Əllamə Şeyx İsmayıl Ali-İshaqın həyatı (1)

Əllamə Şeyx İsmayıl Ali-İshaqın həyatı (1)

ƏLLAMƏ HACC ŞEYX İSMAYIL ALİ-İSHAQ

XOİNİNİN TƏRCÜMEYİ-HALI

(ALLAH ONA RƏHMƏT ELƏSİN!)

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ!

Hacc Şeyx İsmail Ali-İshaq Xoini Ayətullah Şeyx Əbdülkərim Xoininin doqquz oğlundan biridir[1]. Ustad İsmail Ali-İshaq hicri-şəms təqvimilə 1316-cı il fərvərdin ayının 1-də (m. 21 mart, 1937) Zəncanda doğulmuşdur. İkinci dünya müharibəsində şəhərin müttəfiq ordular tərəfindən gülləbaran olunmasından sonra atası ilə birlikdə Zəncanın gözəl havası və saf suyu olan məntəqələrindən biri hesab edilən Xoin kəndinə köçmüşdür.

O, səkkiz yaşında Xoində Quran-kərimi oxumağı öyrəndi. Ərəb və fars dillərinə yiyələndikdən sonra atası ilə birlikdə Qum şəhərinə getdi və digər müqəddimə dərsləri (hazırlıq dövrü) və sütuh mərhələsinə (bakalavr dövrünə) aid olan dərsləri atasının və digər ustadların köməyi sayəsində oxuya bildi. Sonra öz təhsilini təkmilləşdirmək üçün Nəcəfə yollandı və Ayətullah Seyid Möhsün Həkim, Ayətullah Seyid Əbülqasım Xoyi və s. kimi məşhur insanların dərslərində iştirak etdi. Yenidən Quma qayıtdı və Ayətullah Bürucərdi, Ayətullah Xomeyni və Ayətullah Hüseynəli Müntəzirinin dərslərində iştirak etməyə başladı.

Evləndikdən sonra Ustad Ruzbehin dəvətilə Ayətullah Mühəmmədrza Məhdəvi Kəni, Hüseyn Nuri, İmami Kaşani və s. şəxslərlə birlikdə Tehrana gəldi. Bu şəhərdə məskunlaşıb Tehranın “Ələvi” mədrəsəsində yeni elmləri öyrənməyə başladı. Sonra Ayətullah Bürucərdinin işarəsi ilə Tehran Universitetinin İlahiyyat Fakültəsinə daxil oldu. O vaxt Ayətullah Şeyx Mürtəza Mütəhhəri həmin fakültədə dərs deyirdi. Şeyx İsmail Ustad Mütəhhərinin və ilahiyyat fakültəsinin digər ustadlarının nəzarəti altında beş ilə öz təhsil dövrünü sona çatdırdı.

H. ş. təqvimilə 1332-ci ildə (m. 1953) d-r Mühəmməd Müfəttih ilə “Düşüncənin metodu” (“Rəveşi-əndişe”) kitabının yazılmasında əməkdaşlıq etdi.

Adı çəkilmiş siyasi fəaliyyətlərdən biri də 1350-1351-ci illərdə (m. 1971-1972-ci illərdə) maarif işçilərinin tətilinə rəhbərlik etmək idi. Həmin dövrdə o, həbsə məhkum oldu və Komitə  və Qızılqala zindanlarında əziyyətlərə və fiziki xəsarətlərə təhəmmül etməklə öz məhkumiyyət həyatını yaşadı.

Onun digər fəaliyyətləri ilə bağlı gördüyü işlərdən biri də Qumda dini elmləri oxuyan tələbələrin rifahını təmin edən müəssisənin yaradılmasıdır ki, bu müəssisə minlərlə tələbənin iştirakı ilə açıldı. Ayətullah Qüddusi də tələbələr tərəfindən həmin təşkilatın müfəttişi və təşkilatçısı idi. Lakin çox təəssüflər olsun ki, SAVAK onun əhəmiyyətini başa düşdü və öz köməkçiləri vasitəsilə o təşkilatın fəaliyyətini dayandırdı.

Ustad Ali-İshaq Ayətullah Seyid Kazım Şəriətmədari və Şeyx Mustafa Etimadinin əməkdaşlığı ilə Şah Hökuməti tərəfindən dörd il müddətinə mədrəsələr və məktəblərdə dərs deməkdən məhrum edildi və Kürdüstan əyalətinin Bicar şəhərinə bir illik sürgün edildi. Lakin 1357-ci il 22 bəhməndə (11 fevral, 1972) İnqilabın qələbəsindən sonra Ustad bir çox sahədə fəaliyyətlər göstərməyə başladı. Buşəhr və Təbrizdə çox sayda insanın iştirak etdiyi əqidə dərslərinin təşkil olunması, İran-İrak müharibəsində Tehranın Beytuz-Zəhrası vasitəsilə cəbhəyə yardım göndərmək və cəbhə xəttində əsgərlərlə görüşmək, yaxud Təbriz və Abadan radiolarında mühazirə söyləmək buna bir misal ola bilər.

Onun fəaliyyəti ilə bağlı adı çəkilən işlərdən biri də “Məscid və məktəbin birləşdirilməsi” adlanan bir layihənin icrası məsələsi olmuşdur. O, bu işi yerinə yetirmək üçün “Tehran Mübariz Ruhanilər Cəmiyyəti” tərəfindən vəzifələndirilmişdir ki, bu məzkur layihəni Tehranın 12 nahiyəsində təlim və tərbiyə işlərində həyata keçirsin. O, bu layihənin məsuliyyətini tam bir il öz öhdəsinə götürdü. Təlim və Tərbiyə Naziri Ağayi-Əli Əkbər Pərvəriş bayramda bu layihənin işinin “Ustad Mütəhhəri” məscidində (əvvəlki “Sepəhsalar” (“Korpus Generalı”) məscidi) başlandığını elan etməsinə və Ağayi-Natiq Nurinin həmin bayramda söylədiyi müfəssəl xütbədə bu layihənin icra olunmasını təsdiq etməsinə baxmayaraq, lakin “Höccətiyyə Cəmiyyəti” (“Əncoməni-Höccətiyyə”) sahib olduğu imkanlar, təlim və tərbiyə işləri üzərindəki hakimiyyəti ilə bu layihənin inkişafına mane oldu!

Onun gördüyü işlərdən biri də “Binəsiblərin (Müstəzəflərin) Xeyriyyə Fondu”nun yaradılmasıdır. Bu fond Tehranın bir qrup şəxsiyyətləri və alimlərinin əməkdaşlığı ilə təsis olunmuşdu. Ustad o fondun Ali Şurasının üzvü idi. Bundan əlavə o, öz əlləri ilə Zəncan əyalətinin Əbhər çöllərində bağ salmış və oraya su kanalı çəkdirmişdi.

Ustadın prezidentliyə seçkilərin 2-ci mərhələsində Mühəmmədəli Rəcainin namizəd olduğu vaxt bir qrupun tələbi ilə prezidentliyə namizədliyi irəli sürüldü və həmin xəbər müxtəlif mətbuat orqanlarının səhifələrində dərc edildi. Lakin dövlət orqanları heç bir əsas və dəlil  göstərmədən onunla müxalifət etdilər!!

Ustad şəri vəzifəsinə əsasən “Rəhbəri Seçən Ekspertlər Məclisi”ndə iştirak etmək üçün öz namizədliyini verdi, lakin heç bir əsas olmadan onun adını namizədlərin siyahısından sildilər!!

Ustadın həyatında baş verən ən mühüm hadisələrdən biri də onun mərhum d-r Səyyad Bəluçi ilə tanışlığı olmuşdur. Onun Ustadın fikirləri üzərində çox mühüm təsiri olmuşdur və Ustadın d-r Səyyada xüsusi bir rəğbəti və ehtiramı var idi.

Ustad Ali-İshaqın həyatında baş vermiş mühüm hadisələrdən açı nəticələri olan başqa bir hadisə də Ayətullah Xomeyninin Qorbaçova yazdığı məktub nəşr olunduqdan sonra onun İran İnqilabı rəhbərinə məktub göndərməsi hadisəsidir.

MÜTƏRCİM: ƏBUƏBDİRRƏHMAN XƏYYAM QURBANZADƏ

(ardı var)

 

 

[1] Ayətullah Şeyx Əbdülkərim Xoini farsca yazılmış “Şərhu Kifayətul-üsul” kitabının müəllifi, Axund Molla Kazım Xorasaninin tələbəsi, Ayətullah Bürucərdinin bəhs yoldaşı və Ayətullah Mirza Baqir Zəncani, Ayətullah Hacc Seyid Əhməd Zəncani və Ustad Rza Ruzbeh kimi alimlərin də ustadıdır. Ayətullah Şeyx Əbdülkərim Ali-İshaq Xoininin 9 oğul övladı var idi ki, onların da hamısı ruhani və elm əhlidir. O mərhumun və övladlarının tərcümeyi-halı Böyükağa Tehraninin məşhur əsəri “əz-Zəriə ila təsanifiş-şiə” kitabında, Ayətullah Şeyx Musa Zəncani tərəfindən yazılmış “Zəncan alimləri” kitabında, “Asarul-Höccə”, “Vəlayət şüarı” və “Zəncan alimləri” (“Daneşməndani-Zəncan”) kitablarında yazılmışdır.