Əllamə Şeyx İsmayıl Ali-İshaqın həyatı (3)

Əllamə Şeyx İsmayıl Ali-İshaqın həyatı (3)

Bu məktub nəşr olunduqdan sonra Ustad həbs olundu. Onun Nəcəf və Qumda mükəmməl təhsil almaslna, ziyalı bir ailədə böyüyüb boya-başa çatmasına, elmi araşdırmalar aparan bir ocaqda tərbiyə olunmasına, şiə ailəsinə mənsubluğuna və mərhum Ayətullah Hacc Şeyx Əbdülkərim Xoininin övladı olmasına, qardaşları “Qum Elmi Hövzəsi”nin müdərrisləri və araşdırmaçıları hesab olunmasına və bir çox qohumlarının “Qazılara Nəzarət Prokurorluğu”nun rəhbərliyi, “Müstəzəflər (Binəsiblər) Fondu”nun müavinliyi, “Qum İslam İnqilabı Keşişçiləri Korpusu Əli ibn Əbitalib Ordusu Komandanlığı” və s. kimi ali hökumət orqanlarında yüksək vəzifədə işləməsinə baxmayaraq, qeyd olunmuş əqidəni dəyişməsi və xurafatlara qarşı açıq və aydın şəkildə mübarizə aparması İran hökuməti üçün çox xoşagəlməz və dözülməz idi. Digər tərəfdən heç bir günahı olmadan onun edam edilməsi İran hökuməti üçün zərərsiz ötüşməyəcəkdi. Buna görə də çox çalışırdılar ki, onun şəxsi, ailəvi və ictimai həyatında ciddi axtarış və araşdırma aparmaqla Ustadın xarici ölkələr və ya beynəlxalq təşkilatlarla şayəd bir növ əlaqədə olduğunu göstərə bilsinlər. Lakin Allahın fəzilətilə buna müvəffəq olmadılar. Ustad Ali-İshaqın işini araşdırmaq onlara tapşırılan kəşfiyyat idarəsinin məsul işçiləri çarəsizlikdən edam üçün bəhanə və qanuni əsas yaratmaq məqsədilə yeddi ay davamlı işgəncədən sonra onu etmədiyi günahı iqrar etməyə vadar etdilər və bununla da onun edam olunması qərarını qəbul etdilər. Hətta kəşfiyyat idarəsinin məsul işçiləri onun Qum və Tehrandakı ailə üzvlərini də çağırırdılar. Ustad Ali-İshaq öz yaxınları ilə görüşdüyü vaxt vəsiyyətnaməni öz ailə üzvlərinə təqdim etmə əsnasında bildirir ki, bu görüş həqiqətdə son vidalaşmadır. Edam olunmaq onun qəzavü-qədərində olmadığına görə həmin günlərdə İmam Xomeyninin vəziyyəti getdikcə ağırlaşdı və o, vəfat etdi. Beləliklə, Ustad Ali-İshaqın edam olunması təxirə salındı. Fiziki baxımdan vəziyyəti yaxşı olmamasına və xroniki ürək xəstəsi olmasına baxmayaraq, onu digər bir neçə şəxslə birlikdə “Tövhid” zindanından “Evin” zindanına köçürdülər. Ona təzyiq göstərmək, təslim olmağa məcbur etmək və səsini boğmaq məqsədilə dəftərxana müdirliyi imtiyazını ləğv etdilər ki, iqtisadi sıxıntıya düşsün. O, böyük ailəsi olan bir şəxs idi. On beş nəfərdən ibarət olan bir ailəni himayə edirdi. Bundan başqa, özü də ürək xəstəliyindən əziyyət çəkirdi. Belə ki, mənzildən dəftərxanaya qədər olan üç yüz metrlik məsafəni qət edə bilmək üçün ən azı bir necə dəfə oturub dincəlir və istirahət edirdi. Həmçinin imammalını (səhmi-imamı) caiz bilmir və qəbul etmirdi. Bütün bunlarla birlikdə hökumətin bu müqaviməti onun üçün çox ağır idi. Lakin o, səbir etdi və dözdü. Özünü müalicə etdirmək üçün otuz il çəkdiyi iztirab və əziyyətlərinin nəticəsi olan tarlanı satmağa məcbur oldu. Ali-İshaq ailəsinin üzvləri də onu tərk etmişdilər. Özlərinin siyasi və ictimai mövqelərini itirmək qorxusundan heç cür ona yaxınlaşmırdılar. Lakin bu problemlər onu tərəddüdə salmadı, xatircəm və sakit bir qəlblə öz yoluna davam etdi. Həqiqətən, o, “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”[1] ayəsinin əməldə təzahür və təcəssümündən ibarət idi. O, övladlarının dəftərxananın geri qaytarılması barəsində israrına qarşı çıxır və hökumətdən hər cür xahişin Haqq qarşısında tövhid və ixlasa zidd olduğuna inanırdı. Buna görə də ömrünün axırına qədər İran hökumətinin məsul işçilərindən heç bir xahişdə bulunmadı. Bir çox hallarda “Allah, şübhəsiz ki, möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır. ...”[2] ayəsini zümzümə edər, çətinliyə düşdükdə daha çox Həzrət İbrahimin atəşə atılmasını xatırlayar, yaxud “Sən öz Rəbbinin hökmünə səbir et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan. ...”[3] ayəsini zikr etməklə özünü Allahın gözü qarşısında və hüzurunda hiss edər, “... Biz yaxşı işlər görənlərin mükafatını zay etmirik!”[4] ayəsini yada salmaqla Allah-Taala qarşısında təslim olduğunu izhar edər və deyərdi: “Haqqın razılığından başqa, heç nə istəmirəm!” O, hadisələr əsnasında onun üçün həqiqət tapan gizli iltifatları və xüsusi ilahi lütfləri dəfələrlə ətrafında olanlara eşitdirirdi ki, onlar naümid olmasınlar və canla-başla çalışsınlar. Ciddi şəkildə ona xəbərdarlıq edilmişdi ki, hər cür mədəni və ya siyasi fəaliyyətlə məşğul olduğu surətdə avtomobil qəzası və s. kimi əvvəlcədən planlaşdırılmış hadisələri həyata keçirməklə onu öldürəcəklər[5]. Lakin ömrünün son aylarına qədər o, öz fəaliyyətini dayandırmadı və ömrünün son gününə qədər kitab yazmaqla məşğul oldu. Ustad 2000-ci il oktybr ayının 7-də (h. q. 1421, 9 rəcəb, h. ş. 1379, 16 aban) bu fani dünyaya gözünü əbədi olaraq yumdu.

Ustadın bəzi əsərlərinin adını qeyd etməmişdən əvvəl ölümündən bir az öncə yazdığı məktubunu sizin nəzərinizə çatdırırıq:

 

ALLAHIN ADI İLƏ!

Əziz dostlar! Salamdan sonra aşağıdakı nöqtələrə diqqət etmək və onları diqqətlə mütaliə etmək lazımdır! İran İslam İnqilabı İslam dinini dünya müstəvisində müzakirəyə çıxarmış və iddia edir ki, İslam dini bəşəriyyəti dünya xoşbəxtliyinə çatdıra bilər. Bu cəhətdən də dünya xalqları da üç qrupa bölünürlər:

1. Allahı və axirəti inkar edənlər. Onların bu fikirlərə etiqadı yoxdur və etinasızlıqla onun yanından keçirlər.

2. Din və dinlərin tərəfdarı olanlar, Allah və dinin xoşbəxtlik bəxş edən proqramına etiqad edən insanlar. Onlar davamlı olaraq o dinin həqiqətini əldə etmək arzusunda olmuşlar. Lakin qəddarların, zülmkarların və onların batil siyasətlərinin hakimiyyəti, dinin yerinə fəlsəfənin, ürfanın və qalilərin qülüvvünün təbliğatı, Quranın rəylə təfsir olunması, cürbəcür təəssübkeşliklər və düşmənçiliklər kimi müxtəlif səbəblər ucbatından İslam dininin əsl siması davamlı olaraq nəzərlərdən gizli qalmışdır. İndi də gerçək İslamı dərk etməkdə və bu gerçəkliyi bəyan edən bir kitabı tapmaqda maraqlı olan bütün insanlar həmin ləhzəni anbaan gözləyirlər. Bunlar elə fikirləşirlər ki, Ağayi-Xomeyninin təmsil etdiyi “İslam” həqiqətdə həmin ilahi dindir və hamı “saf mühəmmədi İslam” adlanan o dinin İranda tətbiq olunmasının nəticəsinin nə olacağını gözləməkdədir. Lakin çox təəsssüflər olsun ki, 21 ildən sonra bu İslamın İranda hakim olmasının nəticəsi zindanların azadlıq sevən insanlarla dolmasından, minlərlə azad fikirli insanların edamından, qıtlıqdan, senzuralardan, işgəncələrdən və yalanlardan başqa, heç bir şey olmadı. İş elə bir yerə çatmışdır ki, insan ölkə xaricindəki azad radiolara qulaq asmaqdan xəcalət çəkir. Görürük ki, hələ də o atəş və yanğı dünya müsəlmanlarının daxilində, dünya ziyalılarının nəzdində eynilə baqidir. Əgər onlara doğru cavab verilməsə, ümumiyyətlə, dinin, İslamın, Allahın və peyğəmbərlərin məktəbinin mahiyyəti barəsində şübhələnər, ondan uzaqlaşar, laikliyə və dinsizliyə doğru üz tutarlar.

3. İranda hakim olan partiya, yaxud hal-hazırkı səfəvi şiəliyinin doğruluğuna etiqad edənlər və aldadılmışlar. İndi İranda ortaya çıxan, İslam dünyasını və bəşər mədəniyyətini təhdid edən güc həmin məzhəbin tərəfdarları vasitəsilə formalaşdırılmışdır, İslam dininə heç bir aidiyyatı yoxdur. (Mövcud) şiə məzhəbi siyasi bir məzhəbdir, siyasi bir hizbdir (partiyadır). Din və dində məzhəb adı altında bütün siyasətləri, hərəkatları, zülm və sitəmləri, yalanları və edamları idarə edir və yönləndirir. Xilafətdən, İslamdan və müsəlmanlardan intiqam almaq üçün özlərini müsəlman adlandırdılar, imamət və vəlayət başlığını ixtira etdilər. İmam və rəhbər öz istəyilə hər bir qərarı qəbul edə bilsin deyə onu ilahi vəlayətə, təkvini və təşrii vəlayətə, mütləq hakimiyyətə malik olan bir varlıq kimi tanıtdırdılar. Xəyali İmami-Zamanı ona görə qaib bir şəxs kimi tanıtdırırlar ki, özlərini onun canişini, naibi və mütləq vəlayətə (mütləq hakimiyyətə) sahib olan şəxs olaraq tanıtdıra bilsinlər. Bu məzhəbi yaratmaq və onun geniş şəkildə yayılmasını təmin etmək üçün Quran ayələrini ürəkləri istədikləri kimi təvil (yozmaq) və təfsir etdilər. Minlərlə peyğəmbər hədisi qondardılar, yüzlərlə hədis nəql etdilər, onlar (imamlar) üçün kəramət nəql etdilər, onların qəbirlərinin ziyarət olunması üçün savablar nəql etdilər, ziyarətnamələr yazdılar. Qədiri-Xum kimi dastanlar yaratdılar, imamların özünə mənsub olan çoxlu hədislər hazırladılar, ... “Hədisi-kisa”nı qondardılar, “Məfatihul-cinan”, “Zadul-məad” kitablarını yazdılar. ... İqtisadi gücü əldə edə bilmək üçün xüms və imammalı (səhmi-imam) deyilən vergi formalaşdırdılar. ... Səfəvilər əzadarlıq, sinə vurma, qəmə vurma və zəncir vurma proqramları icad etdilər. Şiə məzhəbinin rəsmi və sürəkli yayılmasını təmin etmək üçün rövzəxanlıq və əzadarlıq mədəniyyəti yaratdılar. Heç kəs bir söz deyə bilməsin deyə Əli məddahlığı və mədhi ünvanını rəsmiləşdirdilər. Əli şeiri, Əli şairi, Əli vəsfi yaratma qərarına gəldilər. Qəbirlərin üstündə günbəz və məqbərələr tikdilər, onları qızılla bəzədilər. Qurana müxalif olan bu qəti yalanı, şəxsi imamət məsələsini o qədər şişirtdilər ki, yalançı İmami-Zamanı elə ciddi məşhurlaşdırdılar, onun üçün doğum bayramı və zəfər tağları keçirdilər. Hal-hazırda da keçirirlər ki, daha heç kim onu inkar etməyə cürət edə bilməsin, hətta bu məzhəbin və bu siyasi hizbin yaranmasının səbəbləri haqqında düşünə bilməsin. Bir neçə dəfə bu üslubla müvəffəqiyyət və güc əldə edə bilmişlər:

1. Ömərin Əbulu’lu’, yaxud Firuzi-İrani vasitəsilə öldürülməsi;

2. Məğlub olmuş iranlıların və mədainlilərin toplaşdığı yer olan Kufədən ehram paltarında Məkkəyə doğru yola düşən və sayları 470 nəfər olan bir heyət vasitəsilə Osmanın Mədinədə qətlə yetirilməsi;

3. Kufədən gələn və iranlılardan olan İbn Mülcəm vasitəsilə Həzrət Əlinin qətlə yetirilməsi;

4. İmam Həsənin Kufə əhli olan və özü də iranlı olan arvadı Cə’də vasitəsilə öldürülməsi;

5. Şiə hizbi olan və ərəblərin qarşısında məğlub olmuş Kufə əhli vasitəsilə İmam Hüseynin dəvət edilməsi və onun Kərbəlada öldürülməsi;

6. Zeyd ibn Əli ibn Hüseynin tək buraxılması (aldadılması), onun öldürülməsi və onun bir il dar ağacından asılı bir vəziyyətdə qalması;

7. Kufədə Muxtarın ətrafında toplaşmaq;

8. Müsəbin ətrafında toplaşmaq və Muxtarın öldürülməsi;

9. Mədinədə Mühəmməd Hənəfiyynin ətrafında toplaşmaq və onun Rəzva və Zituva dağında qeybə çəkilmiş imam olaraq tanıtdırılması və hənəfiyyə firqəsinin yaradılması;

10. Yəməndə öldürülmüş Zeyd ibn Əli ibn Hüseynin imamlığına etiqad edən zeydiyyə (zeydilik) firqəsinin yaradılması. Bu məzhəb indi də öz varlığını davam etdirir;

11. Cəfər Sadiqin qarşısında ismailiyyə firqəsinin yaradılması; hal-hazırda müsəlmanlar arasında 20 milyondan çox ismailiyyə vardır. Bir neçə dəfə güc əldə edə bilmişlər. Misirdə və İrakda Həsən Səbbah vasitəsilə və s. ... buna bir misal ola bilər.

12. Misirdə Fatimilərin yaradılması, onların güc əldə etməsi və süqutu;

13. Mazandaranda ələvilərin yaradılması;

14. Əbumüslim Xorasaninin rəhbərliyilə əməvilərin üzərinə hücum edilməsi;

15. Hülakünün ordusu ilə Bağdad İslam Hökuməti Mərkəzinə hücum etmək və Xacə Nəsirəddin Tusinin rəhbərliyilə Bağdadda mərkəzi hökuməti və Mötəsimi hakimiyyətdən uzaqlaşdırmaq;

16. Şah Xudabəndə vasitəsilə Sultaniyədə şiə hökumətinin yaradılması;

17. Ərdəbildə səfəviliyin yaradılması;

18. Seyid Əli Mühəmməd Bab vasitəsilə babiliyin yaradılması;

19. Onun canişini Bəhaullah (Mirza Hüseynəli) vasitəsilə bəhailyin yaradılması;

20. İran İslam Respublikası hökumətinin yaradılması.

Görürsünüz ki, bütün bunlar İslamda din altında şiə və (mövcud) şiə məzhəbi tərəfindən yaradılmış hərəkatlardır və hal-hazırda İslam dünyasında daha kamil, daha qətiyyətli, daha ciddi və daha yaxşı silahlanmış formada ortaya çıxmışlar. Bunlar hamısı məzhəb rəhbərləri vasitəsilə Allahın məxluqatının aldadılması baş vermiş və indi də davam etməkdədir. İndiyə qədər bu rəhbərlər, bu məzhəb həqqaniyyəti mövzusu, bu haqq cəfəri mövzusu, Əlinin haqq və digərlərinin nahaq olması mövzusu müzakirə olunur. Bu sözlərin heç bir cavabı yoxdur. Camaat dində imamətin, vəlayətin və xilafətin olduğunu, kim bu yolda öldürülərsə, şəhid hesab olunduğunu və yerinin behişt olacağını xəyal edir. Bu tezis, bu ideologiya və bu cür müxtəlif proqramlar davam edəcək və nəticədə silsilə ölümlər daha geniş və daha ciddi bir şəkil alacaq. İslamın və müsəlmanların bu rəhbərlərin, bu vəliyyi-fəqihlərin, bu hövzələrin, bu məzhəbin və bu proqramların əlindən xilas olmasına ümid yoxdur. Bu barədə və bu müxtəsər və qısa məlumata diqqət etməklə beş min Quran ayəsinə əsaslanan o araşdırma və elmi məşvərətə əl atmağın səbəbi sizin üçün məlum olacaq. Müsəlmanların xilas olmasında onun əhəmiyyəti və rolu müəyyənləşəcək[6]. Mən əlli il İslamşünaslığı mütaliə etdikdən, fəlsəfələri, ürfanları, qulatların fikirlərini və müxtəlif ideologiyaları araşdırdıqdan sonra bu nəticəyə gəldim ki, dinin saf və duru həqiqəti Qurandır ki, özü bizi dəfələrlə özünü oxumağa, özü üzərində tədəbbür və təfəkkür etməyə əmr etmişdir. Bu sapqınlıqların, özünü itirmələrin, din və Quran həqiqətlərindən hamılıqla uzaq düşməyin səbəbi Quran oxumamaq, Quran üzərində tədəbbür etməmək və Quran dünyagörüşünü tanımamaqdan irəli gəlir. Başqaları, o cümlədən filosoflar, ariflər (ürəfa), qulatlar (dində həddi aşanlar), marksistlər, materialistlər, kommunistlər və ateistlər (mülhidlər) də bu fürsətdən istifadə etmiş və hər biri öz fikirlərini və əqidələrini bir formada dinə qarışdırmışlar. Ağayi-Xomeyni dində ən müvəffəq filosof, arif və qali (dində həddi aşan) olmuşdur ki, özünün yunan fəlsəfəsi və hind ürfanının təsiri ilə formalaşmış fəlsəfi fikirlərini İslam adı altında müzakirə etmiş və öz kitablarında, ələlxüsus “Misbahul-hidayə” kitabında onları bəyan etmişdir. Onun “saf Mühəmmədi İslam” fikrini, yəni dinə qarışmış həmin fəlsəfi fikirləri, ürfanı və qulatların qülüvlərini məzhəb və şiəlik adı ilə, İnqilab sərlövhəsi altında və millətin hissiyyatından istifadə etməklə saf Mühəmmədi İslam yerinə müzakirə, elan və təbliğ edə və yaya bilərdilər və indi də bu işi davam etdirirlər. Əgər mənim kimi bir şəxs bu barədə şəxsən özünə, yaxud kütləvi informasiya vasitələrində bir ifşaedici məktub yazarsa, edamla, işgəncələrlə, töhmətlərlə və ən azı altı il zindanla qarşılaşar. Bu barədə yazdığım bir məktubun günahına görə məni edam etmək istəyən və məni edam etmək üçün mənə töhmət vuran və mənim üçün qovluqlar hazırlayan şəxslər vəfat etmişlər. Mən isə həyatdayam. Sözlərimi zindanın ruhanilərə məxsus boğucu mühitində qapısı bağlı otaqda yazmağa müvəffəq oldum. Baxmayaraq ki, üç min səhifə araşdırmamı onların casusları zindanda oğurlayıb məhv etdilər. Ziyanvericiləri tanıtdıran, bilginin növləri və formalarından bəhs edən iki min cild kitabımı kitabxanalardan və beynəlxalq kitab sərgilərindən yığıb məhv etdilər. İranın hazırkı və boğucu şəraitində o həqiqətləri yazmaq və yazı maşınında yazmaq mənim üçün mümkün deyildir. Bilirsiniz ki, bizim üçün hansı qiymətə və hansı problemlər bahasına başa gəlmişdir. Lakin sizin əliniz açıqdır və sizi belə tanıyıram ki, əgər bir işin Allah üçün, Allah xatirinə, dinin ehya edilməsi və dirçəldilməsi üçün olduğunu, din adı altında zülm və hökm edənlərin əlindən xilas etmək üçün olduğunu bilsəniz, ona kömək edərsiniz. Və o iş də bu araşdırmaların tərcümə və çap olunmasıdır ki, “Aləmul-Quran” (“Quran aləmi”) hissəsini bir dəfə hüzura göndərdik və çox təəssüflər olsun ki, Cənabi-Alinin əlinə çatmadı.

Hər halda ümid var ki, öz axirətiniz üçün, İslam millətinin dünya və axirəti üçün böyük addımlar atasınız və bu yazıları həmin formada, yaxud beynəlxalq dillərə tərcümə etməklə öz səyinizlə, yaxud YUNESKO-nun köməkliyilə çap edib dünya müstəvisində nəşr edəsiniz ki, dünya müsəlmanlarında, dünya ziyalılarında, hətta haqq və həqiqət tərəfdarlarında dinin həqiqətlərinə və dinsizlərin hoqqabazlıqlarına diqqət yarada biləsiniz. Mən yəqin bilirəm ki, Allah mənim, sizin və bu ciddi işlərdə çalışan bütün şəxslərin dünya və axirətdə mülafatını verəcək. Ayədə buyurur: “İman gətirən və saleh əməllərlə məşğul olanlara gəldikdə isə, Biz yaxşı işlər görənlərin mükafatını zay etmirik!”[7] Aydındır ki, İslam millətlərinin və İran millətinin xilas olması üçün ən yaxşı yol odur ki, İslam dininin, Quranın həqiqətini başa düşsünlər və onun din, İslam və Quran adı altında təbliğ olunan bu xurafatlardan ayrı olduğunu dərk etsinlər. Onlar bizə qətiyyən icazə verməyəcəklər ki, ölkə daxilində bu cür məqalələri çap və nəşr edək. Deməli, sizin kimilərin vəzifəsidir ki, özünüzü öz fikirlərinizə fəda etmisiniz. Mən ona görə sizə üz tutdum ki, sizi bu fədakarlığa, lütfə və mərhəmətə layiq bildim. Əgər iqtisadi baxımdan kifayət qədər imkanlarınız olmasa, mən 140 kv.m.-lik qədim evimi satıb pulunu bu iş üçün göndərməyə hazıram. Allah ömrünüzü uzun, izzətinizi daim etsin!

HÖRMƏTLƏ: “QÜDSÜN MÜDAFİƏÇİLƏRİ” İSLAM ARAŞDIRMALARI MƏRKƏZİNİN TƏSİSÇİSİ:

 İSMAİL ALİ-İSHAQ XOİNİ

 

İNDİ İSƏ USTAD ALİ-İSHAQIN BƏZİ ƏSƏRLƏRİNİ

VƏ ARAŞDIRMALARINI QEYD EDƏK:

1. “Məzhəblərin və dinlərin araşdırılması”

2. “İslamın izah edilməsi, yaxud peyğəmbərlərin Allahşünaslığı” (20 məqalədən ibarətdir)

3. “İman və İnsan” (30 məqalədən ibarətdir.)

4. “Bizim məntiqimiz, yaxud bilginin afətləri” (35 məqalədən ibarətdir.)

5. “Bilginin növləri və formaları” (40 məqalədən ibarətdir) 1362/10/30 (m. 1984, 20 yanvar) tarixində çap olunmuş və yayılmışdır. Birdən dördə qədər olan kitablar illərlə əvvəl nəşr olunmuşdur. Aşağıdakı kitablar isə bu vaxta qədər çap olunmamışdır.

6. “Bilginin maneələri” (40 məqalədən ibarətdir) Çapa hazırdır.

7. “Böyük yalanlar, vücud və vəhdəti-vücud”. Çapa hazırdır.

8. “Böyük yalanlar, mövcud və vəhdəti-mövcud”. Çapa hazırdır.

9. “Böyük yalanlar, Darvin təkamülü”. Çapa hazırdır.

10. “Böyük yalanlar, mücərrəd fəlsəfi ruh”

11. “Hüseyn, Hüseyndir, ya Hüseyn, va Hüseyn deyildir”

12. “Əli, Əlidir, ya Əli deyildir”

13. “Şirklərin növləri və formaları”

14. “Dində bidətlər” (Mənzum formada)

15. “Dini suallara cavab”

16. “İslam tərbiyəsi”

O həmçinin Quran-kərim barəsində böyük bir əsər yazmağa başladı. Həmin əsər əsas səkkiz hissədən ibarətdir:

a) Birinci hissə “Aləmul-Quran” adlanır. Bu hissə özü də beş fəsildən ibarətdir:

1. “Aləmul-Quran”a müqəddimə

2. “İslami təfəkkürlərdə böyük renessans (intibah), yaxud 300 Quran ayəsinə istinad etməklə İslamın başlanğıcı”

3. “1000 Quran ayəsinə istinad etməklə İslamın sonunun ilk hissəsi”

4. “1200 Quran ayəsinə istinad etməklə İslamın sonunun ikinci hissəsi”

5. “1500 Quran ayəsinə istinad etməklə İslamın sonunun üçüncü hissəsi”

b) İkinci hissə “Quranın Allahı” sərlövhəsi altında beş fəslə bölünür:

1. “Quranın Allahı”

2. “Quranda Allahın sifətləri”

3. “Quranda Allahın tövhidi”

4. “Quranda Allahın feilləri”

c) Üçüncü hissə “Quranın nübüvvəti” başlığı altında iki fəsildən ibarətdir:

1. “Ümumi nübüvvət”

2. “Xüsusi nübüvvət”

ç) Dördüncü hissə “Quranın axirəti”dir ki, bu özü də dörd fəsildən ibarətdir. Bu hissədə 1000 Quran ayəsinə istinad edilmişdir:

1. “Məhşər və Qiyamət”

2. “Behişt”

3. “Əraf”

4. “Cəhənnəm”

d) Beşinci hissə “Quranın Ədaləti” sərlövhəsi altında iki fəsildən ibarətdir:

1. “Allahın ədaləti”

2. “İctimai ədalət və insan mövzusunda ədalət”

e) Altıncı hissə “Quranın imaməti” sərlövhəsi altında iki fəsildən ibarətdir:

1. “Şiənin imaməti”

2. “Ammənin (sünninin) imaməti”

ə) Yeddinci hissə “Quranın əxlaqı” adlanır. 1200 Quran ayəsinə istinad etməklə Qurandakı 300 əxlaqi mövzu təsəvvüfçülərin fəlsəfi və ürfani əxlaqı ilə müqayisə edilmişdir.

f) Səkkizinci hissə “Quranın hökmləri” adlanır. İki fəsildən ibarətdir:

1. “Haramlar”

2. “Vaciblər”

Ustadın Quran mətləbləri mövzusunda təxminən 16 məqaləsi vardır ki, onların bəzi başlıqlarını burada qeyd edirik:

1. “Quranda ibadətlə məşğul olmaq və ibadət”

2. “Quranda istianə (kömək istəmə)”

3. “Quranda hidayət”

4. “Quranda sirati-müstəqim”

5. “Quranda şey”

6. “Quranda xilqət (yaradılış)”

7. “Quranda xəlifə və xilafət”

8. “Quranda müqəddəsləşdirmə və müqəddəs sayılma”

9. “Quranda təəqqül (əqlin işlədilməsi) və əql”

10. “Quranda zənn və zənlər”

11. “Quranda Bəni-İsrail”

12. “Quranda şəfaət”

13. “Quranda dua”

14. “Quranda vəlayət”

15. “Quranda təthir”

16. “Quranda seçmə/üstünlük vermə (istifa)”

17. “Quranda Rəsullar”

18. “Quranda Rəsula tabeçilik”

Yuxarıdakı bəzi mövzular ayrılıqda bir cild təşkil edir, bəziləri isə iki və ya üç mövzu olaraq bir cilddə nəşr edilib.

 

MÜTƏRCİM: ƏBUƏBDİRRƏHMAN XƏYYAM QURBANZADƏ

SON

 

 

[1] “Yunus”, 62

[2] “Tövbə”, 111

[3] “Tur”, 48

[4] “Kəhf” 30

[5] Necə ki Doktor Səyyadın, Ustad Ziyai Faruq Fərsadın və Mühəndis Bərazəndənin başına bu oyunlar açılmışdır.

[6] Müəllif Quran ayələrinə əsaslanmaqla yazdığı öz kitabına işarə edir.

[7] “Kəhf”, 30