RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

Mədrəsə sözü lüğətlərdə “oxumaq, başa düşmək, mətni öyrənmək və əzbərləmək üçün təkrarlamaq” mənasını verən “dərs” (“dirasə”) sözündən yaranıb “məf’əl” (مَفْعَل = مَدْرَس (mədrəs)) vəznində (formasında) düzəlmiş bir ismi-məkandır, yəni iş və hərəkətin icrası yerini bildirən bir isimdir. Bəzən “məf’əl” formasında (vəznində) yer bildirən isimlərə “tə mərtubə” (“ة”) qoşulur və “məf’ələtun” (مَدْرَسَةٌ) formasında işlədilir. “Tə mərbutə” artırmaqla bu sözlər yer mənasından əlavə iş və hərəkətin təkrarən, çox vaxt icra olunması mənasını da kəsb edir. Mədrəsə, yəni təkrar-təkrar və çox vaxt dərs oxunan və dərs tədris olunan yer.

İslam tarixində mədrəsənin ilk formalaşması Həzrət Mühəmmədin (s) dövrünə təsadüf edir və Əshabi-süffəyə aid edilir. Yazının mövzusu olan Kökəldaş mədrəsəsi Şeybani hökmdarı Barakxanın (Novruz Əhməd (1552-1556)) oğlu Dərvişxanın Daşkənd valisi olduğu dövrdə Dərvişxanın vəziri Kolbaba Kökəldaş tərəfindən tikilmişdir. Ona görə də mədrəsə qədim zamanlarda “Dərvişxan mədrəsəsi” də adlandırılmışdır. Mənbələrdə yazılır ki, mədrəsə 1551-1575-ci illər arasında ənənəvi memarlıq üsulu ilə tikilmişdir. Onun uzunluğu 62.7 metr, eni isə 44.9 metr olmuşdur. Özbəkistan sərhədləri daxilində “Kökəldaş mədrəsəsi” adlı iki mədrəsə var. Yazımızın mövzusu olan mədrəsə Özbəkistanın paytaxtı Daşkənddə Çarsu meydanında yerləşən mədrəsədir. Buxarada Ləbi-Hovuz ilə üzbəüz 1568-1579-cu illər arasında tikilmiş eyni adlı başqa bir mədrəsə də var. Özbəkistan Respublikasını hərtərəfli araşdıran və təbliğ edən bir çox əsərlərdə adların bu oxşarlığına görə bəzi natamam məlumatlar verilə bilər.

Mədrəsə əsrlər boyu tarixi quruluşunu qoruyub saxlasa da, bölgədə 1830, 1868, 1886, 1946 və 1966-cı illərdə baş verən zəlzələ zamanı böyük ziyan görmüş, hətta iki günbəzi və damı uçmuş, amma hər dəfə əgər belə demək mümkündürsə, yenidən ayağa qalxmışdır. Dağılmış günbəzlərdən çıxmış kərpiclərin 1830-1831-ci illərdə Daşkənd valisi Ləşkər bəylərbəyinin dövründə tikilmiş və günümüzə qədər gəlib çatmayan “Bəylərbəyi mədrəsəsi”nin tikintisində istifadə edildiyi mənbələrdə bildirilir. Yenə tarixi mənbələrdə mədrəsənin 38 otaqdan ibarət olduğu, ilk, orta və ali təhsil şöbələrinin olduğu qeyd olunur. 1884-cü ildə mədrəsənin bir neçə vəqfiyyəsinin (vəqf nizamnaməsinin) olduğu bildirilir. Nümunə kimi deyə bilərik ki, şəhərdəki 7 dükanın icarə haqqı, 230 dükanın isə torpaq hüququ mədrəsənin vəqfiyyəsində (vəqf nizamnaməsində) olduğu üçün bu gəlirlər mədrəsəyə ötürülürdü. XVIII əsrin I yarısında diqqətsizlik ucbatından bu mədrəsə həm də karvansara kimi istifadə olunurdu. Mədrəsənin həm də karvansara kimi istifadə olunması onun elm mərkəzi statusuna xələl gətirməmişdir. Mavəraünnəhr bölgəsinə elm öyrənmək üçün gələn alimlər Kökəldaş mədrəsəsində qonaq olmuş, həm də orada yaradılmış elmi məclislərdən bəhrələnmişlər. Yarandığı gündən bölgənin ən böyük alimləri bu mədrəsədə təhsil alıblar. Məsələn, Muqimi (Mövlana Muqimi (1850-1903)), Furqət (Zakircan Xal Mühəmmədoğlu (1859-1909)), Xislət (Seyid Heybətullah (1880-1945)), Sidqi Xandayliki (Siracuddin Məxdum Mirzahidoğlu (1884-1934)) və İşan Babaxan ibn Əbdülməcidxan (1858-1957) və başqa bir çox şair, ədəbiyyatçılar, ayrı-ayrı elm adamları bu mədrəsədə təhsil almışdır.

Sovet dövründə Özbəkistanda mövcud olan memarlıq əsərlərinə lazımi diqqət yetirilmədiyindən digər memarlıq sahəsinin şah əsərlərindən olan Kökəldaş mədrəsəsi də xarabalıq görüntüsü almışdır. Hətta onun bəzi divarları sökülmüş, vaxtilə elmin tədris olunduğu sinif otaqları anbara, həyəti isə zibilliyə çevrilmişdir. 1902-1903-cü illərdə Daşkənddən olan xeyriyyəçilərin köməkliyi ilə mədrəsənin təmir-bərpa işlərinə başlansa da, kifayət qədər vəsait toplana bilmədiyi üçün bərpa işləri yarımçıq qalmışdır. 1943-cü ildə baş verən zəlzələdə onun iki minarəsi də dağılmışdır. Lakin Kökəldaş mədrəsəsi 1954-cü ildə az da olsa, təmir olunub.

Bu təmir bəhanəsi ilə mədrəsənin yanında yerləşən Xoca Əhrar mədrəsəsinin daşları sökülərək Kökəldaş mədrəsəsinin təmirində istifadə edilmişdir. Beləliklə, 500 illik tarixə malik Xoca Əhrar mədrəsəsi, bir sözlə, bu şəkildə qurban edilmişdir. Kökəldaş mədrəsəsi Özbəkistanın 31 avqust 1991-ci ildə azadlığını elan etməsindən sonra bərpa edilərək indiki görkəmini alıb. Bu bərpa prosesində Erkin Səid Əhmədov və Nəimata Curayevin xidmətləri böyük olmuşdur. Sovet dövründə təhsil verə bilməyən mədrəsə müstəqillik əldə etdikdən sonra 1991-ci ildə Özbəkistan Müsəlmanları Dini İdarəsinin tabeliyinə verilmiş və 1999-cu ildən yenidən Kökəldaş Orta Məxsus Elm Yurdu adı ilə təhsil sahəsində xidmət göstərməyə başlamışdır.

Özbəkistan Respublikası Nazirlər Şurasının 22 avqust 2003-cü il tarixli 364 saylı qərarı ilə Kökəldaş mədrəsəsindən alınan diplom rəsmi olaraq dövlət tərəfindən qəbul edilməyə başlanmışdır. Bu gün mədrəsə tarixi görkəminə sahib olsa da, sinif otaqları müasir tədris materialları ilə təchiz olunmuşdur. Mədrəsənin daxilində on iki mindən çox kitabı olan zəngin kitabxana da var. Tələbələr mədrəsədə boş vaxtlarında xəttatlıq, nəqqaşlıq və oyma kimi sahələri tədris edən kurslarda iştirak edirlər. Əvvəllər bu mədrəsədə təhsil alan tələbələr mədrəsədə pansionat kimi qalırdılar. 2013-cü ildə Özbəkistan Müsəlmanları İdarəsi tərəfindən “Nazirbek Tələbə Yataqxanası” adlı başqa bir yerdə yer ayrılıb. Hazırda tələbələr dərsdən sonra bu yataqxanada məskunlaşırlar. Bu gün mədrəsədə 215 oğlan tələbə təhsil alır. Kökəldaş mədrəsəsində təhsil müddəti 4 ildir və məzun olan tələbələrə orta təhsil (lisey) haqqında diplom verilir.

Məqalənin əlavələrində mədrəsə haqqında ümumi məlumatlar ayrıca cədvəl üzrə verilmiş və eyni zamanda Özbəkistanın hər yerində dini təhsil verən qurum və təşkilatlar barədə də müxtəlif məlumatlar öz əksini tapmışdır.

NƏTİCƏ

Özbəkistan Respublikası öz müstəqilliyini elan etdikdən sonra bərpa edilən Kökəldaş mədrəsəsi 1999-cu ildə yenidən istifadəyə verilib. Bu gün Daşkəndin həm fiziki, həm də mənəvi mərkəzində yerləşən bu mədrəsə illərlə elmdən uzaqlaşdırılan bölgə əhalisinə xidmətini davam etdirir. Kökəldaş mədrəsəsində təhsil alan tələbələr Özbəkistanın hər yerində keçirilən və Özbəkistan Müsəlmanları Dini İdarəsinin təşkil etdiyi Quran-kərim oxuma və dini bilik yarışmalarında bir çox uğurlara imza atıblar. Mədrəsə hər il məhdud sayda tələbə qəbul etdiyi üçün yüzlərlə tələbə burada təhsil almaq istəsələr də, bu fürsətdən yararlana bilmirlər.

2022-2023-cü tədris ilindən etibarən ilk dəfə əcnəbi tələbələrin qəbuluna başlayan mədrəsə beynəlxalq səviyyədə elm mərkəzi olmaq yolunda möhkəm addımlar atır.

 

 

 

 

 


“Özbəkistanda dini təhsil və qədim təhsil mərkəzi: Kökəldaş mədrəsəsi” məqaləsindən

Müəllif: Yılmaz Cankaloğlu

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə

 

QAYNAQLAR

Akiner, Shirin. (2000). Religion’s Gap: Islam and Central Asia in the 1990’s, Harvard International Review, Winter/Spring. 63.

Bennigsen, Alexandre K. (1997). Sovyetler Birliğinde İslâmî Uyanış ve Bazı Gelişmeler. 56.

Bozkurt, Nebi. (2012). “Medrese” Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. C.28. İstanbul: TDV Yayınları, 323.

Erol, Mehmet Seyfettin. (2002). Özbekistan Cumhuriyeti, XIX, 641.

Hasanboyev, Ötkir (2014). Özbekistan’da Devlet ve Din Münasebetleri. 30-108.

Hilgers, Irene. (2006). The Regulation and Control of Religious Pluralism İn Uzbekistan, The Postsocioloist Religious Question (Ed: Hann, Chriss), Munster, 87.

https://president.uz/ru/lists/category/12

https://www.president.uz

https://religions.uz/pages/2

https://religions.uz/pages/view?id=13

https://www.gov.uz/oz/pages/territory

https://www.un.int/uzbekistan/uzbekistan/constitution-republic-uzbekistan

İlkhamov, Alisher. (2006). Archeology of Uzbek Identity, Anthropology & Archeology of Eurasia, 32.

İnatov, Babamurad. (2011). Özbegim Âbideleri, 49-50.

Munavvarov, Zohidulla. (2019). Features of The Religious and Spiritual Policy of the Republic of Uzbekistan: Current Trends, Journal Social-Economic and Humanitarian Research, 4/6.

Musahan, Ali Yıldız. (2015). Sovyet Rejiminin Müslümanlar Üzerindeki İnanç, Ahlak ve Aile Politikası, İlahiyatTetkikleri Dergisi, S. 44, Erzurum: 230.

Özaydın, Abdulkerim. (2012). “Türkler’in İslâmiyeti Kabulü”. Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. C. 47. İstanbul: TDV Yayınları, 478.

Saray, Mehmet. (1993). Özbek Türkleri Tarihi, 56-57.

Sultanov, Omor A. (2009). Muhammed Salih Hoca ve O’nun Tarih-i Cedidâyi Taşkent Eseri, 145.

Tangirov, Obid. (2017). XIX. Asır Sonu XX. Asır Başlarında Taşkent Şehrinin Yerel Eğitim Müesseseleri Tarihi, 38.

Taşdemirci, Ersoy. (1988). Medreselerin Doğuş Kaynakları ve İlk Zamanları, Erciyes Üniversitesi SBE Dergisi, 2-269.

Todua, Zurab. (2005). Özbekistan’da Radikal İslam: Oluşum ve Gelişme Perspektifi, 41-48.

Türkoğlu, İsmail. (2007). “Özbekistan Kültür ve Medeniyeti”. Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. C. 34. İstanbul: TDV Yayınları, 113.

Yaman, Ali. (2012). Türk Dünyasında İslâm, Sovyet Ateizmi ve Kültürel Süreklilik, Ankara: 23.

Yıldırım, Ahmet. (2012). Orta Asya’da İslâmi İlimlerin Ortaya Çıkışı ve Gelişimi, Orta Asya’da İslâm: Türk’ün Tanrı’sından Tanrı’nın Türk’üne, ed. Muhammet Savaş Kafkasyalı, C. 2, Ankara-Türkistan: SFN Yayıncılık, 647.