Nemətullah Salehi Nəcəfabadi (h. ş. 1302-16 ordibeheşt 1385 – m. 1923-6 may 2006) h. q. tarixi ilə XIV-XV əsrlərdə (m. XX-XI əsrlərdə) yaşamış şiə tarixçisi və yazıçısı olmuşdur. O, İsfahan Elmi Hövzəsində Hacı Ağa Rəhim Ərbab və Mühəmmədhəsən Alim Nəcəfabadinin, Qum Elmi Hövzəsində isə Ayətullah Bürucərdi, Seyid Mühəmməd Damad, Seyid Ruhullah Musəvi Xomeyni və Əllamə Təbatəbainin tələbələrindən biri olmuşdur.
Salehi Nəcəfabadi Qum Elmi Hövzəsinin ustadlarından və yazıçılarından hesab edilmiş və Xomeyni hərəkatının tərəfdarlarından biri kimi fəaliyyət göstərmişdir. Haşimi Rəfsəncani, Məhdəvi Kəni və Natiq Nuri kimi şəxslər onun tələbələrindəndirlər.
Salehi Nəcəfabadinin İmamın elmi ilə bağlı fikirləri və “Şəhidi-cavid” (“Əbədi şəhid”) kitabı etirazlarla qarşılanmış və çoxlu narazılıqlara səbəb olmuşdur. Bir neçə müəllif onun kitabını tənqid etmişdir. O, Quranı fars dilinə də tərcümə etmişdir. “Vəlayəti fəqih, saleh insanların hökuməti” əsəri onun mühüm əsərlərindən biridir. Əsərdə vəlayəti-fəqih barəsində təyin etmə nəzəriyyəsi rədd edilir və digər tərəfdən vəliyyi-fəqihin xalq tərəfindən seçilməsinin zəruriliyinə işarə olunur.
TƏRCÜMEYİ-HALI
Nemətullah Salehi Nəcəfabadi h. ş. təqvimi ilə 1302-ci ildə (m. 1923-cü ildə) Nəcəfabad şəhərində anadan olmuşdur. Atası Hüseynəli Salehi əkinçi olub. O, 16 yaşına qədər təhsilini başa vurmuş, sonra 1318-ci ildə (m. 1939-cu ildə) İsfahana gedərək ərəb ədəbiyyatı dərsləri almışdır. Daha sonra “Şərhi-Lumuə” və “Rəsail” kitablarını öyrənmək üçün Hacı Ağa Rəhim Ərbab və dayısı Mühəmmədhəsən Alim Nəcəfabadinin yanına getmişdir.
Hacı Ağa Rəhim Ərbabın dediyi bu cümlə Salehinin yaddaşında qalmışdır: ““Lumuə” və “Məkasib” kitablarında oxuduqlarınız nazil edilmiş vəhy deyildir və bu mövzular mübahisəlidir və o fikirlərə təqlid etmək olmaz!” Salehi Nəcəfabadinin dediyinə görə, Hacı Ağa Rəhim Ərbab mürid maraqlısı (hərisi) olan bir şəxs deyildi. Onun digər müəllimi Mirzə Əliağa Şirazi olmuşdur. Salehi onunla o qədər maraqlanırdı ki, hər gün ustadın otağına gedib onun üçün çay dəmləyirdi.
Bir gün Salehi ustadına bir neçə şeir oxuyur və deyir ki, Ağa, Şeyx Mofidin məqamına və böyüklüyünə bax; İmami-zəman onun qəbri üzərində öz əli ilə belə bir şeir yazmışdır. Mirzə Əliağa ona belə cavab verir: “Övladım, bu qədər sadəlövh olma, bu sözləri onun vəfatından sonra müridləri uydurmuşdur”.
O, İsfahanda oxumaqla yanaşı bir müddət Zülfiqar mədrəsəsində “Muğni” kitabından dərs keçmişdir.
H. ş. təqvimi ilə 1325-ci ildə (m. 1946-cı ildə) Şəhid Behiştinin təşviqi ilə fiqh və üsuli-fiqh elmləri sahəsində dərsi-xaric təhsilini davam etdirmək üçün Qum şəhərinə mühacirət edir. Orada Ayətullah Bürucərdinin şagirdlərinin cərgəsinə qatılıb ömrünün sonuna qədər onun tələbələrindən olur. O, eyni zamanda Seyid Mühəmməd Damad və Seyid Ruhullah Musəvi Xomeyninin dərsi-xariclərində də iştirak edirdi. Salehi bir müddət Əllamə Təbatəbainin fəlsəfə dərslərində də iştirak etmiş və Molla Hadi Səbzvarinin “Şərhul-mənzumə” əsərini və Molla Sədranın “Əsfar” əsərinin bir hissəsini ondan dərs alaraq bəhrələnmişdir. Lakin Əllamə Təbatəbainin sonralar “əl-Mizan” formasında nəşr olunmuş təfsir dərsinə daha çox əhəmiyyət verir və mütəmadi olaraq o dərslərdə iştirak edirdi. Deyilənlərə görə çox sadə insan olmuşdur. Qənaətcil olmuş, israfçılığı sevməmişdir. Salehi Nəcəfabadi h. ş. təqvimi ilə 16 ordibeheşt 1385-ci il şənbə günündə (m. 6 may 2006-cı il) Tehranın “Bəqiyyətullahi-ə’zəm” xəstəxanasında vəfat etmiş və 18 ordibeheşt bazar ertəsi günü (m. 8 may) cənazəsi Nəcəfabada yola salınmışdır. Orada Ayətullah Seyid Cəlaləddin Tahiri İsfahani tərəfindən üzərində cənazə namazı qılındıqdan sonra dəfn edilmişdir.
TƏDRİS VƏ YAZIÇILIQ
Salehi Nəcəfabadi h. ş. təqvimi ilə 30-cu ilin sonlarından (miladi təqvimi ilə 50-ci ilin sonlarından) Hövzə yazıçılarının sırasına qoşulmuş və 1338-1345-ci illərdə (m. 1959-1966-cı illərdə) onun “Şiə məktəbi” və “İslam məktəbi” jurnallarında 13 məqaləsi dərc olunmuşdur. O həmçinin “Cəfəri məktəbi” salnaməsinin müəlliflərindən biri idi. Bu dövrdə tələbələrin yazıya diqqət yetirmələrinin səbəbi Elmi Hövzənin tələbələri və alimlərinin bəzilərində yaranan həvəs idi.
Salehi Nəcəfabadi 1352-ci ilə qədər (m. 1973-cü ilə qədər) ərəb ədəbiyyatı, “Şərhi-Lumuə”, “Rəsail”, “Məkasib” və “Kifayə” kitablarının müdərrislərindən biri olmuşdur.
Mühəmmədrza Məhdəvi Kəni, Əkbər Haşimi Rəfsəncani, Mühəmməd Mühəmmədi Geylani, Abbas Məhfuzi, Həsən Sanii, Həsən Lahuti Əşkuri, Cəlaləddin Tahiri İsfahani, Mustafa Xomeyni, Hadi Barikbin (Gözüaçıq), Əhməd Cənnəti, Mühəmmədmehdi Rəbbani Əmləşi, Seyid Mahmud Duai, Müdərrisi Təbatəbai və Əliəkbər Natiq Nuri onun tələbələrindən idilər.
SİYASƏT SAHƏSİNƏ DAXİL OLMASI
Neft sənayesinin milliləşdirilməsi zamanı Salehi Nəcəfabadi bəzi siyasi mitinqlərdə iştirak edərək siyasi cərəyanlarla və müxtəlif fikirlərlə tanış olur. O mitinqlərin natiqi və aparıcısı, adətən Şəms Qənatabadi olardı.
H. ş. təqvimi ilə 1341-ci ildə (m. 1962-ci il) Xomeyni hərəkatının başlaması ilə o, Ruhullah Musəvi Xomeyninin dini rəhbərliyini (mərcəiyyətini) təbliğ edənlərin sırasına qoşulur və 1349-cu ildə (m. 1970-ci ilin yayı) onun dini rəhbərliyini təsdiq edən bir bəyannamə dərc edir. Bu bəyannamə “Şəhidi-cavid” kitabı ilə bağlı onun barəsində yaranmış həssaslıqlarla yanaşı onun 1352-ci ilin mordad ayında (m. 1973-cü ilin iyul ayında) həbs olunmasına və üç il Əbhər, Tuysirkan və Məhabad şəhərlərinə sürgün edilməsinə səbəb olur.
O həmçinin ustad Mütəhhərinin yaxın dostlarından olmuşdur. Şəhid Mütəhhəri bu barədə belə demişdir: “Ağayi-Salehi bizim köhnə dostlarımızdandır”. (“Himaseyi-hüseyni”, c. 1, s. 329)
İSLAM İNQİLABI VƏ SONRAKI VƏZİYYƏT
İslam İnqilabının qələbəsindən sonra Salehi Nəcəfabadi Qum Elmi Hövzəsində qalıb elmi fəaliyyətini davam etdirir. O, əvvəlcə “Nəhcülbəlağə”ni tədris etməyə başlayır və 1360-1361-ci illərdə (m. 1981-1982-ci illərdə) tədricən vəlayəti-fəqih məsələsi əhəmiyyət kəsb etdiyinə görə onunla bağlı araşdırmalar aparır və vəlayəti-fəqihin üslubu və ya onun xalq və seçki qanuniliyi anlayışını müdafiə edir. Həmin müzakirə və mübahisələrdə o, ilk dəfə olaraq o günlərin “vəliyyi-fəqih ələm müctəhid olmalıdır” məşhur nəzəriyyəsini rədd edir və fikir bildirir ki, müctəhidlər arasındakı vəliyyi-fəqih həkimlər arasındakı səhiyyə naziri kimidir.
İran-İrak müharibəsinin başlaması ilə 73 dəfə iştirak etdiyi mühazirələrdə İslamda cihad məsələsinin fiqhi araşdırmasını təqdim edir. O, İslamda ibtidai cihadı inkar etməklə yanaşı fəqihlərin fikirləri ilə Quran və Peyğəmbərin həyat tərzi arasındakı fərqə işarə etmiş və müsəlmanlarla digər dövlətlər arasındakı münasibətlərdə sülhü əsas prinsip kimi qərar vermişdir. O, eyni zamanda Peyğəmbərin müharibələrinin müdafiə xarakterli olduğunu izah etməyə çalışmışdır. Salehi cihad məsələsinin tədrisi zamanı İran-İrak müharibəsini müzakirə edən Taif Konfransının boykot edilməsinə görə məktubda müharibəyə görə cavabdehlik daşıyan şəxsləri tənqid etmişdir. 1359-cu ilin esfənd ayında (m. 1981-ci ilin fevral ayında) rejimin məsul işçilərinə göndərilən bu məktub bir müddət sonra “Azadlıq Hərəkatı” bülletenində dərc olunmuşdur. Məktubun ünvanı dolayısı ilə Ruhullah Musəvi Xomeyni idi. Salehi Nəcəfabadi müharibə məsələsini həll etmək üçün İran və İrak arasında danışıqlar aparmaq üçün Taif Konfransında İranın iştirakını tələb edirdi. O həmçinin parlament üzvlərindən səlahiyyətə sahib olduqları mövzularda Ruhullah Xomeyninin rəyi ilə uyğun olmamasına baxmayaraq, öz fikirlərini bildirmələrini istəyirdi. Salehi İrakla birbaşa danışıqların tərəfdarı idi. Hətta təkid edirdi ki, danışıqların aparılmasını İran tərəf təklif etməlidir. O həmin məktubu məhdud sayda olsa da, bəzi dövlət başçılarına təqdim etmişdi. Görünür, məktub Ruhullah Xomeyninin əlinə çatmışdı və o, öz mövqeyini bildirərək müzakirəni pisləmişdi. Bu məktub 1388-ci ildə (m. 2009) “Taif Konfransı və müharibə məsələləri haqqında açıq məktub” adlı bir kitabda nəşr olunmuşdur.
TƏDQİQAT VƏ ARAŞDIRMA METODU
Salehinin dinin dünyəviləşdirilməsi ilə bağlı elmi nəticələri onu ziyalı cərəyanına yaxınlaşdırıb Hövzədən uzaqlaşdırsa da, ənənələrə uyğun yaşamayan və dini təlimləri müasir əql əsasında başa düşməyə çalışan ziyalılardan fərqli olaraq yenə də ənənə çərçivəsində düşünür və dövrün ümumi etiqadlarını metodoloji (üsuli) baxımdan tənqid edirdi. Fiqhi məsələlərin istinbat edilməsi və ayələrin təfsirində əql ünsüründən istifadə etməyi, ədəb və sağlam tənqid prinsiplərinə riayət etməyi, xurafatdan çəkinməyi, azad düşüncə, elmi müstəqillik və az yazmağı tədqiqat və yazı işlərində onun xüsusiyyətlərindən hesab etmişlər.
- Salehi hesab edirdi ki, elmi hövzələrdə araşdırma və ictihad metodunda islahat aparılmalıdır ki, onun vasitəsilə Hövzənin ənənəvi təfəkkürü islah olsun. O, Hövzənin heç bir elmi metodunu həmin elmin prinsiplərinin tərkib hissəsi hesab etməyən köhnə və ümumi məntiqinin əksinə olaraq metoda çox əhəmiyyət verirdi. Öz araşdırmalarında yeni metodologiyalarla uyğunlaşan xüsusi üsullardan istifadə edirdi.
- Həm də belə düşünürdü ki, Şeyx Mofid, Seyid Mürtəza və Şeyx Tusi dövründən sonra xüsusilə imamlarla bağlı dini düşüncə öz saflığını itirmiş və qülüvvə düçar olmuşdur. O, dini başa düşmək üçün Şeyx Mofid, Seyid Mürtəza və Şeyx Tusi dövrünə qayıdır və onların dil üslubunu dini həyatın daha realist rəvayəti və hekayəsi kimi şərh edirdi.
- Quranın mətnindən əlavə, onun ədalətdən ibarət olan ruhunu hədisi qəbul etmək və ya rədd etmək üçün daha ümumi meyar və ölçü vahidi kimi qəbul etmiş, buna əsaslanaraq nadir və qeyri-adi (şazz) fitvalarla razılaşmışdır.
- Öyrəndiyi hər şeyə şübhə ilə yanaşmağı zəruri hesab edən Salehi İslam irsinə heç də müqəddəs baxmırdı və əldə etdiyi bilgilərə də mifik yanaşmırdı. Onun üçün yalnız Quran mətn və ruh (məzmun) olaraq müqəddəs idi və əsas meyar hesab olunurdu.
- Salehiyə görə əgər dinin əbədi bir xitabı və müraciəti varsa, həm hər gün üçün faydalı olmalı, həm də onun ülgü və nümunələri başqaları üçün yaşanabilən olmalıdır. Dini müasir insan üçün örnək olmaqdan məhrum edən də məhz bu durğunluq və qülüvdür[1].
DÜŞÜNCƏLƏRİ
- Salehinin İmamın elmi haqqında xüsusi fikri vardı. O, belə hesab edirdi ki, dəlillərin tələbinə əsasən İmam yalnız camaatın ehtiyac duyduğu bütün dini hökm və məsələlərdən xəbərdar olmalıdır, başqa heç nə. Bizim əlimizdə İmamın bütün keçmiş və gələcək hadisələri bilməsi barədə heç bir sübut və ya hər hansı bir fakt yoxdur.
- “Şəhidi-cavid” kitabının əsas baxış tərzlərindən biri də Aşura qiyamında İmam Hüseynin hədəf və məqsədini müzakirə etməkdir ki, onu hökumətin qurulması adlandırmışdı.
- Hökumətin tənqidi alqışlamalı və müxalifətlə məntiqli davranmalı olduğunu vurğulayan Salehi müxalifətin vətəndaş və dini hüquqlarını müdafiə etmiş və dövlət xadimlərini bu etirazçı azlığa qarşı dini düşüncələrini təshih və islah etməyə çağırmışdır.
- O, İslam məzhəbləri arasında mövcud olan ümumi (müştərək) cəhətlərə diqqət yetirməyi zəruri saymış, onların əqidə və fiqhdəki ixtilaflarını azğınlıq əlaməti deyil, azad ictihad və təfəkkürün təbii nəticəsi hesab etmişdir. O, bəzi dəlillər göstərməklə əhli-sünnənin ictihad və təqlidinin səhih və müczi olduğuna inanırdı. Əqidəsi bu idi ki, əgər şiə bir müctəhid bəzi mövzularda əhli-sünnə fiqhinin daha səhih və doğru olduğunu dəqiq müəyyən edərsə, ona əməl edə bilər.
- Qadını cinsi səbəblərə görə ictimai və siyasi vəzifələrdən məhrum edən ənənəvi din xadimlərindən fərqli olaraq Salehi bunu əks cinsə qarşı bir növ zülm hesab etmiş, dəlilləri və bununla bağlı gəlib çatmış rəvayətlərin dəlalətini yenidən nəzərdən keçirmək istəmişdir.
- Salehi Nəcəfabadinin ictimai məsələlərlə bağlı baxış tərzlərindən biri də İmam Əlinin həyat tərzində “müxalifətçiyə səbir etmək” prinsipinə diqqət yaratmaqdır. O, bu mövzu ilə əlaqədar belə deyir: “Həzrət Əlinin həyatında çox mövzular gözə dəyir. Onlardan biri də budur ki, bəzi şəxslər dini, yaxud siyasi, yaxud fiqhi əqidələrində İmama (ə) müxalif olmuşlar. Lakin İmam (ə) onlara qarşı dözümlü yanaşmış və müxalif fikirlərinə görə onlara qarşı pis rəftar etməmişdir”.
ƏSƏRLƏRİ
Salehi Nəcəfabadinin təfsir, analitik (təhlili) tarix, hədis, kəlam və fiqh sahələrində əsaslı və tədqiqolunmuş əsərləri vardır. Yazıldıqları tarixə əsasən onun əsərləri aşağıdakılardan ibarətdir:
MƏQALƏLƏR
Cəmi 14 məqalədən 13-ü İslam İnqilabından əvvəl 1338-1345-ci illərdə (m. 1959-1966-cı illərdə) “Şiə məktəbi” və “İslam məktəbi” jurnallarında dərc olunmuş, “İslam vəhdəti anlayışı” haqqında yazılmış sonuncu məqalə isə İslam İnqilabının qələbəsindən sonra İmamcümələrin Mərkəzi Şurasının dəvəti ilə 1363-cü ildə (m. 1984-cü ildə) yazılmışdır. Məqalələrin başlıqları yazıldıqları tarixə görə belədir:
- “Hüquq və əxlaq arasındakı əlaqə” (1338 – 1959);
- “Əli əleyhissəlam şəhadət yatağında” (1339 – 1960);
- “Dünyanın tanımadığı şəxs – Əli əleyhissəlam” (1340 – 1961);
- “Nümunəvi qadın – Fatimə” (1340 – 1961);
- “Qədir bayramı, yaxud Əli əleyhissəlamın vəliəhdliyi” (1340 – 1961);
- “Quranın aydın bir imtiyazı” (1340 – 1961);
- “Atanın yanında mehriban xanım” (1340 – 1961);
- “Quran salnamələrinin Əhdi-ətiq və Əhdi-cədiddəki kitablarla müqayisəsi” (1341 – 1962);
- “Sirli qüvvə” (1341 – 1962);
- “İslam xarici siyasətinin bir guşəsi” (1342 – 1963);
- “Əli (ə) niyə rəhbərliyi qəbul etdi?” (1343 – 1964);
- “Əli öz qatilini oyatdımı?” (1343 – 1964);
- “İslam qan və qılınc dinidirmi?” (1344 – 1965);
- “İslam vəhdəti anlayışı” (1363 – 1984).
KİTABLAR
- Quran-kərimin tərcüməsi.
- Ayətullah Salehi Nəcəfabadinin Quran araşdırmaları.
- Ayətullah Salehi Nəcəfabadinin tarix və hədis araşdırmaları.
- Ayətullah Salehi Nəcəfabadinin fiqhi araşdırmaları.
- Ayətullah Salehi Nəcəfabadinin tənqidi və rəyi.
- Quranın təfsiri və anlaşılmasında hədislərin təsiri.
- “İnsanlığın gözəlliyi, yaxud “Yusif” surəsinin təfsiri”.
- “Şəhidi-cavid” (“Əbədi şəhid”). Salehi Nəcəfabadi bu kitabda İmam Hüseyn barəsində tədqiq edilmiş nəzəriyyələr bəyan etmişdir. Yazıçı bu əsərdə şiənin böyük alimləri olan Şeyx Tusi və Seyid Mürtəzanın İmam Hüseyn qiyamı mövzusundakı nəzəriyyəsini ictihad edərək və araşdıraraq qəbul etmiş və bu qiyamın fəlsəfəsinin İslam hökuməti qurmaqdan ibarət olduğunu açıqlamışdır. Əsərdə İmam Hüseynin səhv etməsi barəsində bəzi sünnilərin iddiası, yaxud “İmam özünü öldürtmək məqsədi ilə hərəkət etmişdir”, – deyən bəzi şiələrin iddiası kimi şəhidlər ağasına yaraşmayan fikirlər rədd edilmişdir.
Ayətullah Müntəziri, Ayətullah Meşkini Ərdəbili, ustad Mühəmmədtəqi Cəfəri, ustad Əhməd Aram və digərləri kimi görkəmli aimlər “Şəhidi-cavid” kitabı haqqında müsbət rəy yazmışlar. Bu, kitabın və onun müəllifinin elmi şəxsiyyətinin yüksək dərəcədə olmasının daha bir göstəricisidir.
- “Vəlayəti-fəqih, saleh insanların hökuməti”.
- “Musanın əsası, yaxud qülüvv xəstəliyinin müalicəsi”.
- “Ustad Mütəhhərinin “Himaseyi-hüseyni” əsərinə bir baxış”.
- “Fiqh elmində yeni bir araşdırma”.
- “Dörd izahlı məqalə ilə “Məcməul-Bəyan” təfsirində xəyali hədislər”.
- “İslamda cihad”.
- “Qülüvv; qalilərin dindəki düşüncə və əqidələrinə giriş”.
- “Digər bir neçə məqalə ilə birlikdə İslam fiqhində qadının qəzavəti”.
Salehi Nəcəfabadinin vəsiyyətinə əsasən, digər əsərlərinin və əlyazmalarının nəşri tələbəsi, həm də dostu olmuş Mühəmmədəli Kuşanın nəzarəti, düzəlişi və redaktəsi ilə həyata keçirilməlidir. 1397-ci ilin yayında (m. 2018-ci ilin yayında) ilk dəfə olaraq Salehi Nəcəfabadinin əlyazmaları toplusundan dörd kitabça Mühəmmədəli Kuşa tərəfindən araşdırılmış, redaktə və korrektə edilərək “Kəvir Nəşriyyatları” tərəfindən dörd jurnalda nəşr olunmuşdur.
QURAN TƏRCÜMƏSİ
Salehi Nəcəfabadinin Quran-kərim tərcüməsi onun ən mühüm əsərlərindən biri hesab olunur. Tərcüməçi və Quran tərcümələrinin tənqidçisi Mühəmmədəli Kuşa Salehi Nəcəfabadinin tərcüməsinin dəqiq və səlis olduğunu qeyd etmiş və onunla bağlı olan bir neçə səciyyəvi cəhətlər göstərmişdir:
- Bu tərcümənin növü müqayisəlidir və ayələrin mətninə uyğundur;
- Bu tərcümədə ayələrin məfhum və məzmunu imkan daxilində fars dili qəlibində ifadə edilmişdir;
- Bu tərcümənin nəsri ağır ərəb sözlərindən və qədim farscadan uzaqdır;
- Bu tərcümə kəmiyyətcə ayələrin həcminə bərabərdir;
- Bu tərcümədə mötərizədə verilən izahedici qeydlərə və lazımi ixtisarlara riayət edilmişdir;
- Ayənin əlavə izaha ehtiyacı olan mövzularını müəyyən etmiş və əlavə haşiyələrdə onu qeyd etmişdir;
- Bu tərcümədə əvvəldən axıra qədər tərcümənin həcminin azlığı və səlis fars dilinə əsaslanan oxşar sözlərin zərifliyi nəzərə çarpır və aydın görünür.
Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
Redaktor: Əfruzə Həsənova
Operator və korrektor: Məhbubə Kərimzadə
[1] Qülüvv – həddi aşmaq, hidayət imamlarına sahib olduqları xüsusiyyətlərin fövqündə daha çox sifətlər və xüsusiyyətlər aid etmək