Mübariz və mücahid fəqihlərin tarixi

  Mücahid Seyid Mühəmməd (1)

Mübariz və mücahid fəqihlərin tarixi    Mücahid Seyid Mühəmməd (1)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

MÜBARİZ VƏ MÜCAHİD FƏQİHLƏRİN TARİXİ

MÜQƏDDİMƏ

Cihad ən böyük dini vacibatlardan biridir. Ona görə də yadellilərin təcavüzünə məruz qaldığımız vaxt ən yaxşı silah sayılır və ənənəvi şiə fiqhinə əsasən Böyük Qeybət dövründə bunun məsuliyyətini üzərinə götürmək fəqihlərin vəzifələrindən hesab olunur. Lakin bu dövrdə şiənin tarixinə nəzər salsaq, cihad fitvasının bir neçə yüzillik tarixə malik olduğunu və Qacar mərhələsinin əvvəllərinə qədər gedib çıxdığını görərik.

Məhz Qacar dövrünün əvvəllərində şiə alimləri düşmənlərin təhlükəsi altında olan bütün İslam cəmiyyətini qorumaq üçün meydana çıxmış, onlar tərəfindən verilən cihad fitvası ilə müdafiə olunmaq hamıya vacib sayılmış və müharibədə öldürülənlər şəhid hesab olunmuşlar.

Rusiya-İran müharibəsinin birinci mərhələsinin (16 iyun 1804-12 oktyabr 1813) başlaması ilə Fəthəli şah və Abbas Mirzə məşruiyyət qazanmaq və xalq kütlələrini səfərbər etmək üçün alimlərdən kömək istədilər. Hətta Abbas Mirzə Şahdan çox bu fitvaların alınmasında maraqlı idi və ruslarla müharibənin mahiyyətini etiqadi-vətən müharibəsinə dəyişmək istəyirdi.

Abbas Mirzə legitimlik əldə etməklə yanaşı, həm də ruslarla döyüşdə dini bazasını möhkəmləndirmək və rəqibləri, o cümlədən qardaşları qarşısında güclü xalq kütləsi əldə etmək istəyirdi.

Belə bir qərardan sonra Qayimməqam Fərahaninin atası Böyük Mirzə Fərahani ruslara qarşı cihadla bağlı alimlərin rəyini öyrənmək üçün Ətəbata (Kərbəla, Nəcəf, Samərra və Kazimeyn şəhərlərinə) bəzi nümayəndələr göndərdi ki, Şeyx Mühəmmədcəfər Nəcəfi (v. h. q. 1227 – m. 1811) və Seyid Mühəmməd İsfahani rusların İrana hücumları istiqamətində mövqe tutsunlar.

Nəcəf alimləri bu hücumlardan xəbər tutduqda cihad hökmü verib İranın müxtəlif şəhərlərinə nümayəndələr göndərdilər.

Mirzə Qummi (v. h. q. 1231 – m. 1815), Mir Mühəmmədhüseyn Sultanul-üləma (İsfahan şəhərinin imamcüməsi), Molla Əliəkbər İsfahani (v. h. q. 1232 – m. 1816), Ağa Seyid Əli Təbatəbai (v. h. q. 1231 – m. 1815) kimi alimlər də oxşar hökmlər verdilər ki, bu hökmlər Böyük Mirzə tərəfindən toplanmış və “Risaleyi-cihadiyyə” (“Cihad risaləsi”) adı ilə nəşr edilmişdir.

Mirzə Qummi xalqı ruslara qarşı döyüşdə iştiraka sövq etməkdə mühüm rol oynayan alimlərdən biri idi. O, malın, canın və namusun müdafiə olunmasını bir növ cihad hesab edirdi. Əqidəsi bu idi ki, müdafiədə – istər kafirlərin bir ölkəyə hücumu vaxtı olsun, istər oğru evə, yaxud karvana hücum etdikdə olsun – İmamın və şərtləri özündə cəmləşdirən müctəhidin icazəsi şərt deyil. Lakin müdafiənin hökmlərini öyrənmək lazımdır. Mirzə Qummi hətta bu vəziyyətdə müdafiə olunmağı vacib həccdən üstün tuturdu. Şiə dünyasının bu böyük alimi İslam dinini və İslam cəmiyyətinin varlığını qorumaq üçün mübarizə aparan Rusiya-İran müharibəsinin qurbanlarını şəhid hökmündə hesab edirdi.

Beləliklə, cihad risaləsi bütün ölkəyə yayıldı və qəribə sensasiya yaratdı. Lakin Rusiya-İran müharibəsinin ilk mərhələsinin başlamasından 6 il sonra (1810-cu ildə) belə fitvaların verilməsi müharibənin bu mərhələsində çox da böyük təsir buraxmadı.

İşğal olunmuş əraziləri nəzarətə götürdükdən sonra ruslar həmin ərazilərin əhalisinə əziyyət verməyə başladılar. Onlar əkinçilərin məhsullarını müsadirə edir, insanları yoxsul vəziyyətə salır və dini ayinləri təhqir edirdilər.

Qarabağ, Şirvan və Gəncə əyalətlərinin əhalisi rusların bu hərəkətlərindən sonra Ətəbata elçi göndərərək rusların müsəlmanlara qarşı təcavüzündən sonralar Mücahid ləqəbi ilə məşhurlaşan Seyid Mühəmməd Təbatəbaiyə və başqa alimlərə şikayət etdilər.

Mücahid Seyid Mühəmməd əvvəlcə İran hökumətini məsələ ilə bağlı məlumatlandırdı. Nəcəf alimləri İran dövlətinin işğal olunmuş ərazilərin geri alınmasının tərəfdarı olduğunu gördükdə onlardan bir neçəsini Rusiya ilə cihad üçün İrana göndərdilər. Onlar xalq tərəfindən rəğbətlə qarşılandılar.

Xalq h. q. təqvimi ilə 1241-ci ilin şəvval ayında (m. 1826-cı ilin may ayı) Tehranda, zilqədə ayında (iyun ayında) isə Sultaniyyə yaşıllığında alimlərlə bir araya toplaşdı.

Alimlərin ruslara qarşı verdikləri cihad fitvaları və onların döyüş meydanında iştirak etməsi xalqın səfərbər olmasında və ilkin qələbələrdə təsirli rol oynasa da, mərkəzi hökumətin dəstəyinin olmaması, bəzi saray əyanlarının səhlənkarlığı və nüfuzlu şəxslərin işlərə mane olması İkinci Rusiya-İran müharibəsində müharibənin iranlıların məğlubiyyəti ilə başa çatmasına səbəb oldu.

Ruslara qarşı döyüş cəbhələrində din xadimlərinin iştirak etməsi şiə cəmiyyətində böyük bir islahat idi. Onların bu iştirakı sonrakı illərdə də imperializmin acgözlüyü qarşısında duruş gətirmək və müqavimət göstərməkləri ilə davam etdi.

Biz bu məqalədə sizə rus işğalına və təcavüzünə qarşı cihad fitvası verib döyüş meydanında iştirak edərək bu yolda fədakarlıq etmiş mücahid və mübariz fəqih Seyid Mühəmməd ibn Əli Təbatəbainin həyatı haqqında ətraflı məlumat verəcəyik.

Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

 

MÜCAHİD SEYİD MÜHƏMMƏD

DOĞUMU

Mücahid Seyid Mühəmməd h. q. təqvimi ilə 1180-ci ildə (m. 1766) Kərbəlanın alim seyidlərindən birinin evində dünyaya göz açdı. İllər keçdikdən sonra o, hansı ailədə böyüyüb boya-başa çatdığını anladı. Mühəmmədin yaxın qohumlarının demək olar ki, hamısı dövrün alimləri idilər. Onun ana babası Vəhid Behbəhani adı ilə tanınmış Əllamə Mühəmmədbaqir Behbəhani (v. h. q. 1201 – m. 1786) o dövrün məşhur və tayı-bərabəri olmayan fəqihi idi. Vəhid Behbəhaninin dini rəhbərliyi dövründə Kərbəlanın dərs hövzəsi bədəninə yeni bir ruh daxil oldu və o dövrdə Kərbəla hövzəsi şiə dünyasının elmi mərkəzinə çevrildi. Kərbəla məktəbinin şagirdləri bütün şiə dünyasında elm və fəqahətin hərəkətverici silsiləsi oldular. Eyni zamanda dünyanın müxtəlif yerlərində – Məşhəddə, Kaşanda, Qumda, Kazimeyndə, Nəcəfdə, Kərbəlada, Təbrizdə və Hindistanda elmi hövzələr qurdular. Vəhid Behbəhaninin iki oğlu (Mühəmmədin dayıları), yəni Ağayi-Mühəmmədəli Təbatəbai və Ağayi-Əbdülhüseyn Təbatəbai də seçilmiş alimlərdən hesab olunurdular.

Mühəmmədin atası Ayətullah Seyid Əli Təbatəbai özü təhsil almağa gec başlamasına baxmayaraq, müxtəlif elmi mərhələləri çox tez bir zamanda keçib ali mərhələyə qədəm qoymuş və Vəhid Behbəhaninin xüsusi seçilən, görkəmli tələbəsi olmuşdur. Onun az bir müddətdə Vəhid Behbəhani kimi məşhur bir alimin dərslərindən biliyə yiyələnməsi güclü bir hafizəyə sahib olmasından və ilahi köməyə məzhər olmasından xəbər verir. O, həmin vaxt özünün fiqhi əsəri “Riyazul-məsail” adlı əsərini yazdı. Bu əsər hal-hazırda da dini hövzələrdə fiqhi mətn kimi müzakirə olunaraq diqqətçəkən mövzulardan biridir.

Mühəmmədin anası da alim və fəzilət sahibi olan qadınlardan idi. Deyilənlərə görə o, “Riyazul-məsail” kitabının bəzi hissələrinin tərtib olunmasında öz həyat yoldaşına yardım etmişdir. Həmin vaxt Mühəmmədin 11 yaşı var idi. Elm və fəzilət əhli bir ailədə böyüdüyü üçün ibtidai təhsilini həmin yaşlarda başa vurmuş və həmin günlərdə həyatının yeni bir mərhələsinə qədəm qoymuşdur.

 

SEYİDİN TƏHSİLİ

Mühəmmədin yaxın qohumları arasında alim və müdrik şəxslərin olması onun fikir və arzularının həyata keçməsinə, ümumiyyətlə, formalaşmasına böyük təsir etmişdir. Təlim-tərbiyəsini atasının nəzarəti altında almış, bunu ali mərhələyə qədər davam etdirmişdir.

Mühəmməd babası Vəhid Behbəhaninin dərs məclisində iştirak edə bilməsə də, onun görkəmli şagirdlərindən bəhrələnmişdir. Atasından əlavə Nəcəfdə Bəhrulülumdan (v. h. q. 1212 – m. 1797) faydalanmış, onun elm, zöhd və kəramətlərindən səmavi ehtiyatlar yığmış və o qiymətli alimin qızı ilə izdivac etmə iftixarına nail olmuşdur. Lakin Mühəmmədin o böyük şəxsdən bəhrələnməsi çox çəkmədi və Əllamə Bəhrulülum Vəhid Behbəhaninin ölümündən 11 il sonra vəfat etdi.

Seyid Mühəmməd Nəcəfi-əşrəfdə bir müddət də bacarıqlı fəqih Şeyx Cəfər Kaşifulğitanın (v. h. q. 1227 – m. 1811) hüzurunda dərs oxumuşdur. Şeyx Cəfər Kaşifulğita məsələlərin istinbat olunmasında və fiqhin ikinci dərəcəli hökmlərində çox bacarıqlı bir şəxs idi. O, çox təvazökar bir insan və dini rəhbər olmaqdan əlavə şücaətli milli rəhbər də hesab olunurdu. Zamanın və onun tələblərinin başa düşülməsi də Kaşifulğitanın gözəl xüsusiyyətlərindən biri idi. Əxbarilərə, həmçinin vəhhabi firqəsinə cavab vermək barəsində yazdığı kitablar bunun göstəricisidir.

Seyid Mühəmməd Təbatəbai öz ustadlarından yalnız fiqh elmini öyrənməmiş, ictimai məsələlər qarşısında məsuliyyət hiss etməyi və şücaətli olmağı da öyrənmişdi. Bundan sonra o, ustaddan dərs almağa ehtiyac duymayan fəzilət sahibi bir alim oldu. Bundan sonra baş verənlər zamanın keçməsi və elmin tədqiqat, tədris və yazı ilə zənginləşməsi oldu. Onun həyatının bu fəsli aydın şəkildə İsfahanda başladı. H. q. təqvimi ilə 1216-cı ildə (m. 1801) Kərbəla vəhhabilər tərəfindən vəhşicəsinə hücuma məruz qaldı və çoxlu alim də daxil olmaqla üç mindən çox insan öldürüldü. İmam Hüseyn əleyhissəlamın hərəminin böyük bir hissəsi və bir çox başqa yerlər dağıdıldı, insanların malları talan edildi. Onlar öldürdükdən, qarət etdikdən və dağıtdıqdan sonra şəhəri tərk etdilər. Bu böyük hadisə Seyid Mühəmməd Təbatəbainin İsfahana hicrət etməsinə səbəb oldu.

Seyid Mühəmməd Təbatəbai İsfahanda məskunlaşanda İsfahan hövzəsi hələ də şiə dünyasının ən nüfuzlu hövzələrindən biri hesab olunurdu və Kərbəlanın bəzi görkəmli alimlərinin, Vəhid Behbəhaninin məşhur şagirdlərinin, yaxud onun şagirdləri tərəfindən tərbiyə olunmuş şəxslərin iştirakı ilə bərəkətli və nüfuzlu idi. Mühəmməd İsfahani, Şeyx Mühəmmədtəqi İsfahani (h. q. 1185-1248 – m. 1771-1832), Mühəmməd İbrahim Kəlbasi (h. q. 1180-1261 – m. 1766-1844), Şeyx Mühəmmədhüseyn İsfahani, Höccətülislam adı ilə tanınan Seyid Mühəmmədbaqir Şəfti (h. q. 1175-1260 – m. 1761-1843) kimi böyük şəxsiyyətləri buna misal göstərmək olar.

Seyid Mühəmməd Təbatəbai İsfahanda qaldığı on üç il ərzində İsfahan hövzəsinin münasib mühitində yalnız müəllimlik və yazı işləri ilə məşğul olmuş, başqa vəzifələri qəbul etməkdən çəkinmişdir. Hətta belə bir fikir də söylənilir ki, İsfahanın böyük dini rəhbərlərindən olan Seyid Mühəmmədbaqir Şəftinin məşhurlaşmasına səbəb olan işlərdən biri Ayətullah Seyid Mühəmməd Təbatəbainin onu vəsf etməsi olmuşdur. Deyilənlərə görə ondan “Seyid Mühəmmədbaqir Şəfti müctəhiddirmi?” – deyə soruşulduqda belə cavab vermişdir: “Onun izzəti və şanı mənim onu təsdiq etməyimdən ucadır! Əksinə, ondan soruşun ki, Seyid Mühəmməd müctəhiddir, ya yox?”

Onun mühazirələri İsfahan hövzəsinin alimləri tərəfindən çox yaxşı qarşılanmış və diqqət çəkmişdir. O, “əl-Məfatih fil-üsul” (“Üsulda açarlar”) kitabını yazmağa başlayanda kitabın yazılması başa çatmamış onun müxtəlif fəsilləri tələbələr və fəzilətli şəxslər arasında əldən-ələ ötürülürdü və bu yazıların üzünü köçürürdülər.

Demək lazımdır ki, Ayətullah Seyid Mühəmməd Təbatəbainin İsfahanda on üç il qalmasının elmi fikirlərin dərinləşməsi və araşdırılmasında, yazı və tədris yolu ilə fiqhin zənginləşməsi yolunda böyük rolu olmuşdur.

 

TƏLƏBƏLƏR

O, Kərbəla və İsfahanın görkəmli ustadlarından sayıldığı üçün bütün alimlər onun mühazirələrində iştirak edirdilər. Onun gözəl və bəlağətli bir bəyanı var idi. Çətin və mürəkkəb məsələləri, dəqiq mətləbləri ən yaxşı şəkildə izah edirdi. Belə ki, hər bir kəs, hətta yeni başlayanlar belə onun dərsini asanlıqla başa düşə bilirdilər.

Seyidin elmindən bəhrələnən tələbələrindən bəziləri bunlardır:

1. Seyid İbrahim Musəvi Qəzvini; “Zəvabit kitabının müəllifi” adı ilə tanınmışdır (v. h. q. 1262 – m. 1845).

2. Mövla Mühəmmədsaleh Bərğani (v. h. q. 1283 – m. 1866);

3. Molla Mühəmməd Nuri;

4. Molla Həsən Yəzdi (v. h. q. 1242-ci ildən sonra – m. 1826-cı ildən sonra);

5. Şeyx Əhməd Kirmanşahi (v. h. q. 1235 – m. 1819);

6. Molla Əsədullah Bürucərdi (v. h. q. 1264 – m. 1847);

7. Molla Səfərəli Lahicani (v. h. q. 1264-cü ildən əvvəl – m. 1847-ci ildən əvvəl);

8. Şərifulüləma Mazəndərani (v. h. q. 1264 – m. 1847);

9. Seyid Şəfi Bürucərdi (v. h. q. 1280 – m. 1863).

 

ƏSƏRLƏRİ

Onun başqalarının fikirlərini izləmə və araşdırmadan yaranan əsərləri aşağıdakılardan ibarətdir:

1. Üsuli-fiqh və fiqhə dair iki böyük əsəri; birincisi “əl-Məfatih fil-üsul” (“Üsulda açarlar”), digəri isə “əl-Mənahil fi fiqhi Alir-Rəsul” (“Rəsulun Əhli-Beytinin fiqhində su qaynaqları”) kitabıdır.

2. Üsuli-fiqhdə “əl-Vəsail fil-üsul” (“Üsul elmində vəsilələr”);

3. Fiqhdə “İslahul-əməl” adlı kitab; onun fitvasının və əməli risaləsinin zikr olunması şəklindədir və fars dilində çoxlu xülasə və tərcümələri vardır.

4. Fiqhdə “Camiul-əbair” (“Keçidləri cəm edən kitab”) kitabı; şiə fiqhi zəminində ensiklopediya olaraq yazılmışdır.

5. “Umdətul-məqal fi təhqiqi-əhvalir-rical” (“Ravilərin vəziyyətinin araşdırılmasında əsaslı fikir”) ;

5. “Risalətu hucciyyətiz-zənn” (“Zənnin dəlil olması risaləsi”);

6. “əl-Məsabihu fi şərhil-Məfatih lilKaşani” (“Kaşaninin “Məfatih” əsərinin şərhində nurlar”);

7. “Kitabun fil-əğlatil-məşhurə” (“Məşhur səhvlər haqqında kitab”);

8. “Henri Martinin cavabında parlaq nur və pak peyğəmbərimizin peyğəmbərliyinin sübuta yetirilməsi”;

9. “İstishab haqqında risalə”;

10. “Məalim” kitabına yazılmış haşiyə;

11. “Risalətun fi hucciyyətiş-şuhrə” (“Şöhrətin dəlil olması barəsində risalə”);

12. “əl-Cihadiyyə” kitabı; cihadın hökmləri zəminində yazılmış bir risalə.

13. “Mişkatul-cihad fi tərcüməti məsabihil-cihad” (“Cihadın nurlarının şərh edilməsində cihadın çırağı”). Cihad və onun hökmləri sahəsində yazılmışdır.

 

RƏHBƏRLİK

Ayətullah Seyid Mühəmməd Təbatəbai h. q. 1231-ci ildə (m. 1815) möhtərəm atasının vəfatından sonra Kərbəlaya qayıtdı. Günlər ötdü, zaman keçdi, atasını itirməyin ağrısı nisbətən azalmağa başladı. Xalqın dilə gətirdiyi problemlər, zamanın yaratdığı ehtiyac onu yenidən fəaliyyətə qayıtmağa, yeni məsuliyyətli işləri qəbul etməyə vadar etdi. Bir müddət sonra İmam Kazım (ə) və İmam Mühəmmədtəqinin (ə) şəhəri olan Kazimeynə hicrət etdi və həmin müqəddəs şəhərdə məskunlaşdı. O zaman o, şiə dünyasının dini rəhbəri idi.

Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə

(ardı var)