı nə qədərdir?

Cavab: Fitrə zəkatının miqdarı adam başına 3 kq. buğda, un, düyü və xurma kimi insana qüvvət verən və qida məhsulu hesab olunan ərzaqdır[1]. Bunu mömin fəqirlərə və xeyriyyə cəmiyyətlərinin, xəstəxanaların tikilməsi, körpülərin salınması, müdafiə və haqqa dəvət kimi müxtəlif xeyir işlərə və buna bənzər bir çox işlərə xərcləyə bilərsən[2].

Sual: Təamın (ərzağın) yerinə onun qiymətini pulla vermək icazəlidirmi? Onun qiyməti necə müəyyənləşdirilir?

Cavab: Təamın (ərzağın) yerinə pul da verilə bilər. Qiymət fitrə verilən və çıxarılan vaxtda mülahizə olunmalıdır. Həmçinin qiymət mükəlləfin (fitrə verənin) ölkəsində yox, fitrə çıxarılan ölkədə mülahizə olunmalıdır.

Tərtibatçı: Xəyyam Qurbanzadə

https://t.me/sabiqun

https://t.me/momin_qadinlar

 

[1] Əllamə Sadiqi Tehraninin fitvasına görə fitrə zəkatının miqdarı özünün və ailə üzvlərinin çox vaxt yedikləri qidadan 3 kq. olmaqla verilməkdən ibarətdir. Yəni daha çox düyü yeyilirsə, düyüdən, ət yeyilirsə, ətdən fitrə zəkatı verilməlidir. Nəticədə daha çox istifadə etdiyi qida məhsulundan verilməlidir. Əgər daha çox düyü, ət, çörək və s. qida məhsullarının qarışığından istifadə edilirsə, bu qarışıq qida məhsullarından 3 kq. olmaqla fitrə zəkatı verilməlidir. Əgər çox vaxt yediyi qida yoxdursa, yəni bir çox qidalar bərabər şəkildə istifadə edilirsə, həmin miqdarı nəzərdə tutmalıdır. … (“Yeni tovzihul-məsail” risaləsi, m. 487, s. 218, 219)

Əllamə Qərəvinin fitvasına görə də fitrə zəkatı verməsi vacib olan şəxs özünün və dolanışığını təmin etdiyi şəxslərin daha çox yediyi qida məhsulunun növünü nəzərə almalı və özünün fitrə zəkatını ildə daha çox yediyi həmin qida məhsulunun növündən çıxarmalıdır. Məsələn, daha çox düyü yeyən şəxslər üçün daha fəzilətli olan odur ki, bütün fitrə zəkatını, yaxud ən azı onun yarısını düyüdən versinlər, yaxud onun qiymətini nağd pulla ödəsinlər. Çünki ilahi əxlaqla və insani kamilliklərlə formalaşmış insan zəngin olduğuna görə özünü daha üstün, fəqir şəxsi isə daha aşağı və ikinci dərəcəli insan hesab etməməli, əksinə özünü fəqir şəxslə eyni cərgədə görməlidir. (“Şərhi-risalə”, s. 450)

[2] Bütün məzhəblər ittifaq etmişdir ki, fitrə zəkatına möhtac şəxslər ümumi zəkata möhtac olan həmin şəxslərdir ki, “Tövbə” surəsinin 60-cı ayəsində onlar qeyd olunmuşdur. Ayədə buyurulur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir vacib əməl olaraq ancaq yoxsullara (fəqirlərə), miskinlərə, zəkat toplayan məmurlara, ürəkləri isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, borclulara, Allah yolunda çalışanlara və yolçulara məxsusdur. Allah Biləndir, Həkimdir (hikmət sahibidir)!”