RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Bu fəaliyyətlər birliyi təmin etdimi?
Kandilli Rəsədxanası 1974-cü il tarixli protokoldan sonra 1975-ci il üçün apardığı hesablamalarda bu əsaslara tabe oldu. Lakin yenə də İslam dünyasının bəzi məmləkətləri ilə Türkiyə arasında fərqli bayramlar davam etdi.
O halda bu fərqliliyin səbəbi nədir?
Dini olan üsul hilal gözlə göründükdən sonra ayı başlamaq və ya hesablamanı bu nəticəyə varacaq şəkildə aparmaqdan ibarət olduğuna görə Türkiyədə tətbiq olunan üsulun İslam fiqhinə uyğun olmasında şübhə yoxdur. “O halda İslam aləmindəki bu fərqin (ixtilafın) səbəbi nədir?” sualına “İslam dünyası bir çoxumuzun zehninə yanlış olaraq yerləşdirildiyi kimi, əksəriyyət etibarilə həqiqi rö’yətə görə əməl edir”, – şəklində cavab verməkdən başqa yol yoxdur.
Müsəlman dövlətlər, istər monarxiya, istərsə də respublika idarə etmə forması olsun əksəriyyət etibarilə qədimdə Osmanlılarda olduğu kimi şər’i məhkəmələrdə şahidlik ifadələrindən istifadə edən müşahidəçilərin rö’yətinə görə qərar qəbul edə bilmirlər. Onlar da bir il əvvəl təqvimlər hazırlayır və bu təqvimlərin hazırlanmasında astronomik hesablama üsullarını əsas götürürlər.
İndi isə burada bir mötərizə açaq və təqvim fəaliyyətlərində, istər Kandilli Rəsədxanasının, istərsə digər İslam ölkələrinin hansı qaydalardan istifadə etdiyini izah edək ki, İslam dünyası ilə Türkiyə arasındakı fərq bizim üçün daha aydın olsun.
Dünya rəsədxanaları öz aralarında apardıqları vəzifə bölgüsünə görə tam bir əməkdaşlıq və uyğunluq içində fəaliyyət göstərirlər. Türkiyənin Kandilli Rəsədxanası bir çox İslam ölkələrinin rəsədxanaları ilə iş bölgüsü içində öz üzərinə düşən vəzifəni həyata keçirir. Qrinviç Rəsədxanası ilə Paris Rəsədxanası bir il əvvəlcədən hər il üçün bütün rəsədxanaların yararlana biləcəyi almanaxlar nəşr edirlər[1]. Kandilli Rəsədxanası təqvim hesablamalarında Qrinviç nəşrlərindən və “Astronomik təqvim” adlı almanaxdan yararlanır. Bu əsər bütün en və uzunluq dairələrinə görə Ayın və Günəşin doğması və batması, şəfəq deyilən fəcr hesablamaları və bunların davam etmə müddətləri, planetlərin çıxması və batması ilə bu planetlərlə əlaqədar digər hesablamaları ehtiva edir. Qrinviç Rəsədxanası tərəfindən bütün dünya rəsədxanalarına göndərilən bu astronomik təqvimdən (almanaxdan) son illərdə Dini İşlər İdarəsinə də göndərilirdi. Astronomik təqvimdə Ay ilə əlaqədar rəqəmlər (yəni ictima anının tarix və saatları, Ayın çıxması və batması saatları) gözlə görməyə təsir edən meteoroloji faktorlar nəzərə alınmadan sırf astronomik zaman rəqəmləri olaraq verilmişdir.
İndi bizim təsbitlərimizə görə, bəzi İslam ölkələri bu almanaxlara əsaslanaraq Ayın ictima tarixlərini təsbit edir və ictimadan sonrakı günü ayın birinci günü olaraq elan edirlər. Əslində ictimadan sonrakı gün hilalın bəzən adi gözlə görünməsi mümkün olduğu kimi bəzən də mümkün deyildir. Ərəb ölkələrinin bir çoxlarında bu tətbiqata görə hazırlanan təqvimlərdə ayın əvvəlində, həqiqətən, bəzi bölgələrdə hilalın görünməsi mümkün olur. Yuxarıda qeyd etdiyimiz ayəyə diqqət edilərsə, hilalın görünməsi mümkün olduğu gün ayın birinci günü deyil, ondan sonrakı gün ayın birinci günü hesab edilməlidir. Türkiyədəki tətbiqat belə olduğuna görə hilalı ilk görmək mümkün olduğu günü ayın birinci günü olaraq qəbul edən bu ölkələrlə Türkiyə arasında bəzi aylarda bir günlük fərq ortaya çıxır.
Fərqin başqa bir səbəbi də bu günə qədər hər ay üçün Mərakeşin sabit bir nöqtə olaraq hesablama başlanğıcı qəbul edilməsidir. Yuxarıda da ifadə etdiyimiz kimi, həqiqətən, bəzi aylar hilalın Türkiyədə belə Mərakeşdən bir gün əvvəl görünməsi mümkündür. Bəzən də Mərakeşdən bir gün sonra görünə bilməsi mümkündür. İslam dünyası ilə Türkiyə arasında keçmişdəki ixtilafların bəzisi bu səbəbə görə ortaya çıxmışdır. Bəzi vətəndaşların yanlış və yetərsiz məlumatlara dayanaraq İslam ölkələrində rö’yət baş verdiyini, bu rö’yətin dini üsullara görə məhkəmələrdə qərara alındığını və fiqhi üsulla elan edildiyini zənn etdiklərini ifadə etmişdik. Halbuki başqa cür olması düşünülə bilməyəcək qətiliklə təsbit edilən ayın ilk günləri o məmləkətlərdə belə bir rö’yətin baş vermədiyini açıq şəkildə ortaya çıxarır.
İslam ölkələri zənn edildiyi kimi və zənn edildiyi tərzdə rö’yətə əməl etmirlər. İrakda qaldığım müddət ərzində bunu açıq şəkildə müşahidə etdim. Dini İşlər İdarəsində Toplama və Nəşriyyat Müdirliyinə rəhbərlik etdiyim illərdə onlarla sıx əlaqə saxladım. Çox təəccübləndiricidir ki, ramazan bayramından bir həftə əvvəl şəvval hilalının rö’yətlə təsbit edildiyini ifadə edən səfirliyin səlahiyyətli şəxsləri ilə rastlaşdım. Onlar “Baş verən rö’yətə dayanaraq elan edildi” – demişdilər. Halbuki şəvval hilalının bir həftə əvvəl görünməsi əsla mümkün deyildir.
Bunu da ifadə etmək lazımdır ki, istər Pakistan, istərsə də digər bəzi ölkələr müxtəlif yazılarla Xarici İşlər Nazirliyinə müraciət etmiş, bizdən dini günlərin tətbiq olunmasında İslam ölkələri arasındakı fərqin aradan qaldırılması üçün hansı tədbirlər düşündüyümüzü soruşmuş və bu mövzuda əməkdaşlıq təklif etmişlər. Dini İşlər İdarəsinə təqdim olunmuş bu müraciətlərə cavab verilmiş, qanunun verdiyi bir vəzifə olaraq Toplama və Nəşriyyat Müdirliyi tərəfindən aparılan fəaliyyətlərin onlar tərəfindən bilinməsinin faydalı olduğu mülahizə edildiyinə görə bu məlumatlar onlara göndərilmişdir.
Xülasətul-kəlam, Türkiyə ilə İslam aləmi arasındakı fərqin iki baxımdan ələ alınması zəruri olduğunu deməliyik:
- Türkiyə baxımından ortaya çıxan fərq; 1974-cü ilə qədər Kandilli Rəsədxanasının Mərakeşi dəyişməz hesablama nöqtəsi qəbul etməsi. Yuxarıdan bəri açıqladığımız kimi bu nöqtədə lazımlı fəaliyyətlər aparılmış və Türkiyə baxımından ortaya çıxan fərqin aradan qaldırılması üçün lazım olan hər bir şey ifa edilmişdir.
- İslam dünyası baxımından ortaya çıxan fərq almanaxlardan yararlanaraq ayların əvvəlinin təsbit edilməsində hər ölkənin tətbiq metodunun bir-birindən fərqlənməsi.
Bu baxımdan Türkiyənin əlindən heç bir şey gəlmir. Çünki hilalın görünə bilməsinin mümkün olduğu ilk gündən sonrakı günün ayın birinci günü qəbul edilməsi formasındakı tətbiqin ayələrin mənalarına və fiqh qaydalarına uyğun olması barəsində heç bir şübhə yoxdur. Ay görünsün, yaxud görünməsin ictimadan sonrakı günü ayın birinci günü qəbul edən ölkələr ayə və hədislərin mənalarına zidd olan bu tətbiq metodlarını təshih etmədikcə fərqli tətbiqatların önünə keçərək İslam aləmində bu nöqtədə birlik və bərabərliyi təmin etmək mümkün deyildir.
Fərqin ortadan qaldırılması üçün aparılan fəaliyyətlərdən birini də burada qeyd etmədən keçə bilmərik. Aparılan hesablamaların adi gözlə həyata keçirilən rö’yətlə uyğunlaşmasına nəzarət etmək üzrə Dini İşlər İdarəsi Toplama və Nəşriyyat Müdirliyi tərəfindən hazırlanan bir təmimnamə (direktiv, göstəriş, sərəncam) valiliklər və rayon icra hakimiyyətləri vasitəsilə bütün şəhər və rayon müftiliklərinə göndərilmiş, bir il müddətində hər qəməri ayın təqvimdə yazılmış başlanğıcından iki gün əvvəl başlamaq şərtilə ardıcıl üç axşam xüsusi heyətlərin müşahidələr aparması və nəticələrinin İdarəyə bildirilməsi istənilmişdi. Yerli imkanlar ölçüsündə müftiliklər bu təmimnamənin tələbini ifa etdilər və hər ay müşahidənin nəticələrini bildirdilər. İlin axırında bu hesabatlara əsaslanaraq bir statistika hazırlandı. Əldə edilən nəticə bu idi: bir il müddətində Türkiyə daxilində heç bir bölgədə Kandilli Rəsədxanası tərəfindən təsbit edilib Dini İşlər İdarəsi tərəfindən elan edilən ayın ilk günlərindən bir gün əvvəl ayı başlamağı zəruri edən və dini əsaslara uyğun olan bir rö’yət baş verməmişdi.
Rəsədxananın səlahiyyətli şəxsləri tərəfindən bizim bu statistika fəaliyyətimiz xoş qarşılanmasa da və bəzi qəzetlərdə “Müftilər 20-ci yüzillikdə dağ başlarında Ayı müşahidə edirlər” şəklindəki sərlövhələrə qədər varan bir təsir yaratsa da, bu, həqiqətin gözlə görünən hala gəlməsində faydalı olmuşdur.
Biri digərindən bir gün sonra oruca başlayan iki dövlətin vəziyyəti
Türkiyədəki tətbiqatın ortaya çıxardığı fərqli vəziyyət bəzi hənəfi və şafii alimlərinin yuxarıda açıqladığımız görüşünə görə, doğruya varmış bir tətbiqatdır.
Hənəfi, maliki və hənbəli müctəhidlərinin əksəriyyəti İslam aləmində birlik və bərabərliyin təmin olunması üçün “ixtilafi-mətaliə etibar etməmək və beləcə İslam aləminin hansı bölgəsində hilal ilk olaraq görünmüşdürsə, digər bölgələrdə də görünmüş hesab etmək” şəklində fikir birliyi əldə etmişdirlərsə də, bu görüş bu gün bir çox İslam ölkəsində olduğu kimi Türkiyədə də tətbiq edilən elmi metodların nəticəsi olaraq həyata keçirilə bilməmişdir.
Türkiyədəki tətbiq əhli-sünnə camaatı içində bəzi hənəfi və şafii imamlarının fikrinə uyğun gələn səhih bir tətbiq olduğuna görə Türkiyə Respublikası sərhədləri daxilində yaşayan müsəlmanlar Dini İşlər İdarəsinin təqviminə tabe olaraq əməl etməli, qonşu ölkələrdə fərqli tətbiq etmələr olsa da, bir ölkə içindəki dini birlik və bərabərliyi pozmamalıdırlar.
Qaldı ki yenə hənəfi məzhəbinə görə “cümhurla müxalifət etmək qüvveyi-xətadandır”. Türkiyədəki müsəlmanların hər biri radiolardan aldıqları xəbərlərlə, mövzu ilə əlaqədar marağı, bilgisi və təcrübəsi olmayan qəzet və jurnallardakı xəbərlərlə, yaxud da xüsusi xəbərləşmə imkanları ilə əldə etdikləri bilgilərlə Türkiyədəki tətbiqin xaricində fərdi və fərqli tətbiqə təşəbbüs göstərərlərsə, dini özbaşınalığı körükləmiş, dini birlik və bərabərliyi zədələmiş olarlar.
Əslində bu şəxslərin arasında da birliyin təmin olunması mümkün deyildir. Çünki bu fərqli tətbiq etmələr xəbər qaynağı olan ölkələr arasında belə ixtilafların olduğunu göstərir. Necə ki bəzi illər Misir, Səudiyyə Ərəbistanı və Pakistanın Türkiyədən bir gün əvvəl İrak və Suriyanın isə bu ölkələrdən də bir gün əvvəl (Türkiyədən iki gün əvvəl) bayram etdikləri görünmüşdür. Bu il də (1978) belə bir fərqli tətbiqata şahid oluruq. Bunun əksi də baş vermişdir. 1974-cü ildə ikinci Qurban bayramı bütün dünyada eyni gündə keçirilmişdir. (1974-cü ildə biri 4-7 yanvar tarixləri arasında, digəri də 24-27 dekabr tarixləri arasında iki Qurban bayramı idrak edilmişdi).
Maliki, hənbəli və şafii məzhəblərinə görə, ramazan bayramının birinci günü ilə Qurban bayramının dörd günü oruc tutmaq haram olduğu halda hənəfilərə görə, bu günlərdə oruc tutmaq haram deyildir, təhrimən məkruhdur. Şafiilər istisna olmaqla digər üç məzhəbə görə, həcc ziyarətində olanların bu günlərdə oruc tutması icazəlidir. Hənəfilərə görə, həccdə olmayanların bayram günləri olduğunu bilə-bilə oruca niyyətlənmələri təhrimən məkruh olmasına baxmayaraq, oruc tutduqları təqdirdə bu oruc, yenə orucdur, həqiqət tapmışdır. Hətta bir qövlə (fiqhi görüşə) görə, pozularsa, qəzasını belə tutmaq lazımdır. Qaldı ki, o günlərin bayram deyil, ramazan olduğu etiqadı ilə orucla keçirilməsində bu kərahət haqqında da danışmaq imkansızdır.
Əksəriyyət ramazan niyyətilə oruc tutduğu bir halda açıq şəkildə cəmiyyət içində orucu pozmaq (yəni oruc yemək) da məkruhdur.
Qonşu ölkələrə tabe olaraq bir və ya iki gün əvvəl orucu pozan şəxs Türkiyədə qırx milyon müsəlmanın içində əksəriyyətlə müxalifət etmiş və hər kəsin ramazan hesab etdiyi gündə oruc tutmağı tərk etmişdir ki, hənəfilərin müsəlmanlar arasındakı birlik və bərabərliyi təmin etmə prinsipinə ziddir və bayram zənn etdiyi gündə oruc tutma kərahətindən qaçdığı bir halda başqa bir cəhətdən kərahətə mürtəkib olmaqdadır. Bu da dini mövzularda cəhalətin bir görüntüsüdür.
Hətta hənəfi imamlarına görə, dini üsullara əsasən elan edilən ayın ilk gününə hamının tabe olması məcburidir. Dini məqamlar tərəfindən vəzifələndirilən müşahidələrdən başqa xalqdan hər hansı bir fərd fərqli bir vaxtda hilalı şəxsən görmüş olsa da, onun bu rö’yəti başqaları üçün dəlil deyildir və hamıya şamil edilə bilməz. Bu mövzu fiqh kitablarında ətraflı surətdə bəyan olunmuşdur.
Nəticə olaraq bunu demək lazımdır: dini günlərin və bayramların bütün İslam ölkələrində eyni günlərdə keçirilə bilməsi üçün millətlərarası fəaliyyətlər davam etməkdədir. Mövzunun elmi həll imkanları ilə yanaşı siyasi tərəfləri ilə də həll imkanları üzərində dayanılır.
Çox tərəfli olan bu mövzuda qəti bir nəticə əldə olunana qədər biz müsəlmanların üzərinə düşən vəzifə bu mövzuda səlahiyyətli məqam olan Dini İşlər İdarəsinin təqviminə tabe olmaq və fərdi davranışlardan çəkinməkdir. Hər bir tətbiqatın arxasında pis niyyət axtarma xəstəliyindən xilas olmaq lazımdır. Yetərsiz və yanlış məlumatlara əsaslanaraq bu mövzuda hər bir kəsin özünü qərara gəlməkdə səlahiyyətli hesab etməsi və digər müsəlmanları xəbərdar etməklə vəzifəli sayması müsəlmanlar arasında qarışıqlığa səbəb olacağı və fitnə çıxaracağı üçün son dərəcə nöqsanlıdır. Hər bir işdə olduğu kimi bu işdə ən yaxşısı işi əhlinə həvalə etmək, səlahiyyətli və vəzifəli məqamlara bu mövzuda yardımçı olmaqdır.
Mövzu davam edəcək.
“İslamın işığında günün məsələləri”, s. 113-131
Müəllif: Xeyrəddin Qaraman
Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə
[1] Almanax gələcək il baş verəcək hadisələrin mətn siyahısıdır. Ən sadə almanaxlar içərisində təqvim olan, zamana nəzarət etmək üçün yazılı formada istehsal edilir. Onun daxilində həftənin cari günü barədə xüsusi məlumat, önəmli bayramlar, Ayın həmin günkü forması və s. təsvir olunur.