Fəqihlə hakimiyyət arasında əlaqə (1)

Fəqihlə hakimiyyət arasında əlaqə (1)

FƏQİHLƏ HAKİMİYYƏT ARASINDA ƏLAQƏ (1)

Fəqihin hakimiyyətlə əlaqəsini müəyyənləşdirən islami bir anlayış vardırmı? Onun islami anlayışın daxilində ruhani məna daşıyan fiqhi mövqeyi öz məzmununda maddi məna daşıyan hakimiyyət ab-havasına açılışla ziddiyyət təşkil edirmi?

Ola bilsin bəzi insanlar bu şəkildə düşünə bilər, o zaman görər ki, həqiqətən, fiqh öz sahibinə (yəni fəqihə) böyük islami bir dəyər bəxş edir. Belə ki, o, ümmətin rəhbərliyi ilə əlaqədar şər’i mədəniyyəti təmsil edir, ələlxüsus ona ictimai mühitdə insanların gördüyü işlər üzərində hakimlik etmək səlahiyyəti verən vəlayəti-fəqih (fəqihin hakimiyyəti) nəzəriyyəsi müstəvisində. Bu, şübhə doğuran, yaxud uzaqdan belə onu inhirafa sövq edən hər şeydən azad olmağı ona vacib edir.

 

YANLIŞ ANLAMA

Bəlkə də, – onların təsəvvür etdiklərində – təbiidir ki, fəqih hakimə (sultana) daha çox yaxınlaşdıqca istiqamət xəttindən uzaqlaşan enişlərə yaxınlaşır, onun üçün günah qapıları açılır, elə ona görə də onun dərinliklərində ruhun çeşmələri quruyur. Halbuki sultandan uzaqlaşmaq ruhi saflığı, qəlb paklığını və davranışda istiqaməti təmsil edir. Bu da xalqa fiqhi baxımdan rəhbərlik etmək üçün onların şüurunda əməli-əxlaqi zəmanəti əks etdirir.

Ürfani yönəlmənin və əxlaqi mədəniyyətin, dünyadan təcrid olunmaq, şəhvani istəklərdən uzaqlaşmaq, absurd ilahi həyatın təzahürlərilə əlaqəni kəsmək, hakim dünyəvi güclərlə əlaqə dairəsində cərəyan edən dinamik gerçəkliyin bütün vəziyyətlərini inkar etmək anlayışları vasitəsilə bu ideyanı insanların qəlbində cəmləşdirməkdə bəzən böyük rolu olur. Müsbət dini dəyər hakimiyyət mövqeyindən və həyatdakı maddi gerçəkliyin hərəkətindən ayrı bir davranışla özünü göstərir. Belə ki, mənfi dini dəyər hakimiyyətdə tutduqları mövqedə və həyatın hərəkətindəki davranışda təmsil olunur.

Bu da dini siyasətdən ayıran düşüncəyə gətirib çıxardı. Fəqihlərlə siyasi fəaliyyət, yaxud siyasi reallıqla münasibət arasında maneələr yaratdı. Bununla kifayətlənmədi, bəlkə, dinin hökmlərinə tabe olan mömin insanı öz sahəsində müsbət bir şəkildə hərəkətli (dinamik) siyasətə açılmaqdan uzaqlaşdırmağa çalışdı. İstər bu, təsəvvür dairəsində olsun, belə ki, onu uzaqdan və ya yaxından, hətta siyasi düşüncə müstəvisində siyasətlə maraqlanmaqdan uzaqlaşdırdı. Yaxud da bu, fəaliyyət dairəsində olsun, belə ki, taleyüklü məsələlərə mənfi, yaxud müsbət təsir edə biləcək hər cür siyasi fəaliyyətlərlə onun əlaqəsini kəsdi. Bu da mütləq siyasi bir durğunluğun rənglərindən bir rəngə çevrildi. Elə bir mütləq siyasi durğunluq ki, islami çevrədə (İslam aləmində), yaxud beynəlxalq aləmdə ortaya çıxan siyasi ayrıntılarla əlaqədar olaraq birbaşa, yaxud dolayısı ilə islami sahə ilə əlaqədar ideoloji mövqedə hər hansı bir müxalifət və ya sədaqət hərəkətini oyandırmır və əməli mövqedə lehinə, yaxud əleyhinə hər hansı bir addım atmır.

Ola bilsin ki, bunun dini bağlılıq (ixlas) hərəkatında bəzi siyasi axmaqlıqların yaradılmasında rolu olmuşdur. Belə ki, İslam dünyasında və ya digər başqa yerlərdəki siyasi hakimiyyət orada-burada hərəkətə gələn bəzi siyasi basqı mövqelərində dindar dini ruhu oyandırırdı və nəticədə fəqihlər və möminlər planlı şəkildə olmadan, yaxud hərəkatın təbiətindən qaynaqlanan çətin və mürəkkəb problemlərdə tədbir almadan və ya vəziyyəti əhatə edən obyektiv şərtləri öyrənmədən İslam və müsəlmanlara olan qeyrətdən qaynaqlanan dini çılğınlığa təhrik edilirdilər. Beləcə, hakimiyyət dərhal nəticələrdən özünün xüsusi mənafeləri və öz təsəvvürünə görə çəkilmiş siyasəti üçün istifadə edirdi. ... Sonra inqilabçılara zülm etməyə, onları mühasirəyə almağa, yaxud planlarına uyğun gəlməyən siyasi, yaxud da cihadçı fəaliyyət sahəsindən uzaqlaşdırmağa başlayırdı.

İslami düşüncənin formalaşdırılmasında mənfi, yaxud müsbət təsirlərlə əlaqədar əxlaqi məsələnin problemi də budur. Belə ki, burada İslam cəmiyyətinin təfəkküründə fəlsəfi ürfanla əxlaqi ürfanın qarışdığı ruhi (psixoloji) və əməli əxlaqdan ibarət olan nəhəng yığıntının daşıdığı ilə qarışıqlıq, narahatlıq və nizamsızlıq müşahidə edirsən. Həmçinin bəzi hikmət sahiblərindən, hətta mütəfəkkirlərdən, eyni zamanda adi insanlardan sadir olub müəyyən bir fikri qaydaya tabe olmayan, bəlkə, şəxsi təcrübədən, şəxsi düşüncədən, xüsusi mədəniyyətdən, yaxud bundan başqa digər psixoloji və ya fikri, ya da ruhi təsirlərdən qaynaqlanan atalar sözləri, hökmlər, tövsiyələr və nəsihətlər həmin məzkur əxlaqla bir-birinə qarışmışdır. Həmçinin oxumalar, mühitlər, o cümlədən mədəniyyətlər bir-birindən fərqləndiyi üçün təbii olaraq düşüncələr də bir-birindən fərqlənmiş, İslam cəmiyyətində təsəvvür və fəaliyyət sahəsində və cəmiyyətin üzvləri arasında qarşılıqlı dəyərləndirmə müstəvisində bir problem yaratmışdır.

 

ŞİƏ MƏZHƏBİNİN HÖKMDARI (HAKİMİ) RƏDD ETMƏSİ

(ŞİƏ-HAKİM PROBLEMİ)

Beləcə, fəqihlər hakimiyyət dairələrindən uzaqlaşır, onunla qarşılaşmaqdan, əlaqə qurmaqdan qaçır və imkan olduğu qədər onun basqısını yüngülləşdirməyə çalışırdılar. Həmçinin ümumi xalqın hakimiyyətə yaxınlıqları və ya ondan uzaq olmaları baxımından davranışlarında fəqihləri izlədiyini görürük. ... Ümumi düşüncə hərəkətində belə bir fikir formalaşmışdır: “Əgər alimləri şahların qapılarında görsən, nə pis alim, nə pis şahdır! Əgər şahları alimlərin qapılarında görsən, nə gözəl şah, nə gözəl alimdir!”

Ehtimal ki, bir çox padşahlar bu yolla ictimai etimad qazanmaq üçün bəzi alimləri ziyarət etməyə təşəbbüs göstərmişlər. ... Ola bilsin bir çox alimlərin hökmdara qarşı sözdə, yaxud əməldə çıxması ilə insanların onların cürətindən və hakimiyyətdən uzaq olmalarından danışması nəticəsində onlar üçün böyük bir məqam hasil olmuşdur. ...

Bunun əsası hakimiyyətin özünün tarixi, yaxud hazırkı mövqelərində qoruyub saxladığı mənfi imic ola bilər. Belə ki, hakimiyyət bəzən inhiraf (sapqınlıq) xəttini, bəzən küfr xəttini, bəzən də zülm, fisq, fücur və İslam və müsəlmanların nəfəsini kəsməyi planlaşdıran kibrli (haqqa qarşı inadla müqavimət göstərən) arxa plan xəttini təmsil edirdi. Bu da xətalı mövqelərdən uzaqlaşmaq və həyatlarını dümdüz və tam doğru bir xətt üzərində başlamaq istəyənlər üçün onu (yəni hakimiyyəti) islami baxımdan rədd edilən bir başlıq olaraq müəyyənləşdirirdi.

Şiə İslam dairəsinə yaxınlaşdıqda burada öz daxilində müsəlman ölkələrdə hər hansı bir hökmün şəriətə zidd olduğuna dair bir əqidə daşıyan bir düşüncə olduğunu görürük. Çünki mövqe Əhli-Beyt imamlarına və onları təmsil edən şəxsə məxsusdur. Əlbəttə, həmin təmsilçiyə hakimlik etmək icazəsi, yaxud imamları əvəz etmə səlahiyyəti imamlar tərəfindən verilməlidir.

Biz bəzən görürük ki, bir çox fəqihlər, yaxud fəqih olmayanlar, hətta fəqih üçün vəlayətin (hakimiyyətin) qanuni olduğuna inanmırlar. Çünki onlar özlərinin ictihadi, yaxud təqlidi-fiqhi nəzəriyyələrində fəqihdə belə bir səlahiyyətin olduğunu qəbul etmirlər.

Bəzən fəqihin hökmünü rədd etmə prosesinə daxil olan bəzi təəssübkeşləri görürük. Çünki onların fikrincə o (yəni fəqih), özünə sahib olmadığı islami qanuniliyi verir. Halbuki heç bir hökmdar bunu özü üçün iddia etmir. Belə ki, onların fikrincə İslam baxımından düzgün olmayan qanunlar qoya bilən və İslama zidd hərəkətlər edə bilən fəqihin hökmü bəzən parlaq İslam imicini dəyişdirərək onu qeyri-islami bir obrazla əvəz edə, ona islami bir sima verə bilər. Bununla da günah azğın şüur və yanlış əməllər xəttində hərəkət edə bilər.

Beləliklə, mövcud iqtidara qarşı neqativ olaraq hopmuş bu zehniyyət sadiq şiə müsəlman insanı iqtidara münasibətlər dairəsində hər hansı hakimiyyətə açıq olmaqdan uzaqlaşdıra bilmişdir.

 

ZALIMIN HAKİMİYYƏTİNİN RƏDD EDİLMƏSİ

Əhli-Beyt imamlarının hədislərində qeyri-şər’i hakimiyyətlə işləməyi, yaxud onun sahibi və ya onun başqa idarələri ilə qarşılıqlı əlaqələr qurmağı rədd edən bir çox sözlər görürük. Bu, İmam Kazım (ə)-ın öz əshabələrindən biri olan Səfvan Cəmmalla söhbətində öz əksini tapmışdır.

Səfvan dəvələrini Harun ər-Rəşidə kirayə verdiyinə görə İmam ona dedi: “Ey Səfvan, bircə hərəkətindən başqa, sənin hər bir işin gözəldir”. Səfvan dedi: “Sənə fəda olum! O hansı işdir?” İmam cavab verdi: “Dəvələrini bu kişiyə, yəni Harun ər-Rəşidə kirayə verməyin”. Dedim: “And olsun Allaha dəvələri ona lovğalanmaq məqsədilə, ov, ya da əyləncə üçün kirayə verməmişəm. Məkkəyə getdiyinə görə dəvələri ona kirayə vermişəm. Özüm də ona xidmət etmirəm. Yalnız nökərimi onunla birlikdə göndərirəm”. İmam mənə belə dedi: “Onların boynunda kirayə haqqın qalıbmı?” “Bəli, sənə fəda olum!” – deyə cavab verdim. İmam buyurdu: “Sənin kirayə haqqını verənədək onların yaşamasını istəyirsənmi?” Mən: “Bəli!” – deyə cavab verdim. İmam buyurdu: “Onların yaşamasını istəyən şəxs onlardandır və onlardan olan şəxs Cəhənnəmə daxil olacaqdır”. Səfvan deyir: “Buna görə də gedib bütün dəvələrimi satdım. Bu xəbər Haruna çatdıqda məni çağırıb dedi:

“Ey Səfvan, mənə belə bir xəbər gəlib çatıb ki, sən dəvələrini satmısan. Mən: “Bəli!” – deyə cavab verdikdə məndən bunun səbəbini soruşdu. Mən ona dedim ki, artıq mən qocalmışam və nökərlərim də bu işlərin öhdəsindən gələ bilmirlər. Harun dedi: “Heç vaxt, heç vaxt! Mən sənə kimin yolgöstərdiyini bilirəm. Bunu sənə Musa ibn Cəfər deyib”. Ona dedim: “Mənim Musa ibn Cəfərlə nə işim?!” Harun dedi: “Nə isə! And olsun Allaha əgər səninlə yoldaşlığım olmasaydı, səni öldürərdim!”[1]

Biz bu rəvayətdə bunu mülahizə edirik ki, həqiqətən, İmam (ə) zalım hakimiyyət üçün işləməyi rədd edir. Çünki bu, ilk növbədə şəxsi maraqların hesablamasından qaynaqlanan emosional vəziyyətə gətirib çıxarır ki, maaşlarını almaq üçün hakimiyyətdə olanların yaşamasını istəyirlər. Sonra bu hal psixoloji vərdişdən əməli vərdişə gətirib çıxarır. Sonra haqq əhlindən uzaqlaşaraq haqsızların müdafiəçisi vəziyyətinə düşürsən.

Onlar üçün işləyən şəxs bəzən cəmiyyətin mötəbər şəxslərindən biri olur. Belə ki, onlar üçün işləmək onların varlığına mənəvi dəstəyi təmsil edir. Onların ümumi və xüsusi işlərinə olan bağlılıqlarını göstərdiyi müstəvidə digər insanlar onlara qanunilik verirlər.

Burada öz məzmununda ümumi mənfi xəttin istisnaları dairəsində müsbət bir xəta daşıyan və prinsipial xətt ilə gerçək zərurətlər arasında tarazlıq yaradan başqa bir nəss ilə qarşılaşırıq.

“Kafi” kitabının müəllifi Hüseyn ibn Həsən Haşimidən, o isə Saleh ibn Əbihəmmaddan, o da Mühəmməd ibn Xaliddən, o da Ziyad ibn Əbisələmədən belə rəvayət edir: “İmam Musa əl-Kazimin yanına daxil oldum. Mənə dedi: “Ey Ziyad, sən sultanın (şahın) işini görürsən?” Mən: “Bəli!” – deyə cavab verdim. Məndən bunun səbəbini soruşduqda mən belə cavab verdim: “Mən mürüvvət sahibi bir kişiyəm (yəni mərd bir adamam) və əhli-əyalım var. Arxamda isə heç bir şeyim yoxdur”. Mənə dedi: “Ey Ziyad, yüksəklikdən düşüb parça-parça olmaq mənim üçün onlardan birinin işini görməkdən, yaxud onlardan birinin kandarına ayaq basmaqdan daha xoşdur. Lakin müstəsna bir cəhət var. Onun nə olduğunu bilirsənmi?” Mən: “Sənə fəda olum, bilmirəm!” – deyə cavab verdim. Dedi: “Bir mömini sevindirmək (yəni onun üzüntüsünü aradan aparmaq), yaxud bir mömini əsirlikdən xilas etmək, ya da onun borcunu ödəmək üçün sultanın işini görmək müstəsnadır! Ey Ziyad, onlara işləyən şəxs üçün Allahın görəcəyi ən yüngül (asan) iş bu olacaqdır ki, məxluqatın sorğu-sualını sona çatdırana qədər onu atəşdən ibarət bir çardaqda saxlayacaq. Ey Ziyad, onların bir işini öhdənə götürsən, qardaşlarına bir-bir yaxşılıq et. Bunun arxasında Allah dayanır. Ey Ziyad, sizdən hansı kişi onların bir işini öhdəsinə götürsə, sonra sizi onlarla bərabər tutsa, ona deyin: “Sən saxtakar və yalançısan!” Ey Ziyad, insanlar üzərində olan gücünü yada saldıqda Qiyamət günü Allahın sənin üzərində olan qüdrətini xatırla. Bil ki, etdiyin yaxşılıqlar keçib gedər və insanların onları unutması mümkündür, lakin həmin yaxşılıqlar sənin üçün daim qalacaq!”[2]

Həqiqətən, bu rəvayət hakimiyyətin zalım şəxsə verilməsi, yaxud onunla əlaqə yaradılması, yaxud da ona doğru gedilməsi məsələsinin qəti şəkildə inkar edilməsinə dəlalət edir. Çünki bu, insanın Cəhənnəmə girməsinə səbəb ola biləcək ilahi qəzəbin yaranmasına yol açır. Lakin İmam (ə) məsələni bütün mövqelərdə mütləq şəkildə ifadə etmir. Çünki hakimiyyət bütün cəhətlərdən möminləri əhatə etdikdə, bütün məsələlərə basqı yaratdıqda və onların bütün vəziyyətlərini müsadirə etdikdə bəzən bu, onların mühasirəyə alınması vəziyyətinə çevrilir. Bu halda digər möminləri bütün bu vəziyyətlərdə himayə edə biləcək bir qrup möminin hakimiyyət daxilində mövcudluğu zəruri olur ki, digər möminlər müxalifət xəttini balanslı və əməli şəkildə davam etdirə bilsinlər və hadisələr onlara çox təzyiq göstərə bilməsin. Beləliklə, İmam (ə) həmin işçiyə (məmura) və ondan qeyrisinə möminlərin həyatında ümumi, yaxud xüsusi məqamlarda böyük hədəfləri həqiqətə çevirmək üçün zalım sultanın (rəhbərin) işini görməyə icazə vermişdir.

“Müntəliq” fikir jurnalı

Müəllif: Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah

Mütərcim: Salman Səfəralı oğlu Süleymanov

Təshihatçı: Xəyyam  Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə

 

(ardı var)

 

 

 

[1] “Biharul-ənvar”, c. 72, s. 377, Kəşşinin “Rical” əsəri, c. 2, s. 740, h. 828

[2] “Kafi”, c. 5, s. 110

Fəqihlə hakimiyyət arasında əlaqə (1)