RAMAZAN AYININ FƏZİLƏTİ BARƏSİNDƏ

PEYĞƏMBƏRİN XÜTBƏSİ

(XÜTBEYİ-ŞƏBANİYYƏ)

Xütbeyi-şəbaniyyə ramazan ayının fəziləti barəsində Peyğəmbərdən (s) nəql olunmuş bir xütbədir. Bu xütbə şəban ayının son cümə günündə söyləndiyinə görə xütbeyi-şəbaniyyə (Şəban ayı xütbəsi) adı ilə tanınmışdır. Xütbədə müsəlmanlar onlara tabe olan şəxslərin, onlardan asılı olan və onlara ehtiyacı olan insanların halına düzgün yanaşmağa, gözə, qulağa və dilə nəzarət etməyə, Quran oxumağa, Peyğəmbərə salavat göndərməyə və qiyamət gününü xatırlamağa dəvət olunurlar. Xütbənin sonunda Peyğəmbər (s) Həzrət Əlinin verdiyi suala cavab verərək bildirir ki, ramazan ayında ən fəzilətli əməl günahlardan uzaq olmaqdır.

Bu xütbəni İmam Rza (ə) özündən əvvəlki imamlar yolu ilə İmam Əliyə çatan sənəd silsiləsi ilə Peyğəmbərdən (s) nəql etmişdir. Xütbənin ən qədim mənbəyi İbn Uqdə Kufinin (v. h. q. 332 – m. 944) yazdığı “Əmirülmöminin əleyhissəlamın fəzilətləri” kitabıdır. Xütbənin nəql olunduğu digər mühüm mənbələr bunlardır: 1. “Üyunu əxbarir-Rza (ə)” (c. 1, s. 295-297, Şeyx Səduq); 2. “Əmali” (s. 93-96, Şeyx Səduq); 3. “İqbal” (c.1, s. 2, 3, Seyid ibn Tavus).

Şeyx Abbas Qummi də “Məfatihul-cinan” kitabında bu xütbənin böyük bir hissəsini “Mübarək ramazan ayının fəziləti” bölməsinin əvvəlində Şeyx Səduqun “Əmali” əsərindən nəql etmiş və onun sənədini mötəbər hesab etmişdir.

XÜTBƏNİN MƏTNİ

Şeyx Səduq mötəbər bir sənədlə İmam Rzadan, onun atalarından və Həzrət Əlidən (Ona və övladlarına salam olsun!) rəvayət edir: “Peyğəmbər (s) bir gün bizə xütbə söylədi və dedi: “Ey insanlar! Həqiqətən, Allahın ayı bərəkət, rəhmət və məğfirətlə (bağışlanma) sizə tərəf gəlməkdədir. O, Allah yanında ayların ən fəzilətlisidir. Onun günləri günlərin, gecələri gecələrin, saatları isə saatların ən fəzilətlisidir. O elə bir aydır ki, siz o ayda ilahi ziyafətə (qonaqlığa) dəvət olunmuş və ilahi kəramətdən faydalananların (övliyaların) zümrəsində qərar tutmusunuz. O ayda nəfəsləriniz təsbih (zikr), yuxunuz ibadət, əməliniz məqbul, duanız isə müstəcabdır (qəbuldur). Buna görə də sədaqət dolu niyyətlərlə, pak və təmiz qəlblə Rəbbinizdən oruc tutmaq və Quran oxumaqda sizə müvəffəqiyyət verməsini istəyin. Çünki bu böyük ayda ilahi məğfirətdən (bağışlanmadan) məhrum olan şəxs, həqiqətən, bədbəxtdir. Bu ayda ac-susuz qalmaqla qiyamət gününün aclığını və susuzluğunu xatırlayın! Fəqirlərinizə və miskinlərinizə sədəqə verin, böyüklərinizə ehtiram edin, kiçiklərinizə qarşı mərhəmətli olun, qohumlarınızla əlaqə yaradın, dilinizi qoruyun, baxılması halal olmayan hər şeydən gözlərinizi, qulaq asılması halal olmayan sözlərdən isə qulaqlarınızı qoruyun! Camaatın yetimlərinə rəhm edin ki, sizin də yetimlərinizə rəhm etsinlər. Günahlarınızdan Allaha tövbə edin və namaz vaxtlarında dua ilə əllərinizi Ona tərəf qaldırın. Çünki o vaxtlar saatların ən fəzilətlisidir ki, Allah-Taala o vaxtlarda Öz bəndələrinə rəhmətlə baxar, bəndələr öz sirlərini Ona bildirdikdə onlara cavab verər, Onu çağırdıqda  onlara “Ləbbeyk” (“Nə əmriniz var? Əmrinizə hazıram”) – deyər və Ona dua etdikdə (Ona yalvarıb-yaxardıqda) onları cavabsız qoymaz.

Ey insanlar! Canlarınız əməllərinizin girovundadır, onları istiğfarınızla azad edin. Çiyinlərinizdə günahlarınızdan ibarət ağır bir yük vardır, onu uzun səcdələrinizlə yüngülləşdirin. Bilin ki, Allah-Taala namazqılanlara və səcdəedənlərə əzab verməyəcəyinə və insanlar Rəbbülaləminin hüzurunda dayanacaqları gün onları atəşlə qorxutmayacağına dair Öz izzətinə and içmişdir.

Ey insanlar! Sizdən kim bu ayda oruc tutan möminə iftar verərsə, bununla Allah yanında onun üçün bir qul azad etməyin savabı yazılar və onun keçmiş günahları bağışlanar”.

Deyildi: “Ey Allahın Elçisi! Bizim hamımızın bunu etməyə gücü yoxdur”.

Peyğəmbər buyurdu: “Bir xurmanın yarısı ilə də olsa, atəşdən qorunun! Bir qurtum su ilə də olsa, atəşdən qorunun!

Ey insanlar, sizdən kim bu ayda öz əxlaqını gözəlləşdirərsə, ayaqlar Siratın üzərində sürüşəcəyi gün o, Siratdan keçər. Kim bu ayda öz xidmətçisinin işini yüngülləşdirərsə, Allah da onun sorğu-sualını yüngülləşdirər. Kim bu ayda şər işindən vaz keçərsə, Allahla görüşdüyü gün (qiyamət günü) Allah da Öz qəzəbini ondan uzaqlaşdırar. Kim bu ayda bir yetimi əzizləyərsə, Allah da qiyamət günündə onu əziz tutar. Kim bu ayda öz qohumu ilə əlaqə yaradarsa, Allah da qiyamət günü onu Öz rəhmətinə qovuşdurar. Kim bu ayda qohumu ilə əlaqəni kəsərsə, Allah da qiyamət günü ondan Öz rəhmətini kəsər. Kim bu ayda bir müstəhəb namaz qılarsa, Allah onun Cəhənnəm atəşindən azad olunmasına hökm verər. Kim bu ayda bir vacib namaz əda edərsə, ona digər aylarda yetmiş vacib namaz qılan şəxsin savabı verilər. Kim bu ayda mənə daha çox salavat göndərərsə, əməl tərəziləri yüngül gəldiyi gün Allah onun əməl tərəzisini ağırlaşdırar. Kim bu ayda bir Quran ayəsi oxuyarsa, ona digər aylarda Quranı xətm edən şəxsin savabı verilər.

Ey insanlar! Bu ayda Cənnətlərin qapıları açıqdır. Rəbbinizdən istəyin ki, bu qapıları sizin üzünüzə bağlamasın; bu ayda Cəhənnəm atəşinin qapıları bağlıdır, Rəbbinizdən istəyin ki, bu qapıları sizin üzünüzə açmasın. Bu ayda şeytanların əlləri bağlıdır; Rəbbinizdən istəyin ki, şeytanları sizə hakim etməsin”.

Əmirülmöminin Əli (ə) dedi: “Ayağa qalxdım və soruşdum: “Ey Allahın Elçisi, bu ayda yerinə yetiriləcək ən fəzilətli əməl hansıdır?” Peyğəmbər (s) cavab verdi: “Ey Əbəlhəsən, bu ayda ən fəzilətli əməl Allahın haram etdiyi işlərdən qorunmaqdır! ...” (“Əmali”, s. 93-96, Şeyx Səduq)

XÜTBƏNİN XÜLASƏSİ

1. Bu ayda oruc tutmağın və bəzi ibadətlərin savabının sayılması.

2. Bağışlanmaqdan və ilahi rəhmətdən məhrum olmamağın ciddiyyətlə tövsiyə olunması.

3. Allahın rəhmət qapılarının açılması.

4. Şeytanların əllərinin bağlanması.

5. Oruc tutmağın əxlaqına riayət olunması.

6. Qiyamət gününün aclıq və susuzluğunun xatırlanması.

7. İnsanın iradəsinə və hökmünə tabe vəziyyətdə olanların, ehtiyacı olanların və yaşlıların halına yanmalı və vəziyyətlərinə uyğun kömək etməli.

8. Silei-rəhm etmək.

9. Bir xurmanın yarısı və bir qurtum su ilə də olsa iftar vermək.

10. Gözə, qulağa və dilə nəzarət etmək.

11. Namaza, tövbə, dua və istiğfar etməyə xüsusi diqqət etmək.

12. Quran oxumaq.

13. Peyğəmbərə (s) çox salavat göndərmək.

14. Mərdimazarlıq, zalımlıq və qəddarlığı tərk etmək.

15. Xoşxasiyyət və mülayim olmaq.

Diqqət: Şeyx Səduq (Allahın rəhməti onun üzərinə olsun!) rəvayət edir ki, ramazan ayı daxil olduqda Peyğəmbər (s) bütün əsirləri azad edər və hər bir dilənçiyə də onun istədiyini verərdi.

Mütərcim və tərtibatçı: XƏYYAM QURBANZADƏ

SON YAZILAR

<span style="line-height:115%"

ИМЕНЕМ АЛЛАХА, МИЛОСТИВОГО И МИЛОСЕРДНОГО! ДЕЯНИЯ, СОВЕРШАЕМЫЕ В НОЧЬ ПРАЗДНИКА...

ЗАЯВЛЕНИЕ

ЗАЯВЛЕНИЕ

ЗАЯВЛЕНИЕ (1443–2022) ШАРИАТСКИЙ СОСТАВ УЧРЕЖДЕНИЯ ПОКОЙНОГО РЕЛИГИОЗНОГО ЛИДЕРА АЯТОЛЛЫ СЕЙЙИДА...

BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ

BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ Fitr bayramı...

BİZƏ YAZIN