Mübariz və mücahid fəqihlərin tarixi Mücahid Seyid Mühəmməd (2)

 Cihad fitvasının verilməsi

   

Mübariz və mücahid fəqihlərin tarixi Mücahid Seyid Mühəmməd (2)   Cihad fitvasının verilməsi     

CİHAD FİTVASININ VERİLMƏSİ

Ayətullah Seyid Mühəmməd Təbatəbainin rəhbərliyi dövründə Rusiya-İran müharibəsinin ikinci dövrü (m. 1826-1828) başladı. Bu işdə o qiymətli fəqihin başçılığı ilə ruhanilər təsirli rol oynadılar və bu səbəbdən də o, Ayətullah Mücahid adı ilə tanındı.

Bir hissəsi Ayətullah Mücahidin həyatı ilə çağdaş olan Fəthəli şahın hakimiyyəti illəri İran və dünya tarixində ən həssas və ən böhranlı mərhələlərdən biri hesab olunur. O zaman dünyanın qüdrətli dövlətləri arasında Asiya və Afrika regionlarını əldə etmək üçün şiddətli rəqabət gedirdi.

Bu siyasəti güclü dövlətlər “müstəmləkə siyasəti” adlandırırdılar. İranın Asiyada rolu zəngin Hindistanla münasibətinə görə xüsusi əhəmiyyət kəsb edirdi və buna görə də İran müstəmləkəçilik siyasəti dövrünün əvvəlində müstəmləkəçi dövlətlər arasında rəqabət meydanında idi.

Rusiya ilə İran arasında birinci mərhələ müharibələrindən (16 iyun 1804-12 oktyabr 1813) və h. q. təqvimilə 1228-ci ildə (m. 1813) İranın məğlubiyyətindən sonra Rusiya və İran arasında Gülüstan müqaviləsi kimi tanınan sülh müqaviləsi imzalanmış və ona əsasən Dərbənd, Bakı, Şirvan, Qarabağ və İran ərazisinin bir hissəsi ayrılaraq Rusiyaya birləşdirilmiş və İran dövləti isə Gürcüstan, Dağıstan, Minqreliya və Abxaziyaya qarşı hər hansı iddiadan imtina etmişdir.

Lakin iki ölkə arasında sərhəd xəttinin müəyyən edilməməsi nəticəsində ruslar tərəfindən yenidən mübahisə yarandı və birinci mərhələ müharibələri başlayandan Azərbaycanda müharibəyə rəhbərlik edən Fəthəli şahın vəliəhdi Abbas Mirzənin sərhədi müəyyən etmək üçün apardığı səylər də bir nəticə vermədi. İran-Osmanlı müharibəsi zamanı (h. q. 1236-1238 – m. 1821-1823) general Yermolovun rəhbərliyi ilə rus qoşunları fürsətdən istifadə edərək Balğelu (Balıqlı) və Quqcayda İran torpağının bəzi hissələrini ələ keçirdilər. Lakin Rusiya Fransa ilə müharibəyə başladığı üçün ruslar tərəfindən ciddi hərəkətlər olmadı və İranla Rusiya arasında on üç illik (Gülüstan müqaviləsindən müharibənin ikinci mərhələsinin başlanğıcına qədər) sülh yarandı. Bu illər ərzində Fəthəli şah dəfələrlə İranın işğal olunmuş ərazilərini dinc yolla geri almağa cəhd etsə də, qüdrətli və zalım Rusiya dövləti bundan imtina edirdi. H. q. təqvimilə 1241-ci ildə (m. 1826) xoşagəlməz xəbər Tehranı coşdurdu. Ruslar işğal etdikləri rayonların sakinlərinin kənd təsərrüfatı məhsullarını zorla onlardan alırdılar. Ruslar müsəlmanları öz övladlarını xristian məktəblərinə verməyə məcbur edirdilər. Məscidləri və Quran-kərimi təhqir edirdilər və müsəlman xalq üçün hər cəhətdən çətinlik yaradırdılar.

İşğal olunmuş ərazilərin sakinləri dövrün dini rəhbəri Ayətullah Mücahid Seyid Mühəmmədə məktub göndərməklə öz vəziyyətlərini izah etdilər. Ondan onların vəziyyətləri haqqında düşünməsini xahiş etdilər. Digər tərəfdən Abbas Mirzə də bəzi yaxınları vasitəsilə Ayətullah Mücahidə mövcud vəziyyəti xəbər verdi və ondan kömək istədi. Abbas Mirzənin bu işdə məqsədi şiə dini rəhbərliyinin rəyini almaq və sonra Şahı rus qoşunları təcavüz etdikdə onlarla mübarizə aparmağa vadar etmək idi. Necə ki Şah və onun vəliəhdi Birinci Rusiya-İran müharibəsində də alimlərdən kömək istəyirdilər.

Müqəddimədə qeyd etdiyimiz kimi, o dövrdə (yəni Birinci Rusiya-İran müharibəsi dövründə) Ayətullah Seyid Əli Təbatəbai (Ayətullah Mücahidin atası) və Şeyx Cəfər Kaşifulğita da daxil olmaqla alimlər də İran hökumətinin dəvətini müsbət qarşılamış və cihad risalələri yazaraq və insanları rus qüvvələrinə qarşı döyüşməyə təşviq edərək İran qoşunlarına yeni həyat vermişdilər. Yenə də vətənsevərlərin və dindarların ümid gözləri Kazimeynə dikilmişdi. Belə bir vəziyyətdə Ayətullah Mücahid baş verənlər barədə digər alimlərə məlumat verdi və onların hamısı Rusiyaya qarşı cihad fitvası verməyə razı oldular.

Bundan sonra o, Fəthəli şaha məktublar göndərərək ondan rus qoşunlarının zülm və təcavüzünə son qoymasını istədi. Və bildirdi ki, əgər bunu etməsə, özü bu işi həyata keçirmək üçün qiyam edəcək. Ayətullah Mücahidin dini şəxsiyyətinin və hətta onun taxt və tacını kölgədə qoyan xalq rəyinin təsiri ilə Şah döyüşü qəbul etməyə məcbur oldu. Qarşısında iki yol görürdü: millətlə qarşıdurma, ya da Rusiya ilə müharibə.

Ayətullah Mücahid cihad fitvasını verdikdən sonra bir qrup alim və tələbələr ilə birlikdə İrana hicrət etdi və Tehranda alimləri paytaxta dəvət etdi. Bu dəvətdən sonra alimlər Tehrana toplaşdılar. Rusiya ilə müharibə fikri barəsində yekdil qərar əldə olundu. Ayətullah Mücahidin başçılığı altında ruhaniyyətin iştirakı İranda ümumi və çox böyük bir hərəkata səbəb oldu və İranın hər yerindən böyük xalq qüvvələrini bir yerə topladı.

Qoşunların hazırlanması və göndərilməsindən sonra Ayətullah Mücahid və bir qrup alim, o cümlədən Ayətullah Mühəmmədcəfər Əstərabadi (h. q. 1197-1243 – m. 1782-1846), Molla Mühəmmədtəqi Bərğani[1] (h. q. 1172-1263 – m. 1758-1846), Mirzə Əbdülvəhhab Qəzvini, Molla Əhməd Nəraqi (h. q. 1185-1245 – m. 1771-1829), Seyid Nəsrullah Əstərabadi, Seyid Mühəmməd Qəzvini, Seyid Əzizullah Müctəhid Talışi, Axund Molla Mühəmməd Məməqani (v. h. q. 1269 – m. 1852) Təbrizə mühacirət etdilər.

İkinci Rusiya-İran müharibəsi rəsmi elan olmadan başlanmış oldu. Əvəzində İran qoşunları üç həftədə yerli sakinlərin köməyi ilə Gülüstan müqaviləsinə əsasən Rusiyaya verilmiş yerlərin çoxunu geri almağa nail oldu. Lakin o zaman Sultaniyyə yaşıllığında (Təbriz yaxınlığında İran qoşunlarının komandanlığı mərkəzi) düşərgə salan Fəthəli şah tələsik qərara gəldi ki, qazandığı qələbələrdən istifadə edib ruslarla tez bir zamanda sülh bağlasın. Ancaq onun xüsusi səfiri, hətta Qafqaz sərhəddindən Rusiyaya girə bilmədi və bir neçə ay Osmanlı ölkəsində, Polşada gəzib-dolaşandan sonra Avstriya və Polşadan vasitəçilik tələb etdi, amma heç bir nəticə əldə etmədən İrana qayıtdı. Bu dövrdə mövcud olan əsas və ümdə problem o idi ki, Fəthəli şah bacarıqsız və yaramaz olduğundan döyüşmək niyyətində deyildi.

Bu qələbələrə baxmayaraq, Abbas Mirzənin gözlənilmədən şahzadələri cəbhə xəttindən çıxarmaq əmri verməsinə, ordu sərkərdələrindən birinin qaçmasına və İran ordusunun bəzi dövlət xadimlərinin ordunun işini pozmasına və bəzi dövlət adamlarının məsuliyyətsizliyinə görə Abbas Mirzənin komandanlığı ilə İran ordusu bir-birinin ardınca ələ keçirdiyi bütün məntəqələri itirdi.

Əvvəldən döyüşmək istəməyən Fəthəli şah Tehrana qayıtdı və Abbas Mirzəni rusların qarşısında tək buraxdı.

 

 MÜHARİBƏNİN SONU

İran qoşunlarının ilk böyük məğlubiyyəti h. q. təqvimi ilə 23 səfər 1242-ci ildə (m. 26 sentyabr 1826-ci il, çərşənbə axşamı) Gəncə yaxınlığında baş verdi. Bu uğursuzluq İran ordusunda kiçik bir səhv ucbatından baş verdi. Bundan az bir müddət sonra Dərbənd və Gəncə yenidən rusların əlinə keçdi, rus əsgərlərindən ibarət bir qoşun Araz çayını keçərək Təbrizə tərəf üz tutdu. Lakin Abbas Mirzə çox çətinliklə h. q. 1242-ci il cəmadiyəlaxır ayının 1-də (m. 31 dekabr 1826) rusları Arazın o tayına qova bildi.

Bu hadisələrdən 2 ay keçməmiş Fəthəli şah müharibədən əl çəkib Tehrana qayıtdı. Əslində geri çəkilmə və məğlubiyyət nəğməsini Şah özü oxuyurdu. Bu dövrdə din xadimləri döyüş cəbhələrində iştirak edirdilər və onların daimi yaşayış yeri Təbrizdə idi. Lakin bəzi qərəzli və cahil insanlar ilk məğlubiyyətlərdən sonra Ayətullah Mücahidə qarşı cəsarətlənməyə başladılar.

Şübhəsiz ki, əvvəldən müharibə ilə razılaşmayan Şahın və saray məmurlarının gizli təbliğatı bu məsələyə təsirsiz deyildi. Şah Təbrizdə alimlərlə görüşdükdən sonra müharibə cəbhələrini, ölkənin həqiqi himayədarlarını, İslamın və İranın həqiqi mühafizəçilərini tərk etdi. Bu da müxaliflərin və cahillərin cürətini artırdı.

 

VƏFATI

Mücahid Seyid Mühəmməd hələ də Təbrizdə idi. Lakin bir müddətdən sonra həzm orqanlarında ciddi problem yarandı və Təbrizi tərk etməyə məcbur oldu. Yol boyu Qəzvin şəhərində məzlumanə bir şəkildə cahillərin ədəbsizliyi ilə qarşılaşdı, savadsızlar tərəfindən təhqir edildi, ələ salındı. Hicri-qəməri təqvimi ilə 1242-ci ilin cəmadiyəlaxır ayının 13-də (m. 1827-ci il 12 yanvar) həmin xəstəlik üzündən zülm və əzab-əziyyət içərisində Qəzvin şəhərində dünyasını dəyişdi. Pak bədəni Kərbəlaya aparılmış, orada dəfn edilmiş və məzarı üstündə bu gün də varlığını qoruyub saxlayan böyük bir ziyarətgah tikilmişdir.

Ayətullah Mücahidin vəfatından sonra müharibə hələ bir il də davam etdi. Bu dövrdə aydınlaşan Şahın müharibədəki uğursuzluqları və səhlənkarlığı idi. O, Abbas Mirzəyə maddi yardım göndərməkdən imtina edir və bildirirdi ki, müharibə xərcləri Azərbaycanın vergiləri hesabına maliyyələşdirilməlidir. Bu, rusların Şahla vəliəhd arasındakı ixtilafları öyrəndiyi vaxta təsadüf edirdi. Rusların yeni hərəkatı, İran ordusunun maddi zəifliyi və buna görə də İran qüvvələrinin ixtisarı səbəb oldu ki, səkkiz günlük qanlı müharibədən sonra İrəvan general Paskeviçin əli ilə zəbt edildi. Bu yolla Araz çayının o tayındakı bütün torpaqlar rusların əlinə keçdi. Sonra h. q. təqvimi ilə 1243-cü ildə (m. 1827-ci ilin 13 oktyabr) Təbriz Rus qoşunları tərəfindən asanlıqla ələ keçirildi. Sonra da İrana onların şərtlərini qəbul etmək üçün daha çox təzyiq göstərmək məqsədi ilə Ərdəbil və Astaranı ələ keçirərək Tehrana hücuma hazırlaşdılar.

H. q. təqvimi ilə 1243-cü il şəban ayının 5-də (m. 1828-ci il 21 fevral) İngiltərənin vasitəçiliyi ilə Türkmənçay kəndində Rusiya ilə İran arasında 16 maddədən ibarət sülh müqaviləsi bağlandı.

Türkmənçay müqaviləsinə əsasən İran Şimali Azərbaycana olan iddialarından əl çəkir və əvvəllər işğal edilmiş xanlıqlarla yanaşı, İrəvan və Naxçıvan xanlıqlarının da Rusiyaya birləşdirilməsinə razılıq verilirdi. Bu müqaviləyə əsasən Rusiya dövlətinə başqa imtiyazlar da verilirdi.

İndi o acı hadisədən iki əsrə yaxın vaxt keçib, batil və riya buludları arasından haqq ortaya çıxıb və həqiqət aydın olub. Baxmayaraq ki, onlar o gün Ayətullah Mücahidin məqamına və onun mövqeyinə hörmət etmədilər. Allah ona rəhmət eləsin. Pak və təmiz niyyətli bu insana səbirlilərin və mücahidlərin mükafatını versin.

Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə

 

 

[1] Şəhidi-salis (Üçüncü şəhid)