HƏRTƏRƏFLİ DİNİ RƏHBƏRLİK (2)

 	 		 			 			HƏRTƏRƏFLİ DİNİ RƏHBƏRLİK (2)

HƏRTƏRƏFLİ DİNİ RƏHBƏRLİK (2)

 

2. DİNİ RƏHBƏRLİK MÜƏSSİSƏSİ

Əllamə Seyid Fəzlullah özünün dini rəhbərlik layihəsində dini rəhbərlik müəssisəsinin qurulmasına inteqrasiya olunmuş metodologiyaya malikdir. Bu layihə şiə tarixinin bir-birinin ardınca gələn dövrləri boyunca izlədiyi ənənəvi formuldan fərqlənir. Belə ki, müsəlman dünyasını əhatə edən siyasi və ictimai şəraitin təbiəti və İslam cəmiyyətlərinin üzləşdiyi problemlərin böyüklüyü dini rəhbərin ətrafını əhatə edən bir sisitem olaraq dini rəhbərlik reallığında əsaslı dəyişiklik yaratmağı və mütəşəkkil institusional iş xarakteri daşıyan yeni formulda onun tərkibini formalaşdırmağı zəruri edir. Çünki o (yəni dini rəhbərlik müəssisəsi), dini rəhbərin şəxsi mülkü deyildir. ... Həmçinin dini rəhbərin hərəkəti üçün subyektiv (şəxsi) çərçivəni təmsil etmir, əksinə İslamın böyük məqsədlərinə xidmət etmək üçün əhatə etdiyi sahələrdə bütün İslam ünsürlərini fəal şəkildə səfərbər etmək məsuliyyətini daşıyır.

Seyid Fəzlullah dini rəhbərlik müəssisəsinin iş planını iki əsas mərhələdə müəyyənləşdirir:

Birincisi; dini rəhbərlik şəxsi xarakterdən uzaq olmalı, yəni şəxsiyyəti əks etdirməməlidir. Buna görə də hər hansı bir dini rəhbərin şəxsi varlığını ifadə etməməlidir. Yəni onun ölümü ilə ölməməli və onun fərdi xüsusiyyətlərini götürməməlidir. Bunda müxtəlif dövrlərdə dini rəhbərlərin həyata keçirdiyi böyük səylərin və seçilən təkliflərin itkisi vardır.

Artıq şiə dini rəhbərliyi özünün uzun tarixi ərzində fərdi xarakterin dini rəhbərlik üzərində üstünlük təşkil etməsi ilə səciyyələnir. Belə ki, şiə dini rəhbərliyi ifadəsi dini rəhbərliyin nəzəri vəziyyətini əks etdirir.

Praktiki reallığa gəlincə bu dini rəhbərlik dini rəhbərlərin sayına görə bir çox hissələrə bölünür. Belə ki, “Şeyx Kaşifulğitanın dini rəhbərliyi”, “Seyid Yəzdinin dini rəhbərliyi”, “Seyid Xoyinin dini rəhbərliyi”, “İmam Xomeyninin dini rəhbərliyi”, – deyilir. Və digər bu cür müxtəlif davranış modellərini və dini rəhbərlik təcrübəsini təmsil edən bir çox başqa adlar.

Əllamə Fəzlullahın istədiyi odur ki, dini rəhbərliyin bu fərdi vəziyyətinə son qoyulsun və o (yəni dini rəhbərlik), dini rəhbərlərin şəxsiyyətləri arasında intervallar yaşamayan və xronoloji ardıcıllığı dini rəhbərin həyatı ilə məhdudlaşmayan tamamlanmış vahid bir  müəssisəyə – quruma çevrilsin. O müəssisə ki, dini rəhbərlərin dəyişməsi və həyati rollarının bir-birinin ardınca gəlməsi ilə belə aydın bir strateji xətt üzərində davamlılıq ünsürlərinə (elementlərinə) sahib olan sabit bir vəziyyəti təmsil edir.

Seyid Fəzlullah bu barədə deyir: “... Dini rəhbərlik müəssisə – qurum olmalıdır. Belə ki, dini rəhbər əvvəlki dini rəhbərlərin təcrübələrini qoruyub saxlayan bir müəssisəyə gəlməlidir. Və dini rəhbərliyin dünya ilə əlaqələrini və təcrübələrini, hətta şər’i sual-cavablar məsələsində həll etdiyi məsələlərin xüsusiyyətlərini əks etdirən bütün sənədlər yeni dini rəhbərin qarşısında olmalıdır. Beləliklə, yeni dini rəhbər bu sahədə fəaliyyətləri əvvəlki təcrübələrdən uzaq olan sıfır nöqtəsindən yox, əvvəlki dini rəhbərin dayandığı yerdən başlamaq üçün bütün bu təcrübələri dini rəhbərliyin müəssisəsində əldə edə bilməlidir. ...”

İkincisi; dini rəhbərlik müsəlmanların həyatındakı ümumi narahatlıqlardan və ümumiyyətlə, beynəlxalq reallıqdan uzaq olan hövzə mərkəzinə meyil etmək kimi ənənəvi mövqeyindən əl çəkməlidir.

Buna görə də İslam və müsəlmanlarla bağlı məsələlərin genişliyi ilə dini rəhbərlik marağı genişlənməlidir. Bu o deməkdir ki, dini rəhbərlik şiə və İslam cəmiyyətində aparıcı qurum olmaqla bütün hadisə və hərəkətləri izləməlidir.

Seyid Mühəmmədhüseyn Fəzlullah bu barədə deyir: “Dini rəhbərliyin bütün mövqelərinə, yaxud bu mövqelərdən kənara çıxan və ona müsbət və ya mənfi təsir edən mövqelərə açılan siyasi, mədəni və ictimai mövqelər tutma cəhətindən olsa da, dini rəhbər dünyada gedən məsələlərə nəzarət etməlidir. ... Bu dini rəhbərliyə canlılıq və hərəkətlilik verə bilər. O canlılıq və hərəkətlilik ki, dini rəhbərlik onun vasitəsilə özünə aid və tabe olan bütün insanların həyatında fəal bir ünsürə çevrilə bilər. Təbiidir ki, bu müəssisənin (qurumun) təşkilati aspektləri konkret planlaşdırmaya tabe olmalıdır. Belə ki, bütün mövqelər böyük hədəfə xidmət etməlidir. ...”

Seyid Fəzlullahın planlaşdırdığı bu quruluşa ancaq dini rəhbərin özü vasitəsilə nail olmaq olar. Məhz o, dini rəhbərlik müəssisəsinin (qurumunun) qurulması üçün metodoloji əsasları qoya bilər. Bu, şəxsi keyfiyyətlərdən əlavə, fəqihin dünya məsələlərinə açıq olmasını, ümumi mədəni, siyasi və ictimai arenalarda fəal iştirakını və müxtəlif səviyyələrdə və sahələrdə islami və qeyi-islami dairələrlə qarşılıqlı əlaqəsi sayəsində əldə etdiyi nailiyyətlərin miqyası ilə həyatında qazandığı praktik təcrübəni tələb edir.

Həqiqətən, bu təcrübə şiə müəssisəsinin (qurumunun) möhtəşəm layihəsinin uğur qazanmasında mühüm bir məsələdir. Çünki biz şiə və ümumən İslam həyatında hər hansı həyati və inkişaf layihəsini hədəf alan yerli, regional və qlobal çağırışlar və siyasi mürəkkəbliklər arasında böyük bir quruculuq cəhdi ilə üz-üzəyik. Bu da şiə varlığında şiddətli bir sarsıntıya səbəb olmayacaq şəkildə onlarla (həmin çağırışlar və siyasi mürəkkəbliklərlə) mübarizə aparmağı bacaran nəhəng tarixi keçmişə əsaslanaraq olmalıdır.

Həqiqətən, bu məsələlər dini rəhbərlik üçün müəssisə yaratmaq (yəni onu institusionallaşdırmaq) cəhdi üzərində güclü şəkildə özünü büruzə verir. Əgər dini rəhbərdə şiə və İslam dairələrini əhatə edən ümumi reallığın mürəkkəblikləri barədə hərtərəfli baxış yoxdursa, bu, layihəni başdan-başa puç edən əsas maneə faktoruna çevrilə bilər.

Şiə dini rəhbərliyinin beynəlxalq İslam qurumuna çevrilməsi bir şəxsin öz planlarını sınaqdan keçirəcəyi təcrübi bir iş deyildir. İslamın indiki şəraitində onun hərəkətini əhatə edən təhlükəli və həssas şərtlər nəticəsində olduqca həssas və ciddi bir məsələdir. Bu, fəqihin elmi, siyasi, mədəni və ictimai sahələrdə ali bacarığını tələb edir ki, əks reaksiya olmadan şiə cəmiyyətində onun hövzəsində (seminariyasında), hərəkatında və kütləvi dairələrində heç bir mənfi iz qoymadan quruculuğa nail ola bilsin.

Seyid Fəzlullahın düşündüyü kimi, dini rəhbərlik müəssisəsinin yaradılması layihəsi əks kampaniya ilə müasir vasitələrlə qarşılaşmaqla və sonra İslamın həyatdakı tarixi hərəkatı qarşısında üfüqlər açmaqla İslamın həyatdakı həqiqi rolunu ona vermək üçün ciddi bir cəhddir. Seyid Fəzlullah belə deyir: “... Biz şiəliyə zidd bəzi İslam məzhəblərini mənimsəyən bəzi dövlətlər və bəzi islami mövqelər vasitəsilə hərəkət edən bir növ beynəlxalq planlaşdırma müşahidə edirik. Ortada şiəyə təkfir həddinə çatan bir hücum var. Və bu hücum dövlət istismar oktapodu (səkkizayaqlısı) ilə və bu oktapodu İslam reallığında hərəkətə gətirmək üçün İslam dövlətlərindəki siyasi qoruyucularla əlaqədardır.

Dini rəhbərliyin ilk vəzifəsi müasir vasitələrlə bu hücumun qarşısını almaqdır. Həmin müasir vasitələr məsələni emosiya məsələsinə çevirmir, əksinə məsələ müasir mədəni ab-havaya uyğun bir şəkildə ideoloji məzhəbi məsələlərə açıq olan uzunmüddətli planlaşdırma məsələsi olur. ...”

 

(ardı var)

 

 Mənbə: “əl-Məalimul-cədidətu lil-mərcəiyyətiş-şiiyyə” (“Şiə dini rəhbərliyinin yeni müəssisələri”)

Müə: Səlim Həsəni, 3-cü fəsil, s. 55-74

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə