RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

Bayram gecəsinin əməlləri

Fitr bayramı gecəsi (yəni bayramdan əvvəlki günün axşamı) şərafətli və mübarək gecələrdən biridir. Bu gecəni məsciddə əhya etmək, yəni oyaq qalıb ibadət və dua ilə keçirmək müstəhəbdir. Rəvayət olunmuşdur ki, bu gecənin fəziləti heç də Qədr gecəsinin fəzilətindən az deyildir. Bayram gecəsində məğrib (şam) və işa (xoftən) namazlarından, bayram günü sübh, zöhr və əsr namazlarından və həmçinin bayram namazından sonra bu təkbirləri demək müstəhəbdir:

“Əllahu Əkbər, Əllahu Əkbər, La ilahə illəllah, vəllahu Əkbər, Əllahu Əkbər və lillahil-həmdu, əl-Həmdülillahi əla ma hədana və ləhuş-şukru əla ma əvlana”.

Tərcümə: “Allah ən böyükdür, Allah ən böyükdür, Allahdan başqa İlah yoxdur və Allah ən böyükdür, Allah ən böyükdür, bütün həmdlər Allaha məxsusdur, bizə doğru yolu göstərdiyinə görə bütün həmdlər Ona və bizə etdiyi yaxşılığa görə bütün şükürlər Ona məxsusdur”.

Fitr bayramı gününün əməlləri 

  1. Qüsl etmək. Bu qüslün yerinə yetirilməsi qaydasının digər qüsllərdən heç bir fərqi yoxdur. Fərq yalnız niyyətdədir. “Allah rizası üçün Fitr bayramı gününün qüslünü edirəm”, – şəklində niyyət edilməlidir.
  2. Gözəl paltarlar geyinmək, xoşiyli ətirlərdən vurmaq və Məkkədən qeyri yerlərdə açıq səma altında namaz qılmaq üçün səhraya getmək.

Lakin Məkkədə bayram namazının Məscidülhəramda qılınması müstəhəbdir. Bayram namazına piyada və vüqarla getmək və başa ağ əmmamə qoymaq müstəhəbdir.

Bayram namazının qılınması, özü də camaatla qılınması vacibdir. Lakin mükəlləf müəyyən bir üzrə görə camaat namazında iştirak edə bilməsə, onu xütbəsiz olaraq fərdi halda qıla bilər. Lakin camaatla qılmağa çalışmalıdır, çünki etinasızlıq edərək camaat namazında hazır olmamaq icazəli deyil və heç bir üzr olmadan camaat namazını tərk etmək layiqli bir iş deyildir.

Bayram namazı iki rükətdir ki, birinci rükətdə Həmd (Fatihə) və Surəni (hər hansı bir surə) oxuduqdan sonra üç təkbir deyilir, hər təkbirdən sonra qunut oxunur, üçüncü qunutdan sonra digər bir təkbir deyilir və rükuya gedilir. İki səcdə yerinə yetirildikdən sonra ayağa qalxılır və ikinci rükətdə Həmd və Surə oxunduqdan sonra üç təkbir deyilir, hər təkbirdən sonra qunut oxunur və üçüncü təkbirdən sonra rükuya gedilir. Rükudan sonra iki səcdə yerinə yetirilir, təşəhhüd oxunur, salam verilir və namaz tamamlanır.

Namaz qılanın birinci rükətdə “Fatihə”dən sonra “Şəms” surəsini (91-ci surə), ikinci rükətdə isə “Qaşiyə” surəsini (88-ci surə) oxuması müstəhəb ehtiyatdır.

Bayram namazının qunutunda hər hansı dua və zikr oxunsa, hətta bir dəfə “Sübhanəllah”, – deyilsə, kifayətdir. Lakin aşağıdakı duanın oxunması müstəhəbdir:

Əllahummə əhləl-kibriyai vəl-əzəməh, və əhləl-cudi vəl-cəbərut, və əhləl-əfvi vər-rəhməh, və əhlət-təqva vəl-məğfirəh, əs’əlukə fi hazəl-yavmil-ləzi cəəltəhu lilmüsliminə eydən və liMühəmmədin səlləllahu əleyhi və alihi və səlləmə zuxrən və məzidən ən tusəliyyə əla Mühəmmədin və Ali-Mühəmmədin kəəfzəli ma səlləytə əla əbdin min ibadikə və salli əla məlaikətikə və rusulikə vəğfir lilmumininə vəl-muminat vəl-müsliminə vəl-müslimatil-əhyai minhum vəl-əmvat! Əllahummə inni əs’əlukə xayrə ma səələkə ibadukəs-salihun və əuzu bikə min şərri məstəazə bikə minhu ibadukəl-muxləsun”.

Tərcümə: “Ey böyük, əzəmətli, comərd, bağışlayan, rəhimli və qorxulmağa layiqli olan Allahım! Müsəlmanlar üçün bayram, Mühəmməd üçün nemət, şərəf və məqam qərar verdiyin bu gündə Mühəmməd və Ali-Mühəmmədə bəndələrindən bir bəndənə göndərdiyin rəhmətindən daha fəzilətli rəhmət göndərməyini istəyirəm. Allahım, mələklərinə, peyğəmbərlərinə rəhmət göndər və mömin və müsəlman kişi və qadınlardan diriləri və ölüləri bağışla! Ey Allahım, mən Səndən saleh qullarının Səndən istədiyi diləyin ən xeyirlisini istəyir və müxləs (ixlasa çatmış) qullarının ondan Sənə sığındıqları şeyin şərindən Sənə sığınıram!”

Bayram namazı camaatla qılındıqda imam namazdan sonra cümə namazının xütbəsində olduğu kimi yüngül oturuşla bir-birindən ayrılmış iki xütbə oxumalıdır. İmam xütbədə ilahi təqvadan danışmalı, xalqı ədalətə, yaxşılıq etməyə, insanlar arasında islaha, cəmiyyətin ümumi problemlərinin həll olunmasına və bu kimi yaxşı işlər görməyə dəvət etməlidir.

Əgər kimsə bayram namazını imamın arxa tərəfində dayanaraq qılarsa, “Fatihə”ni və ondan sonra oxunması lazım olan surəni oxumamalıdır. Digər şeylər isə öz yerində qalır.

Bayram namazında azan və iqamə yoxdur. Müəzzinin bayram namazı üçün üç dəfə “əs-Səlah” deməsi müstəhəbdir.

Bayram namazının vaxtı Günəş çıxdığı andan zöhrə qədərdir. Əgər həmin vaxt qılınmasa, bundan sonra qəzası yoxdur.

Bayram namazını qılarkən yerə (yəni torpağa, türbət və möhür üzərinə yox) səcdə etmək, onun qiraətini yüksək səslə oxumaq və təkbir deyərkən əlləri yuxarı qaldırmaq onun müstəhəb ədəblərindən hesab olunur.

  1. Günün əvvəlində namazdan qabaq bir şey yemək. Xurma, yaxud şirin bir şey yemək daha yaxşıdır.