SEYİD FƏZLULLAHIN

DÜŞÜNCƏSİNDƏ ŞİƏ DİNİ RƏHBƏRLİYİ (3)

 

PAPALIQ MODELİ

Bu sahədə üçüncü bir məqam vardır ki, o da dini rəhbərin dünya səviyyəsində hərəkət edərək öz mövqeyində insanlardan uzaq qalmaması məsələsidir. Bəzi fərqlər nəzərə alınmaqla dini rəhbərliyin mövqeyi papalığın mövqeyinə oxşar olmalıdır. Dini rəhbər özünün xüsusi şərtlərinə və yaşadığı mərhələyə uyğun olaraq insanlara müraciət etmək, onlara açılmaq və onların işləri barəsində danışmaq üçün öz rəhbərliyinin mövqelərinə baxmalıdır. Bu, dini rəhbərliyə canlılıq və hərəkətlilik verə bilər. O canlılıq və hərəkətlilik ki, dini rəhbərlik onun vasitəsilə özünə aid və tabe olan bütün insanların həyatında fəal bir ünsürə çevrilə bilər.

Təbiidir ki, bu müəssisənin (qurumun) təşkilati aspektləri konkret planlaşdırmaya tabe olmalıdır. Belə ki, bütün mövqelər böyük hədəfə xidmət etməlidir. Mənim təsəvvürüm budur ki, dövrün mübarizələrinin mahiyyəti, onun məsələlərinin əhatəliliyi, günbəgün artan dəyişikliklər və insanların siyasi və ictimai həyatı ilə bağlı bütün məsələlərdə şər’i vəzifələrinin nə olduğuna dair yaşadıqları çaşqınlıq dini rəhbərliyin təcriddən (üzlətdən) çıxmasına və dini rəhbərin bütün İslama, bütün dünyaya və öz sahəsində hərəkət edən bütün dəyişikliklərə təkcə mədəni cəhətdən yox, mövqe cəhətindən açılan bir insan olmasına möhtacdır.

 

HÖVZƏ (SEMİNARİYA) VƏ DÖVRÜN EHTİYACLARI

Sual: Çoxları hövzənin (seminariyanın) yeni metodologiya ilə tənzimlənməsi barədə danışıb fikrini bildirdi. Bir çoxları da öz fikrini bildirmədən buna inandığını göstərdi. Bu mövzu ilə bağlı nə deyə bilərsiniz?

Seyid Fəzlullah: Biz inanırıq ki, hövzə (seminariya) dövrün ehtiyacları və çətinlikləri ilə üzləşən elmi mövqeni təmsil etmir. Çünki tədris kursuna görə hövzədəki metodlar və proqramlar fiqh və üsuli-fiqhdən kənara çıxmır. Nəcəfdə, Qumda və başqa yerlərdə olan elmi hövzələrdə Quran, yaxud hədis, yaxud kəlam elmi, yaxud fəlsəfə, yaxud ümumi islami anlayışlar, yaxud dəvət üslubu ilə bağlı olan bilgilər, yaxud özünün geniş islami mədəniyyəti ilə İslam üçün dəlil ola biləcək mübəlliğ dəvətçi fəqih insanın mədəniyyəti ilə əlaqədar məsələlər kimi digər məsələlər üçün icbari tədris planının olmaması bizi təəccübləndirir. Digər tərəfdən istər imtahan məsələsində olsun, istərsə də tələbə məzun olmaq istədiyi vaxt yekun nəticələrinin üslubları kimi oxşar məsələlərdə olsun, hövzələr hələ də tələbənin qiymətləndirilmə metodlarına tabe olmur. Buna görə də tələbə iki ildən sonra təhsilini başa vurub alim sayılmaq üçün öz ölkəsinə gedə və bu məqamda bütün İslama zərər vura bilər. Bəzən isə işə bu məsələyə layiq olmayan şəxs daxil olur və İslam üçün bir problem ola bilər.

Ona görə də biz təsəvvür edirik ki, hövzə öz təşkilati mahiyyətində olduğu kimi öz tədris metodlarında da iki yüz, yaxud üç yüz, yaxud da dörd yüz ildən əvvəlki bir mərhələni təmsil edir. Tərbiyəvi metodların və üslubların böyük irəliləyişlər əldə etdiyi dövrün mərhələsini təmsil etmir. Elə dövr ki, ehtiyaclar nəticələr və ehtiyacla ona cavab verən şeylər arasında məsafələri yaxınlaşdırma nöqteyi-nəzərindən tələbənin yaşını xeyli qısaltmışdır. Buna görə də biz görürük ki, məsələn tədrisdə Avropa metodu, həmçinin Amerika metodu əvvəllər mürəkkəb idi. Lakin bu metodlar inkişaf etdi. Belə ki, insan ən qısa vaxtda doktorluq dərəcəsi əldə edə bilir. Halbuki əvvəllər buna nail olmaq uzun illər tələb edirdi.

Biz demək istəmirik ki, müasir metodları mənimsəyib öz metodlarımızı tərk edək. Lakin deyirik ki, biz metodologiya, İslam mədəniyyəti ilə bağlı düşüncə materialları səviyyəsində nizam-intizam qaydalarını nəzərə alaraq tələbənin hövzəyə daxil olması, hövzə daxilindəki həyatı və hövzəni bitirməsi məsələlərinə diqqət yetirərək müasir inkişafdan qaynaqlanan tədrisə əsaslanmalıyıq. Biz bu sahədə gərgin işləməliyik. Təsəvvür etmirəm ki, bizim qaldırdığımız bu məsələlərdən bəziləri ilə bağlı indi elmi hövzədə hərəkətlilik var. Orada uğur qazanmaq imkanları mövcuddur. Lakin sakit ağılla, aramla işləmək lazımdır. Bu təcrübələrin daha uğurlu olacağına ümid edirik.

 

DİNİ RƏHBƏRLİYİN LAYİHƏSİ

Sual: Dini rəhbərlik üçün hər hansı bir layihəniz vardırmı?

Seyid Fəzlullah: Mən bir layihə haqqında danışmaq istəmirəm. Çünki söhbətin məzmunu genişdir, qorxuram verilən cavab onu əhatə etməsin. Lakin mən belə təsəvvür edirəm ki, biz özünün geniş mənası ilə şiə-İslam dini rəhbərliyini öyrəndikdə görürük ki, İmamın rolunun bir davaml olaraq şiə şüursuzluğu dairəsində dayanmışdır. Belə ki, dini rəhbərin varlığı mənəvi, əqli, siyasi və ictimai səviyyələrdə bir boşluğu doldurmalıdır ki, heç bir aspektdə liderlik boşluğu yaşamasınlar. Bu boşluq istər şiə-İslam vəziyyəti daxilində hərəkət edən məsələlər dairəsində olsun, istər ümumi islami vəziyyət daxilində olsun, istər islami reallıqla əlaqədar dünya məsələləri dairəsində olsun, istərsə də xüsusi bir şəkildə şiə-İslam reallığı ilə əlaqədar dünya məsələləri dairəsində olsun.

Sözün bütün bu üfüqləri və xətləri əhatə etdiyini gördükdə, dini rəhbərin yalnız fitva verməkdə, yaxud şər’i haqlar, yetkinlik yaşına çatmayanların işləri və s. kimi – hansı ki fəqihlər müctəhid, yaxud dini rəhbərin mövqeyi kimi onun barəsində danışmağa vərdiş ediblər –, yaxud fəqihlərin dini rəhbərin və ya müctəhidin səlahiyyətlərindən hesab etdikləri qəzavət (qazılıq) məsələsi kimi fitva mövqeyinin kənarında yaşanan müraciət edilən şəxs olmaması təbiidir.

Dini rəhbərliyin İmamın (ə) naibliyi sərlövhəsi altında hərəkət edən geniş bir məsuliyyət zehniyyətinə ehtiyacı vardır və buna görə də o (yəni dini rəhbərlik) böyük qurum çərçivəsində hərəkət edən müəssisələr vasitəsilə işə salınmalıdır. Dini rəhbərlik hərəkət etdiyi bütün digər məsələlərdə və ehtiyac duyduğu araşdırmalarda ekspertləri ehtiva etməlidir. Rəhbərliyin nümayəndəlikləri hərəkətli, səyyar nümayəndəliklər olmalıdır. Bu və ya digər ölkədə rəhbərliyin səyyar varlığını əks etdirməlidir. Bu nümayəndəliklər səfirliklərə, yaxud regional və ya beynəlxalq təşkilatların nümayəndəliklərinə bənzəməlidir.

Dini rəhbərliyin rolu haqqında düşüncəmdə yaratdığım obraza nümunə tapmaq istədikdə papalıq modelini tapıram. Bildiyimiz kimi, papalıq hərtərəfli dini xarakteri ilə siyasi, mədəni və sosial sahələrdə irəliləyir, kotoliklərin və ya xristianların yaşadığı ölkələrdə qaldırılan bütün məsələlərdə öz nümayəndələri vasitəsilə səmərəli şəkildə hərəkət edir. İstər onların daxili işlərində olsun, istər xristianlıq dairəsində digər məzhəblərlə əlaqələrində olsun, istərsə də İslam, yəhudilik, buddizm və s. dinlər dairəsində digər dinlərlə olan əlaqələrində olsun. Bu da xristianlığı aktivləşdirərək müəssisələr və nümayəndələrin köməyilə xristianlıqla bağlı bütün dünya reallığına hakim şəklinə salır, bu da onun üçün dünyanın bütün mövqelərinə nəzarət edə biləcək mənəvi güc yaradır.

Görürük ki, papalıq özünün dünyadakı populyar mövqelərinə nəzarət etmək üçün meydanda hərəkət edir. Hətta onların duyğularını, yaxud mövqelərini bu və ya digər şəkildə cəzb etmək üçün xristian olmayanların, ələlxüsus müxtəlif regionlarda mövqelərini nəzarət altında saxlayır. Bu da Afrika, yaxud Latın Amerikasında olduğu kimi missionerlərin bundan yararlanması üçün münbit şərait yaradır.

Papanın ziyarət etdiyi mövqelərə nəzarətində ruhiyyəsini əldən verməyən bu geniş və hərəkətli meydan iştirakı xristianlığı yaymaq, bu və ya digər sahədə bir çox siyasi problemləri həll etmək üçün imkanlardan məhrum deyildir. Ola bilsin ki, papalıq bir çox mürəkkəb siyasi məsələlərin həllinə töhfə verə bilmişdir. Necə ki, indiki Papanın[1] vətəni olan Polşa ilə bağlı papalıq hərəkatında biz bunu gördük. Həmçinin marksizmə qarşı dayanmaq və marksizm qarşısında dayanan xristianlıq ünsürlərini qüvvətləndirmək üçün orada hadisələrin geniş miqyas almasında papalığın böyük rolu olduğunu görürük.

Bu, xristianlığı müdafiə etməkdə bu geniş reallıqda hərəkət etməsi mümkün olan mədəni zənginliklə yanaşı bu və ya digər sahədə daimi iştirakla dünyanın intellektual varlığındakı həmin hadisələrə daxil olma müstəvisində onun anlayışlarının büllurlaşmasında, etiqadlarının və problemlərinin yayılmasında da özünü göstərir. Biz şiəliyə zidd, bəzi İslam məzhəblərini mənimsəyən bəzi dövlətlər və bəzi islami mövqelər vasitəsilə hərəkət edən bir növ beynəlxalq planlaşdırma müşahidə edirik. Ortada şiəyə təkfir həddinə çatan bir hücum var. Və bu hücum dövlət istismar oktopodu (səkkizayaqlısı) ilə və bu oktopodu İslam reallığında hərəkətə gətirmək üçün İslam dövlətlərindəki siyasi qoruyucularla əlaqədardır.

Dini rəhbərliyin ilk vəzifəsi müasir vasitələrlə bu hücumun qarşısını almaqdır. Həmin müasir vasitələr məsələni emosiya məsələsinə çevirmir, əksinə məsələ müasir mədəni ab-havaya uyğun bir şəkildə ideoloji məzhəbi məsələlərə açıq olan uzunmüddətli planlaşdırma məsələsi olur.

Təbiidir ki, biz dünyadakı siyasi reallıqdan danışarkən bütün mərhələlərdə İslam qanunvericiliyini hərəkətə gətirə bilməkdə, daxili və ya xarici azadlıq məsələlərində dini rəhbərliyin şərtlərini, müəyyən bir nisbətdə, yaxud böyük bir nisbətdə siyasi gerçəkliyi nəzarət altında saxlamaqda – hansı ki bu, siyasi məsələni bu və ya digər şəkildə onun məsuliyyətinə çevirir – əvvəlki dini rəhbərliklərin yaşadığı bəzi nümunələr əsasında bu və ya digər yolla sahib olduğu imkanları öyrənməliyik.

Mən dini rəhbəri İslamın dünyaya açıq olması ilə bütün dünyaya açıq olan, hadisələrdən xəbərdar olan bir insan kimi təsəvvür edirəm ki, gündəlik olaraq kiçik işlərdə belə, ona təqdim olunan hesabatlarla, yaxud bunu birbaşa özünün həyata keçirməsi ilə onları izləsin. Biz görürük ki, İmam Xomeyni radio stansiyaları tərəfindən yayımlanan xəbərləri izləyir, hətta televiziyaya nəzarət edir, texniki işçilərə, aktyorlara, yazıçılara və başqalarına qeydlər təqdim edirdi.

Ümmətin ümumi rəhbəri olmaq istəyən dini rəhbərlik məsələsi ümmətin bütün məsələlərinə açıq olmalı, tarixi şəraitin onu həbs etmək istədiyi çevrələrdə reallıqdan təcrid edilməməlidir.

 

MEYDAN OXUMA VƏ DÖZÜMLÜLÜK ARASINDA

Sual: Sözlərinizdən belə başa düşürük ki, siz dini rəhbərlik üçün dözümlülük yox, meydan oxuma mövqeyini seçirsiniz.

Seyid Fəzlullah: Dözümlü olmağın üçün meydan oxumağın və əngələ qarşı çıxmağın təbiidir. O baxımdan ki, hücum bəzi hallarda sənə möhkəmlənmək imkanı yaradır.

Biz müasir reallıqda dözümlülüklə meydan oxumağı bir-birindən ayıra bilmərik. Çünki müasir reallıq ayağın altındakı torpağı silkələməyə çalışır. Sən qarşı tərəfə təsir etmədən möhkəm dayana bilməzsən. Çünki başqalarına qarşı sənin öz torpağında sakit durmağın xəsarətlə nəticələnə bilər. Axı onlar sənin dayandığın torpağı altdan qazmaqla məşğuldurlar. İnsan üçün hərəkətlilik əsas xətdir. Çünki mütləq bir şəkildə dözümlülük mənasız bir şeydir. Dözümlülük elə bir mərhələni təmsil edir ki, o mərhələdə sən öz hədəflərin istiqamətində gücə və plana malik olasan. Dözümlülük hədəf və məqsəd yox, hərəkətin müqəddiməsi olmalıdır.

 

DİNİ RƏHBƏRLİK: ÇOXLUQ, YOXSA VƏHDƏT?!

Sual: Dini rəhbərliyin dini rəhbərin şəxsində birləşməsi haqqında nə deyə bilərsiniz?

Seyid Fəzlullah: Təbiidir ki, liderliklə dini rəhbərlik arasında çoxluğun qarşılaşdığı problem odur ki, hal-hazırkı getçəkliyi ilə fitvalar çərçivəsində hərəkət edən dini rəhbərlik məsələsi özünün fitva ilə əlaqədar cizgilərində bəzən liderliyin ümmətin mənafeyinə olan baxışından fərqlənir. Bununla da dini rəhbərliyə aid olan fitva ilə liderlik hərəkatı arasında ümmətin məsləhəti ətrafında dartışma və mübarizə yaranır. Bundan əlavə birinin digərini nəzarət altında saxladığı iki liderlik mövqeyinin xarakteri bəzən çoxlu əks təzyiq və əks hərəkət yaradır ki, bu da İslam reallığında qarışıqlığa səbəb olur. Ona görə də əsas prinsip odur ki, dini rəhbərlik və liderlik vahid bir şəxsdə birləşməlidir. Lakin biz dini rəhbərliyin fitvada gerçəklik xətti üzərində hərəkət edə biləcəyi imkanlara sahib olmadığı bir mövqedə olsaq, liderlik mövqeyinin dini rəhbərlik mövqeyindən ayrı olması təbiidir. Məsələləri qarışdırmamaq və vəziyyəti çətinləşdirməmək üçün dini rəhbərliklə liderlik arasında koordinasiya vəziyyəti olmalıdır.

Dini rəhbərlik dünyasında – istər özünün fitva ətrafında fırlanan təqlidi-ənənəvi anlayışı ilə olsun, istərsə də liderlik ətrafında fırlanan iddialı (ehtiraslı) futuristik (keçmişlə vidalaşan) anlayışı ilə olsun – iki rəhbərlik haqqında düşünə bilmirik. Lakin fəqihin İmamın (ə) naibi olması fikrindən qaynaqlanan vəlayəti-fəqih (fəqihin hakimiyyəti) nəzəriyyəsinə gəlincə bəzən deyilir ki, İmam zahirdə olduqda birdən çox naibi olduğu kimi, qeybdə olduğu dövrdə də birdən çox naibi ola bilər. Lakin bu məsələ ali islami mənafeyə tabedir. Bəzən məsələ dini rəhbərlik məsələsi kimi, bütün şiə-İslam dünyası üçün yalnız bir hakimin olmasını zəruri edə bilər. Çoxluqda məsləhət olduğu vaxt çoxluğun olması qəbul oluna bilər. Hakimlik etdiyi bölgənin şəxsi işlərini idarə etmək üçün hər bir mövqe üçün hərəkət etdiyi xüsusi bir dairə yaradan bir növ koordinasiyanın və bütün hakimiyyət (vəlayət) mövqeləri üçün hərtərəfli (əhatəli) bir dairə olub regional təhlükəsizliyi azaldan, yaxud aradan qaldıran ümumi bir dairənin olması təbiidir.

Buna görə də biz bu məsələnin əsas başlıqlarını düşüncə baxımından düşünmək istədikdə onun real çevrədə hərəkətini qoruyub saxlaya biləcək təminatlar haqqında düşünmək lazımdır.

Mən bu sahədə mübarizənin hərəkəti baxımından heç bir mənfi fikir tapmıram. Əksinə, mübarizə hərəkatı əhəmiyyətli dərəcədə müsbət idi. Çünki o, bu fiqhi nəzəriyyəyə hakim olan durğunluğu sındıra bildi. Bu durğunluq onu (yəni həmin fiqhi nəzəriyyəni) bütün tarixi mövqelərində müctəhidlərin yaşadıqları mühasirəyə salan tarixi kurs səbəbilə ortaya çıxmışdı. Belə ki, ictihad zehniyyətinə hakim olan bu cərəyan elə bir vəziyyət yaratmışdı ki, müctəhid İslam hökuməti və işlərini fəqihin idarə edə biləcəyi bir cəmiyyətin real imkanları haqqında düşünə bilmirdi. Buna görə də müctəhidlərin əsl mövzunu ön plana çıxaran geniş üfüqləri olmamışdır. Belə ki, mövzu ilə bağlı hadisə baş verərsə, onun hökmləri haqqında, yaxud baş verməsi üçün onun hökmləri barəsində düşünməyi müctəhidə vacib etsin. Bu da onların vəlayəti məsələsini yetkinlik yaşına çatmayanların işləri, hal-hazırda olmayan, yəni qaib olan şəxslərin malları, fondlar və s. kimi qarşılaşdıqları kiçik dairələrlə məhdudlaşdırdı.

Siyasi hərəkatla iç-içə olan fiqhi hərəkat nəzəriyyə və reallığı bir anda təqdim edə bildi. Belə ki, nəzəriyyə özünün təcrid olunmuş fikri dairəsində qalmadı, əksinə müctəhidin hökm verməsinə və islami metod xətti üzərində öz hakimiyyəti dairəsində işləri hərəkətə gətirməsinə imkan verən reallıq vasitəsilə özünü təqdim etdi. Bu səbəb oldu ki, vəlayət məntəqəsi dairəsində yaşayan insanların hökmləri barəsində danışmaq üçün, hətta vəlayəti-fəqihi inkar edənlər reallığı zorla qəbul etdilər. Onunla necə davransınlar: müəyyən islami mövqeyə hakimlik edən fəqihlə olan davranış bu və ya digər ölkəyə hakimlik edən zalım hökmdarla olan davranış kimidir, yoxsa məsələ bundan fərqlidir? Bu, vəlayəti-fəqihi qəbul etməyənlər üçün də araşdırma sahəsi açmışdır. Bu sahədəki kiçik mənfi cəhətlərə gəlincə bu nöqsanlar hər yeni hərəkatda mövcud olan təbii mənfiliklərdir. İstər fiqhi, istər fikri (ideoloji), istər siyasi məsələlər müstəvisində olsun, istərsə də insanların həyatı ilə və bir komandanın digər komandaya yönəltməyə çalışdığı həssas və emosional vasitələrdən tutmuş insanların vərdiş etdikləri bütün adətlər üçün həqiqətə çevirdiyi sarsıntı ilə əlaqədar digər işlər müstəvisində olsun. Bu da bir çox kəlami mübahisələri və s.-ni məsələni rasional və obyektiv şəkildə qarşılayan fikri-fiqhi cizgilərdən uzaqlaşdırdı.

Ola bilsin ki, bunlar hövzənin daxilində və ya hövzənin xaricindəki mübarizə (münaqişə) hərəkatının reallığını özünə zorla qəbul etdirən mənfi vasitələrdir. Bunlar yeni vasitələr deyildir. Əksinə, biz bunu adətə müxalif olan bütün yeni hadisələrdə müşahidə edirik. Bəziləri bunu qəbul edir, digərləri isə rədd edir. Başlanğıcda, adətən, hərəkət edən vasitələr obyektiv elmi vasitələr deyil, həssas və emosional vasitələrdir.

 

FƏQİHLƏR HƏRƏKATI ... TƏDBİRİN ARXASINDA

Bütün fəqihlərin öz tədqiqat sahələrində siyasi hadisələrin arxasınca getmələri təbiidir. O baxımdan ki, hadisə özünün xüsusiyyətləri və hökmlərinin mahiyyəti haqqında düşüncələrə səbəb olan mövzu yaradır. Bu, tamamən ümmətin həyatında yaranan ehtiyaclar kimidir ki, bu ehtiyacları ödəmək və ya onları həll etmək üçün hərəkət edən hər kəs bunu məcburən qəbul edir.

Həqiqətən, fəqih hadisəni baş verəndən sonra izləyir. Lakin mülahizə edirik ki, bizim fəqihlərimiz ixtiralar və kəşflər hərəkatının qaynaqlandığı ilhamlanmalarla bu günə qədər baş verməyən bir çox məsələləri gündəmə gətirmişlər. Bu da yeni mövzuların yaranmasına imkan yaratmışdır. Biz görürük ki, bir çox fəqihlər insanın Ayda olmasının, Marsda olmasının hökmləri, cazibə qüvvəsindən kənarda olan insanın hökmləri və s. haqqında danışmışlar. Bu onu deməyə əsas verir ki, fəqihlərimiz baş verə biləcəyi düşüncəsi əsasında baş verməmiş mövzular yaradan elmi təxəyyülü yox saymırlar.

Hadisə yaratmaları məsələsinə gəlincə bu, fiqhi tərəflə yox, siyasi liderlik cəhəti ilə əlaqədar bir məsələdir.

Sual: Şiə fəqihlər hövzə araşdırmalarına dərin bağlılıqları ilə tanınıblar. Sizin barədə belə demək olmur!

Seyid Fəzlulllah: Bütün həyatımı ardıcıl şəkildə araşdırmalar aparmaqla yaşamışam. Elmi həyatımın heç bir günündə bikar olmaq nədir bilməmişəm. Nəcəfdə olduğum kimi Livanda da fiqhi və üsuli araşdırmalarla məşğulam. Lakin problem ondadır ki, mən bu araşdırmaları qələmə almamışam. Amma çoxları bilir ki, fiqhi və üsuli araşdırmalarım nəticəsində bir çox alimlər məndən təhsil almışlar. Mənim fiqhi və üsuli araşdırmalara marağım ümumislam araşdırmalarına olan marağımdan az deyildir.

Sual: Siz özünüzü hərəkat, siyasət və ideologiya yazılarına həsr etmisiniz. Sizin fiqhi yazılarınız çap edilməmişdir.

Seyid Fəzlullah: Ola bilsin islami hərəkata nəzarət səviyyəsində islami araşdırmalara olan tələbatı fəqihlərin özlərini həsr etdikləri fiqhi yazıya olan tələbatdan üstün tutmuşam. Belə ki, bu sahədə yazı heç bir yenilik gətirmir. Yalnız yeni üslub gətirə bilər. Ümid edirəm ki, gələcək günlərdə bu işdə də Allah məni müvəffəq edər!

Sual: Bu söhbətə əsasən istərdinizmi ki, şiə fəqihlər özlərini siyasi və ideoloji araşdırmaya həsr etsinlər?

Seyid Fəzlullah: Belə təsəvvür edirəm ki, fəqih hal-hazırkı mərhələdə öz dövrünün hüdudlarından kənarda yaşaya bilməz. Çünki dövrün məsələləri, hətta fiqhi məsələlər müctəhidin istinbat (çıxarış) etməyə və həyatda onları islami metod kimi müəyyənləşdirməyə ehtiyac hiss etdiyi hökmlərin mövzularını təmsil edir. Buna görə də fəqihlər siyasi məsələlər, seçki məsələlərindəki mövqe, zalım hökmdarla münasibət və ya cihad məsələləri ilə bağlı təqlidçilərinin çoxsaylı sualları ilə qarşılaşmalıdırlar ki, keçmişdə cavab verdikləri şəkildə onlara tez cavab vermələri mümkün deyildir. Çünki insanların müasir həyatı canlı reallıqla üzvi olaraq bağlıdır. İslam varlığı, xüsusilə şiə varlığı məsələsi öz inkişafı, həyatiliyi və qüdrətində bu və ya digər nizamla, bu və ya digər beynəlxalq varlıqla sıx bağlıdır. Bu da onu göstərir ki, keçmiş dövrlərdə olduğu kimi, belə məsələlərə cavab mütləq şəkildə mənfi ola bilməz. Buna görə də fəqih öz fiqhi çərçivəsində belə dövrün problemlərindən və məsələlərindən uzaqlaşa bilməz. Əks halda o, insanların yaşadıqları bir çox problemlər və məsələlərlə bağlı ictihaddan kənarda qalar və onlar barəsində heç bir bilgiyə sahib olmadığına görə heç bir cavab verə bilməz. Bununla da hətta fiqhi məsələlərdə bir dini rəhbər kimi rolunu itirər.

Digər tərəfdən İslama bağlı fəqihlər həyatın bütün problemlərinə və məsələlərinə açıq yanaşmalı və onlara nəzarət etməlidirlər. Axı müctəhidlərin ictihad etdiyi İslam fiqhi həyatın bütün sahələrini əhatə edir. Çünki belə bir qayda var: “Elə bir hadisə yoxdur ki, Allahın o barədə hökmü olmasın!” Bu da vadar edir ki, onlar fiqhin nəzəri tərəfinə diqqət etdikləri kimi, onun real tərəfinə də diqqət yetirsinlər. Çünki fiqh Roma qanunları və digər qanunlar kimi sadəcə öyrənilən köhnəlmiş nəzəriyyələr olaraq qalmamalı, reallıqda yaşamaq üçün hərəkətə gətirilməlidir.

İslam fəqihi ilə qeyri-İslam fəqihi arasındakı fərq bundan ibarətdir ki, İslam fəqihi öz fiqhinin mahiyyətində hərəkətlilik yaşayır. Digər fəqihlər (hüquqşünaslar) isə öz fiqhi-hüquqi məsələlərində mədəni və nəzəri cəhətləri yaşamağa yönəlirlər.

Mən mədəni mənada fiqh üzrə ixtisaslaşmağın əleyhinə deyiləm. Lakin mən hesab edirəm ki, bu ixtisaslaşma fitvalarının daha çox şəffaf olması və verilən sualların arxa planı (gizli tərəfi) üçün öz düşüncəsini daha aydın, daha ətraflı ifadə etməsi üçün fəqihin ehtiyac hiss etdiyi siyasi və ictimai düşüncədən ayrılmamalıdır. Ona görə ki, sual verən şəxs müəyyən bir arxa plandan başlaya bilər. Onda siz arxa planı başa düşmədikcə suala cavab verə bilməzsiniz. Çünki arxa planı anlamaq sualın gedişatını anlamağa yol açır.

 

Livanın “əl-Bilad” jurnalına verilən müsahibə

m. 1992-ci il, 98, 99 və 100-cü saylar

Mütərcim: Xəyyam  Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə 

 

 

 

[1] II İohann Pavel (18 may 1920 - 2 aprel 2005) nəzərdə tutulur.