HƏRTƏRƏFLİ DİNİ RƏHBƏRLİK (1)

HƏRTƏRƏFLİ DİNİ RƏHBƏRLİK (1)

HƏRTƏRƏFLİ DİNİ RƏHBƏRLİK (1)

 

MÜQƏDDİMƏ

Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullahın dini rəhbərliklə bağlı irəli sürdüyü fikirləri öyrənməklə onun haqqında geniş məlumatı “hərtərəfli dini rəhbərlik” başlıqlı bu yazı ilə müəyyən edə bilərik. Bu mənada ki o, İslamın həyatdakı hərtərəfli rolunu və onun əhatə dairəsini genişləndirir.

Əllamə Fəzlullahın dini rəhbərlik üçün xüsusi bir layihəsi var ki, o, dini rəhbərin şəxsiyyətindən başlayıb siyasi, mədəni və ictimai reallıq kimi dünya ilə yekunlaşır. Bu, üç əsas sütuna əsaslanır:

1. Dini rəbhər (mərcə’);

2. Dini rəhbərlik müəssisəsi;

3. İslam ümməti.

Seyid Fəzlullah bu əsaslar üçün sıx qarşılıqlı əlaqələr qurur. Bundan məqsəd odur ki, onların hamısı son nəticədə əks sivilizasiya çağırışları qarşısında İslam hərəkatının tələblərinə cavab verməyə qadir olan və arzu olunan İslam reallığını formalaşdırmaq üçün birləşsin. Buna əsasən o, islami konstruksiya (düzülüş) elementlərini bir-birindən ayıran və onları daşıdıqları titulların ayrılması ilə bir-birindən uzaq olan hissələrə çevirən maneələri aradan qaldırmağa çağırır. Çünki dini rəhbər yalnız piramidanın zirvə hissəsini təmsil etmir. Bu zəmində ümmət qəbul etmək və eşitməyin təməli olaraq qalmır. Dini rəhbərlik müəssisəsinə gəlincə onun əsrlər boyu adət etdiyi ənənəvi hövzə xarakterindən qəti şəkildə ayrılması vacibdir. Çünki o, fəqihlərin, alimlərin və müşayiətçilərin bir yerə yığıldığı toplantı yeri deyildir. Əksinə, onun həyatın qarmaqarışıqlıqları, siyasi, ictimai və mədəni dünyanın dəyişiklikləri işığında islami reallığın artan və getdikcə şişən ehtiyacı tərəfindən müəyyənləşdirilən bir rolu vardır.

Burada Seyid Fəzlullahın göstərdiyi formaya uyğun olaraq dini rəhbərlik planının hər bir başlığı üzərində ayrıca dayanmağa çalışacağıq.

 

1. DİNİ RƏHBƏR

Dini rəhbərin şəxsiyyətinin xüsusi cizgilərindən bəhs edən Əllamə Fəzlullah ə’ləmliyin (daha savadlı və elmli olmanın) fiqh və üsuli-fiqhlə məhdudlaşdırılmasını qəbul etmir. Bildirir ki, fəqihin yalnız müfti (fitva verən) yox, dini rəhbər olması üçün başqa ünsürlərin əlavə edilməsi də zəruridir. O deyir: “Mən dini rəhbərlikdə (mərcə’likdə) ə’ləmliyin şərt olduğunu qəbul etməyən şəxslərdənəm. Lakin mən bu mövzuda ə’ləmliyin əsas olduğunu qəbul edən ümumi ab-havada danışdığım zaman belə, hesab edirəm ki, fiqh və üsuli-fiqh elmlərində ə’ləmliyə digər xüsusiyyətlər də əlavə etmək lazımdır. Çünki həmin xüsusiyyətləri kəsb etməklə insan yalnız müfti yox, həm də dini rəhbər ola bilsin. Ona görə ki, hal-hazırda reallıqda müzakirə olunan məsələ budur ki, ə’ləmlik fitvada tərəqqi mənasını verir, lakin digər cəhətdən tərəqqi mənasını vermir. İnsanların təqlid etdiyi fitvada ə’ləm şəxsin şiənin dini rəhbəri olması istənilərsə, dini rəhbərliyin tutumu olduğuna görə həmin şəxsdə digər xüsusiyyətlərin olması da zəruridir ki, o xüsusiyyətlərlə dini rəhbər ola biləcəyi digər cəhətə nəzarət edə bilsin. Yoxsa, bilik və təcrübəsi olmadığı bir sahədə necə dini rəhbər ola bilər?”

Seyid Fəzlullahın təqdim etdiyi bu fiqhi rəy ə’ləmliyi fiqh və üsuli-fiqhlə məhdudlaşdıran fəqihlərə nisbətdə çox azlıq təşkil edən bəzi şiə fəqihləri tərəfindən qəbul edilir. O, şiə fəqihlərinin ittifaq etdiyi həssas bir məsələni gündəmə gətirməkdə bundan daha da irəli gedir. Bu, yaşla birlikdə sonuna qədər uzanan dini rəhbərlik məsələsidir. Şiə cəmiyyətində adət edilmiş görüntü budur ki, sağlamlıq şərtləri rəhbərə təsir edib onu həyatdan və cəmiyyətdən uzaqlaşdırsa da, dini rəhbər ömrünün sonuna qədər dini rəhbər olaraq qalır.

Fəqihlər yekdilliklə “dini rəhbər ə’ləmiyyətindən faydalanmaq üçün əvvəl ona bacarıq verən əqli qüvvələrini itirdikdə dini rəhbərlik şərtlərini itirər” fikrini qəbul etmələrinə baxmayaraq, bununla belə ictimai mülahizələr bu fikrin reallığa sadəcə təqdim edilməsinə qəti şəkildə qarşı çıxır.

Seyid Fəzlullah hesab edir ki, bu problemin gündəmə gətirilməməsinin səbəbi onun yeni fiqhi nəzəriyyə olması ilə bağlı deyil. Səbəb tamamilə başqadır; onu reallığa təqdim etmək imkanı ilə bağlıdır. Bir nəzəriyyə olaraq o, uzun bir tarixə malikdir, lakin bir təklif olaraq yeni bir hadisəni təmsil edir. Bu (yəni bu təklif) onu (həmin nəzəriyyəni) möhkəm bir sosial mülahizəyə çevrilmiş nəhəng tarixi yığınla toqquşdurur və köhnə fiqhi nəzəriyyənin bu yeni real təklifinə inanan auditoriya yaratmaq bacarığına malik olan titrəmə olmadan onu aradan qaldırmaq çətin olur.

Seyid Fəzlullah fiqhin sabit hökmlərini İslam hərəkatına xidmət edən, ənənəvi şəraitin yaratdığı ictimai mülahizələr çərçivəsində donmayan, zamanla genişlənən tarixi bir quruluşa çevrilən şüurlu bir hərəkata yönəltməyə çalışır. Bu da onun inandığı sabit bir həqiqətdən qaynaqlanır. “İslama güc, səbat, mərkəzləşmə, hərəkət və ona meydan oxuyan problemlərlə qarşılaşacaq müqavimət gücü verə biləcək ümumislam vəziyyəti haqqında danışmağımızın” zərurəti onun inandığı həmin sabit həqiqətdir.

Lakin bu o demək deyildir ki, Seyid Fəzlullah ədəbsiz ictimai sarsıntıya çağırır. Əksinə, o, öz fərdləri ilə təmsil olunan yeni xəttin köhnə xəttin yaşadığı mənəvi mənaları vermə nöqteyi-nəzərindən balanslı şəkildə hərəkət etməsinin zəruriliyinə inanır. Bununla da fəqihlərin yeni xəttinin dini rəhbərliyin tarixi gedişatından ayrı olmadığı mülahizə olunduqda və yeni dini rəhbərin köhnə dini rəhbərdən heç də az olmayan elmi dərinliyi ilə fərqləndiyi ictimaiyyət tərəfindən hiss edildikdə cəmiyyətin yeni başlanğıcı qəbul etməsi mümkün olur.

Bu dəyişikliyin Əllamə Fəzlullahın müəyyənləşdirdiyi şəkildə yerinə yetirilməsi yeni fəqihlər üçün zahirən mövcud və mümkün bir proses kimi görünə bilər. Lakin sahədə fəaliyyət göstərmək bacarığı fəqih şəxsiyyətinin malik olduğu şəxsi keyfiyyətləri tələb edir. Şəxsiyyət elmi və sosial mühitdə təsirli fəaliyyət amillərinə malik olmadıqda nəzəri qənaət mütləq uğurlu fəaliyyət yarada bilmir.

Fəqih yeni nəsil fəqihlərinə aid ola bilər, lakin onun ümumi zehniyyəti öz əsaslarında, təsəvvürlərində və işləri idrak etməsində köhnə üslubdan qopmaya da bilər. Bu, şiə elmi icmasında rast gəlinən hallardan biridir. Belə ki, bir çox şiə alimlərinin – əvvəlki və müasir dövrlərdə – ictihad dərəcəsinə çatacaqları və böyük şiə fəqihlərinin şahidi olduqları yüksək elmi keyfiyyətlərə sahib olacaqları təxmin edilirdi. Ancaq onlar dini rəhbərliyin ənənəvi xəttinin bir hissəsi idilər və ola bilsin ki, bəziləri sələflərindən daha ənənəvi idilər.

Bu ilk növbədə dini rəhbərin şəxsiyyəti ilə bağlı olan bir məsələdir. Şəxsi keyfiyyətlərinə, həyatı ümumi inkişaf səviyyələrində dərk etmə tərzinə və müasir reallıqlarında müsəlmanlara xidmət etmə təcrübəsinə əsaslanaraq dini rəhbərlərin bu və ya digər xəttinə mənsub olmaqda öz mövqeyini müəyyən edən odur.

Əllamə Seyid Fəzlullahın dini rəhbərin şəxsi keyfiyyətləri məsələsinə verdiyi böyük diqqət onun İslam həyatında dini rəhbərin rolu haqqında geniş təsəvvürünə əsaslanır. Bu, Seyidin öz fikirlərini İslam cəmiyyətində dini rəhbərin şüurlu şəkildə hazırlanması metodologiyasına yönəltməyə vadar edir.

Seyid Fəzlullah qeyd edir ki, “məzhəblər, yaxud dinlər məsələsi istər oradakı, istərsə də buradakı liderliyin təbiətindən təsirlənən qlobal hərəkatın aspektini təmsil etməyə başladıqdan sonra dini rəhbər dünyada siyasi cəbhədə rəhbərə çevrildi. İnsanlar siyasi və ictimai məsələlərdə və İslam dünyasını bütün mövqelərində və bütün məsələlərində istila edən digər məsələlərdə dini rəhbərə müraciət etməyə başladılar. ...”

Seyid Fəzlullah dini rəhbər üçün arzu olunan mənzərəni belə ifadə edərək təqdim edir: “... Mən dini rəhbəri İslamın dünyaya açıq olması ilə bütün dünyaya açıq olan, hadisələrdən xəbərdar olan bir insan kimi təsəvvür edirəm ki, gündəlik olaraq kiçik işlərdə belə ona təqdim olunan hesabatlarla, yaxud bunu birbaşa özünün həyata keçirməsi ilə onları izləsin. ...”

“... Dünyada müstəz’əflərin (binəsiblərin), yaxud müsəlmanların hər hansı bir məsələsində, hətta şiə və İslam reallığı ilə bağlı olmayan hər hansı bir məsələdə dini rəhbərin kənarda qalması icazəli deyildir. Çünki İslam missiyasını daşıyan dini rəhbərin bütün titrəyişlərində və cərəyanlarında, bütün mövqelərində dünya reallığına nəzarət etməsi zəruridir. Ona görə ki, bu, dünyada İslamın məsuliyyət daşıdığı məsələlərdə onun cavabdeh olmasından irəli gəlir. Bu həm də ümumi şəkildə müsəlmanlarla, xüsusi şəkildə isə şiə ilə bağlıdır. ...”

Seyid Fəzlullah dini rəhbərin şəxsiyyətində bu keyfiyyətlərin olmasını zəruri edən təcili obyektiv amilləri ictimai və siyasi ehtiyac üzərindən insanların həyatındakı şər’i vəziyyətlə əlaqədar olaraq təqdim edir və deyir: “... Fəqih hal-hazırkı mərhələdə öz dövrünün hüdudlarından kənarda yaşaya bilməz. Çünki dövrün məsələləri, hətta fiqhi məsələlər müctəhidin istinbat (çıxarış) etməyə və həyatda onları islami metod kimi müəyyənləşdirməyə ehtiyac hiss etdiyi hökmlərin mövzularını təmsil edir. Buna görə də fəqihlər siyasi məsələlər, seçki məsələlərindəki mövqe, zalım hökmdarla münasibət və ya cihad məsələləri ilə bağlı təqlidçilərinin çoxsaylı sualları ilə qarşılaşmalıdırlar ki, keçmişdə cavab verdikləri şəkildə onlara tez cavab vermələri mümkün deyildir. Çünki insanların müasir həyatı canlı reallıqla üzvi şəkildə bağlıdır. İslam varlığı, xüsusilə şiə varlığı məsələsi öz inkişafı, həyatiliyi və qüdrətində bu və ya digər nizamla, bu və ya digər beynəlxalq varlıqla sıx bağlıdır. Bu da onu göstərir ki, keçmiş dövrlərdə olduğu kimi, belə məsələlərə cavab mütləq şəkildə mənfi ola bilməz. Buna görə də fəqih öz fiqhi çərçivəsində belə dövrün problemlərindən və məsələlərindən uzaqlaşa bilməz. Əks halda o, insanların yaşadıqları bir çox problemlər və məsələlərlə bağlı ictihaddan kənar qalar və onlar barəsində heç bir bilgiyə sahib olmadığına görə heç bir cavab verə bilməz. Bununla da hətta fiqhi məsələlərdə bir dini rəhbər kimi rolunu itirər. ...”

Fiqh və üsulda ə’ləmiyyət şərtini tərk etmək Əllamə Seyid Fəzlullahın təklifindən ilk baxışdan başa düşüldüyü kimi, indiki şəraitdə şiə dini rəhbərlərinin sayca artmasının mümkünlüyü mənasını vermir. Şüurlu hərəkətli izləməyə və indiki həyatın işlərində həqiqi islami baxış təqdim edən müasir obyektiv idraka uyğun olaraq müsəlmanların işlərinə və onların siyasi, mədəni, ictimai və iqtisadi sahələrində dünya məsələlərinə olan maraq baxımından dini rəhbərin şəxsiyyətinə əlavə olunan xüsusiyyətlər üçün müasir şiə cəmiyyətində şəxsi predmetlər tapmaq çox nadir hallarda mümkündür.

Buna əsasən şiə cəmiyyətində arzu olunan dəyişikliyi həqiqətə çevirməsi və İslam dünyasında öhdəsinə böyük məsuliyyətlər götürməsi nəzərdə tutulan dini rəhbərin predmetləri seçimlər nöqteyi-nəzərindən məhdud bir say çərçivəsində hərəkət edir. Bu da elə bir məsələdir ki, ümumi şəkildə İslam sahəsini, xüsusi şəkildə şiə sahəsini və özünün geniş dairəsində bu ikisi ilə bağlılığı olan beynəlxalq vəziyyəti müşahidə etməsi kütləvi şəkildə onu təyin etməklə mümkündür.

 

(ardı var)

 

Mənbə: “əl-Məalimul-cədidətu lil-mərcəiyyətiş-şiiyyə” (“Şiə dini rəhbərliyinin yeni müəssisələri”)

Müə: Səlim Həsəni, 3-cü fəsil, s. 55-74

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə