.

.

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “13 MAY 2021-Cİ İL CÜMƏ AXŞAMI GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq cümə axşamı gününə təvafüq edən 2021-ci il may ayının 13-nü 1442-ci il mübarək Fitr bayramı günlərinin ilk günü olaraq elan etmişdir. Beləliklə, 2021-ci il may ayının 12-si çərşənbə günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: “H. q. təqvimi ilə 1442-ci il şəvval ayının hilalı 2021-ci il may ayının 11-i çərşənbə axşamı günü Qrinviç saatı ilə axşam 19:00-da, Beyrut şəhəri yerli saatla 22:00-da (Bakı vaxtı ilə 23:00-da) doğacaqdır. Çərşənbə axşamı günü axşam (yəni çərşənbə gününə keçən gecə) bu hilalı istər adi gözlə, istərsə də yaxınlaşdırıcı cihazlar vasitəsilə dünyanın heç bir regionunda görmək mümkün olmayacaq. Buna görə də növbəti gün (çərşənbə günü) ramazan ayının 30-cu günü olacaq.  Çərşənbə günündən cümə axşamı gününə keçən gecə (yəni cümə axşamı gününün gecəsi) sxemdə göründüyü kimi, Şimali Amerikanın mərkəzi və cənub hissəsində və Cənubi Amerikanın bir hissəsində (yaşıl rəngdə yerləşən ölkələrə baxın) yeni hilalın adi (çılpaq) gözlə asanlıqla görünməsi mümkün olacaq. Həmçinin Cənubi Amerikanın və Afrika qitəsinin bir çox regionlarında (çəhrayı rəngdə yerləşən ölkələrə baxın) hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda, ayparanı adi gözlə görmək mümkün olacaq. Cənubi Amerikanın, Afrikanın, Avropanın və Asiyanın bəzi regionlarında isə hilal yaxınlaşdırıcı cihazlar vasitəsilə görünəcək.

Buna görə də şəvval ayının ilk günü 13.05.2021-ci il cümə axşamı günü olacaqdır. Bu hökm ramazan ayından 30 gün keçməsinə əlavə olaraq Seyid Fəzlullahın istinad etdiyi aşağıdakı fiqhi əsasa söykənir:

“Qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın yaxınlaşdırıcı cihazlarla belə görünməsi kifayət edir”

Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycan müsəlmanları arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!

İzah: Ölkəmizin paytaxtı Bakı şəhəri tünd göy rəngdə olan şəhərlər sırasına daxil olduğuna görə (Bakı şəhəri 40° şimal enliyi və 50° şərq uzunluğunda yerləşir) şəhərimizin üfüqündə ayparanın yaxınlaşdırıcı cihazlar vasitəsilə görünməsi mümkün olacaq. Əlavə olaraq gecənin bir hissəsində olsa da, müştərək olduğumuz ölkələrin birində – yaşıl və çəhrayı rəngdə yerləşən ölkələrə baxın – ayparanın adi gözlə görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli (Fitr bayramı günü) sübuta yetmiş olur.

 

“MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI

 

 

 

 

 

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.