HƏRTƏRƏFLİ DİNİ RƏHBƏRLİK (3)

 HƏRTƏRƏFLİ DİNİ RƏHBƏRLİK (3)

HƏRTƏRƏFLİ DİNİ RƏHBƏRLİK (3)

 

3. İSLAM ÜMMƏTİ

Seyid Fəzlullahın dini rəhbərlik üçün planından görürük ki, o, İslam ümmətini canlı bir hissə kimi bu plana daxil edir. Bu da iki əsas sütundan ibarətdir:

a) Kütləvi həmrəylik;

Seyid Fəzlullah hesab edir ki, dini rəhbərliyin çoxluğu ümmət üçün hərəkətli seçimlərin təmin edilməsinə töhfə verir. Belə ki, bu çoxluq hərəkətli kütlələrə imkan verir ki, onlar hərəkətli dini rəhbər tərəfindən arzu olunan diqqəti əldə etsinlər. Eyni zamanda dini rəhbərdən əldə edilən güclə islami fəaliyyətlə məşğul olsunlar. Lakin bu pozitivlik şiələrin adət etdiyi atmosferdə yaşayır. O mənada ki, bu, fiqh və üsulda ə’ləmlik qaydasına uyğun olaraq dini rəhbərin seçilməsi yolunda şiə cəmiyyətinə hökm edən ənənəvi arxa plandan ibarət olan zəruri bir müsbət haldır. Məhz bu qayda öz istiqamətlərində və həyatın işlərinin və dini rəhbərliyin rolunun başa düşülməsi yolunda müxtəlif dini rəhbərliklərin ortaya çıxmasını zəruri edir. Bu vəziyyət hərəkətli insanlara imkan verir ki, onlar ənənəvi dini rəhbərlərlə yanaşı yaşayan hərəkətli dini rəhbərin verdiyi istiqamətə də əsaslansınlar.

Digər tərəfdən təqlid imkanı ilə bağlı ümmətin ixtiyarında olan bu seçimlər bir neçə istiqamətdə kütləvi bölünmənin mövcudluğunu əks etdirir ki, bu da İslam reallığının üzləşdiyi həssas və kritik situasiyalarda ümumi ictimai mövqeyi və ümumi dini rəhbərlik mövqeyini zəiflədə bilər.

Şiə tarixi şiə icması daxilində parçalanma həddinə çatan böyük böhranlarla nəticələnən bəzi təhlükəli təcrübələrin şahidi olmuşdur. Məhz bu zaman fövqəladə hadisə baş verir, nəticədə dini rəhbərlik mövqelərində böyük fərq yaranır. Bu məsələ ilə bağlı Seyid Fəzlullah deyir: “... Lakin burada çox böyük bir mənfi cəhət var, o da ümmətin parçalanması və onun mövqelərinin sarsıldılması məsələsidir. Bundan da məqsəd odur ki, heç bir cərəyan sonda həlledici xarakter ala bilməsin. Bu, insanların onlara bağlılığında cərəyanların bərabər gücə sahib olduğu vaxt baş verir. Belə vəziyyət həmin cərəyanlar arasında müştərək olan ortaq məxrəclər ətrafında hər hansı bir qarşılıqlı anlaşma olmadıqda qəti və həlledici qərarlara varmaqda durğunluqlara səbəb olur.

Hesab edirik ki, dini rəhbərliklər arasındakı fikir ayrılığı digər müsbət cəhətlərlə yanaşı, daha çox mənfi cəhətləri qoruyub saxlamaqla şiə-İslam varlığı üçün çox böyük problem yaratmışdır. Buna görə də dini rəhbərdə olması zəruri olan şərtlərin və dini rəhbərin müəyyənləşdirilməsi yolunun yeni fiqhi prinsipləri öyrənilməlidir ki, tamamilə seçim açarları kimi dini rəhbərliyin açarlarının əhval-ruhiyyəsinə tabe olmasın. ...”

Bu müddəadan başa düşdüyümüz budur ki, Ayətullah Seyid Fəzlullah ciddi cəhdlə dini rəhbərliyin birliyinə (vəhdətinə) meyillidir. Onun bu üstünlüyü ümmətin bütün istiqamətləri üçün lazım olan mövqe və ambisiyanı həyata keçirən bir dini rəhbər ola bilmək üçün dini rəhbərdə olması zəruri olan xüsusiyyətlərdən qaynaqlanır. Bu halda o, özünün müasir reallığında və gələcək üfüqünün islami vəziyyəti hərtərəfli dərk etməyə əsaslanan mövqe və baxış birliyi ilə ictimai həmrəyliyə nail ola bilər.

Bundan əlavə dini rəhbərliyin vəhdəti (birliyi) ictimai həmrəyliyə nail olmaqla müxtəlif milli və regional mənsubiyyətləri ilə bütövlükdə şiə qurumunun təmsil etdiyi kütləvi ictimai tarazlıq yaratmağa qadirdir. Bununla da dini rəhbərlik geniş kütləvi bazaya söykənər və xalq vahid liderin varlığına can atar. Bu nöqtədə dini rəhbərlik müəssisəsi (institutu) islami həyatda və onunla əlaqəli beynəlxalq məsələlərdə çətinliklərlə üzləşmək və mövqelər formalaşdırmaq qabiliyyətinə malik olan geniş və ardıcıl çərçivəyə çevrilə bilər.

Şiə varlığını təhdid edən əks meydan oxuma ona plüralist bir varlıq kimi baxmır, onunla vahid reallıq kimi əlaqə qurur. Bu, nəhəng meydan oxumalar cərəyanına tab gətirə bilmək üçün şiə həyatında faktiki birliyə nail olmaq məqsədilə çalışmağı tələb edir.

b) Rəhbər-kütlə qarşılıqlı əlaqəsi;

Şiə həyatında məlum hadisələrdən biri də dini rəhbərlə ümmət arasında ayrılığın (fasilə və intervalın) olmasıdır. Bu fasilə dini rəhbərlərin istiqamətlərinə uyğun olaraq gah genişlənir, gah da qısalır. Bəzən dini rəhbərlə ümmət arasında tam üzlət (təcrid) nöqtəsinə çatır. Belə kütlələr dini rəhbərin yalnız adını bilmiş olur. Dini rəhbər də yalnız onun maraq dairəsinə aid olduğu dərəcədə kütlələr haqqında bilgiyə sahib olur.

Dini rəhbərin ümmətlə maraqlanma, onun qayğı və istəklərilə yaşama və ona reallığına xidmət edən ərməğanı vermə yolu ilə nadir hallarda bu ayrılıq azalmış və yox olmuşdur.

Bu sahədə görkəmli nümunə İmam Xomeynidir. O, ümmətin işləri ilə yaxından maraqlanmış və dini rəhbər olduğu müddətdə onun qayğılarını daşımışdır.

İslam dünyasının tabe olduğu ümumi atmosfer fonunda dini rəhbərlə ümmət arasındakı əlaqə getdikcə daha vacib bir məsələyə çevrilmişdir ki, öz varlığını və iştirakını ümmətin həyatında fəal və təsirli edə bilmək üçün dini rəhbərin öz dövrünün şərtlərini mənimsəməyi tələb edir.

Seyid Fəzlullahın bu mövzudakı fikrini öyrəndiyimiz zaman onun tam yaxınlaşma nöqtəsinə çatan bir ünsiyyət tərzinə çağırdığını görürük. Belə ki, o (yəni Seyid Fəzlullah), öz təcrübəsi və ümmətin bütün işlərinə açıq olması, onun (yəni ümmətin) mədəni, ictimai, siyasi və iqtisadi reallığının ayrıntılarını ətraflı şəkildə təcrübədən keçirməsi ilə ümmətin bütün imkanlarını hərəkətə gətirən bir amil formalaşdırır.

Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullah deyir: “... Dini rəhbərin bu xətdə əxlaqi bütövlüklə və ümmətin işlərinə nəzarət edə biləcək mənəvi güclə birlikdə fiqhi, ictimai və dinamik yetkinliyi (kamilliyi) olmalı, o enerjinin hərəkətini təmsil etdiyini nəzərə alaraq bu təcrübələrdən faydalana biləcək insan mövqeyindən tutmuş bütün təcrübələrə və enerjilərə açıq olmalı, eyni anda həm müəllim, həm də şagird ola bilmək üçün zəngin təcrübəyə malik olduğu üçün ümməti də təcrübələndirmək üçün onunla birlikdə hərəkət edən bir insan olmalıdır. ...”

Həqiqətən, Əllamə Seyid Fəzlullah bu fikirlərində dini rəhbərlə ümmət arasındakı bütün maneələri aradan qaldırır. Çünki bu maneələr İslam həyatından keçmiş fövqəladə halların məhsuludur və İslam gerçəkliyinə zərər vuran tarixi yığıntılar sırasındadır.

Seyid Fəzlullahın çağırdığı ünsiyyət yalnız şiə dairəsi ilə məhdudlaşmır, ümumən İslam aləmini əhatə edir. Sonra qlobal dairələrin hissələri arasında obyektiv qarşılıqlı asılılığın nəticəsi olaraq bütün dünyanı əhatə edə bilmək üçün təbii olaraq genişlənir. O qlobal dairələr ki, vəziyyət və hadisələrin xarakterindən asılı olaraq İslam dünyası müxtəlif dərəcələrdə ondan təsirlənir.

Bundan əlavə Seyid Fəzlullah ünsiyyətin əsaslarını mücərrəd nəzəri halla deyil, praktik vəziyyətlə müəyyənləşdirir. Ünsiyyət müsəlmanların şərtlərinin yalnız mədəni şəkildə dərk edilməsindən ibarət deyildir, əksinə şərait və vəziyyətlərin yenilənməsinə uyğun olaraq yeni mövqeləri ortaya çıxaran həqiqi birgəyaşayışa ehtiyac vardır. Əllamə Seyid Fəzlullah bunu belə yekunlaşdırır: “... Mənim təsəvvürüm belədir ki, dövrün mübarizələrinin mahiyyəti, onun məsələlərinin əhatəliliyi, günbəgün artan dəyişikliklər və insanların siyasi və ictimai həyatı ilə bağlı bütün məsələlərdə şər’i vəzifələrinin nə olduğuna dair yaşadıqları çaşqınlıq dini rəhbərliyin təcriddən (üzlətdən) çıxmasına və dini rəhbərin bütün İslama, bütün dünyaya və öz sahəsində hərəkət edən bütün dəyişikliklərə təkcə mədəni cəhətdən yox, mövqe cəhətindən açılan bir insan olmasına möhtacdır. ...”

Dini rəhbərlə ümmət arasında bu əlaqə və ünsiyyət əldə edildikdə İslam ümmətinin yaşadığı ehtiyaclara uyğun olaraq dini rəhbər özünün böyük islami vəzifələrini yerinə yetirə bilər.

Bu, Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullahın dini hakimiyyətlə bağlı təklif etdiyi layihənin indiki və gələcək şərtlərinin ümumi cizgilərini öyrənmək üçün bir fürsət idi. Seyid Fəzlullah İslam və əks cərəyanlar arasındakı potensial münaqişə ilə əlaqədar gələcək baxışına, İslam və müsəlmanlar arasında gizlənən təhlükələri qiymətləndirməsinə əlavə olaraq şiə dini rəhbərliyinin ardıcıl tarixi dövrlərdə əldə etdiyi uzun təcrübəyə və dini rəhbərliyi, şiələri və müsəlmanları əhatə edən ümumi şərtlərin tam mənimsənilməsinə əsaslanmışdır.

Əllamə Fəzlullahın dini rəhbərliklə və onun oynamağı planlaşdırdığı rollarla bağlı yaratmaq istədiyi obraz dözümlülüyə deyil, mübarizəyə doğru irəliləyir.

Şiə dini rəhbərliyini özünün müasir layihəsində araşdırma cəhdimizdə Seyid Fəzlullahın təqdim etdiyi fikirləri araşdırmağa müvəffəq olacağımıza ümid edirik.

 

Mənbə: “əl-Məalimul-cədidətu lil-mərcəiyyətiş-şiiyyə” (“Şiə dini rəhbərliyinin yeni müəssisələri”)

Müə: Səlim Həsəni, 3-cü fəsil, s. 55-74

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə