S. Fəzlullahın düşüncəsində şiə dini rəhbərliyi (2)

 	 		 			 			S. Fəzlullahın düşüncəsində şiə dini rəhbərliyi (2)

SEYİD FƏZLULLAHIN

DÜŞÜNCƏSİNDƏ ŞİƏ DİNİ RƏHBƏRLİYİ (2)

 

DİNİ RƏHBƏRLİK PARILTISININ OLMAMASI

Görürük ki, elmi hövzələr arenasında təqdim olunan adlar keçmiş həyatlarındakı tarixi hərəkət yollarının böyük işıqlandırmaları təmsil etməməsi etibarilə qabaqcıl mövqedən siyasi məsələyə nəzarət edən dini rəhbərlik parıltısına o qədər malik deyildirlər. Bəzi inqilabi tarixə malik olan bir çox adlar varsa da, hövzənin bir sıra mövqelərində meydana çıxan son qarışıqlar sadəcə adlar olaraq qalsınlar deyə onları cərəyanın hərəkətində sıçrayış olmaqdan uzaqlaşdırdı. Bəzən bir yer tuturlar, lakin gerçək dini rəhbərlik müstəvisinə çatmaları çətin olur.

Buna görə də bu böyük dini rəhbərlərdən sonrakı mərhələlərdə və İmam Xomeynidən sonrakı mərhələdə dini rəhbərliyin bütün bu tarixi inkişaf yolunda əldə edə bildiyi bu gücü itirməkdə çoxlu ehtiyatın, gözlənilmənin və qorxunun olduğu məsələsi ilə qarşılaşıram.

 

ÖLÇÜLƏRDƏ TİTRƏYİŞ

Sual: Buna əsasən başa düşürük ki, siyasi quruma təsir edən dini rəhbərliklə bağlı böhran gözləyirsiniz?

Seyid Fəzlullah: Bu, həqiqətdir. Çünki fəqihin mərcə’ (dini rəhbər) olmasını şərtləndirən (yəni onun rəhbər olmasına şərait yaradan) ünsürlər (elementlər) məsələsində dolaşıqlıq vardır. Əvvəlki baxış ən yüksək səviyyədə ə’ləmlik və ədalət mənasında fəqihlik məsələsi ilə kifayətlənirdi. Bu iki ünsür şiə-İslam cəmiyyətində çoxları üçün əhəmiyyətli ola bilər, lakin İmam Xomeyni dini rəhbərliyi bu iki ünsür (element) kimi digər ünsürləri də böyük bir şiə müsəlman qrupu üçün yan-yana gətirdi. Onlar artıq dinamik (hərəkətli) tərəfə, fiqh və ədalət mövqeyindən müsəlmanların məsələlərinə və dünya məsələlərinə nəzarət edən siyasi tərəfə baxmağa başladılar. Bu da bu əsrin müsəlmanlarının zehniyyətində dini rəhbərliyin doğuşunda və hərəkətliliyində ona (rəhbərliyə) istiqamət və hərəkət verən ölçülərdə bir növ titrəyişə səbəb olur və bu məsələdə çaşqınlıq yaradır. Ə’ləmiyyət və ədalət mövcud olduğu halda, siyasi şüur, siyasi təcrübə və geniş üfüq məsələsinin yanından ötüb keçməyə hazır olan çoxlu insanlar var. Hansı müctəhid olursa-olsun, müctəhidlə kifayətlənmək üçün ə’ləmiyyət və ədalət məsələsinin yanından da ötüb keçməyə hazır olan insanlar var. Siyasi bilgi və təcrübə, siyasi şüur və cəmiyyətə açıq olduqda ola bilsin ictihad məsələsində də güzəştə getsinlər. Biz dini rəhbərlik ünsürlərinin (elementlərinin) fərqindəki bu titrəyişin bu müstəvidə olması nəzərdə tutulan şəxslərin yeni hərəkətindən əldə edilməsi mümkün olan nəticələrin çaşqınlığına səbəb olmasından qorxuruq.

 

ÇOXSAYLI DİNİ RƏHBƏRLƏR

Sual: Digər tərəfdən görürük ki, dini rəhbərlərin say çoxluğu məşrutə və monarxizmdə olduğu kimi şiə varlığına mənfi şəkildə geri dönə bilər!

Seyid Fəzlullah: İnsanların siyasi aspektdən danışa biləcəyi say çoxluğu məsələsində çoxlarının qeyd etdiyi müsbət cəhətlər var. ... Say çoxluğu təcrübədə və mövqe tutmaqdakı azadlıq hərəkətində zənginlik yaradır. Lakin burada çox böyük bir mənfi cəhət var, o da ümmətin parçalanması və onun mövqelərinin sarsıdılması məsələsidir ki, heç bir cərəyan sonda həlledici xarakter ala bilməsin. Bu, insanların onlara bağlılığında cərəyanların bərabər gücə sahib olduğu vaxt baş verir. Bu vəziyyət həmin cərəyanlar arasında müştərək olan ortaq məxrəclər ətrafında hər hansı bir qarşılıqlı anlaşma olmadıqda qəti və həlledici qərarlar qəbul etməkdə durğunluqlara səbəb olur.

Hesab edirik ki, dini rəhbərliklər arasındakı fikir ayrılığı digər müsbət cəhətlərlə yanaşı, daha çox mənfi cəhətləri qoruyub saxlamaqla şiə-İslam varlığı üçün çox böyük problem yaratmışdır. Buna görə də dini rəhbərdə olması zəruri olan şərtlərin və dini rəhbərin müəyyənləşdirilməsi yolunun yeni fiqhi prinsipləri öyrənilməlidir ki, tamamilə seçki açarları kimi dini rəhbərliyin açarlarının əhval-ruhiyyəsinə tabe olmasın. Biz bilirik ki, dini rəhbərlik hərəkatı bəzi şərtlərində və mərhələlərində yerli və regional şəraitin təbiətinə uyğun olaraq bu və ya digər mövqeyə hakim olan şəxsiyyətlərdən asılı olur. Ölkədəki həmin şəxsin sözü elə həmin ölkənin onun işarə etdiyi dini rəhbərə müraciət etməsinə səbəb olur. Bu və ya digər rəhbəri fərqləndirən həqiqi xüsusiyyətlər məsələsi isə kölgədə qalır.

Başqa təzyiqlər də vardır ki, Allaha həmd olsun siyasi təzyiqlər səviyyəsinə çatmamışdır. Lakin ümumi vəziyyətin (xalqın vəziyyəti) mahiyyəti, yaxud bu və ya digər şəxsə tabe olan həmin cərəyanın inkişaf yolunun mahiyyəti baxımından mərcə’lik (dini rəhbərlik) mənfi ab-havada yaşayır. Ona görə də mən hesab edirəm ki, bu məsələni yeni şəkildə araşdırmaq lazımdır. Çünki dini rəhbərlik əvvəllər müctəhiddən fitva almaqda, yaxud şər’i hüquqların hərəkəti, hövzələrin idarə olunması və s. məsələlərdə şər’i tərəflərə varan sırf fitva rəhbərliyindən ibarət idi.

İndi isə məzhəblər, yaxud dinlər məsələsi həm oradakı, həm də buradakı liderliyin təbiətindən təsirlənən qlobal hərəkatın aspektini təmsil etməyə başladıqdan sonra dünyada siyasi cəbhədə rəhbərə çevrildi. İnsanlar siyasi və ictimai məsələlərdə, İslam dünyasını bütün mövqelərində və bütün məsələlərində istila edən digər məsələlərdə dini rəhbərə müraciət etməyə başladılar. Bu o deməkdir ki, dini rəhbərin şəxsiyyətini formalaşdıran ünsürlərə şərtlər əlavə etməliyik və bu, bir neçə fərddə ola bildiyi üçün onların bir-birindən fərqləndirilməsi prosesinə yenidən müdaxilə etmək lazımdır ki, bu da bu sahədə rəhbərliyin birliyinə (vəhdətinə) gətirib çıxara bilər.

Lakin bu müddəa ilə bağlı problem ondadır ki, ictihad məsələsi ilə məşğul olan elmi hövzələr üçün ictihad xəttində bu məsələlər böyük əhəmiyyət kəsb etmir. Odur ki, biz yaxın gələcəkdə bu məsələnin həllini görmürük. Bununla bağlı bəzi müctəhidlərin düşüncəsində bəzi işartılar ola bilər, lakin bu işartıları ümumi ab-havanın qəbul etməsi məsələsi böyük sarsıntılara və silkələnmələrə ehtiyac duyur...

 

ƏHATƏLİ İŞTİRAK

Sual: Düşüncə, ümmət və siyasət müstəvisində dini rəhbərliyin roluna baxışınız necədir?

Seyid Fəzlullah: Əslində mən dini rəhbərliyi nəzarətdə saxlamaq üçün peyğəmbərlikdən başlayıb imamətə keçən xətdən qaynaqlanan şiə düşüncəsindəyəm. Biz bunu belə başa düşürük ki, mərcə’ ümmətin liderliyini təmsil edir. Buna görə də o öz şəxsiyyətində mədəni, mənəvi və elmi qabiliyyətlər (məharətlər və səriştələr) formalaşdırmalıdır ki, bu xüsusiyyətlərlə bütün bu cəhətlərdə millətin canının təhlükəsizliyində etimadlı bir şəxs olma imkanını qazanmış olsun. Mən iddia etmirəm ki, o, hər bir şeydə insanların ən biliklisi və ən təcrübəlisi olmalıdır. Lakin mən deyirəm ki, dini rəhbərin bu xətdə əxlaqi bütövlüklə və ümmətin işlərinə nəzarət edə biləcək mənəvi güclə birlikdə fiqhi, ictimai və dinamik yetkinliyi (kamilliyi) olmalı, o enerjinin hərəkətini təmsil etdiyini nəzərə alaraq bu təcrübələrdən faydalana biləcək insan mövqeyindən tutmuş bütün təcrübələrə və enerjilərə açıq olmalı, eyni anda həm müəllim, həm də şagird ola bilmək üçün təcrübə zənginliyini götürdüyü kimi ümmətə təcrübə zənginliyi vermək üçün onunla birlikdə hərəkət edən bir insan olmalıdır.

Mən belə təsəvvür edirəm ki, dini rəhbərlik ümmətin bütün məsələlərində və dünyada İslam ümmətinin müqəddəratına aid bütün işlərdə hərtərəfli və geniş şəkildə iştirak etməlidir. Dünyada müstəz’əflərin, yaxud müsəlmanların hər hansı bir məsələsində, hətta şiə və İslam reallığı ilə bağlı olmayan hər hansı bir məsələdə dini rəhbərin kənarda qalması icazəli deyildir. Çünki İslam missiyasını daşıyan dini rəhbərin bütün hadisələrində və cərəyanlarında, bütün mövqelərində dünya reallığına nəzarət etməsi zəruridir. Çünki bu, dünyada İslamın məsuliyyət daşıdığı məsələlərdə onun cavabdehliyindən irəli gəlir. Çünki bu, ümumi şəkildə müsəlmanlarla, xüsusi şəkildə isə şiə ilə bağlı olan bir məsələdir.

Belə təsəvvür edirik ki, siyasi, mədəni və mənəvi iştirak məsələsi əsrin, İslamın və bu əsrdə İslamın qarşılaşdığı böyük mübarizələr müstəvisində dayanan mərcə’liyin həyati bir ünsürüdür.

 

RƏHBƏRLİK LAYİHƏSİ

Sual: İmam Xomeyni fəqihin hakimiyyəti modelini, Şəhid Sədr[1] isə saleh dini rəhbərlik layihəsini təklif etdi. Bu iki layihəyə əlavəniz vardırmı və vardırsa, nədən ibarətdir? Bununla bağlı hansı layihələri həyata keçirməyi nəzərdə tutursunuz?

Seyid Fəzlullah: İmam Xomeyni dini rəhbərlik məsələsi üçün öz düşüncəsində İslam məsələsi üçün olan düşüncəsinə əsaslanmışdır. O düşünməmişdir ki, mahiyyəti nə olursa-olsun hər hansı bir mərhələ İslamın əhatəliliyində və həyatın hökmünə görə daşıdığı məsuliyyətindəki hərəkətliliyində başqa bir mərhələdən fərqlənə bilər. Bununla o, İslamın konkret bir mərhələ üçün gəlmədiyini nəzərə alaraq imamların zahirdə və qeybdə olması vəziyyəti arasında heç bir fərq qoymamışdır. İslamın dövlət səviyyəsində xüsusi bir mərhələdə olmasından, digər mərhələdə isə fərdlər səviyyəsində yaşana biləcəyindən danışanlar İslamı rəhbərliyə tabe edirlər. Belə ki, rəhbərlik İslama tabe olmaqdansa, İslamın şərtləri öz imkanları daxilində rəhbərliyin şərtlərindən olur. Yəni İslamın şərtləri rəhbərlik üçün onun şərtlərini və inkişafını müəyyənləşdirən bir rola malik olur.

Biz bilirik ki, İslam Allahın dinidir və Peyğəmbərin böyüklüyü odur ki, o, Allahın risalətini təbliğ etmiş və dinin bütünlüklə Allaha məxsus olmasını istəmişdir. Bununla da Rəsul (s) dinin xidmətçisi olmuşdur, din Rəsula xidmət etməmişdir. Allah İslam dinini Peyğəmbərin şəxsi həyatı olmaq üçün göndərməmişdir, əksinə yalnız Peyğəmbəri göndərmiş və İslama xidmətçi olsunlar, ona doğru dəvət etsinlər və onun üçün rəhbərlik etsinlər deyə Peyğəmbərdən sonra rəhbərliyi qanuniləşdirmişdir. Buna görə də İslam birinci, rəhbərliklər isə ikincidir.

İmam Xomeyni bu geniş üfüqə nəzər salmaqla belə hesab etdi ki, həyat nizamında və əhatəli şəkildə insanların nizamında İslam hərəkətliliyi mənasını verən İslam Hökuməti məsələsi həyat məsələsidir. Əgər məsələ şiə-İslam fiqhinə görə Peyğəmbərin (s) və sonra imamların (ə) təmsil etdiyi vahid rəhbərlikdən qaynaqlanırsa, üzərində olduğu əhatəli müstəvi əsasındakı həmin xətt üzrə hərəkət etməlidir. Deməli, Peyğəmbər və İmam dərəcəsinə çatmasa da, əsas ünsürlər vasitəsilə rəhbərlik etməyə layiq olan ədalətli fəqihin vəzifəsi ilə Peyğəmbər (s) və İmamın (ə) missiyası arasında heç bir fərq yoxdur. Bu, dini rəhbərlik məsələsini İslam məsələsinin əhatə dairəsi böyük olduğu üçün daha da genişləndirir və İslamın məsuliyyətlərinə uyğun olaraq onun məsuliyyətini artırır.

İslam dini belə sərhədləri yaşamadığı müddətcə dini rəhbərliyin məsuliyyətlərində heç bir məhdudiyyət yoxdur. Deməli, İmam Xomeyninin nəzərində dini rəhbərliyin mövqeyi bütün məqamlarda İslamın mövqeyindən ibarətdir. Buna görə də İslam harada hərəkət edirsə, dini rəhbərlik də orada hərəkət etməlidir. Bu, rəhbərlik və hakimiyyətə çatmış dini rəhbəri bütün həyata, bütün reallığa və bütün məsuliyyətlərə açıq edir.

Şəhid Seyid Sədrə gəlincə o, geniş İslam fiqhində bu xətdən, bu yoldan  uzaq deyildir. Biz onun İslam İnqilabının uğurlarını və İmam Xomeyninin öz rəhbərliyindəki uğurlarını İmam Xomeyninin nüfuzunda əriməyin zəruriliyi haqqında söylədiyi gözəl sözlərlə necə qarşıladığını müşahidə etdik. Çünki o, İmam Xomeyninin qaynaqlandığı bu geniş üfüqlə qarşılaşır. “İslam həyatı idarə edir” risaləsindən də görünür ki, o həmin xətt üzrə hərəkət etməyə çalışmışdır. Lakin o, dini rəhbərlikdən bəhs edərkən dini rəhbərliyin idarəçilik məsuliyyətlərinin mahiyyətindən qaynaqlanan təşkilati-inzibati tərəfdən, “yetkin dini rəhbərlik” (“əl-mərcəiyyətür-rəşidə”) adlandırdığı məsələ barəsində danışırdı. Başqa bir ifadə ilə o, dini rəhbərliyin bir şəxs kimi yox, bir müəssisə (qurum) kimi işləməsini təmin edən praktiki vasitələri müəyyən etmək istəyirdi. Ona görə də biz deyə bilmərik ki, Şəhid Sədr bu geniş üfüqdə İmam Xomeyninin xəttindən ayrılıb, lakin o, bu təcrübəni yaşamamış və İslam İnqilabı hərəkatını bu qədər əhatəli şəkildə müşayiət etməmişdir. Mən inanıram ki, əgər o, çox yaşasaydı, İmam Xomeynidən heç bir cəhətdən fərqlənməzdi.

 

İNSTİTUSİONAL DİNİ RƏHBƏRLİK

(QURUM ŞƏKLİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN DİNİ RƏHBƏRLİK)

Bizim fikrimizcə, hesab edirik ki, məsələ bu xətt üzrə hərəkət edir və dini rəhbərliyi dünyanı silkələyən təsirli qüvvə olmağa çevirə biləcək geniş siyasi şərtlərə hökm edə bilmədikdə məsələnin real tərəfi haqqında düşünməyimiz mümkündür... Təsəvvür edirik ki, yetkin dini rəhbərliyin inzibati planlaşdırılması ilə bağlı Şəhid Sədrin dediklərinə ümumi xətlərin (cizgilərin) müzakirəsini də əlavə etməliyik. Çünki biz bir insanın daraldılmasının, yaxud genişləndirilməsinin mümkünlüyü barəsində düşündüyü təfərrüatları müzakirə etmirik. Buna görə də biz təsəvvür edirik ki, şiə-İslam dini rəhbərliyi özünün müəyyən şərtlərində, yaxud özünə xas olan vəziyyətlərin təbiətində iki dairədə hərəkət etməyə məcburdur:

Birinci dairə; dini rəhbərlik irsini və təcrübəsini övladlarının irsən aldığı, yaxud orqanlarının onun şəxsi xüsusiyyətlərinə tabe olduğu şəxsdən ibarət olmamalıdır. Əksinə, dini rəhbərlik müəssisə (qurum) olmalıdır. Belə ki, dini rəhbər əvvəlki dini rəhbərlərin təcrübələrini qoruyub saxlayan bir müəssisəyə gəlməlidir. Belə ki, dini rəhbərliyin dünya ilə əlaqələrini və təcrübələrini, hətta şər’i sual-cavablar məsələsində həll etdiyi məsələlərin xüsusiyyətlərini əks etdirən bütün sənədlər yeni dini rəhbərin qarşısında olmalıdır. Beləliklə, yeni dini rəhbər bu sahədə fəaliyyətləri əvvəlki təcrübələrdən uzaq olan sıfır nöqtəsindən yox, əvvəlki dini rəhbərin dayandığı yerdən başlamaq üçün bütün bu təcrübələri dini rəhbərliyin müəssisəsində əldə edə bilməlidir. Biz dini rəhbərin öz hərəkatında seçdiyi yardımçılarının olmasına etiraz etmirik. Lakin bir şərtlə ki, onlar müəssisə və qurum olmasınlar, əksinə müəssisənin çevrəsi və çərçivəsində onunla uyğunlaşan yardımçılar olsunlar.

İkinci dairə; biz təsəvvür edirik ki, dini rəhbərliyin bütün mövqelərinə, yaxud bu mövqelərdən kənara çıxan və ona müsbət və ya mənfi təsir edən mövqelərə açılan siyasi, mədəni və ictimai mövqelər tutma cəhətindən olsa da, dini rəhbər dünyada gedən məsələlərə nəzarət etməlidir.

 

(ardı var)

 

Livanın “əl-Bilad” jurnalına verilən müsahibə

m. 1992-ci il, 98, 99 və 100-cü saylar

Mütərcim: Xəyyam  Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə 

 

 

 

 

 

 

[1] m. 1934-1980