RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!   

İSLAM ALƏMİ İLƏ TÜRKİYƏ ARASINDA TƏTBİQ FƏRQİNİ
ORTADAN QALDIRMAQ ÜÇÜN BİR ÇALIŞMA APARILDIMI?   

Dini İşlər İdarəsində Toplama və Nəşriyyat Müdiri işlədiyim vaxt uzun illərdən bəri səhlənkar yanaşılmış bu məsələyə əhəmiyyət verməyin zəruri olduğunu hiss etmiş və idarə strukturumda lazım olan hazırkı fəaliyyətlərini başlamışdım. Rəhbərliyin və bu işdə maraqlı olan digər şəxslərin bu fəaliyyətlərə göstərdikləri maraq və anlayış sayəsində 1974-cü ildə rəhbərliyini etdiyim təşkilatçılıq altında Türkiyə ilə İslam aləmi arasındakı fərqi ortadan qaldırmaq üçün geniş miqyaslı bir fəaliyyət başladıldı. Bu toplantıda Kandilli Rəsədxanasının səlahiyyətli şəxsləri, İstanbul Universiteti Fənn Fakültəsi Astronomiya Bölməsi professorları, Xəritə Ümumi İdarə Etmə texniki komandiri və Ankaradakı rəsədxananın qurucusu olan texniki kadrlar və tanınmış din adamları iştirak etdilər.

Müzakirələrin sonunda Kandilli Rəsədxanasının uzun illərdən bəri davam edən tətbiqatında bəzi dəyişikliklərin edilməsi qərara alındı. Rəsədxananın səlahiyyətli şəxsləri ilə əldə olunan razılaşma protokollaşdırıldı.

Bu protokola görə, artıq hesablamalar aşağıdakı əsaslara görə, aparılacaqdı:

  1. İslam dünyasında “ixtilafi-mətali” deyilən Ayın fərqli bölgələrdə, fərqli zamanlarda doğması nəzərə alınmayacaq; yəni “ixtilafi-mətali”ə etibar edilməyəcək. Hənəfi və şafii məzhəblərinin bəzi fəqihləri istisna olmaqla digər fəqihlərə görə, Ay İslam dünyasının hər hansı bir yerində görünərsə, başqa ölkələr o Ayı görməsələr də, ilk olaraq Ayı görmüş ölkənin rö’yətinə etibar edilməlidir. İslam dinində birlik və bərabərliyi təmin etmək üçün digər bölgələrdə fərqli vaxtlarda Ayın görünməsinə etibar edilməməlidir. Buna “ixtilafi-mətaliə etibar etməmə” prinsipi adını veririk.

Zaman keçdikcə İslam dünyasının sərhədləri genişlənmiş, fərqli bölgələrdə fərqli rö’yətlər təsbit edilmiş və bu vəziyyət bir problem olaraq ortaya çıxmışdır. Buna görə də bəzi hənəfi və şafii üləması demişlər: “Hər cəhətdən 24 fərsəxlik (təqribən 138-140 km) bir uzaqlığın xaricində yerləşən məmləkətlərdə əgər fərqli vaxtlarda hilal görünərsə, o məmləkətlər öz rö’yət zamanlarına etibar etsinlər. 24 fərsəx miqyasındakı bir bölgənin içində qalan şəxslər isə hilalı fərqli zamanlarda görsələr də, birlikdə başlasınlar, birlik və bərabərliyi pozmasınlar”.

Deməli, 1974-cü ildə keçirilən toplantıda qəbul edilən qərarlardan biri yuxarıda açıqladığımız “ixtilafi-mətaliə etibar edilməməlidir” qaydasıdır. Bunun tətbiqatdakı nəticəsi belə olacaqdı. O günə qədər Mərakeşdəki təpəni hesablamanın başlanğıc nöqtəsi götürən Kandilli Rəsədxanası artıq bu trianqulyasiya[1] nöqtəsini buraxmalı idi. Ekvatorun şimalındakı +50 paralel dairəsi ilə ekvatorun cənubundakı -50 paralel dairəsi arasındakı ümumi 100 dərəcəlik paralel dairələrini bölgələrə ayırıb yaxşı bir şəkildə təftiş etməli idi. Ən tez hansı paralel dairəsi üzərində Ay görünərsə, ona əsasən qəməri ayın başlanğıcını təyin etməli idi və digər bölgələr üçün də başlanğıc zamanı beləcə müəyyənləşmiş olmalı idi.

Tətbiqatdakı nəticəsi bu olurdu: o günə qədər hilal Mərakeşdə görünərsə, Türkiyədə görünsün-görünməsin qəməri ay başlamış olurdu, Mərakeşdə görünməzsə, ay başlamamış qəbul edilirdi. Halbuki astronomik həqiqətlərə görə, bəzi aylar hilal Mərakeşdə digər enliklərdən daha tez, bəzi aylar isə digər enliklərdən bir gün sonra görünə bilirdi. Biz Mərakeşi başlanğıc nöqtəsi qəbul etdiyimiz üçün uzaq cənubda və uzaq şimalda bir gün əvvəl hilalı görən ölkələrlə uyğunlaşmır, onlardan bir gün sonraya qalırdıq. Neçə il Mərakeşdəki təpəni ilin on iki ayı üçün də sabit nöqtə qəbul edən Fatin xocanın tətbiq olunan bu prinsipi Ayın başqa ölkələrdə bir gün əvvəl görünməsi halında onlarla uyğunlaşmağa maneə təşkil edirdi.

1974-cü ildəki toplantıda “ixtilafi-mətaliə etibar olunmamalıdır” qaydasının qəbul olunması Mərakeş sabit nöqtəsini tərk etməyə səbəb oldu. Şimalda +50 dərəcə enliyə qədər, cənubda isə -50 dərəcə enliyə qədər bütün enliklərin bölgələrə ayrılıb yaxşı bir şəkildə təftiş edilməsi nəticəsini ortaya çıxardı.

  1. Zilhiccə ayının başlanğıcı Məkkə torpağı əsas götürülərək təsbit edilməlidir. Zilhiccə ayının başlanğıcı zilhiccə hilalının Məkkədə görünüb-görünməyəcəyinin təsbiti əsasına söykənməli idi. Bu da Səudiyyə Ərəbistanının Məkkədə apardığı müşahidə ilə paralelliyi təmin etmək üçün idi. Cənub -50 dərəcə coğrafi enlikdə bir gün əvvəl görmə mümkün ola bilərdi. Lakin +50 dərəcə enlikdə yerləşən Məkkədə Ay görünməyə də bilərdi. Bu da bu günə qədər olan tətbiqatın əksinə bir axsaqlığa səbəb ola bilər. Hicazdakı müsəlmanlardan əvvəl Qurban bayramını başlamaqla nəticələnə bilərdi. Bu axsaqlığın qarşısını almaq üçün də zilhiccə ayına məxsus olmaq üzrə hesablamanın Məkkəyə görə aparılması qərarı qəbul edildi.

Qərarda təsbit edilən əhəmiyyətli bir nöqtə də budur: aparılan hesablamalar Ayın astronomik başlanğıcı əsasına yox, astronomik olaraq başlayan Ayın adi gözlə görünməsi mümkün olan anın hesablanması əsasına dayandırılacaq, beləcə şər’i (dini) baxımdan ayın əvvəli tapılacaq.

(ardı var)
“İslamın işığında günün məsələləri”, s. 113-131
Müəllif: Xeyrəddin Qaraman
Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə

[1] Geodeziya işlərində tətbiq edilən ölçmə üslubu, xəritə çıxarmaq üçün üçbucaqlar çəkmək