IV. FİTRƏ ZƏKATI
“Bədənin zəkatı” da deyilən fitrə zəkatı haqqında aşağıdakı mövzular müzakirə olunacaqdır:
– Fitrə zəkatı kimə vacibdir;
– Fitrə zəkatı kimin yerinə verilir (çıxarılır);
– Fitrə zəkatının miqdarı;
– Fitrənin verilmə vaxtı;
– Fitrə zəkatına möhtac olan şəxs.
1. Fitrə zəkatını verməklə mükəlləf olan şəxs
(fitrə kimə vacibdir)
Dörd məzhəb demişdir: Fitrə zəkatı onu verə bilmə gücünə (qüdrətinə) sahib olan şəxsə vacibdir. İstər böyük olsun, istərsə də kiçik. Uşağın və dəlinin malından fitrə zəkatı çıxarmağı vəlinin öz öhdəsinə götürməsi və onu fəqirlərə verməsi vacibdir.
Hənəfilərə görə fitrə zəkatını verə bilmə gücünə (qüdrətinə) sahib olan şəxs o şəxsdir ki, əsas ehtiyaclarından (həvaici-əsliyyədən) artıq olaraq zəkat nisabına (senzinə), yaxud onun qiymətinə sahib olsun[1].
Şafii, maliki və hənbəli məzhəbləri deyirlər: Fitrə zəkatını verə bilmə gücünə (qüdrətinə) sahib olan şəxs o şəxsdir ki, möhtac olduğu ev, paltar və zəruri avadanlıqlar istisna olmaqla bayram günü və onun gecəsində özünün və ailəsinin azuqəsindən artıq olan bir şeyə sahib olsun. Malikilər əlavə etmişlər ki, borc ala bilən bir şəxs onu qaytara biləcəyinə ümid edərsə, fitrə zəkatını verə bilmə gücünə (qüdrətinə) sahib olan şəxs hesab olunur.
On iki imamçı şiə məzhəbi demişdir: Fitrə zəkatının vacib olması üçün həddi-büluğa çatmaq, ağıllı və zəngin olmaq şərtdir. Uşağın və dəlinin fitrə zəkatı verməsi vacib deyildir, çünki hədisdə buyurulur: “Üç şəxsdən mükəlləfiyyət götürülmüşdür: möhtəlim olana (sperma xaric olana) qədər uşaq, ağlı üstünə gələnə qədər dəli, oyanana qədər yatmış şəxs”. On iki imamçı şiə məzhəbinə görə zəngin şəxs o şəxsdir ki, kamilən (bil-fel), yaxud tədricən (bil-qüvvə) özü və ailəsi üçün illik qüvvəyə (xərcə) sahib olsun. Belə ki, istifadə edə biləcəyi bir şeyi olmalı, yaxud qazanc əldə edə biləcəyi sənəti olmalıdır.
Hənəfilər demişlər: Mükəlləfin öz tərəfindən, kiçik övladının, xidmətçisinin və dəlidirsə, böyük övladının yerinə fitrə zəkatı çıxarması vacibdir. Əgər ağıllı olarsa, onun atasına vacib deyildir. Həmçinin ərə öz arvadının yerinə fitrə zəkatı çıxarması vacib deyildir.
Hənbəlilər və şafiilər demişlər: Fitrə zəkatını öz tərəfindən və arvad, ata və oğul kimi nəfəqəsi ona vacib olan şəxslərin yerinə çıxarması vacibdir.
Malikilər demişdir: Öz tərəfindən və nəfəqəsini verdiyi şəxslərin yerinə fitrə zəkatı çıxarması vacibdir. Onlar fəqir valideynlər, həddi-büluğa çatana və pul qazanma gücü əldə edənə qədər malı olmayan oğlan övladlar, ər onlara düxul edənə qədər özünün fəqir qızlarından və arvaddan ibarətdir.
On iki imamçı şiə məzhəbi demişdir: Mükəlləfin öz tərəfindən və nəfəqəsi vacib olan və ondan başqası arasında, kiçik və böyük arasında, müsəlman və qeyri-müsəlman arasında, yaxın və uzaq qohum arasında heç bir fərq olmadan Fitr bayramının gecəsi daxil olduqda xərcini təmin etdiyi (yəni onun çörəyini yeyən) hər bir şəxsin yerinə fitrə zəkatı çıxarması vacibdir. Hətta şəvval hilalı daxil olmamışdan bir neçə an əvvəl onun yanına qonaq gəlsə və bu gecə onun ailə üzvü hesab olunsa, onun yerinə də fitrə zəkatı çıxarmaq vacibdir[2]. Həmçinin Fitr bayramı gecəsi Günəş batmamışdan əvvəl, yaxud ona müqarin olaraq (Günəşin batışı ilə eyni zamanda) onun övladı olsa, yaxud bir qadınla evlənsə, onların yerinə də fitrə zəkatı vermək vacibdir. Lakin uşağın dünyaya gəlməsi, yaxud evlənmək, yaxud qonağın gəlməsi Günəşin batmasından sonra baş verərsə, onların yerinə fitrə zəkatı çıxarmaq vacib deyildir. Fitrəsi başqası tərəfindən verilməsi vacib olan hər bir şəxsin boynundan zəngin olsa da, öz tərəfindən fitrə zəkatının çıxarılması vəzifəsi düşür.
2. Fitrə zəkatının miqdarı
Bütün məzhəblər ittifaq etmişdir ki, vacib miqdar hər bir şəxsin yerinə bir sa’ buğda, yaxud arpa, yaxud quru xurma, yaxud kişmiş, yaxud düyü, yaxud qarğıdalı və bunun kimi əksər hallarda yemək və azuqə hesab olunan bir şey verməkdir. Lakin hənəfilər istisnadır. Onlar demişlər ki, bir şəxsin yerinə yarım sa’ buğda vermək kifayət edir. Bir sa’ təxminən 3 kiloqramdır.
3. Fitrə zəkatının verilməsinin vacib olma vaxtı
Hənəfilər demişdir: Onun verilməsinin vacib olma vaxtı bayram günü fəcrin tülusundan (yəni sübh namazından) ömrün axırına qədərdir. Çünki fitrə zəkatı geniş vacibatlardandır və onun verilməsinin önə atılması və təxirə salınması səhihdir.
Hənbəlilər demişdir: Onun verilməsinin bayram günündən sonraya təxirə salınması haramdır. Bayramdan iki gün əvvəl verilməsi kifayət edir və bu müddətdən əvvəl verilməsi kifayət etmir.
Şafiilər demişdir: Onun verilməsinin vacib olma vaxtı ramazan ayının son hissəsi və şəvval ayının ilk hissəsidir. Yəni Günəşin qürub etdiyi vaxt və ramazan ayının son günü qürubdan bir az əvvəl. Bayram günlərinin ilk günündə fitrə zəkatını çıxarmaq sünnədir və birinci günün qürubundan sonra çıxarmaq isə haramdır. Lakin bir üzrə görə olması istisnadır.
İmam Malikdən bu barədə iki rəvayət gəlib-çatmışdır: onlardan biri budur ki, ramazan ayının son günü Günəşin qürub etməsilə onun çıxarılması vacibdir.
On iki imamçı şiə məzhəbi demişdir: Bayram gecəsinin daxil olması ilə fitrə zəkatı vacib olur. Verilməsi isə qürubun əvvəlindən zəval vaxtına qədərdir. Bayram namazından əvvəl verilməsi daha fəzilətlidir (müstəhəb ehtiyatdır). Əgər bu vaxtda zəkata möhtac olan şəxs (müstəhəqq) tapılmazsa, ilk fürsətdə onu verməyi niyyət edərək onu malından ayırıb bir tərəfə qoymalıdır. Əgər zəkata möhtac şəxs olduğu bir halda həmin vaxtda onu verməyi təxirə salsa və verməsə, ondan sonra onu çıxarması vacibdir, heç bir vəziyyətdə onun boynundan düşmür.
4. Zəkata möhtac olan şəxs
(müstəhəqq)
Bütün məzhəblər ittifaq etmişdir ki, fitrə zəkatına möhtac şəxslər ümumi zəkata möhtac olan həmin şəxslərdir ki, “Tövbə” surəsinin 60-cı ayəsində onlar qeyd olunmuşdur. Ayədə buyurulur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir vacib əməl olaraq ancaq yoxsullara (fəqirlərə), miskinlərə, zəkat toplayan məmurlara, ürəkləri isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, borclulara, Allah yolunda çalışanlara və yolçulara məxsusdur. Allah Biləndir, Həkimdir (hikmət sahibidir)!”
Toxumun yerinə toxumun qiyməti kifayət edir. Fitrə zəkatını ehtiyac sahibi qohumlara vermək müstəhəbdir. Sonra qonşu gəlir. Hədisdə buyurulur: “Sədəqəni qonşunun almağa daha çox haqqı vardır”.
Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə
Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
– SON –
[1] Zəkatın nisabı 20 misqal qızıl (1 misqal=3,6 qram, 20 misqal=72 qram) və ya 200 dirhəm gümüş (1 dirhəm=2,5, 200 dirhəm=500 qram) və ya bunların qiymətinə bərabər olan maldır. Zəkatda olduğu kimi əsas ehtiyaclar (həvaici-əsliyyə) bu miqdarın xaricindədir. Lakin zəkatdan fərqli olaraq fitrə zəkatının vacib olması üçün əldə olan malın “artıcı” xüsusiyyətə sahib olması və üzərindən bir il keçmiş olması lazım deyildir.
Başqa bir təbirlə desək, hənəfilərə görə məskəni (evi), ev əşyası, paltarları, miniyi, silahı və ailəsinin bir illik dolanışıq xərcləri ilə borcları xaricində artıcı mahiyyətdə olsun-olmasın 20 misqal (72 qr) qızıl və ya 200 dirhəm (500 qr) gümüş dəyərində malı olan şəxs – bu mala sahib olduqdan sonra bir ilin keçməsi şərti olmadan – fitrə zəkatı verməklə mükəlləfdir. (“Elmihal”, “İman və ibadətlər”, c. 1, s. 503, “Türkiyə Din Vəqfi” nəşrləri)
[2] Seyid Fəzlullaha görə qonaq hesab olunmaqda mühüm olan ev sahibinin yanında yeməsə də, gecələməsidir (yəni gecə yatmasıdır). Əgər gecələməzsə, ev sahibinin yanında gecəni oyaq qalan, yaxud yemək yeyən şəxs qonaq hesab olunmur.