BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ

BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ

Fitr bayramı gecəsi (yəni bayramdan əvvəlki günün axşamı) şərafətli və mübarək gecələrdən biridir. Bu gecəni məsciddə əhya etmək, yəni oyaq qalıb ibadət və dua ilə keçirmək müstəhəbdir. Rəvayət olunmuşdur ki, bu gecənin fəziləti heç də Qədr gecəsinin fəzilətindən az deyildir. Bayram gecəsində məğrib (şam) və işa (xoftən) namazlarından, bayram günü sübh, zöhr və əsr namazlarından və həmçinin bayram namazından sonra bu təkbirləri demək müstəhəbdir:

“Əllahu Əkbər, Əllahu Əkbər, La ilahə illəllah, vəllahu Əkbər, Əllahu Əkbər və lillahil-həmdu, əl-Həmdülillahi əla ma hədana və ləhuş-şukru əla ma əvlana”.

Tərcümə: “Allah ən böyükdür, Allah ən böyükdür, Allahdan başqa ilah yoxdur və Allah ən böyükdür, Allah ən böyükdür, bütün həmdlər Allaha məxsusdur, bizə doğru yolu göstərdiyinə görə bütün həmdlər Ona və bizə etdiyi yaxşılığa görə bütün şükürlər Ona məxsusdur”.

FİTR BAYRAMI GÜNÜNÜN ƏMƏLLƏRİ

1. Qüsl etmək; bu qüslün yerinə yetirilməsi qaydasının digər qüsllərdən heç bir fərqi yoxdur. Fərq yalnız niyyətdədir. “Allah rizası üçün Fitr bayramı gününün qüslünü edirəm”, – şəklində niyyət edilməlidir.

2. Gözəl paltarlar geyinmək, xoşiyli ətirlərdən vurmaq;

3. Günün əvvəlində namazdan qabaq bir şey yemək; xurma, yaxud şirin bir şey yemək daha yaxşıdır.

BAYRAM NAMAZININ QILINMA QAYDASI

Bayram namazının qılınması, özü də camaatla qılınması vacibdir. Lakin mükəlləf müəyyən bir üzrə görə camaat namazında iştirak edə bilməsə, onu xütbəsiz olaraq fərdi halda qıla bilər. Lakin camaatla qılmağa çalışmalıdır, çünki etinasızlıq edərək camaat namazında hazır olmamaq icazəli deyil və heç bir üzür olmadan camaat namazını tərk etmək layiqli bir iş deyildir.

Bayram namazı iki rükətdir ki, birinci rükətdə Həmd (Fatihə) və Surəni (hər hansı bir surə) oxuduqdan sonra üç təkbir deyilir, hər təkbirdən sonra qunut oxunur, üçüncü qunutdan sonra digər bir təkbir deyilir və rükuya gedilir. İki səcdə yerinə yetirildikdən sonra ayağa qalxılır və ikinci rükətdə Həmd və Surə oxunduqdan sonra üç təkbir deyilir, hər təkbirdən sonra qunut oxunur və üçüncü təkbirdən sonra rükuya gedilir. Rükudan sonra iki səcdə yerinə yetirilir, təşəhhüd oxunur, salam verilir və namaz tamamlanır.

Bayram namazının qunutunda hər hansı dua və zikr oxunsa, hətta bir dəfə “Sübhanəllah”, – deyilsə, kifayətdir.

Bayram namazında azan və iqamə yoxdur. Müəzzinin bayram namazı üçün üç dəfə “əs-Səlah” deməsi müstəhəbdir.

Bayram namazının vaxtı Günəş çıxdığı andan zöhrə qədərdir. Əgər qılınmasa, bundan sonra qəzası yoxdur.

Bayram namazını qılarkən onun qiraətini yüksək səslə oxumaq və təkbir deyərkən əlləri yuxarı qaldırmaq onun müstəhəb ədəblərindən hesab olunur.

FİTRƏ ZƏKATI HAQQINDA

Sual: Fitrə zəkatı nədir?

Cavab: Fitrə zəkatı müəyyən vaxtda, yəni Fitr bayramının vaqe olduğu şəvval ayının birinci günündə hər kəs tərəfindən verilməsi vacib olan bir miqdar maldır: Bəzən ona “zəkatul-əbdan” (“bədənin zəkatı”) da deyilir. Fitrə zəkatı haqqında hədisdə deyilir: “Onu verməyən şəxsin məhv olma qorxusu vardır”. Başqa bir hədisdə buyurulur: “Namazın tamam və kamil olması Peyğəmbərimizə salavat göndərməyə bağlı olduğu kimi, orucun tamam və kamil olması da fitrə zəkatının verilməsinə bağlıdır”.

Sual: Fitrə kimə vacibdir?

Cavab: Aşağıda deyilən şərtləri özündə toplayan hər bir yetkinlik yaşına çatmış şəxsin fitrə zəkatı verməsi vacibdir:

həddi-büluğa çatmalı və ağıllı olmalıdır;

zəngin olmalıdır; kamil şəkildə, yaxud yavaş-yavaş illik qüvvəyə (azuqəyə) sahib olmayan fəqirin fitrə zəkatı verməsi vacib deyil.

Bu şərtlərin fitrə zəkatı çıxarılması üçün müəyyənləşmiş vaxtın başlanğıcından əvvəl cəm olması lazımdır. O müəyyən vaxt şəvval ayının birinci gününün gecəsi Günəşin batışı ilə zöhr azanı arasındadır. Bütün bu şərtləri yalnız şəvval ayının birinci gecəsi Günəş batan zaman, yaxud ondan sonra bayram günü günortadan əvvələ qədər özündə cəm etmiş şəxs vacib ehtiyata əsasən özü və əhli-əyalı tərəfindən fitrə zəkatı çıxarmalıdır.

Sual: Fitrə kimin yerinə verilir?

Cavab: Fitrə zəkatının vacib olmasının şərtləri cəm olduqda, mükəlləfin ilk növbədə öz tərəfindən zəkat çıxarması vacibdir. Həmçinin öz malından ailə üzvləri və əhli-əyalına daxil olan başqa şəxslərin yerinə də zəkat çıxarması vacibdir. Onlar aşağıdakılardır:

arvadı, uşaqları və ata-anası kimi hal-hazırda gündəlik xərclərini verdiyi ailə üzvləri;

bacısı, qardaşı və onlar kimi xərclərini verməyə zamin olduğu şəxslərdən onun evində və himayəsində yaşayan qohumlar;

onun qonağı olan və yanında gecələyən şəxslər; qonaq hesab olunmaqda mühüm olan, ev sahibinin yanında yeməsə də, gecələməsidir (yəni gecə yatmasıdır). Əgər gecələməzsə, ev sahibinin yanında oyaq qalan, yaxud yemək yeyən şəxs qonaq hesab olunmur.

Sual: Fitrə nədən verilir?

Cavab: Fitrənin buğda, un və bulqur kimi ondan düzəldilmiş şeylər, arpa, xurma, kişmiş, süd məhsulları, düyü və bunlar kimi insana qüvvət verən və qida hesab olunan şeylərdən olması vacibdir.

Sual: Fitrə verilməsi lazım olan malın pulunu vermək olarmı?

Cavab: Fidyə və kəffarədən fərqli olaraq fitrənin qiymətini nağd pulla da vermək icazəlidir. Qiymət fitrə verilən və çıxarılan vaxtda mülahizə olunmalıdır.

Sual: Fitrənin vacib miqdarı qədərdir?

Cavab: Fitrənin vacib miqdarı hər şəxsin yerinə təqribən 3 kq. verməkdir, yəni fitrə verməklə mükəlləf olan şəxs özü və əhli-əyalınıın yerinə adambaşı 3 kq. malı, yaxud onun pulunu verməlidir.

Sual: Fitrə zəkatı vaxt verilir?

Cavab: Fitrə zəkatının qabaqcadan mübarək ramazan ayının günlərində, yaxud bayram gecəsində verilməsi icazəlidir, lakin belə olduqda müstəhəb ehtiyata əsasən zəkat fəqirə borc kimi verilməli, sonra o fəqir üçün bayram günü səhərinin zəkatı hesab olunmalıdır. Əgər zəkatı ramazan ayının günlərində verməmişdirsə, onun çıxarılma vaxtı bayram günü sübh azanından başlayıb, bayram namazı qılan şəxs üçün bayram namazından əvvələ qədər davam edir, yəni bayram namazı qılacaq şəxs namazdan əvvəl fitrəni verməli, yaxud ən azından onu ayırmalıdır. Əgər bayram namazı qılmayacaqsa, onun çıxarılma vaxtı zöhr azanına qədər davam edir.

Sual: Zəkatı çıxararkən onu dərhal fəqirə vermək vacibdirmi?

Cavab: Zəkatı çıxararkən onu dərhal fəqirə vermək vacib deyil. Bəlkə, vaxtında (yəni sübh namazı ilə zöhr namazı arasında, bayram namazı qılacaq şəxs üçün isə bayram namazından əvvəl) ayrılıb bir tərəfə qoyulması və fəqirə çatdırılana qədər onun verilməsinin günlərlə olsa belə təxirə salınması icazəlidir. Bir şərtlə ki, onun verilməsinin təxirə salınması, fəqirə çatdırmaq, yaxud adətən bayram günlərində insanı məşğul edən bəzi şəxsi vacib işlərin icra olunması və bunun kimi ağıllı insanların yanında mötəbər olan münasib bir səbəbə bağlı olsun.

Sual: Fitrə zəkatının başqa bir şəhərə göndərilməsi icazəlidirmi?

Cavab: Zəkat verən şəxsin yaşadığı şəhərdə zəkata möhtac şəxs olarsa, fitrə zəkatının başqa bir şəhərə aparılması icazəli deyil. Zəkata möhtac şəxs olmadıqda isə icazəlidir.

Sual: Fitrə zəkatını alan şəxsdə hansı şərtlərin olması lazımdır?

Cavab: Fitrə zəkatını alan şəxsdə (yəni zəkata möhtac olan şəxsdə) aşağıda deyilən şərtlərin olması lazımdır:

1. Müsəlman olmalıdır; buna görə də kafir fəqirə fitrə zəkatı verilməməlidir.

2. Günah əhli olmamalıdır; zəkata möhtac olan şəxs (yəni fitrə zəkatını alan şəxs) şərab içən, günahı açıq şəkildə yerinə yetirən və binamaz şəxs olmamalıdır.

3. Xərci zəkat verən şəxsə vacib olan şəxs olmamalıdır. Məsələn ata, baba, övlad, yaxud daimi həyat yoldaşı. Yəni mükəlləf öz fitrəsini valideynlərinə, övladlarına və gündəlik xərclərini vermək ona vacib olan digər şəxslərə verə bilməz, çünki onların nəfəqələrinin verilməsi mükəlləfə vacibdir.

Diqqət: Fitrə zəkatı vermək ibadət olduğu üçün onu Allah rizası üçün vermək lazımdır. Niyyətin forması belədir: “Bu malı Allah rizası üçün fitrə zəkatı olaraq verirəm”.

TƏRTİBATÇI VƏ MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ

SON YAZILAR

<span style="line-height:115%"

ИМЕНЕМ АЛЛАХА, МИЛОСТИВОГО И МИЛОСЕРДНОГО! ДЕЯНИЯ, СОВЕРШАЕМЫЕ В НОЧЬ ПРАЗДНИКА...

ЗАЯВЛЕНИЕ

ЗАЯВЛЕНИЕ

ЗАЯВЛЕНИЕ (1443–2022) ШАРИАТСКИЙ СОСТАВ УЧРЕЖДЕНИЯ ПОКОЙНОГО РЕЛИГИОЗНОГО ЛИДЕРА АЯТОЛЛЫ СЕЙЙИДА...

BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ

BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ Fitr bayramı...

BİZƏ YAZIN