Fəqihlə hakimiyyət arasında əlaqə (2)

Fəqihlə hakimiyyət arasında əlaqə (2)

FƏQİHLƏ HAKİMİYYƏT ARASINDA ƏLAQƏ (2)

 

FİQH MİSSİYA XİDMƏTİ YOLUNDA

Fəqih nə zaman “hökmdarın qapısında” olmalıdır?

Fəqih və hökmdar (sultan) haqqında söhbətimizdə bu mövzuya toxunmaq istəyirik. Bu məsələnin mənfi tərəfi möminlərin himayə edilməsi yolunda, yaxud hakimiyyətin daxilindən və xaricindən islami hərəkatın mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə onun (yəni hərəkatın) qüvvətləndirilməsi yolunda hərəkət edən ümumi məsləhətlər müstəsna olmaqla adi mömin insanın zalım hökmdardan uzaqlaşmasını tələb edirsə, əlaqələr hakimiyyəti qanuniləşdirməyə (legitimləşdirməyə) bir səbəb olduğu vaxt şəriətin inkar etdiyi mövqelərdə fəqihin görkəmli bir şəxsiyyət kimi dayanması təbiidir. Çünki o, təqlid, yaxud vəlayətdə (hakimiyyətdə) dini rəhbərlik müstəvisində əhəmiyyətli şər’i mövqeni təmsil etməsi nöqteyi-nəzərindən öz davranışında hər hansı bir mövqeyə, hər hansı bir vəziyyətə və şəxsə qanunilik (legitimlik) bəxş edən şəxsdir. Buna görə də xəttin qanuniliyi ilə reallığın tələbi arasında öz mövqeyini necə təyin edəcəyini bilmək üçün onu əhatə edən vəziyyəti və hərəkət etdiyi arenanı diqqətlə və obyektiv şəkildə öyrənməlidir. Buraya deyəcəyi sözü, atacağı addımı, yaxud mənfi və ya müsbət istiqamətdə təsdiq edəcəyi əlaqəni özü üçün müəyyənləşdirməkdən ötrü ictimai əlaqələr, iqtisadi vəziyyətlər, yaxud da siyasi və ya təhlükəsizlik mövqeləri səviyyəsində hökmdarla əlaqə yaratmaq daxildir. Buna görə də o, özünün böyük fiqhi qaydaları və prinsipləri altında İslam dininə və özünün çətin mübarizələrində islami reallığa heç bir zərər vurmur. Əksinə, bütün bunların hamısında Allahın hökmünü tətbiq edən bir şəxsə çevrilir. Çünki şərtlər fərqləndikdə şər’i hökmlər də dəyişir. Belə ki, ünvani-əvvəli olaraq şərtləri fərqli olan hökmlərin mövzularının fərqli olması və dəyişməsi, ünvani-sanəvi olaraq isə başqa bir hökmün ortaya çıxması mümkündür. Bütün bunlar ünvani-əvvəliyə və ünvani-sanəviyə[1] diqqət etməklə müxtəlif və fərqli hökmlərin hərəkətində fiqhi qaydaya əsaslanmaqla həqiqət tapır.

Fəqih bütün dünyəvi arzulardan və həvavü-həvəslərdən uzaq olaraq ictihadın sabit qaydalarına söykənən öz ictihad xətti üzərində öz fiqhini hərəkətə gətirən şəxsdir.

Bəzən müəyyən bir məqamda ictihadi rəy ona ümumi məsləhət xatirinə qüvvətli, yaxud zəif bir şəkildə hökmdarla əlaqə yaratmağı vacib edə bilər. Bəzən isə başqa bir məqamda mənfi bir boykota gəldikdə onu qəti şəkildə inkar etməyi, yaxud alternativ bir hökumət mövqeyində onun yerini tutmaq üçün ona qarşı gurultulu bir şəkildə üsyana qalxmağı ona vacib edə bilər.

Əhli-Beyt imamlarının (ə) öz dövrlərinin xəlifələri ilə rəftarında mülahizə etdiyimiz də budur. Çünki İmamın (ə) öz mərhələsinin obyektiv şərtlərində yaşadığı müxtəlif vəziyyətlərə görə onların (imamların) əlaqələri inkar etmək, barışıq (atəşkəs) yaratmaq və inqilab etmək arasında dəyişirdi.

Əsas məsələ budur ki, fəqih öz şəxsi maraqlarından çıxış edərək fiqhi şəxsi maraqlara və zalım hökmdarlara tabe etməməlidir. Bunu edərsə, İslam dininə, müsəlmanlara zərər vurar, zülmə, küfrə və təhrifə yol açar, insanların ona olan inamından sui-istifadə edərək onlara xətər yetirər.

Bu barədə Peyğəmbərdən (s) rəvayət edilmiş hədisdə oxuyuruq: “Alimlər dünyaya girmədikcə peyğəmbərlərin əmanətdarlarıdırlar”. Soruşdular: “Onların dünyaya girməsi nədir?” Allah Rəsulu (s) belə cavab verdi: “Hökmdara (sultana) tabe olmaq. Bunu edərlərsə, dininizdə onlardan çəkinin!”[2]

Əsas məsələ missiyanın orijinallığını, saflığını, istiqamətini və bütün batil mövqelərdən uzaq tutulmasını qorumaları üçün öz fiqhi və dinamik dairəsində missiyanın etibarının alimlərin yanında peyğəmbərlərin əmanəti olması məsələsidir. Onlara missiyanın əleyhinə işləyən zalım sultanların küfr simvollarına yox, missiyanın simvollarına tabe olmağı vacib edən də budur.

Bu, insanların dünyagörüşündə və alimlərə münasibətində düzgün olmağı tələb edir. Allahı sevən, Ona və Onun missiyasına sadiq olan alimlər var olduğu kimi, dünyanı sevən və missiya xəttindən uzaq olan alimlər də vardır. Fikir və davranışı davamlı olaraq müşahidə etməklə alimlər ünvanı dairəsində hərəkət edən modellərdə onların hər birinin harada dayandığını yaxşı bilmək üçün ümmət belələrini seçməyi bacarmalıdır. Onlar sultanların vaizləri və zalım hökmün alimləri olmaq üçün hakimiyyətin qoruyucularıdırmı?!! Yoxsa, İslam dininin həyatın hökm qaydası olması, izzətin Allaha, Onun Rəsuluna və möminlərə məxsus olması üçün çalışan İslam alimləri olması üçün həqiqəti axtaran, dünya və axirətdə xilas olmaq istəyən müstəz’əf (binəsib) xalqın vaizləridirlərmi?!! Və bu fikirlər əşyanın zahiri formasına görə yox, Allahın yaratdığı ənginliklərdəki həqiqət torpağında onun dərin kökünə görə hökm edən şüurlu öyrənmə, geniş baxış və dərin düşüncə ilə mümkündür.

 

“Müntəliq” fikir jurnalı

Müəllif: Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah

Mütərcim: Salman Səfəralı oğlu Süleymanov

Təshihatçı: Xəyyam  Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə

 

 

[1] Ünvani-əvvəli (yəni birinci dərəcəli başlıq) təbii varlığı baxımından mövzunun öz adı üzərində sabit olan bir hökmdür. Məsələn, donuz ətinin haram və suyun mübah (halal) olması. Ünvani-sanəvi (yəni ikinci dərəcəli mövzu) isə “Allah dində üzərinizə heç bir çətinlik qoymadı…” (“Həcc”, 78) “Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur” hökmü kimi müsəlmanların çətinliyini həll etmək üçün qoyulmuş şər’i hökmdür.  Bu cür qaydalar bəzən (diqqət edilsin – X.Q.) hökmi-əvvəlini (yəni birinci dərəcəli hökmü) dəyişir. Məsələn, donuz əti yemək haram olmasına baxmayaraq, çarəsiz qaldıqda, həddi aşmadan, zəruri ehtiyacı ödəyəcək qədər ondan yemək icazəli, bəlkə də, bəzi hallarda vacib olur. Suyun içilməsi də insanın ölümünə səbəb olacaqsa, haramdır. İnsanın su ilə dəstəmaz alması vacibdir. Əgər dəstəmaz almaq insan üçün zərərli olarsa, bu halda bu vəzifə onun boynundan düşür. Həmçinin, bir çox işlərin yerinə yetirilməsi insan üçün çətinlik yaratdığı üçün həmin işin yerinə yetirilməsi təklifi onun boynundan düşür. Bir sözlə, ünvani-sanəvi hökmü sabit olan bir işin hökmünü dəyişdirən şər’i hökm və qaydadır. Hökmi-sanəvi özünə məxsus olan yerlərdə hökmi-əvvəli kimi Allahın hökmüdür. Hər bir yerdə Allahın hökmünə itaət etmək lazımdır.

[2] “Kafi”, c. 1, s. 47