Əllamə Şeyx İsmayıl Ali-İshaqın həyatı (2)

Əllamə Şeyx İsmayıl Ali-İshaqın həyatı (2)

Gəlin, əvvəlcə, Ayətullah Xomeyninin M. S. Qorbaçova göndərdiyi məktubun mətni ilə tanış olaq. Sonra Ustad Ali-İshaqın İnqilab rəhbərinə göndərdiyi məktubu sizin nəzərinizə çatdıracağıq:

CƏNAB QORBAÇOV!

SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİN SƏDRİ

Sizə və Sovet xalqına xoşbəxtlik və səadət arzulayıram. Rəhbərliyə gəlməyinizdən sonra belə görünür ki, Cənabi-Aliniz dünyanın siyasi hadisələrinin təhlilində, ələlxüsus, Sovet İttifaqının məsələləri ilə əlaqədar yeni bir baxış ortaya qoyursunuz. Bu cəsarətiniz dünyada hal-hazırda mövcud olan tarazlıq və müvazinəti silkələyəcəyi və bəzi hadisələrə səbəb olacağı üçün bir çox məqamları sizə xatırlatmağı lazım bildim. Hər nə qədər bu təşəbbüslərinizin partiya daxili problemləri və bu problemlərlə yanaşı xalqınızın bəzi problemlərini həll etməklə əlaqədar təşəbbüslər olması mümkündürsə, dünyanın inqilabçı övladlarını illərdir dəmir barmaqlıqlar arxasındakı zindanlarda həbs edən sisteminizdə (məktəbinizdə) dəyişikliklərə yol açması baxımından da önəmlidir.

Əgər bu təşəbbüslərinizdə daha geniş addımlar atmaq istəyirsinizsə, müvəffəq olmağınıza yol aça biləcək ilk məsələ Sovet xalqına ən böyük zərbə vuran sələflərinizin Allah və din düşmənçiliyi siyasətinə yenidən baxış keçirmək və dünyada baş verən hadisələrlə təmasda olmağın tək yolunun bu olduğunu bilmək olmalıdır.

Əvvəlki kommunist liderlərin iqtisadiyyat sahəsindəki xətalarının Qərbin cənnət kimi görünməsinə yol açması mümkündür. Lakin əsl həqiqət heç də belə deyil. Siz əgər sosializm və kommunizmin iqtisadi problemlərini qərb kapitalizminə qucaq açaraq həll etmək istəsəniz, yalnız cəmiyyətinizin heç bir dərdinə dərman tapmamaqla qalmaz, başqalarının gəlib sizin səhvlərinizə çarə axtarmaq məcburiyyətində qalmasına da yol açmış olarsınız. Çünki əgər bu gün marksizm və onun iqtisadi, ictimai metodları çıxılmaz vəziyyətə düşmüşdürsə, deməli, qərb dünyası da başqa sahələrdə və başqa formalarda çıxılmaz vəziyyətə düşmüşdür.

Cənab Qorbaçov!

Həqiqətə doğru üz tutmaq lazımdır. Sizin ölkənizin əsl problemi mülkiyyət, iqtisadiyyat və azadlıq deyildir, sizin probleminiz Allaha gercək etiqadınızın olmamasıdır. Qərbi də dəyərsiz olmağa və çıxılmaz vəziyyətə düşməyə doğru həmin problem çəkmişdir, yaxud da gələcəkdə buna sövq edəcəkdir. Sizin əsl probleminiz Allahla və yaradılışın başlanğıcı ilə olan uzun və bihudə mübarizənizdir.

Cənab Qorbaçov!

Hamıya aydındır ki, bundan sonra kommunizmi dünyanın siyasi tarix muzeylərində axtarmaq lazımdır, çünki marksizm insanın heç bir gerçək ehtiyacına cavab verə bilməmişdir. Ona görə ki, materialist və maddəçi bir təlimdir (məktəbdir) və maddiyyatla bəşəriyyəti qərbdə və şərqdə insan cəmiyyətinin ən əsas problemlərindən olan mənəviyyata etiqadsızlıq böhranından xilas etmək olmaz. ...

Cənab Qorbaçov!

Sizin bəzi cəhətlərdə marksizmə arxa çevirməməyiniz və müsahibələrinizdə bu sistemə bağlı olduğunuzu ifadə etməyiniz mümkündür, lakin siz də bilirsiniz ki, həqiqətdə vəziyyət belə deyildir. Kommunizmə ilk zərbəni Çin lideri[1] vurdu. İkinci və bu gün üçün son zərbəni də siz vurdunuz. Bu gün artıq dünyada kommunizm deyilən bir şey yoxdur. Lakin sizdən ciddi şəkildə istəyim budur ki, marksizm xəyallarının divarlarını sındırmaqda Qərbin və Böyük Şeytanın (Amerikanın) zindanına düşməyəsiniz. Ümidvaram ki, yetmiş ildir ölkənizin alnında bir qara ləkə olaraq özünə yer etmiş kommunizmi ortadan qaldırma iftixarını əldə edəcəksiniz. Bu gün artıq sizin yanınızda yer alan, qəlbləri vətən və xalq üçün döyünən digər dövlətlər bundan sonra öz ölkələrinin yeraltı və yerüstü xəzinələrini sümüklərinin sınma səsi övladlarının qulağına çatan kommunizmin müvəffəq olması üçün xərcləməyə hazır olmayacaqlar.

Cənab Qorbaçov!

Sizin bəzi respublikalarınızın məscidlərinin minarələrindən yetmiş ildən sonra “Allahu Əkbər” və son Peyğəmbərin peyğəmbərliyinə şəhadət səsinin eşidilməsi saf mühəmmədi İslamın bütün tərəfdarlarını göz yaşları içində boğdu. Buna görə də lazım bildim ki, bu mövzunu sizə eşitdirim ki, yenidən materialist və ilahi dünyabaxışları barəsində fikirləşəsiniz. Materialistlər öz ideologiyalarında tanışlığın (bilginin) meyarının hiss olduğuna inanır və hiss olunmayan bir şeyi elmin təsir dairəsindən kənar hesab edirlər. Varlığı maddədən ibarət hesab edir və maddi olmayan bir şeyin var olduğuna inanmırlar. Allah-Taalanın varlığı, vəhy, nübüvvət (peyğəmbərlik) və qiyamət kimi qeyb aləmini birbaşa əfsanə hesab edirlər. Halbuki ilahi dünya görüşündə tanışlığın meyarı (qaynağı) hiss və ağıldır. Məqul olan bir şey hiss olunan bir şey olmasa da, elmin əhatəsi (hakimiyyəti) içindədir. Buna görə də varlıq qeyb və şühuddan (şəhadətdən) mütəşəkkildir və maddə olmayan şeylərin də varlığı mümkündür. Maddi varlıq mücərrədə istinad etdiyi kimi, varlığın tanınması da əqli tanışlığa (bilgiyə) söykənməkdədir. Quran-kərim maddi təfəkkürün əsasını (yəni materialist düşüncə tərzini) tənqid edir və “... Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə (yəni Musaya) iman gətirməyəcəyik. ...”[2] ayəsində deyildiyi kimi “Allah yoxdur, əgər olsaydı, görünərdi”, – deyənlərə belə cavab verir: “Gözlər Onu (görüb) dərk etməz. O, gözləri görüb dərk edər. O, Lətifdir (cisimlikdən uzaqdır), Xəbirdir (hər şeydən xəbərdardır)!”[3] Əslində sizin üçün ilk və əsas mövzu olan Quran-kərim və vəhy, nübüvvvət (peyğəmbərlik) və qiyamət mövzusundakı onun istidlallarını (dəlil gətirmələrini) hələlik müzakirə etməyək. Əsasən sizi burada filosofların, ələlxüsus İslam filosoflarının məsələlərinin incəlikləri içinə də atmaq istəmirəm. Yalnız siyasətçilər üçün də faydalı ola biləcək bir-iki sadə, fitri və vicdani misalla kifayətlənirəm. Bu, şübhəsiz məsələlərdəndir ki, maddə və cisim hər nə olursa-olsun özündən xəbərsizdir. Daşdan yonulan bir heykəl və bir insan heykəlinin bir yanı digər yanından xəbərdar deyildir. Halbuki açıq şəkildə görürük ki, insan və heyvan özünün bütün tərəflərindən xəbərdardır. Bunlar harada olduqlarını, çevrələrində nələr baş verdiyini və dünyada necə bir mübarizənin davam etdiyini bilirlər. Deməli, insanda maddənin fövqündə olan, maddə aləmindən ayrı olan və maddənin ölməsilə ölməyib baqi qalan başqa bir şey vardır. İnsan öz fitrətində hər bir kamilliyi mütləq şəkildə istəyir və siz də çox yaxşı bilirsiniz ki, insan dünyanın mütləq qüdrəti olmaq istəyir və naqis olan heç bir qüdrətə ürək bağlamır. Əgər dünya onun ixtiyarında olsa və başqa bir dünyanın da olduğu deyilsə, fitrətən həmin dünyanın da onun ixtiyarında olmasına meyillidir. İnsan nə qədər alim olsa və digər elmlərin də olduğu deyilsə, fitrətən o elmləri də öyrənməyə meyillidir. Deməli, mütləq güc və mütləq elm olmalıdır ki, qəlbini ona versin. Biz özümüz bilməsək də, hamımızın Ona diqqət etdiyimiz Xudavəndi-Mutəaldır. İnsan istəyir ki, mütləq haqqa çatsın ki, Allahda fani olsun. Əsas etibarilə (prinsipcə) hər bir insanın təbiətində mövcud olan əbədi yaşama və davamlılıq arzusu əbədi və ölümsüz bir dünyanın varlığının nişanə və dəlilidir. Əgər Cənabi-Aliniz bu sahədə araşdırmaq istəsə, göstəriş verə bilərsiniz ki, bu elmlərin mütəxəssisləri qərb filosoflarının bu zəmində yazılmış kitablarından əlavə məşşa hikmətində (məşşailik, peripatetizm) Farabi və Əbuəli Sinanın – Allah onlara rəhmət eləsin! – yazılarına müraciət etsinlər ki, hər cür bilginin (tanışlıq və mərifətin) əsasını təşkil edən səbəb-nəticə qanununun (qanuni-illiyyət və məluliyyətin) və hər cür istidlalın (dəlil gətirmənin) əsası olan külli mənaların və həmçinin külli qanunların idrakının hissi yox, əqli (rasional) olduğu aydınlaşsın. Həmçinin işraq fəlsəfəsində Söhrəvərdinin (rəhmətullah) kitablarına müraciət edib Cənabi-Aliniz üçün şərh etsinlər ki, cisim və hər bir başqa maddi varlıq hissdən münəzzəh olan (uzaq olan) sırf nura möhtacdır və insanın öz həqiqətini müşahidə yolu ilə idrak etməsi hissi bir hadisə deyildir. Böyük ustadlardan tələb edin ki, Sədrül-Mütəəllihinin (Molla Sədranın) – Allah ondan razı olsun və onu peyğəmbərlər və salehlərlə həşr etsin! – hikməti-mütəaliyəsinə[4] müraciət etsinlər ki, elmin həqiqətinin maddədən mücərrəd olan həmin varlıqdan ibarət olduğu, hər cür düşüncənin maddədən münəzzəh olduğu və maddənin hökmlərinə məhkum olmayacağı məlum olsun.

Sizi bundan artıq yormaq istəmirəm. Ariflərin, ələlxüsus Muhyiddin ibn Ərəbinin kitablarının adını çəkmək istəmirəm. Əgər bu böyük insanın müzakirə etdiyi məsələlər haqqında məlumat almaq istəyirsinizsə, bu mövzularda araşdırmaları olan bir neçə zəkalı ustadınızı bir neçə il ərzində bu incə və həssas mövzunu öyrənmək üçün Qum şəhərinə göndərə bilərsiniz. Çünki bu incə məsələləri başqa bir yolla öyrənmələri mümkün deyildir.

Cənab Qorbaçov!

Bu məsələləri və müqəddimələri qeyd etdikdən sonra sizdən istəyim budur ki, İslam dini barəsində ciddi araşdırma aparasınız. Bu istək İslam dininin və müsəlmanların sizə ehtiyacı olmasına görə deyil, İslamın uca və cahamşümul dəyərlərindən qaynaqlandığı üçündür. Bu dəyərlər bütün millətlərin rahatlıq və nicat vəsiləsi ola bilər və bəşəriyyətin əsas problemlərinin düyününü aça bilər. İslam dininə ciddi baxışınız mümkündür ki, sizi həmişəlik Əfqanıstan məsələsindən və dünyadakı bu kimi məsələlərdən xilas etsin. Biz dünya müsəlmanlarını öz ölkəmizin müsəlmanları kimi qəbul edir və həmişə özümüzü onların taleyində şərik hesab edirik. Bəzi Sovet respublikalarında dini mərasimlərə nisbi olaraq azadlıq verməyinizlə onu göstərdiniz ki, artıq “Din cəmiyyət üçün tiryəkdir” şəklində fikirləşmirsiniz. İranı hegemon qüvvələrin qarşısında bir dağ kimi möhkəm saxlayan din cəmiyyət üçün tiryək ola bilərmi? Bütün dünyada ədalətin tətbiq olunmasını və insanın bütün maddi və mənəvi zəncirlərdən xilas olmasını istəyən bir din cəmiyyət üçün tiryək ola bilərmi? Bəli, islami və qeyri-islami ölkələrin maddi və mənəvi sərmayələrinin hegemonların və güclərin əlinə keçməsinə səbəb olan və xalqın başı üstündə “din siyasətdən ayrıdır”, – deyə fəryad edən bir din cəmiyyət üçün tiryəkdir. Lakin bu həqiqi din deyildir, bəlkə, xalqımızın Amerikasayağı din adlandırdığı bir dindir.

Sonda açıq şəkildə elan edirəm ki, İran İslam Respublikası İslam dünyasının ən böyük və ən güclü bazası olaraq sizin rejiminizin etiqadi (ideoloji) boşluğunu rahatlıqla doldura bilər. Hər surətdə bizim ölkəmiz keçmişdə olduğu kimi yaxşı və qarşılıqlı qonşuluğun tərəfdarıdır və bu münasibətləri möhtərəm sayır.

“Hidayətə tabe olanlara salam olsun!”

01. 01. 1989

İNDİ İSƏ USTAD ALİ-İSHAQIN MƏKTUBUNUN

MƏTNİ İLƏ TANIŞ OLAQ

İran İslam İnqilabının rəhbəri Həzrət İmam Xomeyniyə!

Salam olsun! “Qüdsün Müdafiəçiləri” İslami Araşdırmalar Mərkəzi Cənabi-Alinizin “Sovet İttifaqı Kommunist Partiyası”nın Sədri Cənab Qorbaçova yazdığınız məktubla əlaqədar bəzi məqamları sizə, ruhanilərə, digər dini rəhbərlərə və müsəlmanlara çatdırmağı şəri vəzifə hesab edir:

1. O cənabın (yəni İmam Xomeyninin) “Misbahul-hidayə” kitabı sizin əqidələrinizi bəyan edir və sizin dünyaya təqdim etmək istədiyiniz “İslam”ı ifadə edir, çünki İnqilabdan sonra çap olunmuşdur. Bu kitab başdan-ayağa fəlsəfə və ürfandır ki, İslam adı ilə çıxmışdır və həmin vəhdəti-vücud və mövcuddan ibarətdir ki, orada “üsuli-əşərə” ilə “əqli-fəal” mühəmmədi və ələvi nur ilə müqayisə edilərək uyğunlaşdırılmışdır. Bizim fikrimizə görə bunların İslam dini ilə heç bir əlaqəsi yoxdur, dinin və İslamın həqiqətləri bu məsələlərlə uyğun gəlməməkdədir.

2. Siz bu məktubda Quranın həqiqətlərindən və dəlillərindən heç birini zikr etməmisiniz, əksinə onu (yəni Cənab Qorbaçovu) Əbuəli Sinanın[5] kitablarına doğru yönləndirmisiniz! İşraq fəlsəfəsinin tərəfdarı olan Muhyiddin ibn Ərəbinin[6] kitablarına, Söhrəvərdinin[7] kitablarına və Molla Sədranın[8] kitablarına işarə etmisiniz.

3. Əgər yadınızdan çıxarmamısınızsa, sizin Qumun “Feyziyyə” mədrəsəsindəki fəlsəfə dərsiniz də 40 il qabaq həmin səbəblərə görə bağlandı və siz bütün bu məsələlərə diqqət etməklə məlum deyildir ki, nə üçün İslamşünaslıqda onu (yəni Qorbaçovu) sapqın filosoflar və ariflərə doğru yönləndirirsiniz? Allahı sübut etmək, dinin üsullarını (əsaslarını) və fürularını (ikinci dərəcəli hökmlərini) bəyan etmək üçün Quran kifayətedici dəlillərə malik deyildir? İslam rəhbərləri Quran həqiqətlərinə fəlsəfələrdən və ürfandan ayrılmış şəkildə məna verə bilməzlər? İslam dininin hegemon qüvvələrə tanıtdırılmasında İslamın yerinə fəlsəfə və ürfanın təqdim olunması icazəlidirmi?

4. Siz bilirsiniz ki, Həzrət Mühəmmədin ortaya çıxmasından, hətta Həzrət İsanın (ə), Həzrət Musanın ortaya çıxmasından əvvəl şərq ölkələrində yunan fəlsəfəsi və hind ürfanı mövcud olmuşdur. Əgər kifayətedici və səhih olsaydı, bəşərin hidayəti üçün kifayət etsəydi, Allahın bəşəriyyətə minnət qoyub bizim üçün Peyğəmbər göndərməsinin nə lüzumu var idi ki? Allah-Taala buyurur: “Allah möminlərə minnət qoydu, çünki onların öz içərisindən onlara (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara kitabı və hikməti öyrədən bir rəsul göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər”[9]. Quran aydınlaşdırır ki, peyğəmbərlər gəlməmişdən əvvəl insanlar həmin filosofların ucbatından açıq-aşkar zəlalətdə və sapqınlıqda olmuşlar. Yenidən istəyirsiniz ki, “kərrə əla ma fərrə” olsun və peyğəmbərlərin ardıcılları İslam adı ilə əsrlərlə fəlsəfələrə və ürfana giriftar olsunlar.

5. Mərhum Ayətullah Bürucərdi Ağayi-Təbatəbai[10] tərəfindən Qumda “Əsfar” fəlsəfəsinin tədrisinə yasaq qoydu. Siz yenə alimlərin və fəqihlərin həyat tərzinin əksinə olaraq fəlsəfələrin yayılmasını istəyirsiniz?

6. “Saf mühəmmədi İslam”, – deyirlər. Bu adlandırmaların ixtilaf yaratmaqdan başqa heç bir xüsusiyyəti yoxdur.

7. Bizim fikrimizcə, daha yaxşıdır ki, icazə verəsiniz islamşünas araşdırmaçılar kütləvi informasiya vasitələrində fəlsəfə və ürfan yerinə İslam həqiqətlərini bəyan etsinlər ki, dünya xalqları İslam dininin həqiqətindən xəbərdar olsunlar. Ümid edirik ki, bu vəzifəmizin yerinə yetirilməsindən heç də inciməzsiniz.

“Hidayətə tabe olanlara salam olsun!”

“Qüdsün Müdafiəçiləri” İslami Araşdırmalar Mərkəzinin işlərindən məsul, islami məsələlərdə min məqalənin müəllifi əhqər (heç bir dəyəri olmayan bəndə):

 İsmail Ali-İshaq Xoini

 

MÜTƏRCİM: ƏBUƏBDİRRƏHMAN XƏYYAM QURBANZADƏ

(ardı var)

 

 

 

[1] Mao Tsedun – (1893-1976)

[2] “Bəqərə”, 55

[3] “Ənam”, 103

[4] Mütəali fəlsəfə, transsendental fəlsəfə

[5] İbn Sina məşşa filosofudur və yunan fəlsəfəsinin ifadəçisidir ki, Mühəmməd Qəzali onu təkfir etmiş (yəni kafirliyinə hökm etmiş) və “Təhafutul-fəlasifə” (“Filosofların tutarsızlığı”) kitabında onun sapqın və münhərif olmasına dair iyirmi dəlil zikr etmişdir.

[6] Vəhdəti-vücudçudur və bütün ariflərin rəisidir.

[7] Fikri sapqınlığına görə müsəlmanlar onu edam etmişlər.

[8] Fikri sapqınlığına və vəhdəti-vücuda inandığına görə İsfahan alimləri onu təkfir etmiş (kafirliyinə hökm etmiş) və onu Qumun Kəhək şəhərinə sürgün etmişlər. O, “Əsfar” kitabının müqəddiməsində fəlsəfə və ürfana nifrət etdiyini bildirmiş və istiğfar etmişdir.

[9] “Ali-İmran”; 164

[10] Seyid Mühəmmədhüseyn Təbatəbai Təbrizi. “Təfsirul-mizan”ın müəllifidir. Qumda fəlsəfənin məşhur müdərrislərindən olmuşdur.