RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

İndi isə ramazan ayının əməllərinə aid fəslin digər mətləblərini müzakirə edək: Ramazan ayının ilk gecəsinin yeddinci əməli olaraq yazır: “İmam Hüseyni ziyarət edin ki, bütün günahlarınız bağışlansın”. Bu rəvayəti Seyid ibn Tavusun “İqbalul-əmal” kitabından (s. 10) nəql etmişdir ki, onun ravisi Feyz ibn Muxtardır və biz onu “Üsul xəbərlərinin Qurana və əqllərə ərz edilməsi” kitabının ikinci nəşrində tanıtdırmışıq (s. 603). Həmçinin “Qədr gecələrinin müştərək əməlləri”ndə beşinci əməl olaraq yazır: “İmam Hüseyni ziyarət etmək. Qədr gecəsi olduqda yeddinci səmadan ərşin ortasından bir münadi (carçı) nida edib deyər ki, Allah-Taala Hüseynin qəbrini ziyarət edən hər bir kəsi bağışladı”[1].

Şeyx Abbas Qummi “Ramazan ayının ilk gününün əməlləri”ndən ilk əməl olaraq belə yazır: “Axar suda qüsl etmək və sudan otuz ovuc başa tökmək: bu iş insanı bu ildə dərdlərdən və xəstəliklərdən amanda saxlayar”. (!!)

O, bu rəvayəti Seyid ibn Tavusun “İqbalul-əmal” kitabından (s. 86) nəql etmişdir. Halbuki həmin rəvayətdə deyilir: “Hər bir ilin əvvəli ramazan ayının ilk günüdür”. (!!) Lakin Şeyx Abbas Qummi belə bir rəvayətə etimad etmiş və onu öz kitabına yazmışdır: “Ramazan ayının ilk gününün əməlləri”ndə yeddinci əməl olaraq yaxşı bir dua nəql etmişdir ki, onun mətnində heç bir problem yoxdur. “Ramazan ayının son on gecəsinin əməlləri” olaraq 223-cü və 224-cü səhifənin dualarının, həmçinin ramazan ayının 24-cü gecəsindən 30-cu gecəsinə qədər olan gecələrin dualarının heç bir problemi yoxdur.

Ramazan ayının 23-cü gecəsinin əməllərində İsmail ibn Məhran, Əli ibn Əbihəmzə və Mühəmməd ibn Həssan[2] kimi bir qrup zəif ravilərin dilindən nəql edir ki, Həzrət Sadiq (ə) and içmişdir ki, bu gecə bu iki surəni (“Ənkəbut” və “Rum”) oxuyan şəxs behişt əhlidir”. (!!)

Ramazan ayının son gecəsinin əməllərində Abdullah ibn Məs’uda nisbət verilən xüsusi bir namaz qeyd etmişdir. Lakin Peyğəmbərin Sünnəsində bu cür namazlar yoxdur. Əgər Allah Rəsulu (s) bu cür namazlar qılsaydı, əshabə bundan xəbərsiz olmazdı və o Həzrət bunu əshabələrə təlim edərdi. Əgər bir şəxs Əhməd ibn Hənbəlin İbn Məs’udun hədislərinin qeyd edildiyi “Müsnəd” adlı kitabını oxuyarsa, görər ki, ondan ramazan ayı üçün bir namaz nəql olunmamışdır. İbadətlər tövqifi olduğu üçün sırf iki etibarsız rəvayətə əsasən şəriətə bir namaz nisbət vermək olmaz. Ramazan ayının hər günü üçün zikr etdiyi (s. 241-243) və onlar üçün əcaib-qəraib savablar qeyd etdiyi namazların da hökmü həmin cürdür! Başqa bir tərəf də odur ki, ilk gecənin namazını Kəf’əmi “İxlas” surəsinin 25 dəfə oxunması, Məclisi isə 15 dəfə oxunması ilə zikr etmişdir. (?!!)[3] Bu namazları nəql edən ravilərin vəziyyəti də o qədər yaxşı deyil. Mühəmməd ibn Cəfər və İsmail ibn Bəşir mühməldirlər, Mühəmməd ibn Mühəmməd ibn Hüseyn ibn Harun isə məchulul-haldır!!

Həmçinin ramazan ayının hər günü üçün kiçik bir dua zikr etmişdir ki, Kəf’əmi (“Misbah”, “əl-Bələdul-əmin”, s. 219-222) onlardan hər biri üçün əcaib-qəraib savablara qail olmuşdur. Məsələn, 18-ci günün ikisətirlik duası üçün deyir ki, bu duanı oxumaqda min peyğəmbərin savabı vardır!!! Yaxud 29-cu günün duası üçün yazmışdır ki, onun savabı qızıl, gümüş, zümrüd və mirvaridən düzəldilmiş min Cənnət şəhəri olacaqdır!! Məclisi də “Zadul-məad” kitabında (s. 215-220) bu duaları qeyd etmiş və xatimədə onun rəvayətini mötəbər hesab etmirəm, – demişdir! Çox təəccüblüdür ki, Şeyx Abbas Qummi özü də “Onun rəvayətini mötəbər bilmirəm”, – deməsinə baxmayaraq, bu duaları öz kitabında yazmışdır. (?!!) Gizli deyildir ki, birinci günün duasında da həmin problem vardır ki, cənab Qələmdaran şərafətli “İttihadın ana xətti” kitabında 7-ci hədisin  mətninin araşdırılmasında bunu xatırlatmışdır. (Müraciət olunsun!)

Mən öz xütbələrimdə və kitablarımda Peyğəmbər və İmamın qeyb elmi barəsində çox yazmışam[4]. Qeyb elmi ilə əlaqədar bəhsə aid olan mövzulardan biri ramazan ayındakı Qədr gecələri məsələsidir. Şeyx Səduq “Mən la yəhzuruhul-fəqih” əsərinin (s. 174, h. 4) “Oruc” kitabında İmam Baqirin bu sözünü yazmışdır: “Allah Rəsulundan Qədr gecəsi haqqında soruşuldu. Peyğəmbər ayağa qalxıb xütbə söylədi. Allaha həmd-səna etdikdən sonra dedi: “Siz məndən Qədr gecəsi haqqında soruşdunuz. Mən sizə heç bir cavab vermədim, çünki onun haqqında heç bir elmə sahib deyiləm. Ey camaat, bilin ki, kim ramazan ayına çıxsa, sağlam və qüvvətli olduğu bir halda bu ayda oruc tutsa, onun gecəsindən bir miqdarını namaza qalxsa, onun namazını davam etdirsə, cümə namazına getsə və Fitr bayramı günü sübh vaxtı onun namazında iştirak etsə, artıq Qədr gecəsini əldə etmiş və Rəbbin mükafatlarına nail olmuşdur!”

Mülahizə etdiyiniz kimi Allah Rəsulu açıq şəkildə bildirir ki, Qədr gecəsinin hansı gecə olduğunu dəqiq bilmir. “Camiul-mənqul fi sünənir-Rəsul” kitabında[5] qeyd etmişəm ki, digər mötəbər rəvayətlərdə də Qədr gecəsi müəyyən olunmamışdır və xalq mübarək ramazan ayının son on günlüyünə, yaxud son həftəsinə yönləndirilmişdir.

Gizli deyildir ki, bu rəvayət və bunun kimi rəvayətlər Qədr gecəsində mələklərin İmama nazil olub bir ilin müqəddəratını (tale və qismətini) ona məlumat vermələri iddiasından ibarət olan iddiaları inkar edir. Bu yalanlardan bir çoxunu Kuleyni “Üsuli-kafi”nin 1-ci cildinin 99-cu babında bir yerə toplamışdır[6].

Əlbəttə, qeyb elmini Allahdan başqasının bilməməsi məsələsi yuxarıdakı rəvayətlə məhdudlaşmır və başqa hədislər də mövcuddur. Həzrət Əlidən nəql olunmuş bir hədis buna misal ola bilər. Həzrət Əli buyurmuşdur: “Allah Rəsulunun yanında olduğumuz zaman bizdən soruşdu: “Mənə deyin görüm ki, hansı şey qadınlar üçün daha xeyirlidir?” Heç birimiz onun cavabını verə bilmədik. Biz onun yanından ayrıldıqdan sonra mən Həzrət Fatimənin yanına gəldim. Ona Peyğəmbərin bizə verdiyi sualı və heç birimizin həmin suala cavab verə bilmədiyimizi xəbər verdim. Həzrət Fatimə buyurdu: “Lakin mən o sualın cavabını bilirəm! Qadınlar üçün daha xeyirli odur ki, (naməhrəm) kişiləri görməsinlər və (naməhrəm) kişilər də onları görməsinlər”. Peyğəmbərin yanına qayıdıb dedim: “Sən bizdən soruşdun ki, qadınlar üçün hansı şey daha xeyirlidir. Qadınlar üçün daha xeyirlidir ki, (naməhrəm) kişiləri görməsinlər və (naməhrəm) kişilər də onları görməsinlər”. Peyğəmbər (s) buyurdu: “Sən mənim yanımda olduqda onun cavabını bilmirdin. Bunu sənə kim xəbər verdi?” “Fatimə”, – deyə cavab verdim. Bu cavab Peyğəmbəri təəccübləndirdi və dedi: “Həqiqətən, Fatimə mənim parçamdır!”[7]

Başqa bir hədis Rübəyyi’ binti Müəvvizdən rəvayət olunur. Hədisdə deyilir: “Allah Rəsulu (s) evləndiyim gün sübh vaxtı mənim yanıma daxil oldu. İki kəniz Bədr döyüşündə şəhid olmuş babalarımın tərifə layiq sifətlərini və gözəl keyfiyyətlərini avazla oxuyurdular. O cümlədən deyirdilər: bizim aramızda bir Peyğəmbər vardır ki, sabah nə olacağını bilir. Peyğəmbər buyurdu: “Bu dediyiniz nədir?! Bu sözü deməyin! Sabah nə olacağını Allahdan başqa heç bir kəs bilmir!”[8]

Bu cür nümunələr çoxdur ki, ümidvaram möminlər onlardan qafil olmazlar. …

Bəli, “Məfatihul-cinan” kitabında ramazan ayının və Fitr bayramının əməlləri barəsində öz müzakirəmizi davam etdirək. Şeyx Abbas xurafatçı Seyid ibn Tavusun “İqbalul-əmal” kitabından nəql edərək bir namaz qeyd etmişdir ki, o, Haris ibn Ə’vərdən iki rəvayət zikr etmişdir ki[9], birində deyir ki, həmin namazın birinci rükətində “Fatihə”dən sonra 1000 dəfə “İxlas” surəsi oxunmalıdır! Lakin başqa rəvayətdə deyilir ki, yüz dəfə oxunmalıdır! (?!!) Eyni vaxtda birinci rəvayətdə “Ətubu iləllah” cümləsindən sonrakı dua ikinci rəvayətdə yoxdur!! Bu rəvayətlərdə iddia olunur ki, kim Fitr bayramının gecəsində məğrib namazının nafiləsindən sonra bu namazı qılarsa, günahları səhranın qumlarının sayı qədər olsa da, Allah onun hacətini qəbul edər!!

“Fitr bayramı gecəsinin əməlləri”ndə dördüncü əməldə bir dua yazmışdır ki, onu nəql edən şəxs Quranın düşməni olan Əhməd ibn Mühəmməd Səyyaridir[10]. “Fitr bayramı gününün əməlləri”ndə ikinci əməldə bir dua yazmışdır ki, biz “İftitah” duasının araşdırılmasında ona işarə etmişik və burada təkrar etmirik.

178-ci səhifədə xurafatçı Seyid ibn Tavusun “İqbalul-əmal” kitabından nöqsanlı və məchul sənədlə bir rəvayət nəql etmişdir ki, bu rəvayətdə bu üç sətirlik duanı oxuyan şəxsin qırx illik günahlarının bağışlanacağı iddia olunur!! Yəqinliklə deyə bilərik ki, bu rəvayət yalandır. Günahkar tövbə etməlidir, yoxsa peşman olmadan və günahı etməyəcəyinə dair qəti qərara gəlmədən üç sətirlik duanın heç bir təsiri yoxdur.

Şeyx Abbas Qummi 4-cü fəslin 2-ci babında (“Fitr bayramı gününün əməlləri”) bayram namazının qılınma qaydasını bəyan etmişdir. Lakin bilmək lazımdır ki, qunut üçün qeyd etdiyi duanın sənədi yoxdur!! Həmin duanın sənədi olmadığına görə “Vəsailuş-şiə” kitabında qeyd olunmamışdır. Şeyx Abbas Qummi bu duanı Kəf’əminin “əl-Bələdul-əmin” və “Misbah” kitablarında və Seyid ibn Tavusun “İqbalul-əmal” kitabında görmüşdür ki, onlar da onu Şeyx Tusinin “Misbahul-mütəhəccid” kitabından nəql etmişlər. Lakin Şeyx onun üçün bir sənəd qeyd etməmişdir və məhz həmin səbəbə görə Məclisi onun barəsində açıq-aşkar şəkildə belə demişdir: “Şeyx Tusinin “Misbahul-mütəhəccid” kitabında qeyd etdiyini bir rəvayətdə görməmişəm. Zahir budur ki, o, onun yanında mötəbər olan rəvayətdən əxz olunmuşdur, çünki belə bir işdə ictihad üçün bir yol yoxdur”. Aydındır ki, rəvayətin sənədi mülahizə olunmayana qədər Şeyxin sözü bizim üçün dəlil deyildir. Lakin çox təəccüblüdür ki, Şeyx Abbas Qummi sənədi olan rəvayətlər arasından sənədi olmayan bir rəvayəti seçmişdir. Halbuki “Vəsailuş-şiə” kitabında “Məfatih”in rəvayətindən o qədər də fərqlənməyən bir rəvayət mövcuddur. Lakin Şeyx Abbas Qummi sənədi olmayan duanı ona tərcih etmişdir!![11]

SON
Müəllif: Əllamə Burqui
Mütərcim: Xəyyam Qurbanzadə

[1] “Vəsailuş-şiə”, c. 10, s. 370

[2] Mühəmməd ibn Həssanı Əllamə Helli zəif ravilər siyahısında qeyd etmiş və buyurmuşdur ki, Nəcaşi deyir ki, o, bir çox zəif ravilərdən nəql edir və İbn əl-Qəzairi də onu zəif ravi hesab etmişdir.

[3] “Biharul-ənvar”, c. 94, s. 381-dən sonra, “Vəsailuş-şiə”, c. 5, s. 186-189

[4] “Üsul xəbərlərinin Qurana və əqllərə ərz edilməsi” kitabının ikinci nəşri, s. 100-dən sonra və hal-hazırkı kitab, s. 196-201

[5] “Oruc kitabı”, “Qədr gecəsi ramazan ayının son on günlüyündədir” babı

[6] “Üsul xəbərlərinin Qurana və əqllərə ərz edilməsi” kitabının 521-ci səhifəsinə müraciət edilsin.

[7] “Vəsailuş-şiə”, c. 14, s. 43, h. 7

[8] “Sünəni-İbn Macə”, c. 1, s. 611, h. 1897

[9] “İqbal”, s. 272

[10] “Vəsailuş-şiə”, c. 2, s. 954, Əhməd Səyyarini “Üsul xəbərlərinin Qurana və əqllərə ərz edilməsi” kitabının 119-cu səhifəsində tanıtdırmışam.

[11] “Vəsailuş-şiə”, c. 5, “Bayram namazı babları”, b. 26, h. 2