Bəzi millətlərin lider və təmsilçiləri millətçiliyi müqəddəsləşdirib dəstəkləyir, bütün yollarla insanların qəlblərinə yerləşdirməyə çalışır, millətçiliyi müqəddəsləşdirəcək və onunla öyünəcək nəsillər yetişdirmək üçün plan qurur və proqramlar tərtib edirlər. Məsələn, Hitler öz xalqına: “Alman milləti bütün insanlardan üstündür!” – deyə səsləndiyi halda, Mussolini italyanlara “İtaliyalılar bütün insanlardan üstündür!” – deyir. İslam ölkələrində də qərbin təqlidçisi olan bəzi rəhbər və liderlər öz xalqlarına eyni səslə səslənir və mənsub olduqları xalqın içərisindən bir şəxsin bütün dünyaya bərabər olduğunu elan edirlər. Bununla da kifayətlənmirlər. Bu düşüncələri vətəndaşlarının zehinlərinə və beyinlərinə yerləşdirmək üçün tarixi mənbələrdən, sənədlərdən, xatirələrdən və hətta lazım olduqda gücdən də istifadə edirlər.

Buna qarşılıq olaraq filosoflar, sosioloqlar və bəzi siyasətçilər öz səslərini yüksəldərək insanlara millətçilik prinsipini mənimsəmənin və müdafiə etmənin zərərlərini açıqlayır və onun yerinə beynəlmiləlçilik ruhuna sahib çıxmağın lazım olduğunu, vətənsevərlik və soy bağlılığı düşüncələrini unutmağın faydalarını başa salırlar.

Qərbə təqlid etməyi vərdiş halına gətirən, proqram və üsullarını təkrar etməyi çıxış yolu kimi qəbul edən Misir və onun kimi digər İslam ölkələri bu vəziyyət qarşısında yol ayrıcındadırlar.

Beynəlmiləlçilik prinsipinə nəzər salaq: insaniyyət, sülh və ümumi mənfəət prinsipi olmaqla bərabər, qərbin imperialist dairələri və onların havadarları onu (yəni beynəlmiləlçiliyi) zəif ağılların ovlandığı və məğlubiyyətə uğramış millətlərdə müqavimət ruhunun qırıldığı bir balıqçı toruna çeviriblər. Qərb ölkələri şərq millətlərinin cahil, dəyərsiz, zəlil və alçaq olduğuna inandığı, onunla bir yerdə olmaqdan qorxduğu və yaradıldığı palçıqdan başqa bir palçıqla yaradıldığını qəbul etdiyi, bütün gücləri ilə şərq millətlərinin qanını sorduğu, sərvətlərini istismar etdiyi, siyasi və imperialist əməllər üçün insanlarından istifadə etməkdən başqa düşüncəyə sahib olmadığı müddətdə, şərq millətləri üçün beynəlmiləlçilik prinsipi ən təhlükəli prinsip olacaq. Aralarındakı kin və nifrətə baxmayaraq, şərq millətlərinə qərblilər bu gözlə baxmağa davam etdikdə beynəlmiləlçilik anlayışı bizim üçün ən təhlükəli pusqudur.

Millətçilik prinsipinə gəlincə bu da çox qorxulu bir prinsipdir. Bir-biri ilə savaşmaq, mübarizə aparmaq, müharibələr törətmək, insanlara zərər və pisliklərdən başqa bir nəticəsi olmaz. Hər bir millət başqa bütün millətlərin ağası olduğunu və bu məqsədə çatmağı özünə hədəf etdiyi bir halda üsyan və müharibələrin qarşısı necə alına bilər və necə sülh yarana bilər?!

Hər iki prinsip həm Misir dövləti, həm də şərq xalqları üçün zərərlidir və heç bir cəhətdən faydalı və münasib deyildir. Nəzəri baxımdan və qərblilərin tətbiq etdiyi üsullara görə beynəlmiləlçilik şərqliləri yox etmək və əritmək deməkdir. Millətçilik də təməl etibarı ilə xarab və yanlış bir prinsipdir.

Bu iki prinsipin yerinə millətləri və nəsilləri insanlara ümumi xeyir və sülhü zəmanət verən, hamının yararlanması üçün işləyən – beynəlmiləlçiliyin bütün fəzilət və üstünlüyü onsuz da bundan ibarətdir – bununla bərabər izzət və şərəfimizi qorumağı, ölkəmizi və torpaqlarımızı müdafiə etməyi – millətçiliyin də bütün fəzilət və üstünlüyü bundan ibarətdir – təmin edən bir prinsiplə tərbiyə edə bilsək, xeyli faydalanmış, hər iki prinsipin yararlı tərəflərini almış, zərərlərindən çəkinmiş və təqlidçilik kimi pis bir əməldən də xilas olmuş olarıq.

Bir halda ki bu prinsip önümüzdə və əlimizdədir, axı niyə belə uzaqlara gedirik? Bəşəri ideologiya və axımların bütün üstünlüklərinə malik olan və daşıdıqları bütün pisliklərdən uzaq bir əqidəyə sahib olan prinsipimiz vardırsa, nə üçün başqalarına təqlid etməyə çalışırıq? Böyük Allah Quran-kərimdə onu bizə göstərmiş və təfsilatı ilə başa salmışdır. Bu da İslamın qərarlaşdırdığı İslam qardaşlığı prinsipidir. Allah-Taala Quran-kərimdə buyurur:

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَ اتَّقُوا اللهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Tərcümə: “Həqiqətən, möminlər yalnız qardaşdırlar. Buna görə , iki qardaşınızın arasını (münasibətini) düzəldin. Allahın yasaq etdiyi işlərdən qorunun. Ola bilsin ki, sizə rəhm olunsun!”[1]

Həzrət Peyğəmbər (s) də bu prinsipi belə göstərir: “Müsəlman müsəlmanın qardaşıdır. Ona haqsızlıq etməz, onu xor görməz. Müsəlmanın öz qardaşını xor görməsi bir müsəlmana pislik olaraq kifayət edər. Müsəlmanın müsəlmana hər şeyi; malı, qanı namusu haramdır!”

Bu prinsiplə hərəkət etsək, mənəvi bağlılığımız güclənər, şərq millətləri ilə olan əlaqələrimiz qüvvətlənər, eyni zamanda etiqadımızı imperialistlərə boyun əyməkdən, zillət və təhqirə razı olmaqdan qoruyar. Ölkəmizdə İslam qardaşlığı prinsipini tərbiyə və təhsilin əsası və hədəfi kimi qəbul etsək, sistem və proqramlarımızın təməli hesab etsək, həm özümüzə, həm böyük addımlarla İslama doğru addımlayan insanlığa və İslamdan başqa onunla paralel yeriyən, naqislik və axsaqlıqlarında başısoyuqluq edən, İslamdan başqa bir din tapa bilməyəcək mədəniyyətə xidmət etmiş olarıq. Gələcək nəsilləri ən sağlam və güclü təməllər üzərində yetişdirmiş olarıq. Nə olar, heç olmasa, bir dəfə olsun belə yadlara təqlid etməkdən xilas olaq və bu barədə cəsarət göstərək.

Böyük Allah mükəmməl sənətinin bir əsəri olaraq İslama çox dəyərli və əhəmiyyətli iki xüsusiyyət vermişdir. Bunları qısa şəkildə olsa da, açıqlamaq istəyirəm:

a) Yerin, göylərin bunların ikisi arasındakı hər şeyin nizamının ona bağlı olduğu üstün insani prinsiplər missiyası meydana gətirməsidir;

وَ لَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءَهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَ الأَرْضُ وَ مَنْ فِيهِنَّ

Tərcümə: “Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, o zaman göylər də, yer də və onlarda olanlar da korlanıb gedərdi. …”[2]

İslam hər şeydən əvvəl rəbbaniliyə və böyük Allahla gözəl bağlılığın qurulmasına çağırır. Hər işdən əvvəl insanları Allaha yaxınlaşdırmağa və Onun hakimiyyət dairəsi içində yaşamalarını təmin etməyə çalışır.

Ondan sonra insanlığa və insanın həqiqətini ucaltmağa çağırış edir.

Daha sonra beynəlmiləlçiliyə və insanlar arasında qardaşlıq və rəhmət bağlarını qüvvətləndirməyə dəvət edir. 

b) Uca İslam dini müsamihə, bağışlama, güzəşt və genişlik üzərində bina edilmişdir. Bu xüsusiyyətlərinə görə inanmayan və ona boyun əyməyən qeyri-müsəlman şəxslər üçün də sülh, ədalət və etimad təşkil edir. Belə ki, tarix İslamın bu xüsusiyyətlərinə bənzər xüsusiyyətlərə başqa heç bir yerdə şahid olmamışdır. Ona görə də müsəlman və qeyri-müsəlman bütün ərəblər İslamı qəbul etməli, onunla qürur duymalı, adını yüksəklərə qaldırmalı, şəriətini və mədəniyyətini əməli həyatlarının boyanması lazım olan təməl rəngi olaraq saymalı idilər. Mədəniyyət və həyat nizamı olaraq onu mənimsəməli və müdafiə etməli idilər.

Müsəlmanlar hamıdan daha çox ona sahib çıxmalı və onunla fəxr etməlidirlər. Müsəlman olmayan ərəblərin isə öz mirasları, milli və əbədi möcüzəsi olduğu üçün ona sahib çıxmaları lazımdır.

Quran-kərim ərəb dilində nazil olub. Onu insanlara təbliğ edən peyğəmbər də ərəblərdən seçilib. İslam dinində ərəb dili və ərəb peyğəmbər xüsusi bir məna daşıyır. Quranda buyurulur:

نَزَلَ بِهِ الرُّوحُ الأَمِينُ

 عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ 

بِلِسَانٍ عَرَبِيٍّ مُبِينٍ

وَ إِنَّهُ لَفِى زُبُرِ الأَوَّلِينَ 

Tərcümə: “Onu Ruhuləmin (Cəbrail) endirdi. Qorxudan peyğəmbərlərdən olasan deyə sənin qəlbinə nazil etdi. Özü də açıq-aydın ərəb dilində. Həqiqətən, o (Quranın prinsipləri), əvvəlkilərin kitabında da var idi”[3].

Quran ərəblər üzərində cadudan da böyük təsirlər buraxdı. Azad yaradılış cövhərlərini cilaladı. Müstəqilliyini xürafata qarşı bir inqilab, cihadını batilə qarşı bir savaş qərar verdi. Onun sayəsində müsəlman ərəblərin nüfuzu şərqdən qərbə qədər yayıldı, bir çox millətlər onun kölgəsində kölgələndi.

İslamın ərəblərə aşıladığı təzə qan insanların damarlarında coşdu və yetişdiyi hər kəsi və hər şeyi İslamın rəngi ilə boyadı. Artıq ərəblər səhranın qumunda çaşıb qalan dağınıq insanlar olmaqdan çıxdılar və bir vücud olaraq insanlığa qurtuluş rəhbərliyi etdilər. Bu gün Bəsrə körfəzindən Atlantik okeanına qədər geniş bir coğrafiyanı əhatə edir, onlar kimi düşünən, onlar kimi hiss edən və duyan və hamısını birləşdirən iman bağı ilə bir-birinə bağlı olan dörd yüz milyon müsəlman onlarla tamamlanır. İctimai və qanuni əməliyyatlardan İslamla əlaqədar hər şeyin təmizlənmə cəhdlərinin gündəm olduğu bu günlərdə bu həqiqətləri bildirmək bir vəzifədir.

İslamın insanların düşüncəsində yer alan millətçilik anlayışına baxışını və onun yerinə İslam qardaşlığını necə yerləşdirdiyini yaxşıca qavramaq lazımdır. Bunu da deyim ki, millətçiliyin arxasınca düşənlər dünyaya heç bir xeyir verə bilməzlər. Əksinə, belələri insanların içində kin və düşmənçilik atəşini alovlandırar, dünya sülh və etimad axtardığı bir zamanda millətlər arasında düşmənçilik odu yandırarlar. Şübhəsiz ki, İslam onların bu anlayış və hərəkatlarını qəbul etməz.

Regional millətçiliyi müdafiə edənlər də insanlıq üçün xeyirli bir iş görmürlər. Onsuz da özlərindən daha zəif olan millətlərə qarşı çox vaxt öz prinsiplərini tapdalayır, onların torpaqlarını öz torpaqlarına qatmağa çalışırlar. “O halda insanlar hansı zəmin üzərində birləşəcək, hansı bağ ətrafında toplaşacaq, birlik və qardaşlıqlarının simvolu nə olacaq?” sualına bu cavabı vermək lazımdır.

Sağ əlinə Quran-kərimi, sol əlinə də Peyğəmbərin Sünnəsini al, saleh sələflərin yaşayışını gözünün önünə gətir. Bütün bunlarla İslamın bir əqidə ətrafında düyünlənən birlik və bərabərlik, millət və ümmət olduğunu görəcəksən.

İslam beynəlmiləl bir dindir. İnsanlığın möhtac olduğu qurum, sistem və hüquqdan hər bir şey onda vardır. Xoşbəxtlik yolunu açıq-aydın göstərmişdir. Bütün insanlara bu hüquqi qavramları, bu sistem və qurumların mənalarını əmr etmişdir. Bunları həyatda tətbiq etmələrini şərt qoymuşdur.

İslam bütün müsəlmanları haqq və vəzifələrdə bir-birinə bərabər və əqidə üzərində birləşən qardaşlar elan etmişdir. Bu əqidəni hamısının qəlbinə yerləşdirmiş və yalnız beləcə müsəlman ola bilmənin mümkünlüyünü açıqlamışdır. İnsanlara bu əsasları və prinsipləri bildirməyi vəzifə bilən bir ordunun əsgəri olmalarını əmr etmişdir. Bu təbliğ yolunda dünyadakı hər şeylərini; can, mal-mülk və həyatlarını belə fəda etmələrini istəmişdir. Böyük Allah bu haqda belə buyurur:

قُلْ إِنْ كَانَ آبَاؤُكُمْ وَ أَبْنَاؤُكُمْ وَ إخْوَانُكُمْ وَ أَزْوَاجُكُمْ وَ عَشِيرَتُكُمْ وَ أَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَ تِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَ مَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُمْ مِنَ اللهِ وَ رَسُولِهِ وَ جِهَادٍ فِى سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللهُ بِأَمْرِهِ وَ اللهُ لاَ يَهْدِى الْقَوْمَ الْفَاسِقِينَ 

Tərcümə: “De ki: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə, artıq Allah əmrini gətirincəyə qədər gözləyin. Allah fasiq qövmü hidayət etməz!”[4]

Bu əqidəni mənimsəyən hər bir şəxs İslamın bir-birinə bağladığı ümmətin bir üzvüdür. İslam bütün müsəlmanlara o şəxsin müdafiə edilməsini, haqqının qorunmasını və haqsızlıq edənlərdən haqqının alınmasını vacib etmişdir. Üzərində İslam bayrağının yüksəldiyi və şəhadət kəlməsinin (kəlmeyi-şəhadət) deyildiyi hər yer bütün müsəlmanların yurdudur. Onu daim qorumalı, onun üçün çalışmalı və onun yolunda cihad etməlidirlər.

Bundan başqa müsəlmanların bütün insanların müsəlman olmaları üçün təbliğ vəzifələrini icra etmələri lazım gələrsə, əməli cihad etmələri də vacibdir. Din tamamən Allah üçün oluncaya qədər cihad etmək onların vəzifəsidir[5]. Bütün yer üzünün İslam yurdu olması, üzərində İslam bayrağının dalğalanması üçün daim çalışmaları lazımdır. Dünyanın hər tərəfində azan səslərinin yüksəlməsi və “Allahu Əkbər!” nidalarının dörd tərəfə yayılması üçün hər cür cəhd göstərmələri vacibdir.

Şübhə yoxdur ki, bu nə bir millət üçün təəssübdür, nə millətçilik nərəsidir, nə də bir coğrafi ərazi üçün ruh yüksəkliyi duyğuları bəsləməkdir. Bu, əksinə olaraq bütün insanlığı xilas etmək üçün edilən bir cihaddır. Yanlış yol tutanların arzu və həvəslərinin boyunduruğundan bütün dünyanı xilas etmək üçün çalışmaqdır. Kin və ədavət hissi yaradan, düşmənçilik meyillərini meydana çıxaran, qarşıdurma və bədbəxtlik gətirən millətçilik pusqularından insanların xilas olması üçün səy göstərməkdir. Varlığın həyat sirri olan sevgi və qardaşlıq prinsiplərinə sahib çıxmaq və onları dəstəkləməkdir.

Mənbə: “Həsən əl-Bənna danışır” kitabı, s. 178

Mütərcim: Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor: Məhbubə Kərimzadə

[1] “Hücurat”, 10

[2] “Muminun”, 71

[3] “Şüəra”, 193-196

[4] Tövbə”, 24

[5] Yəni həyatın Allaha həsr olunmasının qarşısını alan təzyiqlər aradan qaldırılana qədər vuruşun. “Ənfal” surəsinin 39-cu ayəsinə işarə edilir.