RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Ay dünya ətrafında müəyyən bir orbit üzərində fırlanır və bu dövrəsini 29.5 gündə (daha dəqiq 29 gün 12 saat 44 dəqiqədə) sona çatdırır. Ay orbit üzərində hər dəfə fırlandıqda bir dəfə Günəş və dünyanın arasına girərək eyni istiqamətə doğru gəlir. Günəş, Ay və dünya üçlüyünün eyni istiqamətə doğru gəldiyi bu ana ictima, yaxud qovuşma deyilir ki, bu astronomik baxımdan ayın əvvəlinin başlanğıcıdır. İctima anında Ayın qaranlıq tərəfi dünyaya tərəf çevrilmiş olduğu üçün dünyanın heç bir yerindən hilal qəti şəkildə görünmür.
Rö’yət (Ayın görünməsi): qəməri ayın başlaya bilməsi üçün Hz. Peyğəmbərin (s) hədisinə əsasən hilalın görünməsi şərtdir. Hilalın görünə biləcək bir parlaqlığa çatması üçün də ictimadan ən azı 8 dərəcə xaric olması və Günəş batdığı anda hilalın üfüq yüksəkliyinin ən azı 5 dərəcə olması lazımdır. Bu şərtlər xaricində Günəşin şüasına görə hilalın görünməsi qətiyyən mümkün deyildir.
DİNİ BAYRAM GÜNLƏRİMİZİN TƏSBİT EDİLMƏSİ
(RÖ’YƏTİ-HİLAL)[1]
Birinci sualın cavabı:
Birinci sualınıza qəti bir cavab vermək mümkün deyildir. Lakin məsələnin başa düşülə bilməsi üçün bəzi yardımçı suallarla mövzunu ətraflı şəkildə ortaya qoymaqda fayda olduğunu düşünürəm.
İslam dininə görə, dini günlər və bayramlar hansı əsaslara görə təsbit edilir?
Quran-kərimdə “Allah yanında ayların sayı … on ikidir. …”[2] mənasındakı ayədə yer alan “şəhr” kəlməsi ərəb dilində Ayın dünya ətrafındakı bir tam dolanmasına verilən addır. Bu mənada Quran-kərimdə haqqında danışılan 12 aylıq müddət qəməri il adını verdiyimiz ay ilidir. Beləcə, oruc və həcc kimi müəyyən zamanlara təxsis edilən ibadətlərin zamanlarının təyin edilməsi qəməri il əsasına görə aparılmalıdır.
Ramazan ayının başlanğıcı ilə Ramazan bayramının, başqa bir ifadə ilə desək, şəvval ayının başlanğıcının rö’yət əsasına, yəni bu aylara aid hilalın gözlə görünməsi əsasına dayanması Peyğəmbər əfəndimizin (s) hədisləri ilə sabitdir. Məzkur hədislərdə qeyd olunan “rö’yət” kəlməsinin “gözlə görmək” və ya gözlə görmüş kimi qəti bilgi ifadə edən “hesablama ilə təsbit etmək” mənasını ehtiva edib-etmədiyi mövzusunda İslam alimləri arasında müxtəlif görüşlər vardır.
Hər nə qədər fiqh kitablarında müvəqqit və münəccimlərin hesablamalarına etibar edilməməsi istiqamətində yayğınlaşmış fikirlər vardırsa da, bu fikirlərin o vaxtlar hələ inkişaf etməmiş və bir az da mifologiya və əfsanələrlə qarışmış bir halda olan astrologiya ilə məşğul olan münəccimlər haqqında olduğu aydındır. Bu gün isə son dərəcə inkişaf etmiş texnikanın da yardımçı olduğu astronomiyanın çox bəsit bir əlifbası dərəcəsindəki ay hesablamalarının qətiliyi barəsində tərəddüdə düşmək, bu hesablamalarla görünə bilməyəcəyi qəti olaraq təsbit edilən Ayı, gözləri ilə gördüyünü iddia edəni xətasız qəbul edərək təsdiq edib hesablamaların xətalı olduğuna hökm etmək, Ayın səthinə çoxlu vasitələr göndərən, ora ayaq basan və hətta Marsdan translyasiya edən, insanların bu fəaliyyətlərinə aid hesablamaları gerçəkləşdirən astronomiyanın təsadüfən doğru çıxdığını iddia etmək qədər yersizdir. Qaldı ki, hənəfi fəqihlərindən Mühəmməd ibn Müqatil və Qazı Əbdülcəbbar kimi şəxslərlə şafii fəqihlərindən İmam Subki müvəqqit və münəccimlərin qətilik ifadə edən hesablamalarına etimad edilə biləcəyinə qail olmuş, şəxsən özləri onlara etimad etmiş və lazım olduqda şəxsən onlara müraciət etmişlər.
Bu vəziyyətə görə qəməri ayların əvvəlinin, xüsusilə ramazan hilalının izlənməsi (iltimasi-hilal) mövzusu, yaxud daha əvvəlcədən lazımlı hesablamalarla təsbit edilməsi İslam dini yönündən böyük əhəmiyyət daşıyır.
İSLAM ÖLKƏLƏRİNDƏ QƏMƏRİ AYLARIN ƏVVƏLİ NECƏ TƏSBİT EDİLİR?
Bütün İslam ölkələrində təqvim fəaliyyətləri aparılır və bir il sonrakı təqvimlər hazırlanıb nəşr olunur. Hicri-qəməri ildən rəsmi təqvim olaraq istifadə edən ölkələrdə belə bir il əvvəlcədən qəməri ayların əvvəlinin hesablama yolu ilə təsbit edildiyi və bu sistemə görə təqvimlərin hazırlandığı görünür. Tunisdə, Səudiyyə Ərəbistanında, Pakistanda və İrakda nəşr edilən təqvimlər Dini İşlər İdarəsi Tərtibat və Nəşriyyat Müdirliyi arxivində mövcuddur. Vəziyyət belədir ki, Səudiyyə Ərəbistanı, İrak, İordaniya, Misir kimi bəzi ölkələr yalnız ramazan, şəvval və zilhiccə aylarına məxsus olmaq şərtilə xüsusi müşahidələr (rəsədlər) apardıqlarını və bu aylara aid hilallar adi gözlə göründükdən sonra dini əsaslara uyğun olaraq şər’i məhkəmələrdə lazımlı qərarların qəbul edilməsindən sonra ayların əvvəlinin elan edildiyini, daha əvvəlcədən nəşr olunmuş təqvimlərlə fərq meydana çıxsa da, müşahidə ilə təsbit edilənin əsas götürüldüyünü iddia etməkdədirlər.
Türkiyə qəməri ayların əvvəlini necə təsbit edir? Türkiyə ilə İslam dünyası arasında bu barədə ixtilaf vardırmı?
Türkiyədə 396 saylı qanun qəməri ayların əvvəlinin təsbit edilməsini vəzifə olaraq Kandilli Rəsədxanasına tapşırmışdır. Kandilli Rəsədxanası da qurucusu olan Fatin Gökmən xocanın “hilalın təsbit edilməsi” mövzusundakı prinsiplərinə sadiq qalaraq günümüzə qədər hesablamalarını davam etdirmişdir.
Mövzunun yaxşı aydınlaşdırıla bilməsi üçün Fatin xocanın prinsipləri haqqında qısa şəkildə danışmaq məcburiyyətindəyik.
Fatin xocaya görə
İslam dinində ayın təsbiti adi gözlə hilalın görünə bilməsinə dayanır. Məzhəblər arasında demək olar ki, bu mövzuda görüş fərqi yoxdur. Bütün əhli-sünnə məzhəbləri qəməri ayın əvvəlinin hilalın adi (çılpaq) gözlə görünə bilməsi ilə başladığı qənaətində ittifaq etmişdir. Yalnız hesablama ilə ayın əvvəlinin təsbit olunmasının da dini baxımdan eyni nəticəni verib-verməyəcəyi mövzusunda fərqli fikirlər irəli sürmüşlər. Fatin xoca hesablamanı elə bir şəkildə düstura salmaq istəmişdir ki, bu hesabla təsbit edilən gün hilalın adi gözlə görünə bilməsi mümkün olmalıdır. Bu səbəbdən astronomiyanın nəzəri olaraq təsbit etdiyi qəməri ayın əvvəli deyil, gözün görə biləcəyi ayın əvvəlinin təsbit edilməsi problem olaraq ortaya çıxmışdır. Bu nəticəni təmin etmək üçün də Fatin xoca bəzi meyarlar qoymuşdur. Bunlar bu gün (1978-ci il nəzərdə tutulur) Kandilli Rəsədxanasında tətbiq olunur.
Ayın ictima anından sonra təkrarən ictima vəziyyətinə gələnə qədər keçən müddət, yəni iki ictima anı əsnasında keçən zaman bir qəməri aydır. Buna astronomik ay deyirik. Qəməri ay ictima anından sonra astronomik olaraq başlayır. Lakin hər ictima anından dərhal sonra ayın ilk hilalını gözlə görmək mümkün deyildir. Vəziyyət belə olduqda hilalı adi gözün görməsinə təsir edən amillərin də təsbit edilməsi lazımdır. Bunlar belə sadalana bilər:
- Ay Günəşdən sonra batmalıdır; yəni gündüzün və ya gecənin hər hansı bir saatında ola bilən və ictima anından sonra adi gözlə müşahidəyə başlandığı zaman hilalın üfüqdə görünə bilməsi üçün Ayın Günəşdən sonra batması lazımdır. Əks təqdirdə qərb üfüqündə Ay Günəşdən əvvəl batarsa, Günəşin parlaqlığı Ayın görünməsinə mane olar. Burada birinci amil olaraq biz qəməri ayın başlanğıcının təsbit edilməsində Günəşin batması ilə Ayın batma saatlarına diqqət etməliyik. Elə bir saat tapmalıyıq ki, ictima anından sonra olmaq şərtilə Ayın batması Günəşin batmasından sonraya təvafüq etsin.
Baxırsan ki, Günəş batarkən şəfəq deyilən böyük bir qırmızılıq meydana gəlir və Günəşin parlaqlığı hilalın parlaqlığından daha çox olur. Bu parlaqlıq Ayın görünməsinə mane olur. O halda ikinci faktor da budur:
- Ayın işığı o qədər güclənməlidir ki, Günəşin işığının yanında adi gözlə seçilə bilsin; bunun zaman baxımından hesablanması lazımdır. Fatin xocanın təsbitinə görə, Ay Günəşdən 22-23 dəqiqə sonra batarsa, görünə bilər. Daha az zaman içində hilalı görmək mümkün olmur.
- Üçüncü faktor da budur; Ayın orbiti üfüqün üstündə olmalıdır ki, biz çılpaq gözlə Ayı görə bilək. Hərəkət etibarilə üfüqün altından fırlanan bir Ayın, astronomik olaraq təsbit edilmiş olsa da, adi gözlə görünməsi mümkün deyildir.
Bir də Ayın batdığı nöqtənin Günəşin batdığı nöqtədən ayrılması lazımdır. Ay ilə Günəşin batdığı nöqtələr eyni olarsa, Ayın görünən yarımkürəsi ilə Günəşin diski bir-biri üzərində görüntüyə mane olduğuna görə Ayı adi gözün görməsi mümkün olmayacaqdır. Ay ilə Günəş görünüş bucağı baxımından 5.5-60 ayrılmış olmalıdır ki, göz Ayı rahat şəkildə görə bilsin.
O halda ayın təsbit edilə bilməsi üçün bütün bu saydığımız faktorların zaman baxımından dəyərləndirilib Ayın ictima anına əlavə edilməsi lazımdır. Bu faktorların hamısı bir yerdə cəmləşdikdə görünmə şərtlərinin də əlverişli olduğunu düşünərək “Ayın filan gün filan saatda görünməsi mümkündür”, – deyirik. Beləcə, Ayın görünə biləcəyi anı təsbit etdikdən sonra sonrakı günü qəməri ayın birinci günü olaraq qəbul edirik. Çünki “Ya sin” surəsinin 40-cı ayəsindən[3] başa düşülən mənaya görə, hilalın ilk olaraq göründüyü gün ayın birinci günü deyil, sonrakı gün ayın birinci günüdür. Bu vəziyyətə görə Günəş batdıqdan sonra hilal görünəcək, ertəsi gün ayın birinci günü hesab ediləcəkdir.
Xülasə şəkildə izah etdiyimiz Fatin xocanın bu prinsiplərinə dayanaraq Kandilli Rəsədxanasının məsul işçiləri əllərindəki formullara görə, hesablama aparırlar. Yalnız bunu da ifadə etmək lazımdır ki, Fatin xocanın bütün bu hesablamaları üçün təsbit etdiyi sabit müşahidə nöqtəsi də əhəmiyyət kəsb edir. Fatin xocaya görə, dünya üzərində İslam ölkələrinin yayıldığı bölgələr nəzərə alınarsa, bu bölgələr üzərində aparılan müşahidənin bütün İslam ölkələri üçün keçərli ola bilməsi İslam dünyasının müşahidəyə ən uyğun bölgəsini seçməklə mümkün ola bilər. Hesablamalar bu təpə üzərində görmə şərtlərinin əlverişli olduğu fərz edilərək, xəyali bir müşahidəçinin hilalı görə bilmək imkanları araşdırılaraq aparılarsa, bu hesablamalarla sanki həqiqətdə gözlə görmüş kimi nəticəyə varmaq mümkün olar.
Fatin xoca bu əsasa istinad edərək formullarını Mərakeşdəki təpəyə görə tənzimləmişdir. 1974-cü ilə qədər Kandilli Rəsədxanası Fatin xocanın təsbit etdiyi bu nöqtəni əsas götürərək hesablamalarını davam etdirmişdir.
(ardı var)
“İslamın işığında günün məsələləri”, s. 113-131
Müəllif: Xeyrəddin Qaraman
Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə
[1] Bu məqaləni Almaniyadan gələn aşağıdakı suallara cavab olaraq dostum M. Saim Yeprəm qələmə almışdı və məqalə “Nəsil” jurnalında nəşr edilmişdir (II, 6):
- 1977-ci il Qurban bayramı Məkkədə ayın 20-də keçirilmişdi. “Səbil” qəzeti 21-də, Dini İşlər İdarəsi təqvimində isə 22-də olacağı qeyd olunmuşdur. Biz Dini İşlər İdarəsinin təqviminə tabe olmağımıza baxmayaraq, tərəddüd və şübhə içində qalmaqdan da xilas ola bilmədik. Bu fərqlilik təbiidir, yoxsa bilgi yetərsizliyindən qaynaqlanır?
- Dini İşlər İdarəsinin təqviminə görə ramazanda imsak 00:45, Günəşin çıxması 04:27, axşam (məğrib) 20:53, işa namazı 23:23 olaraq göstərilmişdir. Əgər bu doğrudursa, burada işçilərin 20 saat oruc tutması lazımdır və bu da çətinlik yaradır.
Bu iki mövzuda bizi məlumatlandırmağınızı rica edirik, salam və hörmətlərimizi bildiririk. İ. Zəngin (Almaniya)
[2] “Tövbə”, 36
[3] “Günəşin Aya çatması mümkün deyildir. Gecə də gündüzü ötə bilməz. Hamısı bir mədarda (orbitdə) üzməkdədir”.