RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələri əhya gecələridir, yəni gecə sübhə kimi ibadət edilən gecələrdir. Əhya gecələrinin əməlləri iki hissədən ibarətdir. Birinci hissəyə hər üç gecədə yerinə yetirilməsi lazım olan əməllər, ikinci hissəyə isə hər bir gecəyə məxsus olan, yəni o gecədə yerinə yetirilməsi lazım olan əməllər daxildir. Biz əvvəlcə sizin nəzərinizə hər üç gecədə yerinə yetirilməsi lazım olan əməlləri çatdıracağıq:
- Qüsl etmək; bu gecələrdə yerinə yetirilməsi müstəhəb olan qüsllərin digər qüsllərlə heç bir fərqi yoxdur. “Allah rizası üçün qüsl edirəm” şəklində niyyət edilir və sonra bütün bədən yuyulur. Əllamə Məclisi buyurmuşdur: “Məğrib (şam) namazı qüsllə qılınsın deyə bu qüslü Günəşin batdığı vaxt (Günəş batdıqdan dərhal sonra) vermək daha fəzilətlidir”.
- Bu üç gecəni əhya etmək, yəni oyaq qalıb sübhə kimi ibadət etmək;
- Aşağıdakı duanı oxumaq;
أَللّهُمَّ إِنِّى أَمْسَيْتُ لَكَ عَبْداً دَاخِراً لاَ أَمْلِكُ لِنَفْسِى نَفْعاً وَ لاَ ضَرّاً وَ لاَ أَصْرِفُ عَنْهَا سُوءً أَشْهَدُ بِذٰلِكَ عَلىٰ نَفْسِى وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِى وَ قِلَّةِ حِيلَتِى فَصَلِّ عَلىٰ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِى مَا وَعَدْتَنِى وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِى هٰذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَىَّ مَا آتَيْتَنِى فَإِنِّى عَبْدُكَ الْمِسكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ . أَللّهُمَّ لاَ تَجْعَلْنِى نَاسِياً لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِى وَ لاَ غافِلاً لِإِحْسانِكَ فِيمَا أَعْطَيْتَنِى وَ لاَ آيِساً مِنْ إِجابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّى فِى سَرَّاءَ كُنْتُ أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاَءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ إِنَّكَ سَمِيعُ الدُّعَاء!
Tərcümə: “Ey Allahım, özü üçün nə bir xeyir, nə bir zərər sahibi ola bilməyən və özündən heç bir pisliyi uzaqlaşdırma bacarığına sahib olmayan zəlil bir bəndə olaraq Sənin rizan üçün axşama çıxdım. Mən nəfsimdə bunun olduğuna şəhadət verir və Sənin qarşında gücümün zəifliyini və bacarığımın azlığını etiraf edirəm. Elə isə Allahım, Həzrət Mühəmməd və onun Alinə salam və salavat göndər, mənə və bütün mömin kişilərə və qadınlara vəd verdiyin məğfirəti (yəni bağışlanmanı) bu gecədə həyata keçir və mənə verdiyin nemətlərini tamamla! Həqiqətən, mən Sənin miskin, zəlil, zəif, fəqir və xar olmuş bir bəndənəm. Ey Allahım, istər geciksin, istər gecikməsin, istər naz-nemət içində olum, istər pis gündə, istər çətinlikdə olum, istər bolluq içində, istər sağlam olum, istərsə də bəla içində olum, mənə yaxşılıq etdiyin şeylərdə Səni yada salmaqda məni yaddaşsızlardan və əta etdiyin şeylərdə Sənin yaxşılığını unudanlardan etmə! Və duanı qəbul edəcəyindən məni naümid etmə! Həqiqətən, Sən duanı eşidirsən!”
Bu duanı Kəf’əmi İmam Zeynəlabidindən rəvayət etmişdir. İmam bu duanı ayaqüstə olduqda, oturduqda, rükuda və səcdədə oxuyardı. Mərhum Əllamə Məclisi buyurmuşdur: “Bu üç gecədə istiğfar etmək, yəni Allahdan bağışlanmaq istəmək, özün və həyatda olan və vəfat etmiş valideynlər, qohum-əqrəbalar və mömin qardaşlar üçün dünya və axirət istəklərinin həyata keçməsi üçün dua etmək, zikr demək və gücün çatdığın qədər Mühəmməd və onun Alinə salavat göndərmək ən fəzilətli əməllərdən hesab olunur. Bəzi hədislərdə bu üç gecədə “Couşəni-kəbir” duasının oxunmasının müstəhəb olduğu qeyd olunmuşdur”.
İndi isə hər bir gecəyə məxsus olan əməlləri sizin nəzərinizə çatdırırıq:
21-Cİ GECƏNİN ƏMƏLLƏRİ
(2-ci Əhya gecəsinin əməlləri)
Bu gecənin fəziləti 19-cu gecənin fəzilətindən də böyükdür. Hədislərdə ciddiyyətlə tövsiyə olunmuşdur ki, bu gecə və 23-cü gecədə qüsl etmək, gecəni oyaq qalmaq və ibadətə daha çox cəhd və ciddiyyət göstərmək lazımdır. Həqiqətən, Qədr gecəsi bu iki gecənin birindədir. Bir çox rəvayətlərdə İmamdan bu iki gecənin hansının Qədr gecəsi olması haqqında soruşulmuş, İmam bunu müəyyənləşdirməmiş və əksinə, belə buyurmuşdur: “Bu iki gecədə ən xeyirli işlə məşğul olsan, sənə nə olar ki?”
Şeyx Səduq cəfəri məzhəbi şeyxlərinin iştirak etdiyi bir məclisdə onlara diqtə etdiyi yazıda belə buyurmuşdur: “Bu iki gecəni elmi müzakirələrlə əhya edən şəxs ən fəzilətli şəxsdir”.
21-Cİ GECƏNİN DUASI
يَا مُولِجَ اللَّيْلِ فِى النَّهَارِ وَ مُولِجَ النَّهَارِ فِى اللَّيْلِ وَ مُخْرِجَ الْحَيِّ مِنَ الْمَيِّتِ وَ مُخْرِجَ الْمَيِّتِ مِنْ الْحَيِّ يَا رَازِقَ مَنْ يَشَاءُ بِغَيْرِ حِسابٍ يَا أَللهُ يَا رَحْمَانُ يَا أَللهُ يَا رَحِيمُ يَا أَللهُ يَا أَللهُ يَا أَللهُ لَكَ الاَسْمَاءُ الْحُسْنىٰ وَ الاَمْثَالُ الْعُلْيا وَ الْكِبْرِيَاءُ وَ الآلاَءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَىٰ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ اسْمِى فِى هٰذَا اللَّيْلَةِ فِى السُّعَدَاءِ وَ رُوحِى مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِى فِى عِلِّيِّينَ وَ إِسَاءَتِى مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِى يَقِيناً تُبَاشِرُ بِهِ قَلْبِى وَ إِيمَاناً يُذْهِبُ الشَّكَّ عَنِّى وَ تُرْضِيَنِى بِمَا قَسَمْتَ لِى وَ آتِنَا فِى الدُّنْيَا حَسَنَةً وَ فِى الآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النّارِ الْحَرِيقِ وَ ارْزُقْنِى فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ إِلَيْكَ وَ الإِنَابَةَ وَ التَّوْفِيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّداً وَ آلَ مُحَمَّدٍ عَلَيْهِ وَ عَلَيْهِمُ السَّلاَمُ
Tərcümə: “Ey gecəni gündüzə, gündüzü də gecəyə Qatan, ey ölüdən diri, diridən də ölü Çıxaran, ey istədiyinə hədsiz ruzi Verən, ey Allah, ey Rəhman, ey Allah, ey Rəhim, ey Allah, ey Allah, ey Allah! Ən gözəl adlar, ən yüksək sifətlər, böyüklüklər, nemətlər yalnız Sənə məxsusdur! Səndən Mühəmməd və onun Alinə salam və salavat göndərməyini və bu gecədə adımı xoşbəxtlərin, ruhumu isə şahidlərin cərgəsində, ehsanımı İlliyyin (Cənnətin ən yüksək dərəcəsi) dərəcəsində qərar verməyini və pis işlərimi bağışlamağını istəyirəm. Səndən mənə onunla qəlbimin xoşhal olduğu yəqinlik və məndən şəkk-şübhəni aparacaq iman əta etməyini istəyirəm və verdiyin ruzidən məni razı etməyini istəyirəm. Allahım! Dünya və axirətdə bizə yaxşılıq bəxş et və bizi yandırıcı atəşin əzabından qoru! Və bu ayda mənə zikrini, şükrünü, Sənə olan rəğbəti, tövbəni nəsib et, Mühəmməd və onun Alini müvəffəq etdiyin işlərdə məni də müvəffəq et!”
Şeyx Kuleyni rəvayət edir ki, İmam Baqir (ə) 21-ci və 23-cü gecələrdə gecə yarısına qədər dua oxuyar və ondan sonra namaz qılmağa başlayardı.