S. Fəzlullahın düşüncəsində şiə dini rəhbərliyi (1)

S. Fəzlullahın düşüncəsində şiə dini rəhbərliyi (1)

SEYİD FƏZLULLAHIN

DÜŞÜNCƏSİNDƏ ŞİƏ DİNİ RƏHBƏRLİYİ (1)

Dini rəhbər Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullahla dialoq

Dialoqu Livan “əl-Bilad” jurnalının müxbiri Əbusəlim əl-Həsəni apardı.

Şiə dini rəhbərliyinin keçmişi, reallığı və gələcəyi haqqındakı bu söhbəti dini rəhbər Əllamə S. M. Fəzlullah 1992-ci ilin fevral ayında etmiş və bu müsahibə Livanın məşhur “əl-Bilad” jurnalının 98-ci, 99-cu və 100-cü saylarında nəşr edilmişdir.

Söhbətdən görürük ki, Əllamə Fəzlullah şiə dini rəhbərliyinin və Hövzənin (Seminariyanın) həqiqətinin nədən ibarət olması və onun üzərində baş verməli olan elmi-metodik inkişaf haqqında cəsarətli bir dəyərləndirmə ortaya qoymuşdur. Diqqəti ona çəkmişdir ki, İmam Xomeyni öz rəhbərlik şəxsiyyəti ilə bu rəhbərliyə zəngin perspektiv yaratmışdır. Çoxları bu məqama çatmadan yorula bilər. O, dini rəhbərliyin vəhdətini (birliyini) reallaşdırmaq üçün rəhbərin şəxsiyyətinə yeni şərtlər əlavə etmişdir.

Əllamə Fəzlullah dini rəhbərliyin ümmətin həyatında oynaya biləcəyi rola dair Papalığı nümunə olaraq göstərmişdir. Bu söhbət Ayətullah Xoyinin vəfatından bir neçə ay əvvəl aparılmışdır.

 

DİNİ RƏHBƏRLİK DURĞUNLUQ VƏ İNKİŞAF ARASINDA

Sual: Əllamə Fəzlullah hicri son iki əsrdə şiə dini rəhbərliyini necə qiymətləndirir?

Seyid Fəzlullah: Hicri 13-cü əsrdə (miladi 19-cu əsrdə) şiə dini rəhbərliyini öyrəndiyimiz zaman İslam dünyasına rəhbərlik etməkdə rəhbərlik məsuliyyəti hərəkətinə pəncərə aça biləcək müstəvidəki siyasi səviyyədə İslam dünyasındakı dini rəhbərlik hərəkatı ilə bağlı heç bir qeyri-adi hərəkat görmürük. Bəzən rəhbərlik mövqelərində şiənin vəziyyətinə tətbiq edilən sərt təzyiqlər rəhbərlik hərəkətinin bu cəhətində daralmaya səbəb olur.

Lakin bu əsrdə geniş fiqhi boşluğun mövcudluğunu görürük. Bu boşluq hicri 14-cü əsrə (miladi 19-cu əsrin sonu və 20-ci əsrin əvvəlləri) boylanan gələcəyin fiqhi qaydası hesab edə biləcəyimiz böyük alimlərlə təmsil edilir. “Cəvahir” kitabının müəllifi[1], “Kəşful-ğita” kitabının müəllifi[2] bunlara misal ola bilər. Bəzi siyasi məqamlara yol açan bəzi bəsit cizgiləri nəzərə almaqla bunlar kimi şəxslər fiqhi zirvəni tuturlar. Şər’i hakimin icazəsi ilə işi qanuni olsun deyə İran şahlarından birinə[3] “Kəşful-ğita” kitabının müəllifi tərəfindən verilən icazətdə bunu mülahizə edirik. Bu davranış məsələni vəlayəti-fəqih ab-havasında hərəkət edən bir şeyə çevirir. Və ola bilsin ki, İrakda və ya Nəcəfdə iki qrup arasında baş verən daxili müharibələrdə olduğu kimi, daxili bölgələrdə baş verən bir çox məsələlərə kəskin müdaxilələrdə bəzi dini rəhbərlərin istifadə etdiyi daxili mövqelər (məqamlar) var idi.

Hicri 14-cü əsrə (miladi 19-cu əsrin sonuna) nəzər saldıqda burada yeni möhtəşəm başlanğıclar və fəaliyyətlər görürük. Bu aktivlik özünü tanınmış dini rəhbər Seyid Mühəmmədhəsən Şirazinin[4] fəaliyyətlərində, o dövrdə İranı işğal etmək istəyən əcnəbi şirkətlərin inhisarçılıqlarına cavab olaraq tənbəkinin haram olmasına dair verdiyi tarixi fitvasında göstərir. Bu fəallıq özünü məşrutə[5] və mütləqiyyət[6] hərəkatlarında da büruzə verir. Belə ki, bu məsələdə İrana hakimlik etmək istəyən bəzi küfr qüvvələri ilə müharibə etmək üçün orduların başında üsyana çağırış müstəvisində alimlər müxtəlif sərt mövqelər əks etdirmişlər. Bu da ideoloji və əməli siyasi hərəkatın yaranmasına rəvac vermiş və şiə İslam reallığı məşrutəçilər (konstitusiya tərəfdarları) və monarxistlər (padşahpərəstlər, monarxiya tərəfdarları) olmaq üzrə iki düşərgəyə, yaxud iki hizbə, yaxud iki axıma bölünmüşdür. Bu məsələ ətrafında Şeyx Naininin[7] yazdığı kitab həmin mübarizənin bərəkətlərindən hesab olunur.

O dövrdə 20-ci ildə Nəcəf alimlərinin rəhbərlik etdiyi İrak İnqilabı hərəkatı başladı. Beləliklə, zaman-zaman siyasi və inqilabi ab-havanı gözdən qaçıran bu cərəyan, bir tərəfdən dini rəhbərlik reallığını əhatə edən, digər tərəfdən isə siyasi reallıqdan təcrid və ona açıqlıq istiqamətində hərəkət edən ideoloji cərəyanların təbiətindən qaynaqlanıb hövzə cəmiyyətinə hakim olan sərt şərtlərə uyğun olaraq qabarma və çəkilmələrin şahidi olurdu. Bu məsələ parlament seçkilərində tutduqları mövqedə Seyid Əbülhəsən İsfahani[8] və Şeyx Naininin dini rəhbərliyinə qədər. Onların tutduğu həmin mövqe onların İrakdan çıxarılmasına, sonra isə siyasi işlərə müdaxilə etməmək iltizamı ilə İraka qayıtmalarına icazə verilməsinə gətirib çıxardı. İrak qanunlarına görə onlar əcnəbi olduqları üçün siyasi işlərə müdaxilə edə bilməzdilər.

Sonra Seyid Möhsün Həkimin[9] dini rəhbərliyi başladı. Bu rəhbərlik o dövrdə dini rəhbərliyi əhatə edən şərtlərə tabe olaraq siyasi reallığa bir növ açılışı təmsil edirdi. İstər Seyid Həkimin aktiv müdaxiləsi olduğu İrakla əlaqədar vəziyyətlərdə olsun, istərsə də məktublar göndərdiyi və ələlxüsus, Fələstin müqaviməti ilə əlaqədar fitvalar verdiyi ümumi islami məsələlərlə bağlı olsun.

Görürük ki, bu əsrin (19-cu əsrin) sonunda İslam ölkələrinin reallığına göz yuman qlobal siyasi reallıq qarşısında İmam Xomeyninin gəlişi ilə dini rəhbərlik özünün ən yüksək səviyyəsinə qalxdı. Bu da İslam İnqilabının qələbəsi və İslam Respublikasının doğuşu ilə nəticələndi.

Hicri 14-cü əsrdəki (miladi 19-cu və 20-ci əsrlər) dini rəhbərlik hərəkatına nəzər saldıqda görürük ki, bir dini rəhbərlə digəri, yaxud bir mərhələ ilə digər mərhələ arasında dəyişməsinə baxmayaraq, bu hərəkat qapanmaqdansa, açıqlığa, durğunluqdansa, təsir etməyə daha yaxındır.

 

İMAM XOMEYNİDƏN SONRAKI VƏZİYYƏT

Sual: İmam Xomeyninin vəfatından sonra təsəvvür edirsinizmi ki, dini rəhbərlik öz işində böhranlarla üzləşməyəcək?

Seyid Fəzlullah: Həqiqətdə İmam Xomeynidən sonrakı mərhələyə baxdıqda görürük ki, burada dini rəhbərliyin qarşılaşdığı bir problem vardır; o problem dini rəhbərliyin gələcəyi məsələsidir. Çünki danışmalı olduğumuz iki mövqe var; onlardan biri hal-hazırkı mərcə’lərin rəhbərliyinin təmsil etdiyi mövqedir. O mərcə’lər ki, dini rəhbərliyin həyatında bu və ya digər mövqedə bəzi işıqlandırmalarla təqlidi cərəyanı təmsil edirlər.

Buna görə də biz bu çevrədən danışmırıq. Çünki o, İmam Xomeynidən sonrakı çevrə deyil, onun dini rəhbərliyini müşayiət edən və xarakterdə rəhbərlik tərəfindən elmi icraatda o rəhbərlikdən fərqlənən bir çevrədir.

Gələcəyə baxışında İmamdan sonrakı mərhələni təmsil edən dini rəhbərlik problemli bir dini rəhbərlikdir. Çünki biz hərəkətli dini rəhbərlik aləmində böyük insanlara sahib deyilik. Halbuki bu, hər hansı bir dini rəhbər vəfat etdikdə baş verirdi. Belə ki, dini rəhbər sağ olduqda belə, mərcə’lik nöqtəsinə getmək üçün əməli baxımdan hazırlanmış çoxlu simalar görə biləsən və ümumi şiə-İslam gerçəkliyində dini rəhbərlik üçün ümumi bir hazırlıq olmuş olsun. Biz bunu görə bilmirik. Arenada dolaşan bir neçə ad var, lakin onlar real mərcə’lik xəttində hərəkət edən çoxlu mövqeyə sahib deyildirlər. Əksinə, o adlar gələcək üçün layihələrdir. Belə ki, burada bir sıra adlar var ki, onları rəhbərliyə layiq edən xüsusiyyətlərə sahibdirlər.

Lakin məsələ bu adları ön plana çıxara biləcək cərəyan məsələsidir. Çünki bu işlər adətən, doğru cizgilərə tabe olmur, əksinə fəaliyyətin, şərtlərin və ətraf şəraitin xarakterinə görə müxtəlif cizgilərə tabe olur.

Hesab edirik ki, İmam Xomeyni rəhbərliyə elə bir perspektiv plan vermişdir ki, çoxları bu perspektivə çatmazdan qabaq yorula bilər. Əgər onların çatmaq imkanı vardırsa. Çünki İmam Xomeyninin bu geniş beynəlxalq vüsəti götürən dini rəhbərliyi onun şəxsiyyətindəki ünsürlərdən, ələlxüsus, onun şücaətindən və geniş üfüqündən qaynaqlanırdı. Həmçinin onun dini rəhbərliyi bu nəticələrə nail olmağa kömək edən bir çox real şərtlərin onun üçün yaratdığı bəzi obyektiv amillərdən qaynaqlanırdı. Halbuki bu vəziyyət İmam Xomeyninin şücaətinə və geniş üfüqünə malik olan başqa dini rəhbərlər üçün hasil olmurdu. Həmçinin onun dini rəhbərliyi gerçəkliyi İmamın gətirdiyi böyük üfüqlərə itələyə biləcək obyektiv şərtlərdən bəhrələnirdi.

(ardı var)

 

Livanın “əl-Bilad” jurnalına verilən müsahibə

m. 1992-ci il, 98, 99 və 100-cü saylar

Mütərcim: Xəyyam  Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə 

 

 

 

 

[1] Şeyx Mühəmmədhəsən Nəcəfi İsfahani (v. h. q. 1266 – m. 1849). “Cəvahirul-kəlam fi şərhi “Şərayiil-İslam”” (““Şərayiul-İslam”ın şərhində sözün qiymətli daşları”) kitabının müəllifidir. Müəllif onu otuz il ərzində yazmış və bu kitaba görə “Sahibi-Cəvahir” (“Cəvahir kitabının müəllifi”) adı ilə məşhur olmuşdur. Seyid Cavad Amilinin, Seyid Bəhrulülumun və Şeyx Cəfər Kaşifülğitanın şagirdlərindən olmuşdur.

[2] Şeyx Cəfər Kaşifülğita (v. h. q. 1227 – m. 1811 ). O, Vəhid Behbəhaninin və Seyid Bəhrulülumun tələbələrindən və “Cəvahir” kitabının müəllifi Şeyx Mühəmmədhəsən Nəcəfinin, Şeyx Mühəmmədtəqi İsfahaninin və Seyid Cavad Amilinin ustadlarından olmuşdur. “Kəşful-ğita ən xəfiyyati-mübhəmati-şəriətil-ğərra” (“Parlaq şəriətin şübhəli və gizli məsələlərinin üzərindən pərdənin götürülməsi”), “Buğyətut-talib” (“Tələb edənin məqsədi”) və “Qayətul-mə’mul fi ilmil-üsul və həqqul-mübin fi təsvibil-müctəhidin və təxtiətil-əxbariyyin” (“Üsul elmində ümid edilən məqsəd və müctəhidlərin doğruya varması və əxbarilərin xəta etməsində açıq-aşkar haqq”) əsərləri onun yazdığı əsərlər silsiləsindəndir. Kaşifülğita Nəcəfdə yaşayırdı. O, fiqh elmi sahəsində dəqiq və dərin nəzəriyyələr sahibi olmuşdur. Fiqh elmində hərtərəfli biliyi və hafizəsi o qədər qüvvətli idi ki, “Əgər şiənin bütün fiqh kitabları məhv olarsa, təharətdən qanbahasına qədər fiqhin bütün məsələlərini əzbərdən yaza bilərəm”, – dediyi məşhurdur. Şeyx Ənsaridən nəql olunmuşdur ki, əgər bir şəxs “Kəşfül-ğita” kitabının başlanğıcında yazılan üsuli qaydaları möhkəm və sağlam bir şəkildə bilərsə, mənə görə o, müctəhiddir.

[3] Fəthəli şah Qacar (1769-1834) nəzərdə tutulur.

[4] Mirzə Həsən Şirazi (v. h. q 1312 – m. 1894). Şeyx Mühəmmədtəqi İsfahani, Mühəmməd İbrahim Kəlbasi, Şeyx Mühəmmədhəsən Nəcəfi İsfahani və nəhayətdə Şeyx Ənsarinin tələbələrindən, məiyyətindən (müşayiətçilərindən) və xüsusi adamlarından olmuşdur. Şeyx Ənsaridən sonra dini rəhbərlik vəzifəsi onun öhdəsinə keçmişdir. O, tənbəkinin haram olmasına fitva verdiyinə görə şiə məzhəbinin mücəddidlərindən biri kimi tanınmışdır. Ağarza Həmədani, Şeyx Fəzlullah Nuri və Mirzə Mühəmmədtəqi Şirazi onun məşhur tələbələrindəndir.

[5] Konstitusiyalı dövlət quruluşu

[6] Monarxiya

[7] Mirzə Mühəmmədhüseyn Naini (v. h. q. 1355 – m. 1935). Axund Xorasani, Mirzə Şirazi və Seyid Mühəmməd Fəşarikinin məşhur tələbələrindən və Seyid Əbülqasım Xoyi və Şeyx Mühəmmədəli Kaziminin ustadlarından olmuşdur. Naini məşrutə hərəkatında (1905-1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur). Xorasani ilə əməkdaşlıq etmiş, məşrutə və onun islami əsaslarını müdafiə edərək “Tənbihul-ümmə və tənzihul-millə” adlı kitabını yazmışdır.

[8] Seyid Əbülhəsən İsfahani (v. h. q. 1365 – m. 1945). Axund Xorasani və Seyid Mühəmmədkazım Yəzdinin tələbələrindən olmuş və mərcəiyyəti (dini rəhbərliyi) çox çətin bir mərhələdə öz öhdəsinə götürmüşdür. Onun “Vəsilətun-nəcat” (“Nicat (Qurtuluş) vəsiləsi”) adlı əməli risaləsi “əl-Ürvətül-vüsqa”dan sonra şöhrət tapmış və İmam Xomeyni onun əsasında “Təhrirül-vəsilə” kitabını, Əllamə Sadiqi Tehrani isə “Təbsirətül-vəsilə” kitabını yazmışdır.

[9] Seyid Möhsün Həkim (v. h. q. 1390 – m. 1969).  Fiqh sahəsində “Müstəmsikul-ürvətil-vüsqa” adlı böyük və istidlali bir kitabın müəllifidir. Kitab müxtəsər olmasına baxmayaraq, çox dərin və dəqiqdir. Marksistlər barəsində “Kommunizm küfr və ilhaddır” təbirilə verdiyi fitvası məşhurdur.